Məhkəmə qərarları › İş №2-1(112)-8588/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8588/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8588/2022 30.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçı Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızının iştirakı ilə iddiaçı Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızının cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydində və nikah akt qeydində düzəlişlərin edilməsi, yeni şəhadətnamələrin verilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızı cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə qarşı «doğum akt qeydində və nikah akt qeydində düzəlişlərin edilməsi, yeni şəhadətnamələrin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızı 19 avqust 1965-ci il tarixdə Ermənistan Respublikasının Mehri rayonunda doğulmuşdur. Həmin vaxt ona 15 oktyabr 1965-ci il tarixli Mehri rayonun qeydiyyat orqanı tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən iddiaçının adı “X6” kimi yazılmışdır. Eyni zamanda, səhvən həmin sənəddə onun atasının adı “X14”, anasının adı “X11” kimi yazılmışdır. Əslində isə, onun ata adı X5, anasının adı isə X7 qeyd edilib. Azərbaycan – Ermənistan münaqişəsi baş verən vaxtlarda bir çox ailələr kimi iddiaçı öz ailəsi ilə Mingecevir şəhərinə köçmüş, daha sonra o, X21 ilə ailə həyatı qurmuşdur. Ona 11 mart 1985-ci il tarixdə nikah haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən ona ərinin soyadı – Səfərova verilmişdir. Lakin həmin şəhadətnamədə də iddiaçının nikah bağlamamışdan əvvəlki adı səhv yazılaraq - X9 qeyd edilmişdir. Hazırda şəxsiyyət vəsiqəsində iddiaçının adı düzgün olaraq X10 yazılmışdır. Şəxsiyyəti təsdiq edən iddiaçıya məxsus rəsmi sənədlərdə aşkar uyğunsuzluqlar olduğuna görə iddiaçının nümayəndəsi Nümayəndə tərəfindən Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət edərək iddiaçının adının şəxsiyyət vəsiqəsində olan adına uyğunlaşdırlması üçün vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. Lakin sözügedən qurum tərəfindən hər iki hal üzrə – həm doğum haqqında şəhadətnamədə, həm də nikah haqqında şəhadətnamədə iddiaçının adına dəyişiklik edilməsindən imtina edilmiş, ona məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə, İPM-in 33-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»a əsaslanaraq, iddiaçının doğum haqqında akt qeydlərində düzəliş edilərək soyadının, adının və ata adının X2 qeyd edilməsi, ata adı qrafasındakı qeydlərə düzəliş edilərək, atasının adının, soyadının və ata adının X1 qeyd edilməsi, ana adı qrafasında qeydlərə düzəliş edilərək X3 qeyd edilməsi, düzəlişlərə uyğun olaraq doğum haqqında yeni şəhadətnamənin verilməsi, 11 mart 1985-ci il tarixli nikah haqqında akt qeydlərində düzəliş edilərək iddiaçının soyadının Hümbətova, ata adının isə Xanməmməd kimi qeyd edilməsi, düzəlişlərə uyğun olaraq nikah haqqında yeni şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlər cavabdehə təqdim olunmaqla cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə ünvanlanmış 18 iyun 2022-ci il tarixli məktubunda qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Səfərova (Hümbətova) Elnarə Xanməmməd qızı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: (305.1.1) hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: (307.2.3) doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın - 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir; - 2-ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. - 10-cu bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. - 13-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; - 14-cü bəndinə görə itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir; Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları müraciət edən şəxsin doğum akt qeydində dəyişikliklərin aparılmasını doğum akt qeydinin mövcud olması ilə şərtləndirir. Hazırkı işin hallarına görə iddiaçı Ermənistan Respublikasında doğulduğunu iddia edir və onun doğum akt qeydinin həmin ölkədə tərtib olunduğu həm böyük ehtimallıdır, həm də bunu özü də təkzib etmir. Hər bir halda, iddiaçının doğumu haqqında akt qeydinin Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində olmadığı müəyyən edilir. Məhkəmənin qənaətinə görə iddiaçının doğum akt qeydi bərpa olunmadan, onun doğum akt qeydində dəyişikliklər edilməsi mümkünsüzdür. Doğum akt qeydinin bərpa olunmasına gəldikdə isə, iddiaçının iddia etdiyi xüsusatlarla, yəni adın, ata adının və soyadın digər şəkildə qeydi aparılmaqla doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət edəcək həcmdə sənədlər olmadığından, müvafiq sənədlərdəki sözügedən ziddiyyətlər mövcid olduğundan qeydiyyat şöbəsi tərəfindən həmin doğum akt qeydi bərpa oluna bilməz və belə halda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İddia edilən digər akt qeydinə, yəni nikah akt qeydinə gəldikdə isə, nəzərə alınmalıdır ki, nikah akt qeydindəki düzəlişlərin doğum akt qeydində aparılacaq düzəlişlərə uyğunlaşdırılması tələb olunduğundan, iddialar bir-biri ilə bağlı və asılı qiymətləndirilir. Nəzərə alınmalıdır ki, iddiada tələb olunan şəhadətnamələr yeni tərtib olunmuş akt qeydləri üzrə tərtib oluna bilər və akt qeydlərinin aparılmasından sonrakı mərhələyə aiddir, yəni bu tələb əvvəlki tələblərlə birbaşa bağlıdır. Bütün qeyd olunanların məcmusunda belə nəticə əldə olunur ki, ilkin olaraq iddiaının doğumunun qeyd edilmə faktı mülki məhkəmə icraatı qaydasında müəyyən edilməli və bundan sonra yeni doğum akt qeydi və onun əsasında nikah akt qeydi tərtib oluna, yeni şəhadətnamələr verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı birləşdirilmiş iddialar üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar