Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8595/2022 28.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X5) “mənzildən qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı (3-cü şəxs X1) “mənzildən qeydiyyatdan çıxarılma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* saylı, MH seriyalı çıxarışa əsasən ona məxsusdur. X4 və X2 qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəməsindən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-962/2021 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi, cavabdeh X5 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilməsi, bu qətnamənin cavabdehlər X3 və X1 (övladları X8 və X9 ilə birlikdə) ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Daha sonra X5 həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-8442/2021 saylı qətnaməsi ilə Nərimanov rayon Məhkəməsinin qətnaməsi qismən ləğv edilərək X1 ümumiyyətlə həmin mənzildə heç bir hüququnun olmaması səbəbilə onun işinə ümumi məhkəmədə baxılmalı olmaması və inzibati məhkəmədə baxılmalı olması əsası ilə iddia həmin hissədə təmin edilməmişdir. Məhkəmənin mövqeyinə əsasən həmin şəxs hər hansı bir hüququ olmayan şəxs olduğu üçün onun qeydiyyatdan çıxarılması üçün işə inzibati məhkəmə tərəfindən baxılmalıdır. Həmin şəxs qeydiyyatdan ya inzibati orqanın özü tərəfindən ya da müvafiq inzibati məhkəmə tərəfindən çıxarılmalıdır. Bundan sonra işə Ali Məhkəmədə baxılmış (xx.xx.2022-ci il tarixli, 2(102)-1077/2022 saylı) və Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Həmin qərarda Ali Məhkəmə tərəfindən də təsbit edilmişdir ki, həmin şəxsin qeyd olunan mənzilə heç bir hüququ yoxdur. Bundan sonra iddiaçı aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Pasport Qeydiyyat Şöbəsinə müraciət edərək X1 övladları X8 və X9 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Müraciətinə cavab olaraq 15 aprel 2022-ci il tarixində 078-9235S saylı məktubla ona bildirilmişdir ki, “Yasayıs yeri və olduğu yer üzrə qeydiyyat haqqında’" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün yeni yaşayış yerinə qeydiyyata düşməsi barədə məlumat, istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və s. sənədlər tələb olunur. Əks təqdirdə həmin şəxslərin qeydiyyatdan çıxarılması mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddia tələbi əsaslı olduğundan təmin edilərək cavabdehin üzərinə X1 mülkiyyətimdə olan Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılmaları öhdəliyi qoyulmalıdır. Nəzərə alınmalıdır ki, qeydiyyatdan çıxarılmalı olan şəxslə aralarında yaranmış münasibətlərə rayon, apellyasiya və kassasiya instansiya məhkəmələrində baxılmışdır. Həmin qətnamələr üzrə müəyyən edilmişdir ki, X5 öz yoldaşı ilə birlikdə yoldaşına məxsus mənzildə uzun illərdir ki, yaşamaqdadır və iddiaçının mülkiyyətində olan mənzilə hər hansı hüququ yoxdur və onun qeydiyyatı yalnız formal xarakter daşıyır. Qeyd edilənlərdən də göründüyü kimi mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Belə olan halda mülkiyyətçi kimi ona məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan və istifadə hüququ olmayan şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxs qeyd olunan mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüquqlarının hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut (razılıq və sair başqa bir hüquqi əhəmiyyəti olan akt) imtina məktubu verilərkən qeyd edilməyərək bildirilmədiyindən həmin şəxsin ona məxsus mənzildə qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi onun hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Qoşmaya əlavə edilmiş ‘‘Xidmət” Mənzil-Tikinti kooperativinin 01 dekabr 2020-ci il tarixli 02/29 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən də A.M.Cümə küçəsi 7 b ünvanında yerləşən 17 mərtəbəli yeni yaşayış binasının 39-cu mənzilində yaşayır və orada xx.xx.2007-ci il tarixdən qeydiyyatdadır. Lakin həmin mənzildə oğlu X7 onun həyat yoldaşı X5 nəvəsi X9 və X6 orada qeydiyyatının olmasına baxmayaraq xx.xx.2010-cu il tarixdən həmin mənzildə yaşamırlar. Bundan əlavə olaraq iş üzrə vəkil tərəfindən yaranmış zərurətdən dolayı sorğu ilə "xxxx" Mənzil Tikinti Kooperativliyinə müraciət edilmiş və kooperativ tərəfindən sorğuya cavab verilərək bildirilmişdir ki, X3 ünvan 2 ünvanında yerləşən, "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində (83.64 kv.m)-dən ibarət olan 14 saylı mənzili vardır. Sorğuda adı çəkilən X7 hal-hazırda ailə üzvləri ilə birlikdə sözü gedən mənzildə yaşadıqları qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8595/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh iddiaya qarşı yazılı etirazını təqdim etməmiş, məhkəmə prosesində nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş 3cü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İddiaçı tərəfindən cavabdeh inzibati orqana hazırkı tələblə müraciət edilmiş, müraciətə cavab olaraq xx.xx.2022-ci il tarixli məktuba əsasən qeyd edilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri və qeydiyyat haqqında ******* nömrəli Arayışın surətindən görünür ki, X7, X5, X9 və X6 qızı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildə qeydiyytdadırlar. - MH seriyalı, ******* reyestr nömrəli, xx.xx.2007-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi, 7b nömrəli, 17 mərtəbəli binanın 1-ci girişində, 14-cü mərtəbəsində 13235 kv.m iimumi, 76.5 kv.nı yaşayış sahəsindən ibarət 3 otaqlı 39 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Nərimanov Rayon Məhkəməsinin 2(001)-962/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddia təmin edilərək, cavabdeh X3 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilmışdır. Cavabdeh X5 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə istifadə hüququ olmayan şəxs hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8442/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 962/2021 nömrəli qətnaməsi cavabdeh X2 münasibətdə ləğv edilərək iddia tələbi cavabdeh X2 münasibətdə rədd edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Viktoriya -313 Mənzil Tikinti Kooperativinin arayışına əsasən X3 ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-nın 3 saylı binasının, 3-cü mərtəbəsində 14 sayı mənzili vardır. X7 hal-hazırda ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. - Məhkəmənin sorğusuna cavab olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubla qızı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzilə dair arxiv qovluğunda saxlanılan sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim olunmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmişdir və iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı iddiadır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cı maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. - 30.5-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğunu və üçüncü şəxsin mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması müəyyən edilmişdir. Həmçinin qeyd olunmalıdır ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Məhkəmə hesab edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın vətəndaşlar üçün yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması təmin olunmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdehə həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X1 Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7 B, 39 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev