Məhkəmə qərarları › İş №2-1(112)-857/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-857/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-857/2023 01.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı xx.xx.1954-cü il təvəllüdlüdür, 63 yaş 6 ayı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına) müraciət etmişdir. Lakin cavabdeh 26 fevral 2022-ci il tarixli “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubunda qeyd etmişdir ki, təqdim etdiyi xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və xx.xx.1997-ci il tarixli ******* saylı əmək kitabçalarının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək hərbi xidmətdə olduğu dövr) 21 il təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 20 il 1 ay sığorta stajına uyğun olaraq 14088,05 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 857,12 manat olmaqla, ümumilikdə 14946,18 təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 16742,88 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (116,27 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Adına tərtib olunmuş xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və xx.xx.1997-ci il tarixli AZE № ******* saylı əmək kitabçalarında qeyd olunmuş xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın keçirdiyi monitorinqin nəticəsinə əsasən əmək kitabçalarında qeyd olunmuş "xxxx" firmasının xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, “Samirə" şirkətinin xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, “Can Diş Ticarət” LTD-nin xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən 1974-cü ilə kimi hərbi xidmətdə olmuş, xx.xx.1975-ci ildən xx.xx.1995-ci ilə kimi Gürcüstan SSR-in Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində yerləşən 2 №-li orta məktəbdə sinif müəllimi vəzifəsində işləmiş, xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi “Can Diş Ticarət” LTD türk şirkətində operator vəzifəsində çalışmış, ayda 300 manat əmək haqqı almışdır. 2007-ci ildə “Can Diş Ticarət” LTD türk şirkəti Türkiyəyə köçmüş və hazırda orada fəaliyyət göstərir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ildən 2021ci ilə kimi işləmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh 26 fevral 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, təqdim etdiyi xx.xx.1975-ci il tarixli 3T-İ № ******* saylı və xx.xx.1997-ci il tarixli ******* saylı əmək kitabçalarının və hərbi biletinin surətinə əsasən sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixənədək hərbi xidmətdə olduğunu dövr) 21 il təşkil edir. Lakin cavabdeh təşkilat xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə kimi “Can Diş Ticarət” LTD türk şirkətində operator vəzifəsində işləməsini və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2020-ci ildən 2021-ci ilə kimi işləməsini nəzərə almamışdır. Hazırda 67 yaşı var və əmək stajı 30 il təşkil edir. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sığorta stajına uyğun olaraq-14088,05 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 857,12 manat məbləğindədir. Ümumilikdə isə 14.946,18 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşı tamam olduğu tarixdə qanunvericilikdə tələb olunan 16742,88 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (116,27 manat) az olmayan pensiya təminatına imkan vermir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının cavabdeh orqana təqdim etdiyi 10 noyabr 1975-ci il tarixli 3T-İ № ******* saylı əmək kitabçasında qeyd olunmuş xx.xx.1995-xx.xx.2000-ci illər ərzində "xxxx" Firmasında, xx.xx.2000xx.xx.2004-cü illərdə isə "xxxx" şirkətində işlədiyi, 03 fevral 1997-ci il ******* №-li əmək kitabçasında xx.xx.1997-xx.xx.2004-cü illərdə “Can Diş Ticarət LTD”şirkətində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının əmək kitabçasında bu dövrlərlə bağlı həmin müəssisələrdə işləməsi barədə heç bir sübut təqdim olunmadığına görə həmin dövr sosial sığorta stajı kimi nəzərə alınmamalıdır. Cavabdeh orqan tərəfindən aparılmış monitorinq nəticəsinə əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş "xxxx" Firmasının xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək, "xxxx" şirkətinin xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək, “Can Diş Ticarət LTD”-nin xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Bu səbəbdən həmin dövlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə doğulmuşdur; НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmət keçmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 11 aprel 2022-ci il tarixli, **********6 nömrəli məktubla İddiaçı pensiya işinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir; Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 28 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan "xxxx" firmasının, "xxxx" şirkətinin və “Can Dış Ticarət” LTD-nin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir; Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 01 iyul 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" firması adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan biri 27 iyul 1996-cı tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, 5-i isə müvafiq olaraq 05 və 23 (2 statistik vahid) iyul, 13 avqust 1996-cı il və 04 mart 1997-ci il tarixlərində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsalar da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisələrə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində "xxxx" şirkəti adı ilə 2 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 1-i 13 mart 2000-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, digəri isə 02 iyun 2000-ci il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən halhazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Can Dış Ticarət LTD”-yə ... dair məlumat mövcud deyildir. "xxxx" Firması 13 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nörməsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 10 avqust 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Firması və "xxxx" Şirkəti adlı bir neçə fərqli kommersiya hüquqi şəxs aşkar edilmişdir. Dövlət reyestrinə əsasən xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Firmasının (VÖEN **********) ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Hüquqi şəxsin fəaliyyəti barədə məlumat “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilən məlumatlara aid deyildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 63 yaş 6 ayının tamam olduğu 01 yanvar 2018-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Məhkəmə bildirir ki, işin mübahisəsiz halıdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Belə olan halda, yəni qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə, ikinici şərt kimi iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək "xxxx" firmasında, xx.xx.2000-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək "xxxx" şirkətində və xx.xx.1997-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək “Can Diş Ticarət” LTD-də işləməsinə dair qeydlər mübahisələndirilərək, həmin müəssisələrin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması səbəbindən sözügedən dövrün araşdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə cavabdehin qəbul etmədiyi dövrdə (xx.xx.1995-xx.xx.2000, xx.xx.2000xx.xx.2004, xx.xx.1997-xx.xx.2004) iddiaçının işlədiyi müəssisələrin mövcud olubolmaması, iddiaçının həmin təşkilatlarda işləyib-işləməməsi ilə bağlı araşdırma aparmış, “Can Dış Ticarət” LTD-nin xx.xx.1995-ci il tarixdə dövlət qeydiyyatına alınması müəyyən edilsə də iddiaçının əmək faəliyyətinə dair sənədlər, işə qəbul olunması və işdən azad olunması barədə əmrlər əldə edilməmişdir. Bundan əlavə, iddiaçının Can Dış Ticarət” LTD-də işlədiyi dövr, "xxxx" firmasında və "xxxx" şirkətində işlədiyi dövrlə üst-üstə düşsə də, əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər aparılmamışdır. Bu da iddiaçının həmin müəssisələrdə işləməsi faktına əsaslı şübhələr yaradır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar