Məhkəmə qərarları › İş №2-1(112)-8594/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8594/2024

19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8594/2024 19.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi hesabına köçürülməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi hesabına köçürülməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək iddiaçının işlədiyi “AJ Crane” LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq iddiaçının fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1977-ci il tarixdə başlayaraq xx.xx.2015-ci il tarixədək işləmişdir. Hal-hazırda yaşa görə əmək pensiyası alır. xx.xx.2003—cü il tarixdən xx.xx.2008-ci ilədək “AJ CRANE” LTD kran maşinisti vəzifəsində işləmişdir. Lakin “AJ CRANE” LTD şirkəti İngiltərə krallığına məxsus olduğundan şirkət Azərbaycan Respublikasında işlərini bitirdikdən sonra 2008-ci ilin fevral ayından Azərbaycan Respublikası ərazisini tərk etmişdir. “AJ CRANE” LTD şirkətində xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci ilədək işlədiyi müddət ərzində qanunla müəyyən edilmiş qaydada 2006-cı ilin yanvar ayının 1-dən işdən azad olunduğu günədək yəni xx.xx.2008-ci ilədək ona ödəniləcək sosial sığorta pulu işlədiyi müəssisə tərəfindən “DSMF-nin İri Sığortaedənlərlə İş Departamenti indiki cavabdeh qurum Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülsə də, lakin həmin pullar onun fərdi sığorta hesabına köçürülməmişdir. Təxminən 4-5 il əvvəl onunla birlikdə “AJ CRANE” LTD şirkətində kran maşınçısı vəzifəsində işləmiş şəxslərdən X2, X3, X4 və X9 DSMF-nin İri Sığortaednlərlə İş Departamentinə müraciət edərək hesablanmış sosial sığorta pulunun onların fərdi sığorta hesabına köçürülməsini xahiş etmişlər, lakin qeyd olunan qurum onlara imtina vermiş, həmin imtinadan adlarını göstərdiyi şəxslər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi illə müraciət etmişlər və məhkəmə onların iddia ərizəsini təmin edərək xx.xx.2006-cı ildən xx.xx.2008-ci ilədək hesablanmış sığorta pullarının onların fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin DSMF-nin İri Sığortaedənlərlə iş Departmentinə həvalə etmişdir və həmin qərarlar əsasında DSMF-nin İri Sığortaedənlərlə iş Departmentinin mütəxəssisləri adlarını göstərdiyi şəxslərin əmək haqqı barədə Yapı Kredit Bank Azərbaycanda olan bank hesabında olan çıxarışlara əsasən yenidən hesablayaraq onlar üçün müəyyən edilmiş sosial sığorta pullarını onların fərdi sığorta hesablarına köçürnmüşlər. Tərəfindən cavabdeh qurumdan əldə etdiyi arayışlardan da, göründüyü kimi işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən ondan tutularaq vergi, sosial sığorta və s., ödənişləri tam olaraq hesablanmış və cavabdeh qurumun hesabına ödənilmiş, lakin cavabdeh qurum həmin pulları onun fərdi sığorta hesabına köçürülməmişdir.Tərəfindən iddia ərizəsinə əlavə etdiyik sənədlərlə birlikdə cavabdeh quruma müraciət ederək işlədiyi dövrlər ərzxində “AJ CRANE” LTD şirkəti tərəfindən hesablanaraq DSMF-nin İri Sığortaedenlərlə İş Departamentinə köçürülmüş məcburi icbari sığorta pulunun onun fərdi sığorta hesabına köçürülməsini xahiş etmişdir. Lakin cavabdeh qurum xx.xx.2024-cü il tarixdə 3-17-1/2-H-3014/2024 üsaylı məktubla onun müraciətinə cavab verərək tərəfindən edilmiş müracətin araşdırılması üçün DSMF-na göndərildiyi müvafiq cavab gəldikdən sonra ona cavab veriləcəyi qeyd olunmuşdur.Lakjin cavabdeh qurum 3 ay müddətin keçməsinə baxmayaraq ona heç bir əlavə məlumat vermədi. O yenidən xx.xx.2024-cü il tarixdə cavabdeh quruma müraciət edərək ərizəsinə baxılıb cavab verilməsini xahiş etmişdir. Cavab qurum yenidən xx.xx.2024-cü il tarixdə 3- 17-1/2-H-74178/2024 sayolpı məktubla müracətinəö təkrar ey6i əsaslarla cavab verərək ərizəsinin araşdırılması üçün DSMF-na göndərildiyini qeyd edib fondan cavab gəldikdən sonra cavab ona veriloəcəyini bildirmişdir. Amma buna baxmayaraq cavabdeh qurum bu günədək onun ərizəsinə baxıb təmin etməmişdir. İşlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən əmək haqqından tutularaq cavabdeh qurumun hesabına köçürülmüş, lakin cavabdeh qurum tərəfindən onun pullarının fərdi sığorta hesabına köçürülməməsi cavabdeh qurum tərəfindən onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı 30 dekabr 2023-cü il tarixdə 3-17-1/1-A-328527/2023 və 27 mar 2024-cü il tarixdə 3-17-1/1-A-68475/2024 nömrə ilə qeydiyyata alınmış məktubla Mərkəzi Filiala müraciət edərək xeyrinə ödənilmiş məcburi sosial sığorta haqlarının onun sosial sığorta sistemindəki fərdi şəxsi hesabında qyedə alınmasını xahiş etmişdir. Filial tərəfindən 15 aprel 2024-cü il tarixli 3-17-1/1-A-85501/2024 nömrəli məktubla İddiaçı müraciətinə cavab olaraq sığortaedən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyi (SUN: **********5) tərəfindən 2006-2008-ci illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməməsi səbəbindən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının sosial sığorta sistemindəki fərdi şəxsi hesabında qeydə alınmadığı bildirilmişdir. İddia predmeti ilə əlaqədar olaraq bildirilir ki, mübahisələndirilən dövrdə qüvvədə olmuş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək, həmçinin hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmə isə sığortaedənin vəzifəsidir. Məlumat üçün bildirilir ki, iddiaçının ərizəsində qeyd etdiyi məcburi dövlət sosial sığortasına cəlb olunan məbləğlər sığortaolunanın gəlirləri deyil, sığortaedənin həmin dövrdə işləyən bütün işçilərinə görə ödədiyi əmək haqlarının ümumi məbləğidir. Əlavə olaraq bildirilir ki, sığortaedən, “Aj Crane” LTD (VÖEN:**********) şirkətinin Azərbaycan Respublikasındaki nümayəndəliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyi üçün şirkətdə çalışan sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları onların fərdi şəxsi hesablarında əks olunmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə, işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür.

7. Dövlət Sosial Sığorta Şəhadətnamədən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı verilən şəhadətnamədə SSN nömrə kimi **********639 göstərilmişdir.

8. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyində 6-cı dərəcəli kran maşınçısı vəzifəsində işləmişdir.

9. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-A-74178/2024 nömrəli məktubda qeyd olunmuşdur ki, sığortaedən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındaki Nümayəndəliyi (SUN:**********5) tərəfindən xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixinədək iddiaçının xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sğorta haqlarının fərdi şəxsi hesabında öz əksini tapmaması ilə əlaqədar olan məsələnin araşdırılması üçün yenidən Fonda xx.xx.2024-cü il tarixində 3-17-1/3-1- 23270/2024 nömrəli məktub ünvanlanmış. Müvafiq cavab gəldikdən sonra iddiaçıya əlavə məlumat veriləcəkdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

11. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

14. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

15. Məhkəmə işdə iştirak edən iddiaçı izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz

17. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (eləcə də hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçı kimi cavabdehin məsuliyyət sferasına aiddir.

18. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur.

19. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquq və vəzifələr yerinə yetirilməmiş və nəticədə iddiaçının sosial sığorta hüququ pozulmuşdur. Belə ki, həmin normalar baxımından sığortaedən tərəfindən müvafiq sənədlərin təqdim olunmadığı təqdirdə, sığortaçı həmin sənədlərin, o cümlədən “Forma B3” hesabatının təqdim edilməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Lakin cavabdeh həmin sənədləri tələb etməmiş və bununla da onun məsuliyyət sferasına aid edilmiş vəzifəni layiqincə yerinə yetirməmişdir.

20. İddiaçının “Aj Crane” LTD şirkətində 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqlarının həmin şirkət tərəfindən sığortaçının hesabına köçürülməsinin mübahisə olunmadığı nəzərə alındıqda, hazırkı mübahisəyə münasibətdə cavabdehin istinad etdiyi hal, yəni “Forma B3” hesabatının sığortaedən tərəfindən təqdim olunmaması ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabına köçürülməsini istisna edə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdehin xidməti vəzifələrini layiqincə yerinə yetirməməsinin iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir.

21. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə bildirir ki, kassasiya instansiya məhkəməsinin oxşar mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1653/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarda əks olunmuşdur.

22. Bundan başqa, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, analoji iş üzrə başqa bir məhkəmə icraatında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2- 1(81)-90/2018 saylı qərarı ilə sığortaolunanın 2006-cı il yanvar tarixindən 2008-ci il yanvar tarixinədək işlədiyi “AJ CRANE” LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta haqqının hesablanaraq müəyyən olunmuş məbləğin onun fərdi hesabına köçürülməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (həmin qərarın qanuni qüvvəsini aldığı və cavabdeh tərəfindən icra olunduğu mübahisələndirilməmişdir)

23. Belə olan halda Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

27. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək İddiaçı işlədiyi “AJ Crane” LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta pulunun hesablanaraq onun fərdi sığorta hesabına köçürülməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar