Məhkəmə qərarları › İş №2-1(112)-8583/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8583/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8583/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə qarşı “təhsil xərclərinin dövlət büdcəsinin hesabına ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizə ilə müraciət edərək övladımın magistr təhsil xərclərinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən dövlət büdcəsinin hesabına aparılması üçün müvafiq qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1992-1996-cı illərdə əsgər kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş zonasında olan hərbi hissənin kəşfiyyət bölməsində hərbi xidmət keçmiş, döyüşlərdə iştirak etmişdir və müharibə veteranıdır. 1998-2005-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (əvvəl Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarının Baş Mühafizə İdarəsi adlanırdı) xüsusi təyinatlı alfa dəstəsində, yəni terrorçuluğa qarşı mübarizə dəstəsində zabit kimi xidmət etmişdir. 2004-cü ilin may ayında XDMX-nin rəisinin əmrinə əsasən, hərbi xidmət vəzifələrinin icrası zamanı bel nahiyəsindən travma almışdır. Sonuncu dəfə 2015-ci ildə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının hərbi-həkim komissiyası tərəfindən “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİN (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” aldığı travmanın hərbi xidmətlə səbəb əlaqəsi ilə şəhadətləndirilmişdir. İddiaçı ikinci qrup müddətsiz hərbi əlildir, hərbi təqaüd və Prezident təqaüdü alır. İddiaçının adına tərtib olunmuş xx.xx.2023-cü il tarixli (sənədin nömrəsi: **********) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, sosial müavinət və təqaüd haqqında arayışda “müavinətin qrupu” müharibə əlillərinə təqaüd 2 (ikinci) qrup” kimi; “müavinətin növü” hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (Hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqlarının təhsil xərclərin ödənilməsi dövlət büdcəsinin hesabına ödənilsin” göstərilmişdir. Məlumdur ki, xüsusi təyinatlı alfa dəstəsinin vəzifələri: 1) Xüsusi təyinatlı dəstə kimi xüsusi göstərişlərin və əmrlərin yerinə yetirilməsi; 2)Terrorçuluğa qarşı mübarizə aparılması; 3) Təyinatı terrorçuluğa qarşı mübarizə aparılması ilə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsidir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Elm və Təhsil nazirinə ərizə ilə müraciət etmişdir. Ərizədə övladının magistr təhsil xərclərinin ödənilməsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 347 nömrəli Sərəncamına əsasən dövlət büdcəsinin hesabına aparılmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Agentliyi tərəfindən ərizədə irəli sürülmüş suala anlaşılan cavab verilməmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, aşağıda göstərilən kateqoriyalardan hər hansı birinə aid olan tələbələr təsdiqedici sənədləri təqdim etməklə ali təhsil müəssisələrində təhsil haqqı ödəməkdən azad olunurlar:

1. Dövlət ali təhsili müəssisələrində 23 yaşınadək ödənişli əsaslarla təhsil alan şəhid ailəsinin üzvləri;

2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqları;

3. Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları;

4. Dövlət, bələdiyyə və özəl ali təhsili müəssisələrində ödənişli əsaslarla əyani formada təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 23 yaşınadək olan tələbələr;

5. Azərbaycan Respublikasının ali təhsili müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

6. 2023/2024-cü tədris ilindən etibarən ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteram” adı almış şəxslər. Bütün digər hallarda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan tələbələr təhsil haqqını ödəməkdən azad olunmurlar. Əlavə olaraq bildirilir ki, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil haqlarının ödənilməsi üçün əyani təhsil alan tələbələrə təhsil kreditləri verilir. Qeyd olunanlar nəzərə alınmaqla, Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil kreditinin verilməsi ilə bağlı https://e-ttkf.edu.az/ elektron portalına müraciət edilə bilər.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək övladının təhsil xərclərinin ödənilməsindən azad olunması barədə qərar qəbul edilməsini istəmişdir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamının (Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 78 nömrəli Fərmanının 6-cı bəndinə əsasən ləğv edilmişdir) 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İddiadan da göründüyü kimi iddiaçının əlilliyi Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 mart tarixli 347 nömrəli Sərəncamında qeyd olunan əsaslarla müəyyən edilməmişdir, bu səbəbdən də onun övladlarının təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi nəzərdə tutulmur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən sosial müavinət və təqaüd haqqında arayışa əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar (hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) İİ qrup əlillik təyin edilmişdir.

6. İddiaçı məxsus hərbi biletin surəti iş materiallarına əlavə olunmuşdur.

7. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X2 izahatında bildirmişdir ki, o, uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasının sədri kimi işləmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik döyüş əməliyyatlarında iştirak edərkən yaralanmış şəxslərə münasibətdə təyin edilir. Lakin İddiaçı hərbi təlimlər zamanı yaralandığı üçün hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik təyin edilmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.

9. Məhkəmə iclasda əsl olmayan iddiaçının təhsilan qızı ilə əvəz olunmasını təklif etməsinə baxmayaraq, iddiaçı təhsil haqqının məhz valideyn olaraq onun tərəfindən ödənilməsi və məhz onun hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar İİ qrup əlilliyinin olması əsası ilə iddia qaldırmaq hüqunun da ona aid olduğunu hesab etmiş və məhkəmin hüquqi yardımını qəbul etməmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

12. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

13. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X3rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X4rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).

14. Bununla əlaqədar qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

15. Belə ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.

16. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli, 347 nömrəli Sərəncamından (Azərbaycan Respublikası Prezidentinin 30 may 2024-cü il tarixli, 78 nömrəli Fərmanının 6-cı bəndinə əsasən ləğv edilmişdir):

1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqı 2014/2015-ci tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. 1-1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilsin.

17. Təhsil xərclərinin dövlət bücəsinin vəsaiti hesabına ödənilməsi əlilliyi olan şəxslərə münasibətdə deyil, onların övladlarına münasibətdə tətbiq edildiyindən müvafiq iddia tələbi iddiaçının övladı tərəfindən qaldırılmalı idi. Belə ki, tələb magistr təhsil pilləsi üzrə təhsil xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ilə bağlıdır və iddiaçı bildirir ki, övladı artıq yetkinlik yaşına çatıb. Odur ki, məhkəmə iclasında məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göstərilərək əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi təklif edilmiş, lakin iddiaçı hesab etmişdir ki, həmin iddianı qaldırmaq hüququ məhz ona məxsusdur.

18. Digər tərəfdən məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən sosial müavinət və təqaüd haqqında arayışa əsasən İddiaçı İİ qrup əlillik xx.xx.2015-ci il tarixdən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar təyin edilmişdir.

19. Odur ki, iddiaçıya təyin edilmiş əlillik dərəcəsinin səbəbli əlaqəsi müvafiq sərəncamda nəzərdə tutulmuş əlilliyin səbəbli əlaqəsi ilə (Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar) uyğunluq təşkil etmir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, iddiaçının övladı qanunvericiliyin tələblərinə əsasən uşaqlarının təhsil xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulan şəxslər kateqoriyasına daxil deyildir.

20. Odur ki, iddia mümkün sayılmamalıdır.

21. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

22. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar