Məhkəmə qərarları › İş №2-1(112)-8585/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8585/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8585/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X10 işə cəlb edilməklə X6 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzildə qeydiyyatda olan X6 həmin mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizənin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sözügedən şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin tələbinə əsasən yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həyata keçirilir. Halbuki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Mənzil onun mülkiyyətinə keçməmişdən öncə atasının mülkiyyətində olmuş, o, həmin ünvanda doğulub, böyümüş, lakin, X10 həmin ünvanda yaşamamış, o, ümumiyyətlə onu tanınmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzil üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X10 həmin ünvanda qeydiyyatdadır. Lakin, adıçəkilən şəxs həmin ünvana qeydiyyata düşdüyü vaxtdan heç vaxt yaşamamışdır. O, uzun müddətdir ki, Ukrayna Respublikasında yaşayır və onda olan məlumata görə artıq Ukrayna Respublikası vətəndaşıdır. Belə olan halda hesab edir ki, X10 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzilə dair istifadə hüququ olmayan şəxsdir və buna görə də, onun həmin mənzildə qeydiyyatına xitam verilməlidir. Qüvvədə olan qanunvericilik mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsini birmənalı olaraq tənzimləmiş və bu halda həmin şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu müəyyən etmişdir. Buna baxmayaraq, hazırki iş üzrə cavabdeh olan inzibati orqan öz öhdəliyini icra etməkdən imtina etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 30.11.2021-ci il tarixli, 059-44994-1221 nömrəli məktub ünvalayaraq, X5 ərizəsi üzrə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 14.07.2021-ci il tarixli, 059-23674Ə nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən X6 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 26.08.2019-cu il tarixdə, ********** qeydiyyat nömrəsi, **********44-05101-093042 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzində fəaliyyət göstərən Daxili İşlər Nazirliyinin nümayəndəsi tərəfindən verilmiş ******* nömrəli, 29.06.2021-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında 14.05.2007-ci il tarixdən İddiaçı qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər sırasında isə 11.12.1991-ci il təvəllüdlü X10 göstərilmişdir. İşdə olan 23.08.1999-cu il tarixli “Daşınmaz Əmlakın bağışlanması müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 69.01 kv.m olan, 3 otaqlı, tam mülkiyyət hüququ üzrə X2 məxsus mənzil həmin müqaviləyə əsasən İddiaçı bağışlanılmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 20 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 23.08.2019-cu il tarixli, 4Ə-56 reyestr nömrəli, “X3 ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə bağlı notariat işinə əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, həmin bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 12 nömrəli, 14.07.2019-cu il tarixli arayışa əsasən həmin ünvanda qeydiyyatda olan və yaşayan şəxslər qismində 1954-cü il təvəllüdlü X3, 1957-ci il təvəllüdlü X11, 1990-cı il təvəllüdlü İddiaçı və 1996-cı il təvəllüdlü X7 göstərilmişdir. Həmçinin “Elektron notariat” X1 Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatlardan çıxarışdan müəyyən edilmişdir ki, həmin ünvanda 10.02.1996-cı il təvəllüdlü X8, 11.12.1991-ci il təvəllüdlü X10, 27.90.1990-cı il təvəllüdlü İddiaçı Məmmədli qızı, 05.02.1957-ci il təvəllüdlü X11, 02.03.1954-cü il təvəllüdlü X3 qeydiyyatda olmuşlar. Həmin şəxslər hər biri bağışlama müqaviləsi bağlanan zaman notarial qaydada razılıq ərizəsi verərək, X2 məxsus olan fərdi yaşayış evinin İddiaçı bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. İşdə olan 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 513 nömrəli, 10.12.2021-ci il tarixli arayışdan görünür ki, 1991-ci il təvəllüdlü X10 həqiqətən Bakı şəhəri, ünvan 2 ünvanında qeydiyyatdadır. Qonşuların aktına əsasən o, həmin ünvanda heç bir zaman yaşamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzili 23 avqust 2019cu il tarixli daşınmaz əmlakı bağışlama müqaviləsinə əsasən əldə etmişdir. Hazırda sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 26.08.2019-cu il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. 3-cü şəxs qeyd edilən mənzildə yaşamamasına və onun həmin mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxsin mübahisəli mənzildən yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmçinin həmin şəxsin mübahisəli ünvanda yaşamamasının müəyyən edilməsi onun mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, iddiaçı iş üzrə 3-cü şəxsin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X4 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxsin mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X13 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 11.12.1991-ci il təvəllüdlü X6 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Teymur Yaqubov küçəsi, ev 22 ünvanında yerləşən 49 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar