Məhkəmə qərarları › İş №2-1(112)-8573/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8573/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8573/2023 26.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 3050 saylı torpaq sahəsinə dair hüquqların onun adına Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X14 Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhər X13 xx.xx.1990-cı il tarixli, 3/78 saylı Qərarına əsasən xx.xx.1990-cı il tarixli 11 saylı Orderlə iddiaçının X4na verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 0,907 ha təşkil edən 3050 saylı bağ torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun iddaçı İddiaçı mərhum X4na məxsus olması barədə arayışın (çıxarış) verilməsi öhdəliyinin cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X4na Bakı Şəhər İcraiyyə Komitəsinin X6 və istismarı birliyi tərəfindən 07 may 1990-cı il tarixli 3/78 saylı qərarına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “3050” saylı bağ sahəsi verilmişdir. X4 xx.xx.2021-ci ildə ölmüşdür. Bununla bağlı olaraq Bakı şəhəri, 2 saylı “ASAN Xidmət” mərkəzinin notariat ofisində mərhum əri ilə bağlı olaraq vərəsəlik işi açılmışdır. Sözügedən əmlak ərindən miras qalmışdır. Həmin torpaq sahəsi üzrə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yaranmışdır. Bununla bağlı olaraq o DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh orqan onun müraciətinə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözü gedən bağ nömrəsi X2 yerləşmə sxemində aşkar olunmamışdır. X5 İnkişafı və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. İmtina məktubunda qeyd olunan məqamlar onun iradəsindən aslı olmamışdır. Ona görə də mərhum ərinə məxsus olan sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması onun mülkiyyət hüquqlarını pozur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 07 aprel 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh etirazı onunla əsaslandırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində idarəyə müraciətlər etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim olunmuş X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin qeyd olunan bağ nömrəsi X2 yerləşmə sxemində aşkar olunmamışdır. Torpaq sahəsinin yerləşdiyi ümumi ərazi daxilində bağların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsi də yerləşdiyi üçün həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Qeyd olunanlarla yanaşı, torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0.12 ha qeyd edilsə də, faktiki 0.907 ha təşkil edir. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********25 saylı, xx.xx.2023-cü il tarixli, **********59 saylı və xx.xx.2023-cü il tarixli, **********587 nömrəli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Qusar rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş AЗ seriyalı, 201215 №-li evlənmək haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X11 ilə İddiaçı 16 avqust 1971-ci ildə nikaha daxil olmuşdur. Bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1971-ci ilin avqust ayının 16-da 51 № ilə qeyd edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 234529 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 01-ci ayının 05 günündəə 02 № ilə qeyd edilmişdir. Azərbaycan SSR Bakı şəhəri X16 İcraiyyə Komitəsinin X6 və İstismar Birliyinin 179 saylı X7 tərəfindən verilmiş 07. 05.1990-cı il tarixli 11 saylı Orderin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 Bakı şəhəri X13 xx.xx.1990-cı il tarixli 3/78 saylı qərarına əsasən Ləhiş bağ massivində 179 saylı BTK-nın nəzdində sahəsi 0,12 ha olan 3050 №-li bağ torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 13 may 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş Bakı şəhər XDS İK-nın “Bağçılıq Tikinti Kooperativlərinin yaradılması və vətəndaşlara bağçılıq tikintisi üçün torpaq sahəsinin ayrılması barədə” xx.xx.1990-cı il tarixli, 3/78 saylı qərarın surətindən müəyyən olunur ki, qeyd olunan qərarla 179 №-li BTK-nın 18 nəfərdən ibarət heyət üzvləri müəyyən olunmuş və qərara 1- 10 №-li əlavəyə əsasən həmin üzvlərə bağ sahələrinin ayrılması qərara alınmışdır. Qərara 10 №-li əlavədən görünür ki, 179 №-li Ləhiş bağ-tikinti kooperativi üzvlərinin siyahısında X9 adı 11-ci sıra nömrəsi ilə qeyd olunmuşdur. 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 814 №-li, xx.xx.2022-ci il tarixli məktubunda (məktubun notarial qaydada təsdiq olunmuş surətində) qeyd olunmuşdur ki, Bakı şəhəri 2 saylı “ASAN Xidmət” mərkəzinin notariat ofisində vərəsə İddiaçı müraciəti, mirasqoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd, mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2021-ci ildə vəfat etmiş əri-X9 mirası üzrə vərəsəlik işi açılmışdır. Mirasqoyanın miras əmlakına Bakı şəhəri, Ləhiş massivi 179 ünvanında yerləşən torpaq sahəsi (order 11 verilmə tarixi xx.xx.1990-cı il tarixində) daxildir. Göstərilənlərə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 5.1-1-ci və 8-ci, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara dair dövlət reyestrindən arayışın verilməsi haqqında Təlimatın” 7-ci bəndinə və “Notariat haqqında” AR Qanununun 36-cı maddəsinin tələblərinə uyğun olaraq, mərhum xx.xx.1944-cü il təvəllüdlü X10 məxsus göstərilən əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi xahiş olunmuşdur. ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı Camiddın qızı tərəfindən DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış (notarial qaydada təsdiq olunmuş) **********456 №-li ərizədə qeyd olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu, X21 3050 ünvanında yerləşən torpaq sahəsinin sənəd üzrə 1200 kv. m-dən azalaraq faktiki 907 kv. m. olmasına etiraz etmir, razıdır. Məhkəmənin müvafiq sorğusu əsasında DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********57 №-li xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş Bakı şəhəri Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 3050 №-li bağ sahəsinə dair Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə aktının surətindən müəyyən olunur ki, mübahisəli bağ sahəsinin ümumi sahəsi hüquq müəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv. m., faktiki sahəsi 907.0 kv. m. təşkil edir. Bağ sahəsinin sərhədlərinin iki tərəfi hasar, iki tərəfində 2 cərgə mişar daşı düzülmüşdür. Tikili yoxdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş: **********25 №-li xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, hüquq sahibi X3 miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, X21ndə yerləşən 3050 saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Göstərilən torpaq sahəsinə baxış keçirmək və texniki çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssisinə şərait yaradılmadığından müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. **********59 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.12 ha qeyd olunsa da, faktiki 0.907 ha təşkil edir. **********87 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim olunmuş X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin sözügedən bağ nömrəsi X2 yerləşmə sxemində aşkar olunmamışdır. Torpaq sahəsinin yerləşdiyi ümumi ərazi daxilində bğların bölgüsünə dair sxematik xəritəyə əsasən digər torpaq sahəsi də yerləşdiyi üçün həmin torpaq sahəsinin qanuni istifadəçisi ilə notariat qaydasında təsdiq edilmiş bölgü sxemi təqdim edilməsi məqsədəuyğundur. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının; - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Maddə 10.2. Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. 7.3. Elektron arayışda aşağıdakılar göstərilir: 7.3.1. ərizəçinin soyadı, adı, atasının adı; 7.3.2. ərizəçinin təqdim etdiyi hüquqmüəyyənedici sənədlər haqqında məlumat; 7.3.3. mərhumun soyadı, adı, atasının adı; 7.3.4. daşınmaz əmlakın ünvanı; 7.3.5. daşınmaz əmlakın əsas göstəriciləri; 7.3.6. daşınmaz əmlakın adı; 7.3.7. daşınmaz əmlak üzərində hüququn növü; 7.3.8. arayışın notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün tərtib olunduğu barədə qeyd; 7.3.9. dövlət reyestrində elektron arayışı təsdiq edən vəzifəli şəxsin vəzifəsi, gücləndirilmiş elektron imzası, soyadı və adı. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi, bağ sahəsinə hüququn qeydə alınması üçün ya müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqaviləsi, sərəncam və orderdən hər hansı biri, ya da kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış mövcud olmalıdır. İddiaçının istinad etdiyi xx.xx.1990-cı il tarixli order və bağ-tikinti kooperativinin üzvlərinin siyahısıdır. "Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. İddiaçının mərhum ərinə məxsus mübahisəli torpaq sahəsi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Məhkəmə hesab edir ki, təqdim olunmuş X6 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsinin idarənin arxivində aşkar edilməməsi, həmçinin qeyd olunan bağ nömrəsinin X2 yerləşmə sxemində aşkar olunmaması iddiaçının müraciətindən imtina üçün qanunla müəyyən edilmiş əsaslarda nəzərdə tutulmamışdır. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. “İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа” Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “Thе Trаktоrеr İsvеçə qаrşı” məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhər X13 xx.xx.1990-cı il tarixli, 3/78 saylı Qərarına əsasən xx.xx.1990-cı il tarixli 11 saylı X1 ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən faktiki ölçüsü 0,907 ha təşkil edən 3050 saylı bağ torpaq sahəsinin iddiaçı - İddiaçı mərhum X4na məxsus olması (mülkiyyət hüququ ilə) barədə arayışın (çıxarış) verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar