Məhkəmə qərarları › İş №2-1(112)-8597/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8597/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8597/2022 12.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul məbləğinin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pul məbləğinin ödənilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona 01 mart 2019-cu il tarixdən 667,64 manat hər ay ödənilməli olduğu halda 548,84 manat ödənilmiş, nəticədə 3186 manat əksik ödəmə yaranmışdır ki, 01 mart 2019- 31 iyul 2021-cil il tarixləri arasındakı dövr üzrə ümumilikdə hesablanmış 3186,00 manat fərq məbləği hissə-hissə yox, müvafiq kart hesabına birdəfəlik ödənilməlidir. Bundan əlavə 01.iyul 2021-ci il tarixinə 1310,54 AZN dəbbə pulu və həmin tarixdən 01 may 2022-ci il tarixinə qədər 955,90 AZN, ümumilikdə xx.xx.2022-ci il tarixinə qədər 3186+ 1310,54+955,90= 5452,44 AZN, eyni zamanda həmin tarixdən tam ödəniləcəyi tarixə qədər hər ay üçün 95,59 AZN əlavə hesablanaraq ona ödənilməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək 3186 manatın çıxılaraq 5452,44 manat əvəzinə 2266,44 manat pulun cavabdehdən xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, iş üzrə aidiyyət qaydalarının tələbləri də pozulmamışdır. Belə ki, iddiaçı hər nə qədər yaşayış yeri üzrə Bakı şəhəri üzrə qeydiyyatda olmasa da, Sumqayıt şəhərinda yerləşən yaşayış yeri üzrə qeydiyyatda olsa da hazırkı işə Bakı İnzibati Məhkəməsində baxılması mümkün hesab edilməlidir. Belə ki, məhkəmədə iddia verilərkən və dəqiqləşdirilmiş formada olan iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən tutulmasını tələb etdiyi pul məbləği dəbbə pulu və pulun ödəniləcəyi tarixə dək 95,59 AZN hər ay əlavənin ödənilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi ilkin formada iddianın bir hissəsi öhdəliyin icrası haqqında olsa da bir hissəsi AR İPM-nin 2.2.7-ci maddəsində nəzərdə tutulan inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia olmuşdur. Sonradan dəqiqləşdirilmiş formada iddia isə dəbbə pulu və hər ay ödənilməli olan əlavə məbləğ olmaqla vurulmuş ziyana görə 2.2.7-ci maddəsində nəzərdə tutulmuş iddia növü hesab edildiyindən bu zaman AR İPM-nin 8.1.2-ci maddəsinin müddəalarının, yəni mübahisələndirmə, öhdəliyin icrası və kompensasiya növündə iddialar üzrə cavabdehin birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan olması zamanı iddiaçının yaşayış yeri üzrə məhkəmənin səlahiyyətli olmasına dair tətbiq edilməli olan şərt aradan qalxır. Beləliklə də, hazırkı işə baxılması Bakı İnzibati Məhkəməsində mümkün hesab edilməli, iddianın kompensasiya növündə iddia olması nəzərə alınmaqla ayrıca qayda müəyyən edilmədiyindən hazırkı iddiaya AR İPM-nin 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq baxılmalıdır. Həmin maddədən görünür ki, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Eyni zamanda, iş materiallarında olan ərizələrdən də görünür ki, cavabdehə iddiaçı həm dəbbə pulun, həm də əlavə aylıq ödənişin edilməsi ilə bağlı müraciətlər də etmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından görünür ki, hazırkı inzibati mübahisə iddiaçıya 01 mart 2019cu il tarixdən 667,64 manat hər ay pensiya məbləği ödənilməli olmasına baxmayaraq 548,84 manat məbləğin ödənilməsi, nəticədə 3186 manat məbləğində ödənilməmiş məbləğin məhz ödənilməməsi nəticəsində yaranmışdır. Belə ki, iş materiallarında olan əmək pensiyasının yenidən hesablanması barədə qərardan görünür ki, ona 548 manat 84 qəpik pul ödənilsə də, daha sonra iddiaçının müraciəti nəzərə alınmaqla 667 manat 64 qəpik məbləğin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xidməti məktubdan da görünür ki, iddiaçıya əmək pensiyasının yuxarıda göstərilən tarix üzrə göstərilən məbləğdə əskik ödənildiyi qəbul edilmiş, məbləğin hissə-hissə müvafiq kart hesabına köçürülməli olması qeyd edilmişdir. İddiaçının məhkəmə təqdim etdiyi iş materiallarının 16-cı səhifəsində olan ödənilməsini iddia etdiyi məbləğin hesablanma qaydasından görünür ki, 01 iyul 2021-ci il tarixinə ödənilməmiş pensiya məbləğinə dair “İcbarı sığortalar haqqında” Qanunda nəzərdə tutulan hər gecikdirilmiş gün üçün məbləğin 0,1 faizi həcmində dəbbə pulunun, yəni iddiaçının hesablanmasına əsasən sonda yaranmış 1310,54 AZN məbləğin, həmçinin də görünür ki, ən son yaranmış faiz məbləği kimi 95,59 AZN-nin bundan sonra ödənilməməsi nəticəsində hər ay üçün ödənilməsini tələb edir. Doğrudur iddiaçı iddia tələbinə dəqiqləşmə verərək həmin məbləğin sonradan ödənilməsi səbəbindən iddiasından həmin hissədə imtina etsə də məbləğin ödənilməməsi səbəbindən yerdə qalan 2266,44 manatın cavabdehdən tutulmasında, həmçinin də ilkin iddia tələbində imtina etmədiyi 01 may 2022-ci il tarixindən pulun birdəfəlik tam ödənilməyəcəyi tarixə qədər hər ay əlavə məbləğin ödənilməsində iddialıdır. Ümumiyyətlə hazırda 2266,44 manatın və ödənilmə aparılanadək aylıq əlavə ödəmələrin həyata keçirilməsinə münasibətdə iddianın hüquqi əsasından görünür ki, iddiaçı “İcbari sığortalar haqqında” Qanunun 18.2-ci maddəsinə istinad etmişdir. Həmin maddədən görünür ki, Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Yuxarıda adıçəkilən Qanunun, onun müddəalarının o cümlədən dəbbə pulunun ödənilməsi ilə bağlı müvafiq maddənin tələblərindən də müəyyən edilir ki, göstərilən formada ödənilməmiş məbləğə münasibətdə gecikdirilmiş gün üçün nəzərdə tutulan dəbbə pulu sığorta münasibətlərinin iştirakçıları arasında yaranan mübahisələrin tənzimlənməsi ilə əlaqədardır. Hazırkı mübahisədə həmin müddəaların tətbiqindən söhbət gedə bilməz. Bu zaman, məhkəmə hesab edir ki, analogiyanın tətbiqindən də söhbət gedə bilməz. Bununla bağlı olaraq qeyd edilməlidir ki, “Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunun: 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 13.5. Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Qeyd olunmalıdır ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiqi, yəni qanunun analogiyasından istifadənin mümkünlüyü qanunvericiliklə təsbit edilmişdir. Hətta qanunvericilikdə müəyyən edilir ki, konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilə bilər. Lakin, hazırkı halda hüququn analogiyasının istafədinin mümkünlüyü ümumiyyətlə istinad edilir. Belə ki, iddiaçının hüquqi əsaslandırması kimi istinad etdiyi qanun mövcuddur. Hazırkı halda həmin qanunun indiki münasibətdə tətbiqi ilə əlaqədar qanunun analogiyasının tətbiqinin mümkünlüyü müəyyən edilməlidir ki, məhkəmə hesab edir ki, həmin tətbiqetmədən də söhbət gedə bilməz. Bu zaman, məhkəmə ilk olaraq onun nəzərə alınmasını zəruri hesab edir ki, münasibətlərin oxşarlığı münasibətin publik sferaya aid olub-olmaması baxımından hər bir halda mümkün deyildir. Belə ki, adıçəkilən qanunda dəbbə pulunun tətbiq edilməsi ilə bağlı müddəalar sığorta hüquq sahəsində bərabərtərəfli, xüsusi hüquq münasibətlərinin subyektləri arasında yaranan mübahisənin tənzimlənməsinə yönəlmişdir. İddiaçı və cavabdeh arasında hal-hazırda yaranan mübahisə isə xüsusi hüquq sferasına aid mübahisə olmayıb, inzibati orqanla fiziki şəxs arasında yaranmış publik hüquq münasibətindən meydana gəlmişdir. Bu səbəbdən də hər hansı oxşar münasibətdən, dolayısı ilə də qanunun analogiyasından, son nəticədə də isə dəbbə pulunun qeyd olunan formada tətbiqindən söhbət gedə bilməz. Təsadüfi deyildir ki, birbaşa hazırkı mübahisəyə bağlılığı olmasa da, xüsusi və publik sferada yaranan münasibətlərin tənzimləyən müddəaların tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin normaları ümumi qayda olaraq yalnız mülki xarakterli münasibətləri, yəni tərəflərin iradələrinin bərabərliyinə əsaslanan mülki hüquq münasibətlərini tənzimləyən qaydalardır və ümumi (publik) hüquq sahəsində yaranan münasibətlərə tətbiqi mümkün deyildir. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 467-ci maddəsinin ictimai münasibətlərə təsiri dairəsi, habelə bu hüquq normasının analogiya əsasında tətbiq edilməsi məsələsini təhlil edərkən, hər hansı bir hüquq normasının fərqli cins (generic) əlamətləri olan ictimai münasibətlərə, habelə fərqli prinsiplərə əsaslanan hüquq münasibətlərinə qanunun analogiyası əsasında tətbiq edilməsinin mümkünsüzlüyünü qeyd edir. Mülki qanunvericilik mülki hüququn sahədaxili münasibətlərində qanunun və hüququn analogiyasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd edilir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsində isə göstərilir ki, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Mülki hüquq münasibətləri əsasən tərəflərin iradələrinin bərabərliyinə əsaslanan hüquq münasibətləridir. Məhz ona görə mülki münasibətləri tənzimləyən mülki hüquq normaları daha çox mahiyyətcə dispozitiv olan qaydalardır. Belə münasibətlərin tənzimlənməsində qanunun və ya hüququn analogiya əsasında tətbiqi pozitiv funksiya daşıyır və mülki hüquq münasibətləri subyektlərinin maraqlarına zidd və etirazına səbəb olmur. tusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, qanunla müəyyən edilən cərimə, maliyyə sanksiyası, habelə qanundan irəli gələn dəbbə pulunun (peniyanın) tətbiqi ilə yaranan hüquq münasibətləri mahiyyət etibarı ilə ümumi (publik) hüquq münasibətləridir və bu sahədə hüququn və ya qanunun analogiyası tətbiq edilə bilməz. Mövcud qanunvericilikdə gecikdirmə ilə bağlı dəbbə pulu (peniya) nəzərdə tutulmuşdursa, bu qanunvericinin müəyyən etdiyi normadır və məhkəmələr öz mülahizələrinə əsaslanaraq bu normanı dəyişdirə bilməzlər. Göründüyü kimi Konstitusiya Məhkəməsi qanunun analogiyasından istifadə ilə bağlı publik və xüsusi hüquq münasibətlərinə tətbiqinə dair mövqe nümayiş etdirmişdir ki, məhkəmə bənzər yanaşmanın hazırkı mübahisə üzrə də tətbiqi qənaətindədir. Yəni, həmin maddənin hazırkı mübahisəyə aidiyyəti olması, yəni dəbbə pulunun göstərilən normativ hüquqi əsasən cavabdehdən tutulması qanunvericiliyin tələblərinə uyğun deyildir. Lakin, bu o demək deyildir ki, iddiaçı göstərilən məbləğlərin tutulması ilə bağlı hüquqi əsasa malik deyildir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, bununla bağlı inzibati icraat haqqında qanunvericilikdə müvafiq norma mövcuddur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsindən də göründüyü kimi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. AR MM-nin: 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının təhlili belə nəticəyə gəlməyə əsas verir ki, mülki hüquq pozuntusuna – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin maddi olmayan formada ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və qeyd edilən dispozisiya şərtlərinin mövcud olduğu halda irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin Qərarında həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin qərarda göstərilmişdir ki, mənəvi zərər, adətən, vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmunu və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi, ailə sirri, hərəkət etmək azadlığı yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Məhkəmə diqqətə çatdırır ki, maddi və mənəvi zərərin tutulmasının əsasları bir birindən fərqlidir. Belə ki, qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Başqa sözlə desək, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Eyni zamanda, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün də qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxs mülki məsuliyyətə cəlb edilə bilməz. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olubolmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi fiziki şəxs ona dəymiş ziyanın inzibati orqandan mülki qanunvericilik müddəalarının tələbləri baxımından tələb etmək hüququna malikdir. Lakin, həmin zərərin mövcudluğunun təsdiq edilməsi mütləqdir. Bu zaman, iddiaçı birbaşa iddia ərizəsində göstərməsə belə iddianın mahiyyətindən də görünür ki, iddiaçı ona pulun gec ödənilməsinə görə dəbbə pulunun və aylıq əlavənin ödənilməsini iddia etməklə, əslində ona dəymiş maddi zərərin kompensasiyanı tələb edir. Bu zaman isə, məhkəmə hesab edir ki, iddiaçıya göstərilən formada zərərin cavabdehin hərəkətləri nəticəsində dəyməsi halı müəyyən edilməlidir ki, cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Belə ki, zərərin məbləği ilə bağlı iddiaçı yalnız öz hesablama qaydasını təqdim etmişdir ki, yuxarıda adıçəkilən müddəaların tələbləri isə zərərin konkret hansı məbləğdə vurulmalı olması ilə bağlı konkret şərtlər qoymuşdur. Bu zaman, real zərərin,əldən çıxmış faydanın konkret məbləğini təsdiq edəcək sənədlərin iddiaçı tərəfindən təqdim edilməsi mütləqdir ki, iddiaçı hal-hazırda təkcə məbləğin gec ödənilməsinə istinadən dəbbə pulu və aylıq əlavənin ödənilməsini istəyir ki, cavabdehin məbləği gec ödəməsi ilə güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması, sübut olunmur. İddia tələbindən görünür ki, iddiaçı ödənişin gecikməsi səbəbindən əlavə ödənişlərin edilməsini iddia edir ki, məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçıya 3186 manat məbləğin birdəfəlik yox, hissə-hissə ödənilməsi ilə bağlı mövqeyi, daha sonra isə pulu məhkəmə icraatı gedişində tam ödəməsi hər bir halda dəbbə pulu və aylıq ödənişlərin edilməsinə səbəb olmur. İddiaçı bununla bağlı zərərin konkret nədən ibarət olduğunu müəyyən etməli və zərərin məbləğini müəyyən etməyə imkan verən real sübutlar məhkəməyə təqdim etməli idi ki, iddiaçı bunun əvəzinə təkcə hazırkı mübahisəyə aidiyyəti olmayan hüquqi əsaslandırma və 16-cı səhifədə olan hesablama qaydası barədə iddiaçının öz mövqeyini əks etdirən sənədi təqdim etməklə kifayətlənmişdir. Bundan əlavə aylıq ödənişlərin ödənilməsi ilə bağlı tələbin də təmin əsası mövcud deyildir. Belə ki, iddiaçı həmin məbləğin hər ay ona ödənilməsini tələb etsə də həmin tələbi legitim edən heç bir müddəa mövcud olmamış, cavabdeh orqanın həmin pulu ödəməsi ilə bağlı hər-hansı qanuni vəzifə daşıması müəyyən edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İddia tələbinin maddi zərərin ödənilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd olunmalıdır ki, hazırkı qərarın 26-cı bəndində göstərilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən göründüyü kimi, Mülki Məcəllənin 21 və 23-cü maddələri yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur. 39. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən iddiaçı ona vurulmuş maddi zərər və əldən çıxmış fayda barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, beləliklə real zərərin mövcudluğu öz təsdiqini tapmamışdır.” Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2076/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarında da göstərilmişdir ki, “Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır.” Məhkəmə diqqətə çatdırır ki, Ali Məhkəmənin formalaşmış təcrübəsindən də göründüyü kimi, qanunvericilik yalnız real zərərin əvəzinin ödənilməsini nəzərdə tutur ki, real zərərinin mövcudluğunu sübut etmək zərərin yaranmasını iddia edən şəxsin (iddiaçının) üzərinə düşür. İddiaçı isə heç bir sübut təqdim etmədən aylıq əlavə ödənişlər də nəzərə alınmaqla 3186 manat məbləğə yaxın miqdarda zərərin ona vurulduğunu qeyd edir ki, həmin məbləğin necə yarandığını sübut etmək iddiaçının vəzifəsi olmuşdur. Beləliklə, iddiaçının zərərininin məbləği heç bir sübutla təsdiq edilmədiyindən, eyni zamanda əlavə aylıq ödənişlərin etməli olması vəzifəsi öz təsdiqini tapmadığından hazırkı iddianın təmin edilməsindən söhbət gedə bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar