Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8573/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı şikayət ərizəsinə cavab verilməsi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdehin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 17 yanvar 2020-ci il tarixli, 5/A- 105/11-016-11 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, şikayət ərizəsinə cavab verməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. İş üzrə hazırlıq iclası təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Hazırkı iş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən 02 mart 2020-ci il tarixli, xx/xx-2925 nömrəli məktubla cavab verilərək bildirilmişdir ki, məhkəmə qərarlarının icrası və icra məmurlarının hərəkətləri ilə bağlı Ədliyyə Nazirliyinə daxil olmuş müraciətlərinə aidiyyəti hissədə baxılaraq müəyyən edilmişdir ki, həmin müraciətlərində qeyd olunan məhkəmə qərarları üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsində aparılmış icraat zamanı tələb könüllü icra müddətində borclular tərəfindən tam olaraq təmin edilməmiş, eləcə də, onlarda tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. İcraat zamanı həmin məhkəmə qərarları üzrə bir sıra məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq müsbət nəticə əldə edilməsi mümkün olmamış, həmçinin icra məmurunun qanuni çağırışlarına gəlməyən borcluların məcburi gətirilməsi üzrə tədbirlər görülmüşdür. Bununla belə, müraciətdə qeyd olunan məhkəmə qərarlarının icra vəziyyəti barədə məlumat almaq üçün aidiyyəti yerli icra qurumuna müraciət etməsi tövsiyyə olunur. Əlavə olaraq bildirilmişdir ki, o, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29 və 34-cü maddələrinə uyğun olaraq təmsilçilik səlahiyyətlərinitəsdiq edən sənədi təqdim etməklə müraciətlərində göstərilmiş icra qurumunun icraatında olan icra sənədinin icra vəziyyəti ilə bilavasitə yerində tanış ola, onlardan çıxarışlar də, vəsatət verə, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirə və digər hüquqlarından istifadə edə bilər. Məhkəmə qərarlarının nəzarətdə saxlanılması, icra sənədləri üzrə tələbin təmin edilməsi istiqamətində qanunvericilikdə nəzərdə tutulmuş əlavə tədbirlərin görülməsi icra şöbəsinə tapşırılmışdır. Beləliklə, iddiaçının müraciətinin cavablandırıldığı öz təsdiqini tapmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPMin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafelərinin pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-8573/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8573/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver