Məhkəmə qərarları › İş №2-1(112)-8580/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8580/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8580/2021 30.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hədə qorxu yolu ilə ondan alınmış pulun tutularaq ona qaytarılması tələbi barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı polis polkovnikleytenantı X3 tərəfindən hədə qorxu yolu ilə ondan alınmış 500 manatın cavabdeh Daxili İşlər Nazirliyindən tutularaq ona qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İş üzrə hazırlıq iclası 30.09.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, vətəndaşlar ilham Mehrəliyev və İddiaçı 10.06.2021 -ci il tarixdə qohumu X1 oğurluqda iştirakçılıqda şübhəli bilinərək Nizami Rayon Polis idarəsinin 25-ci Polis şöbəsinə aparılması, təhqiqatçı polis polkovnik-leytenantı Kamil Məmmədov tərəfindən Zümrüd Musayevanın sərbəst buraxılması müqabilində 1000 manat pul alınması barədə Daxili işlər Nazirliyinin rəhbərliyinə və müxtəlif instansiyalara ünvanladıqları müraciətləri Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırılmışdır. Məlum olmuşdur ki, X2 əri X4 tərəfindən bıçaqla hədələnməsi və döyülərək xəsarət alması barədə DİN-in “102” Xidməti-zəng mərkəzi sisteminə və Nizami Rayon Polis İdarəsinin 25-ci Polis şöbəsinə ünvanladığı müraciəti 03.06.2021-ci il tarixdə müvafiq qaydada qeydiyyata alınaraq araşdırılması təhqiqatçı Kamil Məmmədova həvalə edilmişdir. Araşdırma zamanı Əfsanə Qasımova izahatında əri Rövşən Nəcəfovun digər qanunazidd hərəkətlərlə yanaşı, yaşadıqları evdən 24.000 manat pul götürdüyünü bildirmiş, sonuncu isə izahatında həmin məbləği götürdüyünü təsdiq edərək 10.000 manatdan artıq hissəsini qeyri-rəsmi münasibətdə olduğu Zümrüd Musayevaya verdiyini göstərmişdir. Əfsanə Qasımova 29.06.2021-ci il tarixdə təkrar ərizə ilə müraciət edərək şikayət və tələbinin olmadığını bildirib aparılan araşdırmanın dayandırılmasını xahiş etdiyindən toplanmış material üzrə əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinərək 02.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bakı Şəhər Baş Polis İdarəsində aparılan araşdırma zamanı İddiaçı təkrar ərizə ilə müraciət edərək anlaşılmazlıq yarandığından şikayət etdiyini, hazırda şikayət və tələbinin olmadığını bildirərək aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Aparılmış xidməti yoxlama nəticəsində təhqiqatçı Kamil Məmmədov tərəfindən təhqir olunmaları, qohumu Zümrüd Musayevanın sərbəst buraxılması müqabilində 1000 manat pul alınması ilə bağlı İlham Mehrəliyev və İddiaçı müraciətlərində göstərdikləri təsdiqini tapmamışdır. Göstərilənlər baxımından, vətəndaş İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı pul tələbinə dair iddiasının mümkünsüz sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı polis polkovnik-leytenantı X3 tərəfindən hədə qorxu yolu ilə ondan alınmış 500 manatın cavabdeh Daxili İşlər Nazirliyindən tutularaq ona qaytarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş olsa da, bu tələbinin Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə aidliyi müəyyən olunmur. İşin hallarından göründüyü kimi, tərəflər arasında ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələn yeni münasibətlər yaranmamışdır. İddiaçı məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsi müəyyən olunmur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişiklilər edilməsi haqqında” 20 fevral 2020-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilməsi qərara alınmışdır: “7.2. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəticələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun.” Göründüyü kimi, iddiaçının hazırki tələbi cinayət təqibinin həyata keçirilməsi zamanı cavabdeh orqanın qanunsuz hərəkətləri ilə bağlı onlara vurulmuş ziyanın ödənilməsidir ki, həmin ehtimal olunan ziyan inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmış ziyan deyildir. Bu səbəbdən də, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar