Məhkəmə qərarları › İş №2-1(112)-8570/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8570/2024

06.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8570/2024 06.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 1 üzərində İddiaçı hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.19920-ci il tarixli, 985 saylı Sərəncamına əsasən Yeni Günəşli “AB” yaşayış sahəsi, ev 45, mənzil 23-ə dair iddiaçı ilə müqavilə bağlanması barədə sərəncam verilmişdir. Lakin faktiki olaraq ona verilən mənzilin yerləşdiyi evin nömrəsi 145 olsa da, sözügedən sərəncamda texniki səhvə yol verilərək evin nömrəsi 45 kimi yazılmışdır. Baş vermiş texniki səhvin düzəldilməsi üçün iddiaçı ərizə ilə Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsə də, lakin xx.xx.2022-ci il tarixli cavab məktubunda onun xahişinə imtina edilmiş və imtinanın səbəbi kimi qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsində dövlət mənzil fondunun yaşayış sahələrinin order və sərəncamlarında hər hansı bir düzəlişin edilməsi nəzərdə tutulmadığından müraciətinə qaldırdığı məsələnin həlli məqsədilə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh orqanın qərarı ilə razı deyil. Çünki Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 985 saylı Sərəncamında ona verilən mənzilin yerləşdiyi evin nömrəsi texniki səhv nəticəsində 145 əvəzinə 45 kimi yazılmışdır. Ümumiyyətlə həmin ünvanda 45 nömrəli ev mövcud deyildir. Həmçinin həmin evdə yerləşən digər mənzillərin sənədlərindən də görmək olar ki, evin nömrəsi 145-dir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ona verilən mənzilin yerləşdiyi evin nömrəsinin həqiqətən də 45 yox, 145 nömrəli ev olduğunu, sərəncamda texniki səhvə yol verildiyini asanlıqla müəyyən edə bilər. Lakin cavabdeh orqan bunu etmədən, heç bir araşdırma aparmadan ərizəmi təmin etməkdən imtina edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 985 saylı, xx.xx.1992-ci il tarixli sərəncamında evin nömrəsi 45 göstərilmişdir. Qeyd olunan mənzilin 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşməklə ümumi sahəsi 52,72 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal- məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Məhkəmə sorğusuna əsasən Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarilxi məktubu ilə göndərilmiş arxiv sənədlərindən görünür ki: - Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Mahmudov X7 rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.1992-ci il tarixli ərizəsində mənzilin şəxsi hesabının öz adına keçirilməsini xahiş etmişdir. -Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 885 nömrəli sərəncamına əsaəsn 68 nömrəli MİKS-ə Bakı şəhəri, ünvan 3 ünvanında olan mənzillə bağlı kirayə müqaviləsinin bağlanması, mənzilin şəxsi hesabının İddiaçı adına keçirilməsi qərara alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X3 xx.xx.2008-ci il tarixdən ünvan 4 ünvanına qeydiyyata alınmasına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş daşınmaz əmlakın yerli müayinə aktına əsasən mənzil hüquqmüəyyənedici sənəd üzrə 2 otaq ümumi sahəsi 28.88 kv.m, faktiki 28.88 kv.m, ümumi sahə 52.72 kv.m-dir. Mənzil 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. İcazəsiz tikili yoxdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 4 və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB Yaşayış sahəsi, ev 45, mənzil 23 saylı mənzillərin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X3 adına indiəyədək dövlət mənzil fondunun özəlləşməsi nəticəsində hər hansı əmlakın qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq 68 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 88 nömrəli məktubunda bildirilmişdir ki, Yeni Günəşli "AB" yaşayış sahəsi, ev 145 (qeyd: Yeni Günəşli "AB" yaşayış sahəsi, 45 saylı bina yoxdur) Suraxanı rayon MKTB-nin balansındadır. Sözü gedən binanın balansa qəbul edilməsinə dair heç bir sənəd mövcud deyil. Yeni Günəşli "AB" yaşayış sahəsi, ev 145 ünvanında yerləşən 23 saylı mənzilinə dair hüquq müəyyənedici sənəd 68 saylı MKİS-nin arxivində yoxdur. Göstərilən ünvanda İddiaçı, X6, X8 qeydiyyatdadılar və faktiki göstərilən ünvanda yaşayırlar. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)- 1098/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə X2 arasında bağlanmış və Suraxanı rayon VVAQ şöbəsində 614 sayla qeydə alınmış xx.xx.1990-cı il tarixli nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli arayışa əsasən ünvan 6 ünvanında İddiaçı, X9, X6 qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş X6 xx.xx.2024-cü il tarixli notarial ərizəsində ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin İddiaçı adına özəlləşməsinə və daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış verilməsinə etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş X5 xx.xx.2024-cü il tarixli notarial ərizəsində ünvan 6 ünvanında yerləşən yaşayış sahəsinin satılmasına etiraz etmir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 985 saylı, xx.xx.1992-ci il tarixli sərəncamında evin nömrəsi 45 göstərilmişdir. Qeyd olunan uyğunsuzluq aradan qaldırıldıqdan sonra ərizənizə yenidən baxılacaqdır. Əlavə olaraq bildiririk ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “sərəncamda düzəliş edilməsi” tələbinə dair inzibati işin məhkəmənin icraatında olmasına dair Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6364/2023 saylı, xx.xx.2023-cü il tarixli sorğusu İdarəyə daxil olmuş və qeyd olunan inzibati iş üzrə İdarə tərəf qismində cəlb edilməmişdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçı ünvan 8 ünvanında yerləşən 23 nömrəli mənzildə qeydiyyatda olmaqla mənzilin onun istifadəsində olduğunu, mənzilə dair Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 985 saylı sərəncamı ilə onunla kirayə müqaviləsinin bağlanıldığını əsas gətirərək həmin mənzilin xüsusi mülkiyyətinə özəlləşdirilməsini mübahisələndirir. Cavabdehin iddiaya etrazın əsas dəlili ondan barətdir k, iddiaçı ünvan 8 ünvanında yerləşən 23 nömrəli mənzilə iddia etsə də Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 985 saylı, xx.xx.1992-ci il tarixli sərəncamında evin nömrəsi 145 deyil, 45 olaraq göstərilmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin qeyd edilən imtina əsası ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. xx.xx.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 4-cü maddəsinin tələbinə görə dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: -mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. -və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); -mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İşin hallarından görünür ki, ünvan 9 ünvanında yerləşən 23 nömrəli mənzil dövlət mənzil fonduna aid olmaqla hazırda Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır. Sözügedən mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli 885 nömrəli sərəncamı dövlət arxivində mövcuddur. Qeyd edilən sərəncamda İddiaçı mənzilin kirayəçisi kimi tanınmış, lakin sərəncamda iddia olunan mənzilin yerləşdiyi bina (ev) nömrəsi 45 olaraq qeyd edilmişdir. Halbuki, sərəncamla eyni zamanda dövlət arxivinə verilmiş əlaqəli sənədlərə İddiaçı və keçmiş arvadı X1 hələ xx.xx.1992-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla rayon icra hakimiyyətinə həmin mənzillə bağlı kirayə müqaviləsinin bağlanılmasının xahiş edildiyi barədə ərizələr əlavə edilmişdir. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə təqdim edilmiş daşınmaz dövlət əmlakının registr məlumatlarında sözügedən binanın Yeni Günəşli "AB" yaşayış sahəsi, ev 145 olaraq Suraxanı MKTB-nin balansında olduğu qeyd edilmişdir. Bundan əlavə, binanın balanssaxlayıcısı olan Suraxanı rayon MKTB və onun yerli idarəsi (68 nömrəli MİKS) Yeni Günəşli "AB" yaşayış sahəsində ümumiyyətlə 45 saylı binanın olmadığını, həmin 145 nömrəli binanın 23 nömrəli mənzilində İddiaçı, X6, X8 qeydiyyatda olmaqla faktiki yaşadıqlarını qeyd etmişdir. Eyni zamanda məhkəmə sorğularına cavablardan da müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1 ünvanında iddiaçı 2008-ci il tarixdən qeydiyyata alınmışdır. Eyni zamanda həmin ünvanda iddiaçının digər 2 ailə üzvü- X9, X6 qeydiyyatdadırlar və sonuncular mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıq barədə notarial ərizələr təqdim etmişlər. “Mənzil Fondunun özəlləşdirilməsi haqqında Qanunun” yuxarıda adıçəkilən 5-ci maddəsində özəlləşdirilməsi üçün müraciət edilən anda o şəxslərin razılıq ərizələrinin verilməsinin tələb olunduğu qeyd edilmişdir ki, həmin şəxslər adları mənzil kirayə müqaviləsində göstərilmiş və eyni zamanda kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri olmalıdır. Sərəncamda adıçəkilmiş X2 isə iddiaçının keçmiş arvadı olmaqla aralarındakı nikah Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1098/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuş və hazırda X2 iddiaçının ailə üavü olmamaqla bərabər sözügedən ünvanda qeydiyyatda deyildir. Beləliklə, iddiaçının iddia etdiyi mənzil faktiki vəziyyətdə və yuxarıda sadalanan hüquqi sənədlərdə Bakı şəhəri, ünvan 1 ünvanı kimi qeyd edilsə də yalnız Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 985 saylı, xx.xx.1992-ci il tarixli sərəncamında evin nömrəsi 45 olaraq qeyd edilmişdir. Məhkəmə hazırkı halda mənzilin yerləşdiyi binanın istər balansaxlayıcısı, istərsə də registri aparan qurum tərəfindən 145 olaraq qeydə alındığı, iddiaçının və ailə üzvlərinin də bina 145, mənzil 23 ünvanında qeydiyyatda olduqlarını, həmin ərazidə ümumiyyətlə 45 nömrəli binanın mövcud olmadığını, sərəncamda qeyd edilən texniki göstəricilərlə (mənzilin ölçüsü) iddiaçının faktiki istifadəsində olan mənzilin eyni olduğunu nəzərə alaraq hesab edir ki, sərəncamda binanın nömrəsində yol verilmiş texniki səhv iddiaçının həmin sərəncam əsasında mənzilə mülkiyyət hüququnun qeydiyyatını tələb etməyə mane olmur. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: -45-ci maddəsinə əsasən idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -46-cı maddəsinə əsasən ictimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. -48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. -51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. -53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qeyd edildiyi kimi sözügedən mənzil keçmiş Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə iddiaçıya verilmiş, iddiaçı həmin mənzildə yaşayış yeri üzrə qeydiyyata alınmış, mənzilə dair ilkin şəxsi hesab vərəqə iddiaçının adına açılmışdır. Qanunun 5-ci maddəsinə əsasən mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri mənzilin özəlləşməsinə dair öz razılıqlarını vermişlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni kirayə müqaviləsinin bağlanması barədə müvafiq icra hakimiyyəti orqanının sərəncamını, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 1 üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, ünvan 1 üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar