Məhkəmə qərarları › İş №2-1(112)-8581/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8581/2021

23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8581/2021 23.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, peşəsi-çilingər, işləmir), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Məzahir Rüstəmov küçəsi, ev 6/4-də yerləşən 1 saylı yataqxananın yaşayış sahəsində yerləşən hər biri bir otaq ibarət olan 149 nömrəli mənzilin iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Məzahir Rüstəmov küçəsi, ev 6/4-də yerləşən 1 saylı yataqxananın yaşayış sahəsində yerləşən hər biri bir otaq ibarət olan 149 və 149a nömrəli mənzillərin iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 Həmkarlar ittifaqı Komitəsi və zavod rəhbərliyinin 19 may 1987-ci il tarixli, 6a nömrəli protokolu ilə Məzahir Rüstəmov küçəsi, ev 6/4-də yerləşən 1 saylı yataqxananın yaşayış sahəsində yerləşən hər biri bir otaqdan ibarət olan 149 və 149a nömrəli mənzillər ailə üzvləri ilə birlikdə iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır. Həmçinin, X1 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2019-cu il tarixli, 15 nömrəli arayışından da görünür ki, iddiaçı xx.xx.1972-ci il tarixdən X2 Zavodunda işləmişdir. xx.xx.2005-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987ci il tarixdən yuxarıda qeyd edilən ünvanda yerləşən 149 və 149a nömrəli mənzillər ailə üzvləri ilə birgə iddiaçının istifadəsinə verilmişdir. İddiaçı sözügedən mənzillərin iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı almaq üçün yuxarıda qeyd olunan sənədlərlə birlikdə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh qeyd edilən məsələ ilə bağlı müraciətə daha əvvəl baxılıb, ətraflı cavab verildiyini lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmadığını bildirmişdirmişdir. İddiaçı cavabdehə etdiyi xx.xx.2019-cu il tarixindəki müraciətində X1 Həmkarlar İttifaqı Komitəsi və zavod rəhbərliyinin 19 may 1987-ci il tarixli, 6a nömrəli protokolu və 19 may 1987-ci il tarixli, 6a nömrəli protokoldan X1 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2021 -ci il tarixli, 10 nömrəli çıxarışını cavabdehə təqdim etməmiş, lakin, hazırki müraciətində isə bütün sənədləri dövlət reyestrindən çıxarışın verilməsi üçün təqdim etmişdir. Həmçinin, cavabdeh faktiki olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtina etsə də, sözügedən məktubun imtina məktubu sayılmadığını qeyd edir. Əgər, cavabdeh doğurdan da, müraciətlə bağlı olaraq iddiaçıya dövlət reyestrindən çıxarışın verilməsini təmin etmək istəsəydi, hazırki məktubunda qeyd etdiyi çatışmazlıqların konkret nə ilə bağlı olduğunu izah edərdi və həmin çatışmazlıqların aradan qaldırılması üçün lazım olan hərəkətlərin və təqdim olunmalı sənədləri öz məktubunda qeyd edərdi. Lakin cavabdeh bütün bu hərəkətlərin heç birini etməmiş və məktubunda qeyd etməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən, 6/4 saylı evin, 2 otaqlı 149 saylı mənzilinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmişdir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinə müraciəti zamanı qeyd olunan mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, qeyd olunan mənzilə dair Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 95/1 saylı sərəncamı xx.xx.2012-ci il tarixində verilmişdir. Bu səbəblərdən ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və bu barədə vətəndaşa **********63 saylı xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdı, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin imtina məktubunda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı X9 Azərbaycan Respublikasının vətəndaşıdır. X1 Həmkarlar İttifaqı Komitəsinin və X1 Bakı zavodunun müdiriyətinin birgə iclasının 19 may 1987-ci il tarixki 6a saylı protokolundan çıxarışına əsasən, zavoda məxsus ailə yataqxanada aşagıdakı ailəli mütəxəssislər üçün otaqların ayırması barədə vəsatət qaldırılnması qərara alınmışdır: 36. İddiaçı 15 nömrəli, xx.xx.2019-cu il tarixli arayışında qeyd olunmuşdur: verilir X8 ondan ötrü ki, o həqiqətən də xx.xx.1972-ci il tarixindən X1 Zavodunda xx.xx.1991 -ci il tarixinə kimi yığıcı çilingər peşəsində işləmişdir. xx.xx.1991-ci il tarixindən zavodun nəzdində yaradılan «Ümid» kiçik müəssisəsinə köçürülmə yolu ilə yığıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixindən yenidən X1 Zavoduna köçürülmə yolu ilə yığıcı çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixindən öz xahişi ilə işdən azad olunmuşdur. xx.xx.1987-ci il tarixindən X1 Zavodunun istifadəsində olan Məzahir Rüstəmov küçəsi ev 6/4 -də yerləşən 1 saylı yataqxananın yaşayış sahəsində hər biri bir otaqdan ibarət olan 149 və 149a nömrəli mənzillər ailə üzvləri ilə birgə onun istifadəsinə verilmişdir Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 122 saylı Mənzil Kommunal İstismar sahsinin 37 nömrəli, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı 4 nəfər ailə üzvü ilə birgə ünvan 1 ünvanında qeydiyyatdadırlar. X1 zavodu Həmkarlar İttifaqı Komitəsinin 10 nömrəli, 21 iyun 2021-ci il tarixdə verdiyi arayışda qeyd olunur ki, X1 Həmkarlar İttifaqı Komitəsinin və zavod rəhbərliyinin birgə iclasının 19 may 1987-ci il tarixli 6a nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Məzahir Rüstəmov küçəsi, ev 6/4-də yerləşən 1 saylı yataqxananın yaşayış sahəsində yerləşən hər biri bir otaqdan ibarət olan 149 və 149 a nömrəli mənzillər ailə üzvləri ilə birgə onun istifadəsinə verilmişdir. İddiaçı tərəfindən eyni zamanda X6, X4, X3 və X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı Bakı şəhəri, Məzahir Rüstəmov küçəsi, ev 6/4, 149 saylı mənzilin İddiaçı adına özəlləşməsinə etiraz etmədikləri barədə ərizələrin surətləri iddia ərizəsinə əlavə olunmuşdur. Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 95/1 saylı, 25 dekabr 2012-ci il tarixli sərəncamınına əsasən, Məzahir Rüstəmov küçəsində yerləşən, 6/4 saylı evin, yaşayış sahəsi 29,8 kv.metr olan 2 otaqlı 149 saylı mənzilinə 5 nəfər ailə üzvü ilə birgə İddiaçı adına icarə müqaviləsinin bağlanılması barədə sərəncam verilmişdir. Sərəncamda göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konserlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvvəsiz olaraq Bakı şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentinin balansına verilmişdir. ünvan 3 ünvanda yerləşən keçmiş yataqxana binasıda mənzil fonduna daxil edildiyindən İddiaçı faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. İddiaçı 1983-cü ildən pasport qeydiyyatda olmaqla Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən 6/4 saylı evin, yaşayış sahəsi 29,8 kv.metr olan 2 otaqlı 149 saylı mənzilində 5 nəfərailə üzvü ilə (özü, arvadı, qızı və 2 oğlu)yaşayır. Qeyd edilənləri nəzərə alaraq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, İddiaçıadına icarə müqaviləsi bağlanılsın və o, həmin mənzilin icarədarı hesab olunsun. Qeyd edilən mənzilə İddiaçı adına şəxsi maliyyə hesabının açılması 1 saylı xüsusi Təyinatlı MKTB-nin 122 saylı Mənzil Kommunal İstismar Sahəsinə tapşirilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna qeyd olunmuşdur ki, iddiaçının cavabdehə müraciətinə təkrar baxılaraq qeyd edilən məsələ ilə bağlı müraciətə xx.xx.2019-cu il tarixli **********30 nömrəli məktubda ətraflı cavab verildiyi, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır."Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləlikə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı Mayıl oğlu ailə üzvləri ilə birgə onun istifadəsinə verilmiş Məzahir Rüstəmov küçəsi ev 6/4-də yerləşən 1 saylı yataqxananın 149 nömrəli iki otaqlı mənzilin onun adına özəlləşdirilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçının tələbindən imtina etmiş, iddiaçı da öz növbəsində hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçını aşağıda göstərilənlərə görə öz tələbində haqlı hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Həmin Qanunun 10.2.-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. İşin faktiki hallarına əsasən X1 Həmkarlar İttifaqı Komitəsi və zavod rəhbərliyinin 19 may 1987-ci il tarixli, 6a nömrəli protokolundan göründüyü kimi Məzahir Rüstəmov küçəsi, ev 6/4-də yerləşən 1 saylı yataqxananın yaşayış sahəsində yerləşən 149 nömrəli mənzil ailə üzvləri ilə birlikdə İddiaçı Mayıl oğlunun istifadəsinə verilməsi qərara alınmışdır. Sözügedən qərar əsasında Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən Məzahir Rüstəmov küçəsində yerləşən, 6/4 saylı evin, yaşayış sahəsi 29,8 kv.metr olan 2 otaqlı 149 saylı mənzilinin 5 nəfər ailə üzvü ilə birgə İddiaçı adına icarə müqaviləsinin bağlanılması barədə sərəncam verilmişdir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» AR Qanununun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Həmin maddənin 2-ci hissəsinə əsasən, dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Yuxarıda qeyd olunan normaların mövqeyindən çıxış edərək məhkəmə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İddiaçı adına Məzahir Rüstəmov küçəsində yerləşən, 6/4 saylı evin, yaşayış sahəsi 29,8 kv.metr olan 2 otaqlı 149 saylı mənzilə dair icarə müqaviləsinin bağlanılması və onun həmin mənzilin icarədarı hesab edilməsi barədə 95/1 saylı, 25 dekabr 2012-ci il tarixli sərəncamı iddiaçının həmin mənzildə 1983-cü ildən etibarən faktiki olaraq yaşadığını da təsdiq edir. Belə ki, X1 Həmkarlar ittifaqı Komitəsi və zavod rəhbərliyinin 19 may 1987-ci il tarixli, 6a nömrəli protokoluna əsasən sözügedən mənzil ailə üzvləri ilə birlikdə iddiaçının istifadəsinə verilmişdir. Belə olan halda da Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sərəncamının 25 dekabr 2012-ci il tarixdə verilməsinə baxmayaraq iddiaçının mənzilə dair hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) yaranmış hesab olunmalıdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh orqanın iddiaçının müraciətinə verdiyi cavab məktubunda çatışmazlıqların nədən ibarət olmasını vurğulanmamış, lakin cavabdeh orqanın istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 11.1-ci maddəsində sadalanan “hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər”in iddiaçı tərəfindən təqdim edilmiş yuxarıda sözügedən sənədlərdə öz əksini tapdığını hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə görə bu Məcəllə qanuni qüvvəyə minən günədək «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin Məcəllənin 146.3-cü maddəsinə görə bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən, 6/4 saylı evin, 2 otaqlı 149 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 62, 68, 69,85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Məzahir Rüstəmov küçəsində yerləşən, 6/4 saylı evin, 2 otaqlı 149 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar