Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8580/2023 23.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 23 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1957-ci il təvəllüdlüdür. İddiaçı xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək həqiqi hərbi xidmətdə olmuşdur (1 il 11 ay 14 gün). ЗТ-İ ******* №-li əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək Marneuli Yük ANM-də 4-cü dərəcəli avtoçilingər və 3-cü dərəcəli sürücü vəzifələrində işləmişdir (4 il 5 ay 18 gün). xx.xx.1985-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək Avtokombinat № 9 Mosavtotrans idarəsində 3-cü dərəcəli sürücü vəzifəsində işləmişdir (1 il 2 gün). xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək “Yükavtotikinti” 15 saylı trestin XSMK-də 4-cü dərəcəli quraşdırıcı vəzifəsində işləmişdir (1 il 4 ay 29 gün). xx.xx.1989-cu il tarixindən xx.xx.1990-cı il tarixinədək Koquloyskiy pitomnik sovxozunda sürücü vəzifəsində işləmişdir (1 il 3 ay 25 gün). xx.xx.1990-cu il tarixində YANM-də 3-cü dərəcəli sürücü kimi qəbul edilmişdir. Həmin müəssisə sonradan “X2” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir. (23 il, 10 ay, 22 gün). xx.xx.2019-cu il tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMCyə sürücü qəbul edilmişdir (Əmək kitabçasındakı xx.xx.2023-cü il tarixli qeydədək 4 il 4 ay 3 gün). İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 20 il 11 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 17 il sığorta stajına uyğun olaraq 13823,21 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinədək 3 il 11 ay sığorta stajına uyğun olaraq 6862,80 manat olmaqla, ümumilikdə 20686,01 manat təşkil edir ki, bu, qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasında qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.2014-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olub ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasında qeyd olunmuş “X2” ASC-dəki əmək fəaliyyəti zamanı xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək adına əmək haqqı hesablanmayıb. Bu səbəbdən sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək kitabçasına əsasən, 25 ildən artıq əmək stajı var. Ona yaşa görə əmək pensiyasının təyin olunması üçün müvafiq sənədlərlə 3 saylı Dost mərkəzinə müraciət etmişdir. Cavabdeh inzibati orqan isə ona imtina məktubu göndərmiş və səbəb kimi göstərmişdir ki, guya onun 20 il 11 ay əmək stajı var və sığorta stajına uyğun pensiya kapitalı da azdır, xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə pensiya kapitalı qeydə alınmayıb. 1997-ci ildən bir çox avtonəqliyyat müəssisələri, o cümlədən o, işləyən icarə sisteminə keçmiş, onlar icarə haqqını ödəmişlər, işlərini görmüşlər, rəhbərlik nəyisə düzgün rəsmiləşdirməmişsə, bu işçilərin günahı ola bilməz. Onun ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Cavabdehin orada göstərilən hər hansı sosial sığorta stajının qəbul edilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı mötəbər subutlar təqdim edilməmişdir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubun iddiaçıya hansı tarixdə təqdim edilməsi barədə sübut təqdim etmədiyindən, məhkəmə iddiaçının qanunla müəyyən edilmiş müddətdə iddia verməsi qənaətinə gəlir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı 65 yaşı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək "xxxx" ASC-də işlədiyi dövrü mübahisələndirərək, eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını göstərərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 65 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının minimum pensiya təminatına imkan verən kapitalının olmaması mübahisəsizdir. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən, əmək kitabçasında qeyd olunan iş stajı (hərbi xidmət daxil olmaqla) 20 il 11 aydır. Cavabdeh iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək işlədiyi dövrləri sosial sığorta stajına daxil etməkdən imtina edərkən o hala istinad edir ki, həmin dövrlər üzrə əmək haqqı hesablanmadığından sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin istinad etdiyi dəlili əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 7 iyun 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamı ilə “Azəravtonəqliyyat” Dövlət Konserninin tabeliyində olmuş Şəhərlərarası və X1 müəssisəsinin bazasında “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2022-ci il tarixində tam başa çatdırılmışdır. “X2” Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən hazırlanmış sənədlərə əsasən bildirilmişdir ki, müraciətdə qeyd olunan İddiaçı adı əmək kollektivinin üzvü kimi (vəzifəsi-sürücü, işə qəbul olunduğu tarix -1990-cı il) səhmləri güzəştlə almaq hüququ olan şəxslərin siyahısında daxil edilmişdir. Məhkəmə cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi bu halı əsaslı saymaraq qeyd edir ki, iddiaçı xx.xx.1981-ci il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının xx.xx.1990-cı il tarixli 28 №-li əmrlə YANM-də (“X2” Açıq Səhmdar Cəmiyyəti) 3-cü dərəcəli sürücü vəzifəsinə qəbul edilmişdir. Eyni zamanda əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. Həmin müəssisənin mövcudluğu və iddiaçının əmək kollektivinin üzvü olması, həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinin 7 iyun 2023-cü il tarixli məktubu ilə təsdiq edilir. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin xx.xx.2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmə qeyd edir ki, əmək kitabçasında olan məlumatların həqiqiliyi prezumpsiyası qüvvədədir. İşçiyə əmək haqqının ödənilməsinin qeydə alınmaması işçinin təqsiri deyil. Bundan başqa iddiaçı özü də ərizəsində qeyd etdiyi kimi, o işlədiyi dövrdə icarə haqqı ödəmişdir. İddiaçının işlədiyi müəssisədə iddiaçı ilə müəssisə arasında əmək haqqının verilməsi yaxud görülən işlərə görə, işçilərin icarə haqqı ödəməsi barədə razılaşmanın olması, işçiyə əmək haqqı ödənilməməsi əsası ilə onun xx.xx.2006-cı ilədək həmin müəssisədəki iş stajının nəzərə alınmamasına səbəb ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 01 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Beləliklə, iddiaçının həmin müəssisədə xx.xx.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 29 il, 8 ay, 18 gün iş stajı vardır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququn yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-8580/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8580/2023
23.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver