Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8583/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, cavabdehin nümayəndəsi X1 (Salyan rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçının 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Ağcabədi rayonunun Muğanlı kəndində anadan olmuş və həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçı 1971-ci ildən başlayaraq Ağcabədi rayon Muğanlı kəndində Pravda adına kolxozda işləməyə başlamış, 1975-ci ilədək kolxozda fasiləsiz işləmiş, 25 may 1975-ci ildə Ağcabədi rayonundan hərbi xidmətə göndərilmiş, 10 may 1977-ci ildə hərbidən tərxis olunmuş və yaşadığı Muğanlı kəndinə qayıtmışdır. 1977-ci ilin iyun ayından həmin kolxozda işləməyə başlamış, fasiləsiz olaraq 1977-ci ildən 1997-ci ildə daxil olmaqla kolxozda traktorçu, sürücü və başqa işlərdə işləyərək əmək haqqı almışdır. Lakin qeyd edilən illərdə Pravda kolxozunda işləməyinə dair iddiaçıya əmək kitabçası yazılmamışdır. Hazırda kolxoz quruluşu ləğv edildiyindən əmək kitabçası əldə etmək mümkün olmamışdır. İddiaçının yuxarıda göstərilən kolxozda işləməyinə dair Ağcabədi rayon Dövlət arxivi tərəfindən 09 mart 2021-ci il tarixli, 46 nömrəli verilmiş arxiv arayışında bəzi illərdə yüksək əmək haqqı almağına dair qeydiyyat aparılmış və bütün illərdə adam günü də qeyd olunmuşdur. İddiaçı kolxozda işləyərkən həmişə yüksək əmək haqqı almışdır. Onun 1971-1975, 1977-1997-ci illərdə Ağcabədi rayonu Pravda kolxozunda işləməyini onunla birlikdə həmkəndliləri şahid kimi təsdiq edərlər. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilib hesablanmasından ötrü DSMF Ağcabədi rayon şöbəsinə rəsmi müraciət etmiş, lakin DSMF Ağcabədi rayon şöbəsi 28 aprel 2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı təqdim etdiyi iddiaya dair etirazında cavabdeh göstərmişdir ki, iddiaçı 19.03.2021-ci il tarixdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yazılı ərizə ilə fondun sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Ərizəçinin müraciətinə müvafiq qaydada baxılmış və təqdim olunan arxiv arayışında olan əmək fəaliyyəti dövrünün əmək kitabçasında qeyd edilməməsi əsası ilə təyinatdan imtina edilmişdir. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 01 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. İddiaçı onun pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi halını mübahisələndirmir. Yəni, iddiaçı birinci deyil, ikinci halın təsirinə düşdüyünü iddia edir. İkinci halın təsir dairəsinə düşmək üçün isə iddiaçı ən azı 25 illik sığorta stajına malik olduğunu təsdiqləyən sübutları cavabdehə və məhkəməyə təqdim etməli idi. İddiaçı 25 illik sığorta stajına sahib olmasını təsdiqləyən tək sübut kimi Dövlət Arxiv İdarəsinin verdiyi 18.05.2018-ci il tarixli, 332 saylı Arayışa istinad etməkdədir. İddiaçının kolxozda işlədiyi illər 1970-1974-cü və 1977-1996-cı illəri əhatə edir. Onun kolxozdakı iş stajı isə aşağıdakı qaydada nəzərə alınmalıdır: “SSRİ-də vətəndaşların pensiya təminatı” haqqında 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İddiaçının 1970-1974-cü və 1977-1996-cı illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərək minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirilidyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Ağcabədi rayon Dövlət Arxivinin verdiyi 09.03.2021-ci il tarixli 46 saylı arayışın məlumatları nəzərə alındıqda müəyyən edilir ki, qeyd olunan illər üzrə minimum əmək iştirakı norması qeyd edilməmişdir. Tələb olunan illər üzrə əmək iştirakı normasının hər il üçün nə qədər olması arayışda dəqiq olaraq göstərilməmiş və bu hal arayışın mötəbər sübut olması faktını istisna etmişdir. Həmçinin iddiaçının arxiv sənədlərinin təqdim edilməsi ilə Ağcabədi rayon Dövlət Arxivinə **********7 nömrəli 10.08.2021-ci il tarixli sorğu ilə müraciət olunmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin 2.2.2. bəndinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır . Həmin Qanunun 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmışdır. Məhkəmə iclasında cаvаbdеhin nümayəndəsi S.Mehrəliyeva iddiaya etirazda göstərilən məzmunda çıxış edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1956-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşıdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin 2227 nömrəli, 21.05.2021-ci il tarixli arayışına əsasən, 1956-cı il təvəllüdlü İddiaçı 25.05.1975-ci il tarixdən 10.05.1977-ci il tarixə kimi keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 28 aprel 2021-ci il tarixli, **********2 nömrəli “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması” haqqında məktubuna əsasən bildirilmişdir ki, iddiaçının təqdim etdiyi Ağcabədi rayon Dövlət Arxivinin 09.03.2021-ci il tarixli 46 saylı arayışında qeyd edilən əmək fəaliyyəti dövrləri əmək kitabçasında öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilmir. Eyni zamanda 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 171 nömrəli, 20.05.2021-ci il tarixli arayışına əsasən, İddiaçı hal-hazırda Ağcabədi rayonunun Muğanlı kəndində yaşayır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Ağcabədi rayon İcra Hakimiyyəti Ağcabədi rayon Dövlət Arxivinin 29 noyabr 2021-ci il tarixli, 259 nömrəli arxiv arayışına əsasən göstərilmişdir ki, arxivdə saxlanılan Pravda k\z 1971-1996-cı il dövr arayış xarakterli arxiv sənədləri yoxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, İddiaçı həmin k\da işləməsi və əmək haqqı alması barədə aşağıdakı kimi qeydiyyatı var: 1971-ci il üzrə adam günü norması 240, adam günü 260, əmək haqqı 181; 1972-ci il üzrə adam günü norması 240, adam günü 261, əmək haqqı 1231; 1973-cü il üzrə adam günü norması 240, adam günü 255, əmək haqqı 921; 1974-cü il üzrə adam günü norması 240, adam günü 265, əmək haqqı 1658; 1975-ci il il üzrə adam günü norması 240, adam günü 240, əmək haqqı 588; 1977-ci il üzrə adam günü norması 240, adam günü 140, əmək haqqı 696; 1978-ci il üzrə adam günü norması 240, adam günü 241, əmək haqqı 1763; 1979-cu il üzrə adam günü norması 240, adam günü 240, əmək haqqı 1884; 1980-ci il üzrə adam günü norması 240, adam günü 243, əmək haqqı 2005; 1981-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 2984; 1982-ci il üzrə adam günü norması 240, adam günü 240, əmək haqqı 1988; 1983-cü il üzrə adam günü norması 240, adam günü 261, əmək haqqı 2090; 1984-cü il üzrə adam günü norması 240, adam günü 270, əmək haqqı 967; 1985-ci il üzrə adam günü norması 240, adam günü 256, əmək haqqı 1300; 1986-cı il üzrə adam günü norması 240, adam günü 365, əmək haqqı 2092; 1987-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 2109; 1988-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 2742; 1989-cu il üzrə adam günü norması 240, adam günü 286, əmək haqqı 2902; 1990-cı il üzrə adam günü norması 240, adam günü 286, əmək haqqı 3863; 1991-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 4326; 1992-ci il üzrə adam günü norması 240, adam günü 310, əmək haqqı 22577; 1993-cü il üzrə adam günü norması 240, adam günü 284, əmək haqqı 290231; 1994-cü il üzrə adam günü norması 240, adam günü 295, əmək haqqı 134701; 1995-ci il üzrə adam günü norması 240, adam günü 312, əmək haqqı 440438; 1996-cı il üzrə adam günü norması 240, adam günü 365, əmək haqqı 712838; 1997-ci il üzrə adam günü norması 240, adam günü 8 ay, əmək haqqı 15600. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 10 avqust 2021-ci il tarixli məktubu ilə Milli Arxiv İdarəsi Ağcabədi rayon Dövlət Arxivindən İddiaçı işə daxilolma, işdən azad edilmə, 1971-1975 və 1977-1997-ci illər, aylar üzrə əmək haqqı cədvəllərində əməkhaqqı hesablanıb-hesablanmaması barədə məlumatın təqdim edilməsini xahiş etmişdir. Ağcabədi rayon Dövlət Arxivinin 23 avqust 2021-ci il tarixli, 66 nömrəli məktubu ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına İddiaçı 1971-1975 və 1977-1997-ci il dövr ərzində Ağcabədi rayon Pravda kolxozunda işləməsi və əmək haqqı alması barədə sənədlərin təsdiq olunmuş surətləri təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı 05 avqust 2021-ci il tarixli, **********2 nömrəli məktubu ilə, İddiaçı müraciəti üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İşin faktiki hallarına əsasən iddiaçının 2021-ci ilin fevral ayında 65 yaşı tamam olmuş, onun kolxozda işlədiyi və həqiqi hərbi xidmətdə olan müddətləri nəzərə alınmaqla 25 ildən artıq sığorta stajı vardır. İddiaçının 25 ildən çox sığorta stajı iş materiallarında olan sənədlərlə - arxiv arayışları ilə təsdiq edilmişdir. İddiaçının pensiya kapitalı pensiya təminatına imkan verməməsinə baxmayaraq, onun 25 ildən çox sığorta stajı olması, iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası almaq hüququ verir. Cavabdeh iddia ərizəsinə təqdim etdiyi etirazında, arxiv idarəsinin sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti olmadığını bildirmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 06 mart tarixli, 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Milli arxiv fondunun komplektləşdirilməsi, mühafizəsi və ondan istifadə Qaydaları haqqında” Əsasnaməyə əsasən, dövlət arxivlərində saxlanılan Milli arxiv fondu sənədlərindən ictimai-siyasi, iqtisadi, elmi, sosial-mədəni məqsədlər, habelə vətəndaşların hüquqi və qanuni mənafelərini təmin etmək üçün istifadə edilir.(4.1) Həmin Əsasnamənin 4.4-cü bəndinə əsasən, dövlət arxivləri onlarda saxlanılan sənədlər əsasında idarə, təşkilat və müəssisələrə sənədlərin surətini və ya sənədlərdən çıxarışları, vətəndaşlara isə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosialhüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, yaxud sənədlərdən çıxarışları verir. İddiaçının təqdim etdiyi arxiv arayışı mötəbər sənəd olmaqla onun kolxozda işlədiyi əmək stajını təsdiq edir. Cavabdeh tərəfindən həmin arxiv arayışının saxta olması, onda göstərilən məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsinə digər əsas kimi onun 01.01.2006-cı il tarixindən 01.07.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması göstərilmişdir. Lakin, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 25 il sığorta stajının olması yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət olan şərtdir. Beləliklə cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası mövcud qanunvericiliyin normalarına uyğun olmamışdır. Azərbaycan Respublikasının İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş mаtеriаllаrındа оlаn sübutlаrı tаm və hərtərəfli аrаşdırdıqdаn sоnrа məcmu şəkildə qiymətləndirərək hеsаb еdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçının 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 1971-1975, 1977-1997-ci ildən Ağcabədi rayonu Pravda kolxozunda işlədiyi illərə dair Ağcabədi rayon Dövlət Arxivi tərəfindən ona verilmiş 09 mart 2021-ci il tarixli, 46 nömrəli arxiv arayışına əsasən sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-8583/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8583/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver