Məhkəmə qərarları › İş №2-1(112)-8579/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8579/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8579/2024 28.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehna qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə ona Qaradağ rayon Prokrorluğu və Qaradağ RPİ tərəfindən vurulmuş maddi ziyan 20700 manat, mənəvi zərər 120.000 manat olmaqla, ümumən 140.700 manat ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılmış və barəsində həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Verilmiş ittihama əsasən təqsirləndirilən şəxsin təqsirliliyinin CPMnin tələblərinə uyğun olaraq sübuta yetirilməsi ibtidai araşdırmanı aparan orqanın üzərinə düşür. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyil. CPM-nin 138.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən X1 CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona CPM-nin 42.1.4 və 42.2.4-cü maddəsinə əsasən bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-228/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. CPM-in 56-cı maddəsi və digər maddələrin tələblərinə vurulmuş ziyanın (reabilitasiya) ödənilməsi tələbinə uyğun olaraq və mənəvi zərər hesablanaraq qanuna uyğun olaraq ödənilməlidir. Keşlə Metaləritmə zavodunda (Qardaşlar MMC) ocaqçı vəzifəsində çalışırdı. Həbs olana qədər hər gününə 50 azn pul ödənilirdi. Ümumi məbləğ 17200. Həbsdə olduğu müddətdə, məhkəmələrə və həbsxanalara ailə üzvləri taksi ilə 18 dəfə yola dəymişlər. Yol xərci ümumi 2400 azn və əlavə ərzaq və çörəklər 1100 azn. Ümumi məbləğ 20700 azn olmaqla qanunsuz həbs olduğuna görə üç azyaşlı övladı və həyat yoldaşı mənəvi sarsıntı keçirmişlər. Ona dəymiş mənəvi zərərin isə 120.000 azn olmaqla ümumi məbləğ 140.700 azn hesablanaraq ödənilməsi qanuna uyğundur. Beləki, “Real” hərəkatının rəhbərinə 243000 manat ödənilmişdir. Belə ki, vurulmuş mənəvi zərərin hesablanması zərərdəymiş şəxslərin tələblərinə görə ödənilməsi vacibdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq iddia tələbi ilə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-228/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(101)-1018/2023 nömrəli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçı iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddianın məzmunundan görünür ki, tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətindən irəli gəlir. Belə ki, inzibati tənbeh vermə haqqında qərar mübahisələndirilir. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə əsasən, həmin Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən, həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli qərarından: 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə, 7.2-ci bəndi yeni redaksiya verilmişdir.) Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkünsüzdür. İddia açıq-aşkar mümkünsüz olduğundan və məhkəmə hazırki qərardadın Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmamasını nəzərə alaraq, eləcə də prosessual qənaət prinsipinə əsaslanaraq üçüncü şəxsin cəlb edilməsindən imtina edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçıya qanuna müvafiq qaydada çatmaq istədiyi məqsədə dair səmərəli hüquq müdafiə vasitəsi kimi müvafiq tələblərlə səlahiyyətli ümumi məhkəməyə müraciət etmək hüququ izah olunsun. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Üçüncü şəxsin cəlb edilməsinə dair iddiaçının vəsatəti təmin edilməsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar