Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-859/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın qismən ləğvi və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən etibarən ona ödənilməyən Prezident təqüdünün qalıq hissəsinin hesablanaraq tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və iddia tələbinin “cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 18321/**********3 nömrəli qərarının qismən, qeyd hissəsinin ləğv edilməsi, təqaüddən tutulmanın qanunsuz hesab edilməsi və tutulan məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” şəklində müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 2016-cı ilin aprel ayında Azərbaycan Respublikası uğrunda “Lələ-Təpə” istiqamətində döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə ona 2-ci qrup əlillik təyin edilmişdir. Sonradan elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etmişdir ki, ona müharibə veteranı kimi təqaüd verilsin. Bu barədə sənədləşdirmə işləri aparılmış, sonradan ona məlum olmuşdur ki, xx.xx.2020-ci ildən ona ödəniləcək təqaüd ödənilməmiş və keçmiş dövr üçün əsasız tutulmuşdur. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2022-ci il tarixli, **********7 nömrəli yazılı etirazında və xx.xx.2022-ci il tarixli, **********2 nömrəli etiraza əlavəsində iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, İddiaçı 12 avqust 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təyin edilib ödənilməsini xahiş etmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 avqust 2021-ci il tarixli qərarı ilə iddiaçı Z.İddiaçı xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin edilmişdir. İddiaçı Z.İddiaçı 24 avqust 2017-ci il tarixdən müharibə əlilləri üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin edilmiş, onun 2-ci dərəcəli müharibə əlilliyi 29 fevral 2020-ci il tarixdən etibarsız hesab edildiyindən, həmin tarixdən müvafiq təqaüdün ödənişi dayandırılmış, Z.İddiaçı xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 8418,74 manat məbləğində artıq ödəmənin həyata keçirildiyi müəyyən edilmişdir. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 18 avqust 2021-ci il tarixli 18321/**********3 nömrəli qərarı ilə xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 8418,74 manat məbləğində artıq ödəmənin həyata keçirilməsi səbəbindən həmin məbləğin İddiaçı tutulmasına dair qərar qəbul edilmişdir. Belə ki, iddiaçı Z.İddiaçı 24 avqust 2017-ci il tarixdən təyin edilmiş müharibə ilə əlaqədar 2-ci dərəcəli əlillik, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 029-3854-1219 nömrəli məktub və siyahı əsasında araşdırılmış, Z.İddiaçı daxil olmaqla siyahıda adları qeyd edilən 843 nəfərin Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı, onların göndərişlərinin tibb müəssisələri tərəfindən əsassız olaraq rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 18 noyabr 2019-cu il tarixli 029-3854- 1219 nömrəli məktubu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçirilmiş araşdırma nəticəsində 843 şəxsdən 839 nəfərin əlillik müayinələri Əlillik altsistemində etibarsız edilmiş, bir nəfər xx.xx.2019-cu il tarixdə Xidmətdə əyani müayinə edilmiş və tam reabilitasiya olunmuş, üç nəfər isə əyani müayinə edilmiş və əlillik dərəcələri təsdiq edilmişdir. İddiaçı Z.İddiaçı 24 avqust 2017-ci il tarixdən təyin edilmiş müharibə ilə əlaqədar 2-ci dərəcəli əlillik etibarsız hesab edildiyindən və xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 8418,74 manat məbləğində artıq ödəmə həyata keçirildiyindən onun Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının 18 avqust 2021-ci il tarixli 18321/**********3 nömrəli qərarının ləğv edilməsi və tutulan məbləğin geri qaytarılması tələbi əsassızdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakı etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 492 nömrəli, xx.xx.2017-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən 2015-ci ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.2016-cı ildə aldığı və xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnozu :“Partlayış travması. Kürək nahiyyəsinin çoxsaylı səthi kor qəlpə yaralanmasına və sağ budun orta 1/3-nin arxa səthinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsi əməliyyatından sonrakı vəziyyət” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsinin xx.xx.2017-ci il tarixli 306 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 36 nömrəli arayışı, Silahlı Qüvvələrin Baş Klinik Hospitalından verilmiş xx.xx.2016-cı il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi - cərrahın rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”., kimi qeyd olunmuşdur. İşdə olan TSEK məlumatlarından görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş MV №059689 nömrəli vəsiqədən görünür ki, İddiaçı xx.xx.2017-cı il tarixdə “müharibə veteranı” adı və müvafiq vəsiqə verilmişdir. İşdə olan müavinət işindən görünür ki, iddiaçı ona müavinətin təyin edilməsi barədə ərizələr ilə Əhalinin Sosial Müdafiə Mərkəzinə müraciət etmiş, Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinin Sosial müavinətin təyinatı üzrə 356 nömrəli, xx.xx.2017-ci il tarixli və 357 saylı xx.xx.2017-ci il tarixli qərarlar ilə iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlilliyə görə 73 manat və 143 manat məbləğində müavinət təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 4110003AABQW nömrəli göndərişi əsasında xx.xx.2017-ci ildə elektron qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik təyinatlarının müəyyən risk qruplarına görə araşdırılması məqsədilə Azərbaycan Respublikasının Daxili İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri tərəfindən aparılmış yoxlamanın nəticəsi üzrə İddiaçı daxili işlər orqanlarına aidiyyəti olmadığından ona dair tərtib olunmuş 4110003AABQW nömrəli göndəriş etibarsız hesab olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı 12 avqust 2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdünün təyin edilib ödənilməsini xahiş etmiş, Mərkəzi Filialın 18 avqust 2021-ci il tarixli, 18321/**********3 saylı qərarı ilə iddiaçı Z.İddiaçı xx.xx.2019-cu il tarixdən 80 manat məbləğində müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin edilmişdir. Həmçinin qərarın qeyd hissəsinə əsasən 92199 və 869162 nömrəli ərizələr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş vəsaitin tutulması qərara alınmışdır. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinin araşdırılması zamanı X1 X2 xx.xx.2017-ci il tarixdən ona təyin olunmuş 2-ci dərəcə əlilliyin etibarsız edildiyi aşkar edilmişdir. Bu səbəbdən ona təyin edilmiş 2-ci dərəcə əlilliyə görə sosial müavinətin və 2-ci dərəcə müharibə əlillərinə Prezident təqaüdünün ödənişi dayandırılmış və xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 8418,74 manat məbləğində artıq ödənilmiş məbləğ müəyyən edilmişdir. İş materiallarından görünür ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X3 Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət edərək 92199 və 869162 nömrəli ərizələr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş vəsaitin tutulmasına göstəriş verməyi xahiş etmiş, Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filial müraciətə cavab olaraq bildirmişdir ki, İddiaçı xx.xx.2020-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1115,98 (min yüz on beş manat 98 qəpik) manat ödəniləcək dövr üçün əvəzləşdirilərək bərpa edilmiş və xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün 240,00 (iki yüz qırx) manat birdəfəlik əvəzləşdirildikdən sonra qalıq 7062,76 (yeddi min altmış iki manat 76 qəpik) manat artıqalma 2021-ci ilin oktyabr ayından 20% olmaqla 16,00 (on altı) manat tutularaq bərpa ediləcəkdir. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, iddiaçıya təyin edilmiş 2021-ci ilin oktyabr ayından 20% olmaqla 16,00 ( on altı) manat həddində tutulma həyata keçirilir və hazırda tutulma davam etdirilir. Cavabdeh iddiaçının məhkəməyə qədər ərizəsinə cavab olaraq ona ünvanladığı **********8 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda isə göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir, lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinin 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən İ qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri - ən yüksəyi verilir. Qeyd olunanları nəzərə alaraq ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olaraq İİ dərəcə əlilliyə görə xx.xx.2020-ci il tarixinədək təqaüd ödənildiyindən müharibə veteranları üçün nəzərdə tutulan təqaüd xx.xx.2020-ci il tarixdən qanunauyğun olaraq təyin edilmişdir. İddiaçı hazırda cavabdehin xx.xx.2021-ci il tarixli, 18321/**********3 nömrəli qərarının qismən, 92199 və 869162 nömrəli ərizələr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək artıq ödənilmiş vəsaitin tutulması barədə qeyd hissəsinin ləğv edilməsini, təqaüddən tutulmanın qanunsuz hesab edilməsi və tutulan məbləğin geri qaytarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanının 1-ci hissəsinin xx.xx.2017-ci il tarixli redaksiyasına əsasən “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.2. İİ qrup əlillərə – 143 manat Eyni zamanda “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra – Qanun) əsasən: - Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.3. əlilliyə görə müavinət. - Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.3. əlilliyə görə müavinət - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında əlilliyi müəyyən edilmiş şəxsin əmək pensiyası hüququ olmadıqda. - Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.2. əlilliyə görə müavinət-əlillik müddətinə; - maddə 10.1. Müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. Vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına müavinətin ödənilməsi qaydası “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə müəyyən edilir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanın xx.xx.2017-ci il tarixə qüvvədə olan redaksiyasına əsasən:
1. Sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilmişdir: 1.1. Aylıq müavinətlər: 1.1.3. əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə: İİ qrup əlillərə 73 manat İşdən görünür ki, xx.xx.2017-ci il tarixdən 5 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci qrup əlilliyi müəyyən edilən iddiaçıya cavabdehin xx.xx.2017-ci il tarixli qərarları ilə 5 il müddətinə 73 manat sosial müavinət və 143 manat “Müharibə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təyin edilmiş və ödənilməyə başlanmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə iddiaçının əlilliyi təyin olunduğu xx.xx.2017-ci il tarixdən etibarsız hesab edilmiş, buna görə də cavabdeh iddiaçıya xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 8418,74 manat artıq ödədiyi qənaətinə gəlmiş və həmin məbləğin bir hisəssinin iddiaçıya ödənilməli olan digər Prezident təqaüdü ilə əvəzləşdirilməsi, digər hissəsinin isə ona təyin edilmiş təqaüddən tutulması qənaətinə gəlmişdir. Lakin cavabdeh bu zaman iddiaçıya təqaüd və müavinət təyin edilməsi barədə xx.xx.2017-ci il tarixli qərarlarını ləğv etməmiş, həmin qərarlar qüvvədə ola-ola iddiaçıya təqaüd təyin edilməsi haqqında xx.xx.2021-ci il tarixli, 18321/**********3 nömrəli qərarının qeyd hissəsi ilə həmin məbləğlərin tutulması qərarına gəlmişdir. Halbuki “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Eyni zamanda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; - maddə 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. - maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. - maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun istinad edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması təsvir edilmişdir. Cavabdeh xx.xx.2017-ci il tarixli 356 və 357 saylı inzibati aktların qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən həmin aktlar ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin qərarlar hüquqi qüvvəsini saxladığından və hüquqi cəhətdən etibarlı sayıldığından məhkəmə hesab edir ki, cavabdehin həmin qərarlara əsasən iddiaçıya ödənilən sosial ödənişin digər ödənişdən tutulmasından ibarət hərəkəti qanunsuz olmuşdur. Bu zaman o da nəzərə alınmalıdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - maddə 11.1. Müavinətlərin ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır. - maddə 11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. - maddə 12.1. Bu Qanunun 11-ci maddəsində göstərilən müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar baş verdikdə müavinət alan şəxs və ya onun ailə üzvləri bu barədə müavinət təyin edən orqana 5 gün müddətində məlumat verməyə borcludur. - maddə 12.2. Müavinətlərin ödənişinin dayandırılmasına səbəb olan hallar barədə məlumatların verilməməsi nəticəsində artıq müavinət ödənildiyi hallarda müavinət alan şəxs artıq ödənilmiş müavinəti müvafiq icra hakimiyyəti orqanlarına qaytarmalıdır. Artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Qeyd edilən normalardan görünür ki, şəxsə ödənilən müavinətin verilməsi əsası aradan qalxdıqda ödəniş dayandırılır, əgər artıq ödəniş olmuşsa, həmin vəsait geri qaytarılır, geri qaytarmaqdan imtina olunduqda isə yaranmış mübahisəyə məhkəmə qaydasında baxılır. Lakin işin yuxarıda istinad olunan hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya artıq müavinət və təqaüd ödənişi edildiyini aşkar etsə də, həmin məbləğin qaytarılması ilə bağlı iddiaçının razılığının olub olmamasını araşdırmamış, iddiaçının razılığını almamış artıq ödənilmiş müavinətin tutulması barədə qərar qəbul etmişdir. Halbuki yuxarıda da qeyd edildiyi kimi cavabdeh həmin məbləğin tutulması üçün birincisi, iddiaçının razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbul etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ondan tutulmasına razılığı yoxdur və bu ödənişin qaytarmasını xahiş edir. Buna görə də məhkəmə hesab edir ki, nə qədər ki, “Sosial müavinətlər haqqında” Qanunun 12.2-ci maddəsində artıq ödənilmiş məbləğin qaytarılmasından imtina edildikdə bu barədə mübahisənin həll edilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının qeyd hissəsi qanunsuz olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bunan sonra –İPM) 70.1ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Təqaüd təyinatı üzrə” 18 avqust 2021-ci il tarixli, 18321/**********3 saylı qərarının qeyd hissəsi - 92199 və 869162 nömrəli ərizələr üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2020ci il tarixədək artıq ödənilmiş vəsait tutulsun- hissəsi ləğv edilsin. İddiaçı Ziyafafəddin oğluna xx.xx.2021-ci il tarixdə təyin edilmiş təqaüddən tutulmanın aparılması qanunsuz hesab edilsin və tutulan məbləğin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova