Məhkəmə qərarları › İş №2-1(112)-858/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-858/2021

29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-858/2021 29.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və X4) «kompensasiyanın ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH qarşı «iddiaçıya söküntü ilə bağlı kompensasiyanın ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçının yaşadığı Bakı şəhəri, AK.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evin 1 otağı və onun köməkçi sahələri xüsusi mülkiyyətində olmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün aparılan söküntü zonasına düşür və o, bu məsələ ilə bağlı təşkil olunmuş Komissiyada dəfələrlə olmuşdur. O, Bakı şəhəri, AK,Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, bütün kommunal və digər xərcləri ödəmişdir. Həmin evin 2/5 hissəsi onun, 3/5 hissəsi isə Pərvanə Bayramovanın mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi və cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən təyin edilən əmlaka qiymətləndirici "xxxx” MMC-nin tərtib etdiyi sözügedən ev üzrə “qiymətləndirmə rəyi”nə əsasən ünvan 1 ünvanda yerləşən evə İddiaçı 2/5 hissəsi üzrə və X1 3/5 hissəsi üzrə əlavələr ilə birlikdə 63.015 manat bazar qiyməti müəyyən edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal RİH tərəfindən ona (iddiaçıya) 25.206 manat ödənilməli olduğu halda, əsassız olaraq onun payı 15.300 manat qiymətləndirilmişdir. Onun 5 fevral 2020-ci il tarixli müraciətinə bu günədək hər-hansı cavab verilməmişdir. Hesab edir ki, iddia tələbləri təmin edilməlidir. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunununu 1.1.1-ci maddəsinə əsasən alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. İddia ərizəsinə əlavə edilmiş mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsindən göründüyü kimi, mülkiyyətçi olduğuna baxmayaraq onun mülkiyyətində olan ev razılığı olmadan sökülmüşdir. İş materiallarından göründüyü kimi, sözügedən Bakı şəhəri, AK.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı ev üzrə yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin evdə yaşamışdır. Həmin Qanunun 7.3.1-ci maddəsinə əsasən torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanuna uyğun istifadə və ya icarə hüquqları olan şəxslər alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər. Göründüyü kimi, onun qanunvericiliklə müəyyən edilmiş və qorunan hüquqları cavabdeh tərəfindən pozulmuşdur. İşin hallarından göründüyü kimi, onun yaşayış sahəsi faktiki xüsusi mülkiyyətində və istifadəsində olduğundan hər 1 kv.m sahənin 1.500 manat alınmaya məruz qaldığı nəzərə alaraq yaşayış sahəsinə ödənilməli olan kompensasiya məbləğinin 25.206 manat vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməlidir. Bundan əlavə onlar evdə 10 ildən artıq müddətdir ki, yaşamışdır və həmin evdə yaşayış yeri üzrə qeydiyyatdadır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun 66.4.6-cı maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir. Onun daşınar əmlakları cavabdehin qanunazidd hərəkətləri nəticəsində razılığı olmadan söküldüyündən və nəticədə əşyalar məhv olduğundan, 2.500 manat ziyan dəymişdir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakınğ vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işğüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsaən bu Məcəllənin 246 – 249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alman torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara da şamil edilir). Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29-cu maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Ak.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı evin sökülməsi nəticəsində iddiaçının mülkiyyətində və istifadəsində olan tikililərə görə 25.206 manat, məhv olmuş əşyalara görə 2.500 manat, Azərbaycan Respublikası Prezidentinin müvafiq (26 dekabr 2007-ci il tarixli 689 nömrəli) Fərmanına uyğun olaraq 20%, yəni 5.041,2 manat əlavə məbləğin, çətinliyə görə ümumi kompensasiya məbləğinin 10% miqdarında, yəni 2.520,6 manat, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin cavabdehdən tutulmasına dair qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə cavabdehdən iddiaya qarşı yazılı münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in nümayəndəsinin məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı iddia tələbi əsassız olduğundan qismən rədd edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndirilməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. RX seriyalı ******* saylı “Dasınmaz əmlakın Dövlət reyestirdən çıxarış”a əsasən mübahisə predmeti olan evin 25 5. kv.m sahədən ibarət 1 otağı iddiaçının 2/5 hissədə (10.2 kv.m) və onun keçmiş arvadı olan X1 3/5 (15.3 kv.m) hissədə müyyətlərində olmuşdur. Müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən ünvan 2 küçəsi, 6-cı dalan, 1 saylı ev ünvanında yerləşən əmlaka yerində baxış keçirilmiş və əmlak qiymətləndirilmişdir. İddiaçının həmin ünvanda yerləşən və paylı mülkiyyətində olan 2/5 hissə (10.2 kv.m) müstəqil qiymətləndirici “xxxx” MMC tərəfindən müqayisə metodu ilə aparılmış araşdırma nəticəsində müəyyən edilən mövcud bazar qiyməti və «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu və Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan bütün əlavələrlə birlikdə hər kv.m 1.500 manatdan hesablanmaqla ümumilikdə 15.300 manat məbləğində qiymətləndirilmişdir. Lakin, iddiaçı alınmanın təsirinə düşən mülkiyyətində olan yaşayış ianəsinə görə təklif olunan kompensasiya məbləği ilə razılaşmadığından və almaqdan imtina etdiyindən, onun mülkiyyətində olan 10.2. kv.m sahə üçün ümumi hesablanmış 15.300 manat kompensasiya məbləği depozit hesabında saxlanılmışdır. “Daşınmaz əmlakın alınması Qrupu” tərəfindən mübahisə 2 predmeti olan evə yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı həmin ünvanda keçmiş arvadı ilə rəsmi nikahları pozulduqdan sonra, yəni 2011-ci ildən yaşamamışdır. Həmin evdə Bayramova Pərvanə və iddiaçı ilə rəsmi nikahdan doğulmuş, nikah pozulduqdan sonra isə Bayramova Pərvanənin yanında saxlanmış yetkinlik yaşına çatmayan övladları yaşamışlar və evin köməkçi sahələrindən uzun illər ərzində faktiki istifadə etmişdirlər. Bu səbəbdən köməkçi sahələrə görə kompensasiya məbləği faktiki istifadəsində və sahibliyində olmuş X2 ödənilmişdir. Belə ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun 7.3-cü maddəsinə əsasən torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər də alınmanın təsirinə məruz qalan şəxslər siyahısına aid edilmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə də, mövcud qanunvericliyin müddəaları tətbiq edilməklə Bakı şəhəri Yasamal RİH ilə X4 arasında alqı-satqı müqaviləsi bağlanaraq onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 25.5. kv.m sahədən oarət 1 otağın 2/5 hissəsinə və köməkçi sahələrinə görə ümumi 47.715 manat məbləğində kompensasiya ödənilmişdir. Bayramova Pərvanə gələcəkdə hər-hansı payçılar tərəfindən mübahisə yaranarsa onları həmin payla və maddi ödənişlə təmin etməyi öz öhtəsinə götürməyi barədə könüllü olaraq notarial qaydada təsdiq olunmuş ərizə imzalamışdır. Köməkçi sahədən uzunmüddətli istifadə və sahiblik edən, beləliklə də qanunvericiliyin tələblərindən irəli gələn mülkiyyətçi hüquqlarına sahib olan Bayramova Pərvanəyə ədalətli kompensasiya ödənilməsi üçün dövlət büdcəsindən vəsait ayrılmışdır, köməkçi sahə üçün kompensasiya məbləği Bayramova Pərvanəyə artıq ödənildiyi səbəbindən yenidən həmin sahəyə görə iddiaçıya ödəniş olunması mümkünsüzdür. Bundan başqa, RX seriyalı ******* saylı reyestrdən çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu, A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı ev, 2A saylı mənzildə köməkçi sahələr barədə məlumat yoxdur. Hesab olunur ki, iddiaçının 25.206 manat kompensasiya məbləğinin hansı əsaslara söykənərək tələb etməsi qeyrimüəyyəndir. Bundan başqa, məhv olmuş daşınar əmlaklar üzrə tələblə bağlı hər-hansı mötəbər sübut mövcud deyil. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun müddəalarına əsasən alınmanın təsirinə məruz qalan şəxslərin köçürülməsinə yardım göstərilməsi və köçürülmə ilə bağlı kompensasiya ödənilməsi yalnız dövlət ehtiyacları üçün alınması ilə bağlı siyahıya alındığı vaxt şəxsin alınan əmlakında yaşadığı müəyyən edildikdə mümkündür. Belə hal mövcud olmadığından və iddiaçının uzun illərdir özünə məxsus əmlakından istifadə və sahiblik etmədiyi təqdirdə köçürülmə ilə bağlı kompensasiya tələbi yarana bilməz. Bu səbəbdən köçürülmə ilə bağlı 1.000 manat məbləğində kompensasiya tələbi əsassızdır. İddiaçı X2 və Bakı şəhəri Yasamal RİH-ə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi»nə dair iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(004)-1216/2019 saylı iş üzrə 13 iyun 2019-cu il tarixli qərarına əsasən idda rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Qarayev küçəsi, 6-cı dalan 1, 2 saylı evə dair X4 ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunverciliyin tələblərinə uyğun bağlandığı üçün qanunidir və etibarsız hesab edilə bilməz. Sözügedən qərar yuxarı instansiya məhkəməsində mübahisələndirilsə də, qüvvədə saxlanılmışdır və qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkişləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası MM-nin 157.9, 246.1-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 52.2.3-cü maddəsinə əsaslanaraq, İddiaçı iddiasının qismən – evin onun mülkiyyətində olan 2/5 hissəsinə görə 15.300 manat kompensasiya ödəilməsi hissəsində təmin edilməsi, qalan hissədə rədd edilməsi barədə qərar çıxarılmasdı məhkəmədən xahiş olunur. Məhkəmənin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi, 11 mart 2021-ci il tarixli qərardadı ilə X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər gəlmiş, üçüncü şəxslər (nümayəndələri) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianı qismən əsaslı saydı. . Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, 6-cı dalan, 1 saylı ev, 2A saylı mənzilin 19,2 kv.m sahəsi olan 1 otağı X5, 25,5 kv.m sahəsi olan 1 otağı X7 (2/5 hissə) və X1 (3/5 hissə) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, X4 ilə Bakı şəhəri Yasamal RİH adından çıxış edən X14 arasında 15 oktyabr 2018-ci il tarixdə AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” bağlanmış və müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, satıcı X4 ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 44,7 kv.m olan 2 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 3/5 hissəsini (25,5 kv.m ölçüdə) alıcı Bakı şəhəri Yasamal RİH adından X6. İş materiallarından görünür ki, Bakı şəhəri Yasamal RİH tərəfindən dövlət ehtiyacı üçün alınan ünvan 5 küçəsi, 6-cı dalan, 1 saylı evdə yerləşən İddiaçı və X1 paylı mülkiyyətində olan mənzil “xxxx” MMC tərəfindən üçün Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınmaqla mənzilin payçılarına münasibətdə qiymətləndirilməsi aşağıdakı kimi olmuşdur: - İddiaçı aid hissə – 10,2 kv.m əsas sahə 15.300 manat (hər kv.m 1.500 manat olmaqla); - X2 aid hissə – 10,24 kv.m əsas sahə 15.360 manat (hər kv.m 1.500 manat olmaqla), 19,77 kv.m köməkçi sahə 29.655 manat (hər kv.m 1.500 manat olmaqla), 3,89 kv.m taxta pilləkən 1.556 manat (hər kv.m 400 manat olmaqla), 0,96 kv.m talvar 144 manat (hər kv.m 150 manat olmaqla). İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, ünvan 5 küçəsi, 6-cı dalan, 1 saylı ev ünvanında yerləşən 2A saylı mənzil hazırkı İddiaçı və üçüncü şəxs X1 paylı mülkiyyətində olmuşdur, həmin mənzildə üçüncü şəxs X4 yaşasa da, İddiaçı 2011-ci il tarixdən orda yaşamamışdır. Cavabdeh inzibati orqan tərəfindən həmin mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar iddiaçıya və üçüncü şəxsə ayrılıqda müvafiq kompensiya məbləğlərinin ödənilməsi tutulmuşdur. Mənzil 2018-ci ildə sökülmüş və iddiaçı mülkiyyətində olan daşınmaz əmlakın sökülməsi ilə bağlı ona təklif olunan kompensasiya məbləği ilə razılaşmamışdır. Hazırda iddiaçı evin onun mülkiyyətində və istifadəsində olan hissəsinin sökülməsi ilə əlaqədar 25,206 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 2.500 manat konpensasiya, daşınmaz əmlaka görə kompensasiya məbləğinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə uyğun olaraq 20% əlavə məbləğin, çətinliyə görə həmin kompensasiya məbləğinin 10% həcmində vəsaitin, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə görə torpaq – mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 1.1.3-cü maddəsinə görə tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər. Həmin Qanunun 1.1.10-cu maddəsinə görə çətinliklərə görə kompensasiya – bu Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş kompensasiyadır. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 14.2-ci maddəsinə görə bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Həmin Qanunun 44.1.6 və 44.1.7-ci maddələrinə görə alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerə (əraziyə) yerdəyişmə zamanı və ondan sonra köçürülmə ilə bağlı yaranmış problemləri və mübahisələri həll etmək üçün həmin şəxslərə torpağın alınması qrupları və digər şəxslər tərəfindən məsləhət və yardım təmin edilir. Alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir. Həmin Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 66.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə görə alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki: - «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 54.1-ci maddəsinə və «İnzibati icraat haqqında» AR Qanununun 12.2-ci maddəsinin tələbləri baxmından müvafiq mənzilin iddiaçının mülkiyyətində olan 10.2 kv.m sahəsinin sökülməsinə (25.5 kv.m x 2/5 hissə) görə ona hər kv.m üçün Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulmuş 20% əlavə nəzərə alınaraq 1.500 manat olmaqla ümumilikdə 15.300 manat kompensasiya ödənilməsi ədalətlidir; - İddiaçı sökülmüş mənzildə 2011-ci ildən sonra yaşamadığından (bu, işin mübahisə olunmayan hallarına aiddir), eləcə də ona məxsus daşınar əşyaların həmin mənzildə olmasına dair heç bir sübut təqdim etmədiyindən, onun “sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 2.500 manat kompensasiya tutulması” tələbi əsassızdır; - İddiaçı sökülmüş mənzildə 2011-ci ildən sonra yaşamadığından, o, söküntü ilə əlaqədar köçürülmə və çətinliyə görə müvafiq məbləğləri tələb etməkdə haqlı deyildir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, ünvan 5 küçəsi, 6-cı dalan, 1 saylı evin onun mülkiyyətində olan 10,2 kv.m ölçüdə yaşayış sahəsinin sökülməsinə görə 15.300 manat kompensasiya məbləği cavabdeh Bakı şəhəri Yasamal RİH-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. ünvan 5 küçəsi, 6-cı dalan, 1 saylı evin onun mülkiyyətində olan 10,2 kv.m ölçüdə yaşayış sahəsinin sökülməsinə görə 15.300 manat kompensasiya məbləği cavabdeh Bakı şəhəri Yasamal RİH-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar