Məhkəmə qərarları › İş №2-1(112)-859/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-859/2024

17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-859/2024 17.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti X1ı və İstismarı Birliyi ilə bağlanmış 36735 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 987ğ saylı bağ sahəsinə dair çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti X1ı və İstismarı Birliyi ilə bağlanmış 36735 saylı xx.xx.2005-ci il tarixli müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 987ğ saylı bağ sahəsinə dair çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfindən xx.xx.2021- ci il tarixdə cavabdehə müraciət olunmuş, lakin cavabdeh tərəfindən verilmiş cavab məktubunda elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmadığı bildirilmişdir. Tərəfindən xx.xx.2022-ci il tarixdə yenidən ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilmiş cavab məktubunda əvvəlki məktubda qeyd olunan iradların aradan qaldırılmadığı və bu məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmadığı bildirilərək qeyri-müəyyən cavab verilmişdir. xx.xx.2023-cü il tarixdə tərəfindən bir daha cavabdehə müraciət olunaraq, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 987ğ saylı bağ sahəsinə dair çıxarışın verilməsini, imtina verildiyi halda isə ətraflı məlumatın verilməsini xahiş etmişdir. Lakin bir aydan çox müddətin keçməsinə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sonuncu müraciəti cavablandırılmamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin hərəkətsizliyi mülkiyyətçi kimi hüquqlarını kobud şəkildə pozur. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində idarəyə müracətlər etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən çöl-ölçmə işləri aparılarkən məlum olmuşdur ki, torpaq sahəsində hasarlanma işləri aparılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********63 saylı və 18.10.22-ci il tarixli **********43 saylı saylı cavab məktubları ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmalıdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və cavabdeh inzibati orqan imtina məktubu verilmişdir, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

5. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır.

6. İddaçı tərəfindən məhkəməyə Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1ı və İctimai Birliyi ilə iddiaçı arasında bağlanmış 36735 nömrəli müqavilə, cavabdehin xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”i və xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1ı və İctimai Birliyi ilə İddiaçı arasında bağlanmış Novxanı ərazisindəki 987ğ nömrəli bağın istifadəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 36735 nömrəli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 344 saylı Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi olan 987ğ nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilmiş və istifadəçi həmin bağ sahəsini istifadəsinə götürmüşdür. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli, 3-52/2-N- 128-112/2023 nömrəli məktubundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 344 nömrəli sərəncamı ilə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 106 №-li protokolunun təsdiq edilməsi qərara alınmışdır. Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 №li sərəncamı ilə “Vətəndaşların rəsminotariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşlara adlarına sənədləşdirilməsi qərara alınmışdır: 1.213. Goradildəki 987ğ №-li bağ – İddiaçı.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış: - xx.xx.2021-ci il tarixli, **********63 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş”dən görünür ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd olunmamışdır. - xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, qeyd olunan məsələ ilə bağlı müraciətinə **********63 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla cavab verilmiş və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır.

8. Məhkəmənin müvafiq sorğularına əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin: - xx.xx.2023-cü il tarixli, **********83 nömrəli məktubu ilə daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktını və koordinatlar məhkəməyə təqdim edilmişdir. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktının qeyd hissəsindən görünür ki, bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb və sahənin koordinatları əlavə olunmuşdur. - xx.xx.2023-cü il tarixıli, **********38 nömrəli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 950-990 saylı torpaq sahələrinin əks olunduğu sxematik xəritənin surəti məhkəməyə təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

9. Məhkəmə, iddia ərizəsini nəzərdən keçirərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında “Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

14. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

15. İşin müəyyən edilmiş faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1ı və İctimai Birliyinin iddiaçı ilə bağladığı 36735 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 344 saylı Sərəncamı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0.12 hektar torpaq sahəsi olan 987ğ nömrəli bağ müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla istifadəçiyə verilmiş və istifadəçi həmin bağ sahəsini istifadəsinə götürmüşdür, yəni qeyd edilən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas mövcuddur.

16. Lakin cavabdeh sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olmaması əsası ilə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.

17. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi (“bağ sahəsinin sxematik xəritədə aşkar edilməməsi”) əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1415/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020 -cu il tarixli qərarında qeyd olunmuşdur ki, “hətta sxematik xəritə ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir.” Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi “bağ sahəsinin sxematik xəritədə qeyd edilməməsi” göstərilsə də, bu istiqamətdə cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan imtina əsası kimi bağ nömrəsinin sxematik xəritədə göstərilməməsini nəzərdə tutur. Bununla bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-447/2022 saylı, xx.xx.2022-ci il tarixli; 2-1(102)-611/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarlarından göründüyü kimi, kassasiya instansiya məhkəməsinin bu növ imtina əsaslarında da formalaşdırdığı mövqeyi məhz vətəndaşın xeyrinə olmuşdur.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən: -15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: -15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; -15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; -15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; -15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; -15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; -15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil.

19. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1ı və istismarı Birliyi ilə bağlanmış 36735 saylı xx.xx.2005-ci il tarixli Müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 987ğ saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi barədə iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

21. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddiaçının iddia tələbi qanuni və əsaslıdır, odur ki, iddia tələbi təmin edilməli, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1ı və istismarı Birliyi ilə bağlanmış 36735 saylı xx.xx.2005-ci il tarixli Müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 987ğ saylı bağ sahəsinə dair reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

22. İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1ı və istismarı Birliyi ilə bağlanmış 36735 saylı xx.xx.2005-ci il tarixli Müqavilə ilə Bakı şəhər İcra Hakimiyyətinin 344 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən iddiaçıya verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 987ğ saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar