Məhkəmə qərarları › İş №2-1(112)-8571/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8571/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8571/2022 06.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı təyin olunmuş əmək pensiyasının yenidən hesablanması barədə iddia qaldıraraq, ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasının və ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq qeydə alınmış sığorta kapitalının, yəni 10.320,53 (on min üç yüz iyirmi manat 53 qəpik) manat pensiya sığorta kapitalının, pensiya ödənişlərinin sayına bölünərək, (qulluq stajına görə əlavənin məbləğinə azaldılma aparılmadan) ona ödənilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə öhdəlik olaraq qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ona hərbi qulluqçu kimi, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. O, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yazılı ərizə ilə müraciət edərək, ona təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, ona pensiya təyin edildikdən sonra işlədiyi dövrlərə görə fərdi fərdi hesabının sığorta hissəsi hesablanaraq, pensiyasına əlavə olunaraq ona ödənilməlidir. Cavabdeh tərəfindən ona ünvanlanan 13 aprel 2022-ci il tarixli rəsmi məktubunda ona bildirilmişdir ki, tələbi ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10.320,53 (on min üç yüz iyirmi manat 53 qəpik) manat pensiya sığorta kapitalı qeydə alınıb. Həmin pensiya sığorta kapitalı da “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələbinə uyğun olaraq, gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10.320,53 : 72=143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyanın sığorta hissəsi (280,85 manat + 143,34 manat =) 424,19 manat müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin tələbinə uyğun olaraq da qulluq stajına görə əlavənin məbləği (944,05 manat) həmin artım (143,34 manat) qədər azaldılıb. Nəticədə də hazırda əmək pensiyasının məbləğinin sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasının məbləği isə 800,71 (944,05 manat-143,34 manat) təşkil edir. Cavabdeh DSMF bu cavabı ilə dolayısı yolla qulluq stajına görə məbləğin, ona pensiya təyin edildikdən sonra işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsi olaraq müəyən edilmiş 10320,53 (on min üç yüz iyirmi manat 53 qəpik) manat pensiya sığorta kapitalının faktiki olaraq ona ödənilmədiyi təsdiq olunur. Halbuki, sözügedən qanunun 37.3.4-cü və 2017-ci ilin 1 iyulunadək qüvvədə olan redaksiyasının 34.3.5-ci maddələrinə görə cavabdeh DSMF-nin apardığı hesablamanın düzgün olduğunu təsdiq edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********2 №-li iddiaya dair yazılı münasibətdə (etiraz) göstərilmişdir ki, iddiaçıya Mərkəzi Filial tərəfindən 4 mart 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. İddiaçıya sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1224,90 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: əmək pensiyasının sığorta hissəsi-280,85 manat; qulluq stajına görə əmək pensiyasına əlavəsi- 944,05 manat. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 37.3.1ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən "bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-cı ıl tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına gorə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan bırı olmaqla həmin qərarın tərkib hissəsidir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10.320,53 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 10.320,53 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10320,53 : 72 = 143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 424,19 (280,85+143,34) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (944,05 manat) həmin artım qədər (143,34 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 800,71 (944,05-143,34) manat təşkil edir 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-122,49 manat maddi yardım ödənilir.Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddiaya uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqim olunmuş xx.xx.1956-ci il təvəllüdlü iddiaçıya aid HD-198/3566-000790 №li pensiya işində olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Statuslu Şəxslərlə İş üzrə Departamenti tərəfindən qəbul edilmiş “Əmək pensiyası haqqında Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyinatı haqqında” xx.xx.2007-ci il tarixli HD/198 №li qərarın surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təqdim olunmuş 00356 №li xx.xx.2007-ci il tarixli məlumat vərəqinə əsasən İddiaçı xx.xx.2007-ci il tarixdən yaşa görə 676 manat 34 qəpik məbləğində ömürlük pensiya təyin olunmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* №li əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki İddiaçı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Xidmətindən ehtiyata buraxıldıqdan sonra xx.xx.2012-ci il tarixdən "xxxx" LTD MMC-də yanacaqdoldurma məntəqəsinə elektromexanik vəzifəsinə təyin olunmuşdur (Əmr № 848, xx.xx.2012-ci il); xx.xx.2012-ci il tarixdə işdən azad olunmuşdur (Əmr № 1043, xx.xx.2012ci il); xx.xx.2013-cü ildə BTRİB-in X5 EATS-550/551 xətt sexinə 3 ay sınaq müddətinə 9-cu dərəcəli böyük eletkromexanik vəzifəsinə qəbul edilmişdir (Əmr № 58/kə, xx.xx.20013-cü il); xx.xx.2013-cü ildə vəzifəsindən azad olunmuşdur (Əmr № 240/kə, xx.xx.2013-cü il); xx.xx.2015-ci ildə Kommunal Xidmət təmir və kompleksin mühafizəsi müəssisəsinin Yaşıllaşdırma işləri üzrə şöbəsinə bağ fəhləsi vəzifəsinə 3 (üç) aylıq sınaq müddəti müəyyən edilməklə qəbul edilmişdir (Əmr № 663, xx.xx.2015-ci il); xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr № 971, xx.xx.2021-ci il). Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” **********4 №li xx.xx.2022-ci il tarixli qərarın surətindən və iddiaya dair etirazdan müəyyən olunur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən İddiaçı pensiyası aşağıdakı qaydada yenidən hesablanmışdır: Əmək pensiyasının sığorta hissəsi (SH)-424.19 manat; qulluq stajına görə əmək pensiyasına əlavə (QƏ) 800.71 manat. 10.320,53 manat pensiya sığorta kapitalının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10320,53:72=143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 424,19 (280,85+143,34) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavəsinin məbləği (944,05 manat) həmin artım qədər (143,34 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 800,71 (944,05-143,34) manat müəyyən edilmiş və iddiaçıya xx.xx.2022-ci il tarixdən 1224.90 manat məbləğində müddətsiz yaşa görə pensiya təyin olunmuşdur. İddiaçının pensiyanın yenidən hesablanması tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq, Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş 13 aprel 2022-ci il tarixli **********3 №li imtina məktubunda müraciətçiyə bildirilmişdir ki, ona Mərkəzi Filial tərəfindən 4 mart 2007-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 1224,90 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib:-əmək pensiyasının sığorta hissəsi-280,85 manat;-qulluq stajına görə əmək pensiyasınna əlavə-944,05 manat. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1 -ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1 -ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Ona əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 10.320,53 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, 10.320,53 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına bölünərək (10.320,53:72=143,34 manat) əmək pensiyasının sığorta hissəsinin (280,85 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 424,19 (280,85+143,34) manat müəyyən edilib. Eyni zamanda sözügedən Qanunun 29.2ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajına görə əlavənizin məbləği (944,05 manat) həmin artım qədər (143,34 manat) azaldılıb. Nəticədə, hazırda əmək pensiyasının sığorta hissəsi 424,19 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği isə 800,71 (944.05-143,34) manat təşkil edir. 1 yanvar 2022-ci il tarixindən hesablanmaqla sizə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi-122,49 manat maddi yardım ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Qeyd olunanları nəzərə alınaraq güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün ərazi üzrə DSMF-nun aidiyyəti rayon şöbəsinə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə və öhdəliyin icrası haqqında iddialar olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın qanunla müəyyən edilmiş müddətdə və lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Göründüyü kimi, iddiaçı ona əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə 6 ildən çox işləməklə pensiya kapitalının toplanmasına istinad edərək pensiyanın yenidən hesablanması tələbini irəli sürür. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəaları təhlil olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən, hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 1.0.6-cı maddəsinə əsasən, fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7-ci maddəsinə əsasən, fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.9-cu maddəsinə əsasən, fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; 1.0.10-cu maddəsinə əsasən, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 4.2-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.6-cı maddəsinə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 29.2-ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.6, 37.3, 37.3.1 və 45-ci maddələrinin əlaqəli təhlilindən də göründüyü kimi hərbi qulluqçulara pensiya (hərbi pensiya) onların təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar da hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı gündə sonuncu vəzifə üzrə aldığı miqdara şamil edilir. Hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunduğuna dair müddəa aşkar olaraq pensiyaya çıxmış hərbi qulluqçunun hərbi xidmətini başa vurduğunu ehtiva edir. Pensiyaya çıxdıqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçı (işləyən əmək pensiyaçısı) pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına ümid edə bilər. Həmin normaların tələbləri iddiaçıya tətbiq olunduqda, o, pensiya təyin edildikdən sonrakı hərbi xidmətdən tərxis olunduqdan (işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdən) sonra pensiyanın yenidən hesablanmasını təminat xərcliyinə görə deyil, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazandığı sığorta və yığım hissələri üzrə toplanmış pensiya kapitalına görə tələb edə bilər. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 5.3-cü bəndinə əsasən, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli qərarı ilə Plenum belə qərara gəlmişdir ki; - Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin İ və İV hissələri, 38-ci maddəsinin İ və İİİ hissələri, 149-cu maddəsinin İ və İİİ hissələri ilə ziddiyyət təşkil etmir. Göründüyü kimi iddiaçı hazırda işləyən əmək pensiyaçısı statusundadır. Qanunvericiliyə uyğun olaraq o, 2007-ci ildə hərbiçi kimi əmək pensiyasına çıxmışdır ki, bununla bağlı tərəflər arasında hər hansı bir mübahisə yoxdur. İddiaçı pensiyaya çıxdıqdan sonra işləməyə davam etmişdir və bu hal cavabdeh tərəfindən təkzib olunmur. İddiaçının istinad etdiyi norma (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi) əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan normanın məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün 2 şərt nəzərdə tutulub-şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də 2 hal müəyyən olunub - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan və bu hallar cavabdeh tərəfindən mübahisələndirilmədiyindən adı çəkilən norma iddiaçıya şamil edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi ümumən işləyən əmək pensiyaçılarına aid normadır və iddiaçı da həmin şəxslərin kateqoriyasına daxil olduğundan ona münasibətdə də tətbiq edilməlidir. Məhkəmənin mövqeyinə görə, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən qanunun tələblərinə əsasən pensiya yenidən hesablanmalıdır. İddiaçı tərəfindən hazırda mübahisələndirilən qərardan da göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra onun müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində toplanmış 10320,53 manat pensiya sığorta kapitalı nəzərə alınmaqla, ona təyin olunmuş əmək pensiyası yenidən hesablanmışdır. İddiaçı tərəfindən mübahisələndirilən hal ondan ibarətdir ki, cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd olunan pensiyanın yenidən hesablanmasına dair qərar qəbul edilərkən, onun pensiyasının yenidən hesablanması hüququnun xx.xx.2017-ci il tarixdən yaranması nəzərə alınmadan, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinin xx.xx.2019-cu il tarixdən qüvvəyə minmiş redaksiyasına istinad olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı pensiyanın yenidən hesablanması tələbi ilə bağlı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ilk dəfə xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsi ilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişdir. O da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar