Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-859/2021 12.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) «mənzilin söküntüsü ilə bağlı kompensasiya ödənilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «mənzilin söküntüsü ilə bağlı kompensasiya ödənilməsi» tələbini irəli srərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı AR Nazirlər Kabinetinin 51 nömrəli 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi ilə dövlət ehtiyacları üçün yaşadığı Bakı şəhəri. M.A.Əliyev küçəsi, 28 saylı ev də həmin söküntü zonasında yerləşdiyindən, cavabdehin təşkil etdiyi Komissiyada dəfələrlə olmuşdur. Bakı şəhəri. M.A.Əliyev küçəsi, 28 saylı ev böyük bir həyət evi idi. İddiaçı həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmaqla, bütün kommunal və digər xərcləri ödəmişdir. İstifadəsində olan ev 43 kv.m ibarət olmuşdur. O həmin evdə tək yaşayırdı. Bundan istifadə edənlər hər dəfə Komissiyada olanda bildirmişlər ki, onu çağıracaqlar. Çox təssüfllər olsun ki, ərazidə söküntü işləri aparılan zaman gəfldən gəlib onu məcburi evdən çıxararaq evi sömüşlər. Ev əşyaları söküntü altında qalmışdır. Onun 30 yanvar 2020-ci il tarixli müraciəti ilə bağlı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh Bakı şəhər Yasamal RİH-ə 7 fevral 2020-ci il tarixdə göndərdiyi müraciətə bu günədək cavab verilməmişdir. İddiaçı hesab edir ki, iddia tələbləri təmin edilməlidir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 145864 nömrəli protokoldan görünür ki, iddiaçı Bakı şəhəri, M.A.Əliyev küçəsi, 28 saylı mənzil üzrə işıq istifadəçisi kimi qeydiyyatdadır. Çoxsaylı kommunal qəbzlərlə müəyyən edilir ki, istifadəçi olmaqla hətta onun kommunal borçları mövcuddur. İş materiallarından göründüyü kimi, iddiaçı sözügedən Bakı şəhəri, M.A.Əliyev küçəsi. 28 saylı ev üzrə yaşayış yeri üzrə qeydiyyatda olmaqla həmin evdə yaşamışdır. Digər təkzibolunmaz sübutlar da mövcuddur. İşin hallarından göründüyü kimi, onun yaşayış sahəsi 43 kv.m olduğundan, faktiki xüsusi mülkiyyətində və istifadəsində olduğundan hər 1 kv.m sahənin 1.500 manat alınmaya məruz galdığını nəzərə alaraq yaşayış sahəsinə ödənilməli olan kompensasiya məbləğinin 64.500 manat vəsaitin cavabdehdən tutulması barədə qərar qəbul edilməlidir. Bundan əlavə iddiaçı evdə 10 ildən artıq müddətdir yaşamış və həmin ev üzrə yaşayış yeri üzrə qeydiyyatdadır. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 66.4.4-cü maddəsinə əsasən çətinliklərlə bağlı ödəniş 10 ildən artıq müddət üçün kompensasiyanın ümumi məbləğinin 10 faizi miqdarında müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq dövlət ehtiyacları üçün alınmaya məruz qalmış əmlakın dəyərinin kompensasiyanın ümumi məbləğinin 20 faizi miqdarında müəyyənləşdirilir. Daşınar əmlaklar cavabdehin qanunazidd hərəkətləri nəticəsində onun razılığı olmadan söküldüyündən və nəticədə həmin əşyalar məhv olduğundan, 7.000 manat ziyan dəymişdir. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində iddiaçı məhkəmə qərarı olmadan əmlakından məhrum edilərək, birmənalı olaraq dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirildiyini nəzərə alaraq qabaqcadan kompensasiya ödənilmədən onun əmlakı məhv edilmiş və cavabdeh tərəfindən bilərəkdən qanunvericiliklə nəzərdə tutulan qaydada kompensasiya ödənilməmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 25, 29-cu maddələrinə, Azərbaycan Republikası Mülki Məcəlləsinin 21.1, 246.5, 1097.1-ci maddələrinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 1.1.1, 7.3.1-ci maddələrinə əsaslanaraq, cavabdeh ünvan 1 ünvanı ilə bağlı mülkiyyətdə və istifadədə olan tikili üzrə 25.200 manat, sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklar üzrə 7.000 manat, kompensasiya məbləğinə 20% əlavə olaraq 5.040 manat, çətinliyə görə ümumi məbləğin 10% kimi 2.520 manat, köçürülmə ilə əlaqədar 1.000 manat pul vəsaitinin tutulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə (etirazda) aşağıdakılar bildirilir: - İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. İş materiallarından məlum olur ki, iddiaçının sözügedən evə dair hüquq müəyyənedici sənədi yoxdur və həmin evdə yaşamamışdır. Bakı şəhəri Yasamal RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan əmlakın qiymətləndiriləməsi üçün müstəqil qiymətləndirici cəlb etmişdir. Mübahisə predmeti olan əmlak başqa şəxslərin paylı mülkiyyətində və istifadəsində olduğundan, həmin əmlaka dair söküntü ilə bağlı kompensasiya başqa şəxslərə ödənilmişdir. Hesab edilir ki, ünvan 2 ünvanında yerləşən əmlak iddiaçının nə mülkiyyətində, nə də ki istifadəsində olmadığından, o, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunun tələblərinə görə alınmanın təsirinə məruz qalmış şəxs hesab edilmədiyindən iddia tələbi əsassızdır və buna görə də rədd edilməlidir. AR Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı şəhər Yasamal RİH müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə RİH «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak AR Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarın təsirinə düşür. AR Nazirlər Kabinetinin 572 nömrəli 29 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhərinin Yasamal rayonunda “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1.500 manatadək və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq 300 – 1.200 manat arasında qiymətləndirilir. Satınalma «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 157.9, 246.1-ci maddələrinə, Mənzil Məcəlləsinin 16-cı maddəsinə, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 52.2.3-cü maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin 1 oktyabr 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı və üçüncü şəxs (nümayəndəsi) gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazın (münasibətin) məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan AR Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3-cü bəndinə görə aşağıdakılar yerli icra hakimiyyəti başçısının vəzifələrinə aiddir: (3.11.1) müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək; (3.11.6) «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə müəyyən edilmiş vəzifələri yerinə yetirmək. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 17 fevral 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - ünvan 2 ünvanında yerləşən mənzilin 1/2 hissəsi ünvan 3 təsdiq edilmiş 4 iyul 2009-cu il tarixli 4Ə-02-324 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 6 oktyabr 2010-cu il tarixli tarixli 4Ə-488 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmişdir. Sözügedən mənzil üzərində hüquqlar Yasamal RİH-in 308/g-12 saylı 21 may 2019-cu il tarixli məktubuna əsasən ləğv edilmişdir. İş materiallarından görünür ki, X6 ilə Bakı şəhəri Yasamal RİH (qurumun adından çıxış edən X3) arasında 4 dekabr 2018-ci il tarixdə AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmış və müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, “satıcı” X7 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 25,9 kv.m, yaşayış sahəsi 18 kv.m, yardımçı sahəsi 7,8 kv.m olan 1 otaqlı mənzilin paylı mülkiyyət üzrə ona məxsus 1/2 hissəsini “alıcı” Bakı şəhəri Yasamal RİH-in mülkiyyətinə verir. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, daşınmaz əmlakı “satıcı” 99.486 manat qiymətinə satdı, “alıcı” isə həmin qiymətə aldı. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndində nəzərdə tutulmuşdur ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarının 1-ci bəndinə görə Bakı şəhərinin Yasamal rayonu ərazisində vətəndaşlara məxsus Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130 ədəd, N.Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzaga Əliyev küçələri arasındakı ərazidə 880 ədəd, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Yasamal RİH müəyyən edilmişdir. Qərarın 2-ci bəndində nəzərdə tutulmuşdur ki, Yasamal RİH-ə bu qərarın 1-ci hissəsində göstərilən torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun tələblərinə uyğun olaraq həyata keçirilməsi və bu barədə AR Nazirlər Kabinetinə təkliflər təqdim edilməsi tapşırılsın. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İşin məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerəşən ümumi sahəsi 25,9 kv.m ölçüdə 1 otaqlı mənzilin 1/2 hissəsi hazırkı İddiaçı oğlunun mülkiyyətində olmuş və o, sonradan həmin mənzilə payını X1. X7 isə, həmin əmlakı AR Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli qərarı ilə müvafiq ərazidə vətəndaşala məxsus yaşayış və qeyri-yaşayıç sahələrinin «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununa uyğun olaraq dövlət ehtiyacları üçün alan orqan kimi müəyyən edilmiş Bakı şəhəri Yasamal RİH-ə satmışdır. İddiaçı cavabdeh inzibati orqan Yasamal RİH-ə həmin mənzilin dövlət ehtiyacları üçün sökülməsi ilə əlaqədar ona kompensiya məbləğlərinin (mülkiyyətdə və istifadədə olan tikilərə, söküntü nəticəsində məhv olmuş əmlaklara görə, 20% əlavə, çətinliyə və köçürülməyə görə məbləğlərin) ödənilməsi barədə ərizə ilə müraciət etmiş, lakin cavabdeh inzibati orqan Bakı şəhəri Yasamal RİH məsələnin müsbət həllini təmin etməmişdir. İddiaçı hazırda cavabdehin hərəkətlərini mübahisələndirir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanununun 1.1.1-ci maddəsinə görə alınma – dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin Qanunun 1.1.2-ci maddəsinə görə torpaq – mülkiyyətdə olan, üzərində istifadə və icarə kimi hüquqların, habelə torpaq sahəsindən istifadəyə dair yüklülüklərin (məhdudiyyətlərin) mövcud olduğu və ya olmadığı torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər. Həmin Qanunun 1.1.3-cü maddəsinə görə tikili – torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əmlak, o cümlədən binalar (yaşayış və qeyri-yaşayış sahələri), qurğular, bağ evləri, divar, hasar, yarımçıq (inşası başa çatdırılmamış) tikili və bu kimi digər obyektlər. Həmin Qanunun 1.1.10-cu maddəsinə görə çətinliklərə görə kompensasiya – bu Qanunun 66-cı maddəsində nəzərdə tutulmuş kompensasiyadır. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 14.2-ci maddəsinə görə bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər nəticəsində torpağa dəyən zərərə görə torpağın mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə müvafiq kompensasiya ödənilir. Həmin Qanunun 44.1.6 və 44.1.7-ci maddələrinə görə alınmanın təsirinə məruz qalan şəxslərin köçürüləcəyi yerə (əraziyə) yerdəyişmə zamanı və ondan sonra köçürülmə ilə bağlı yaranmış problemləri və mübahisələri həll etmək üçün həmin şəxslərə torpağın alınması qrupları və digər şəxslər tərəfindən məsləhət və yardım təmin edilir. Alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir. Həmin Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Həmin Qanunun 66.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.3-cü maddəsinə görə alınmanın təsirinə məruz qalmış şəxs alan orqana çətinliklə bağlı ödəniş üçün tələbi bu Qanunun 66.2-ci maddəsində nəzərdə tutulmuş halın baş verdiyi tarixdən bir təqvim ili müddətində təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» AR Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 247.4-cü maddəsinə görə dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir: (247.4.5) torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi; (247.4.9) alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndi ilə müəyyən edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, belə nəticəyə gəlir ki: - ünvan 2 ünvanında yerləşən hər hansı yaşayış sahəsi (mənzil) hazırkı İddiaçı mülkiyyətində olmadığından, əvvəllər ona məxsus olmuş müvafiq mənzilin 1/2 hissəsi alqısatqı yolu ilə başqa şəxsə satıldığından, habelə yaşayış sahəsi sonuncuya müvafiq məbləğdə pul vəsaiti ödənilməklə söküldüyündən, iddiaçı daşınmaz əmlakın sökülməsi nəticəsində dəymiş ziyan kimi kompensasiya tələb etmək hüququna malik deyil; - İddiaçı sökülmüş mənzildə ona məxsus daşınar əşyaların olmasına dair heç bir sübut təqdim etmədiyindən, onun “sökülmə nəticəsində məhv olmuş daşınar əmlaklara görə 7.000 manat kompensasiya tutulması” tələbi əsassızdır; - İddiaçı müvafiq ünvanda olan mənzilin sökülməsinə görə kompensasiya tələb etmək hüququ olmadığlndan, o, söküntü ilə əlaqədar köçürülmə və çətinliyə görə müvafiq məbləğləri, habelə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə nəzərdə tutulan 20% əlavə haqqı tələb etməkdə haqlı deyildir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «mənzilin söküntüsü ilə bağlı kompensasiya ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) «mənzilin söküntüsü ilə bağlı kompensasiya ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-859/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-859/2021
12.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver