Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8591/2024 11.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və fərqin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək, əmək pensiyası hüququnun yarandığı gündən yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixində təqaüdə çıxmışdır və 6 il müddətində Azərbaycan Respublikasından kənarda xaricdə əmək fəaliyyəti ilə məşğul olmuşdur və əmək haqqı xarici valyuta ilə ödənilmişdir. SSSR Neft və Qaz Sənaye Nazirliyini ilə “Zarubejneft” arasında olan 77025 nömrəli müqaviləsi üzrə xx.xx.1972-ci il tarixindən – xx.xx.1974-cü il tarixində İraq Respublikasında mexanik vəzifəsində çalışmışdır və onun aylıq əmək haqqısı 253 xarici valyuta rublu təşkil edir. Bununla əlaqədar aidiyyatı qurumdan arayış alıb müvafiq quruma təqdim etsə də təqaüdünün hesablanması zamanı təssüflər olsun nəzərə alınmamışdır. Eyni zamanda ikinci əmək fəaliyyəti SSSR-i Neft və Qaz Sənaye Nazirliyinin “X2 X3” Ümumittifaq Birliyi tərəfindən Vyetnam Sosialist Respublikası cənubi kontinental şelfində “Vietsovpetro” neft ortaq Sovet-Vyetnam müəssisəsində xx.xx.1982-ci il tarixindən – xx.xx.1986-cı il tarixinədək mexanik vəzifəsində çalışmışdır. xx.xx.1982-ci il tarixindən – xx.xx.1984-cü il tarixinədək əmək haqqısı 515 xarici valyuta rublu və xx.xx.1984-cü ildən – xx.xx.1986-cı ilədək isə 594 xarici valyuta rublu təşkil etmişdir. Bununla əlaqədar aidiyyatı qurumdan arayış alaraq müvafiq quruma təqdim etsə də təqaüdünün hesablanması zamanı təssüflər olsun nəzərə alınmamışdır. Təqaüdü dəqiq hesablanması ilə əlaqədar dəfələrlə DSMF-nin və digər aidiyyatı qurumlara müraciət etsə də xaricdəki iş stajı təqaüdünün hesablanması zamanı nəzərə alınmamışdır. Son dəfə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”-nə müraciət etsə də müraciəti öz həllini tapmamışdır. xx.xx.1997-ci il tarixindən – xx.xx.2024cü il tarixinədək, 27 il içində aidiyyatı qurum onun təqaüdünün hesablanması zamanı xaricdə işlədiyi staj müddətini və əmək haqqını nəzərə almamışdır. Yuxarıda qeyd etdiyi və müvafiq qurumların arayışları ilə öz təsdiqini tapmış iş stajları üzrə ona ödənilməmiş təqaüd məbləğinin cavabdeh, yəni DSMX-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən dəqiq hesablanaraq təqaüdünə əlavə edilərək birdəfəlik ödənilməsi vəzifəsinin qoyulmasını məhkəmədən xahiş etmişdir.
3. Cavabdehin iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “sizə 12 avqust 1997-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar əmək pensiyanız xx.xx.2024-cü il tarixindən 568,44 manat təşkil edir.
4. Cavabdehin iddia tələbinə dair etirazında qeyd edilmişdir ki, Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli 3- 17-1/2-H-38147/2024 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən 568,44 manat təşkil edir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1941-ci il təvəllüdlüdür. X1 Sistemininin “Pensiya” altsistemdən çıxarışa əsasən İddiaçı hüququnun yarandığı xx.xx.1997-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının indeksləşdirilməsi ilə əlaqədar onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən 568,44 manat təşkil edir. İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsində pensiyanın yenidən hesablanmasını və yaranmış fərqin birdəfəlik ödənilməsini xahiş etmişdir. Qanunun 32.1.ci maddəsinə əsasən yaşa görə əmək pensiyası buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Bu səbəbdən də İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsində qeyd olunan “pensiyanın hesablanaraq birdəfəlik ödənilməsi” tələbi də qanunvericiliyin tələblərinə ziddir.
5. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, İddiaçı 12 avqust 1997-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Adıçəkilən şəxsin Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 37 il 7 ay 12 gün (xx.xx.1957-xx.xx.1961ci il, xx.xx.1961-xx.xx.1965-ci il, xx.xx.1965-xx.xx.1969-cu il, xx.xx.1969-xx.xx.1972-ci il, xx.xx.1975-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1993-cü il. xx.xx.1993-xx.xx.1997- ci il tarixləri arasındakı dövrlər) təşkil edir.
6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, əmək pensiyası hüququnun yarandığı gündən yenidən hesablanması və fərqin ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulmalıdır.
7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
8. İddia tələbi pensiyanın yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
9. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
10. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
11. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının X1 sistemi vasitəsilə həyata keçirilir.
13. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
14. İddiaçının pensiyasının yenidən hesablanmasından imtina edilmişdir. Odur ki, bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
19. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
20. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun: 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarının 13 may 2022-ci il tarixnədək qüvvədə olmuş redaksiyasına əsasən sözügedən Qərarın 5.3-cü bəndinin tətbiqi ilə bağlı həmin bəndin tərkib hissəsi olan 47 nömrəli misalların tələblərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanması hüququ olan şəxs müraciət etdikdə fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı nəzərə alınmaqla əmək pensiyası onun müraciət etdiyi tarixdən sonrakı ayın birindən ödənilir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 fevral 2022-ci il tarixli ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarı ilə əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanma məsələsinə aydınlıq gətirilmişdir. Həmin Qərara əsasən əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir.
24. “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə uyğun olaraq həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 yaş 6 ay) arasındakı ayların sayı qədər artırılır.
25. İddiaçının pensiya işinə dair sənədlərdən müəyyən edilir ki, iddiaçıya xx.xx.1997-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək əmək pensiyası təyin edilmişdir. Daha sonra “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən pensiyasının indeksləşdirilməsi aparılaraq onun əmək pensiyası xx.xx.2024-cü il tarixdən 568,44 manat təşkil etmişdir.
26. İddiaçının hazırda tələbi pensiyanın yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsidir. Belə ki, iddiaçının iddia ərizəsində istinad etdiyi dəlil ondan ibarətdir ki, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək İraq Respublikasında, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Vyetnam Sosialist Respublikasında işlədiyi dövrlər onun sosial sığorta stajında nəzərə alınmamışdır.
27. Bununla bağlı məhkəmə qeyd edir ki, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Vyetnam Sosialist Respublikasında işlədiyi dövrlər cavabdeh orqan tərəfindən nəzərə alınaraq pensiya təyin edilib.
28. Cavabdeh orqan tərəfindən nəzərə alınmayan iş stajı xx.xx.1972-ci il tarixdən xx.xx.1974cü il tarixədək İraq Respublikasında iddiaçının işlədiyi dövrdür. Belə ki, İraq Respublikası SSRİ-nin ərazisi olmadığına görə iddiaçının həmin iş illərinin stajına daxil edilməsi mümkün olmamışdır.
29. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 7 0 . Vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrünün staja daxil edilməsi şərtləri Pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.
30. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun: 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Ona görə də iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva