Məhkəmə qərarları › İş №2-1(112)-86/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-86/2020

27.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-86/2020 27.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan , İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs qismində X10 cəlb edilməklə ünvan 1ndə yerləşən binanın 47 saylı mənzilinin hüquqi qeydiyyata alınması və çıxarışın verilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, ünvan 1ndə yerləşən, ümumi sahəsi 138 kv.m olan, 3 otaqlı 47 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MTK-dan ünvan 1 ünvanında yerləşən 47 nömrəli, ümumi sahəsi 138 kv.m olan, 3 otaqlı mənzil almışdır.İddiaçı ilə "xxxx" MTK arasında bağlanılmış 24 dekabr 2010-cu il tarixli müqaviləyə və 24 dekabr 2010-cu il tarixli maliyyə arayışına əsasən, məbləğ iddiaçı tərəfindən ödənilmişdir. 28 dekabr 2018-ci il tarixdə o, cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 47 saylı ona məxsus mənzilin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Lakin, ona reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. İmtina məktubunda qeyd olunur ki, araşdırma zamanı müəyyən edilmişdir ki, ərizəyə hüquqmüəyyənedici sənədlər əlavə edilməmişdir. O, hesab edir ki, cavabdehin onun müraciətindən imtina edilməsi əsassızdır. Cаvаbdеh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2019-cu il tarixdə **********23 saylı cavab məktubu ünvanlanmışdır. Cavabdeh qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin 19 mart 2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı adına ünvan 1ndə yerləşən, ümumi sahəsi 138 kv.m olan, 3 otaqlı 47 saylı mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. 01 may 2019-cu il tarixdə X10 məhkəməyə müraciət edərək bildirmişdir ki, Binəqədi rayon məhkəməsinin icraatında iddiaçı X4 cavabdehlər İddiaçı, X9, X3 və "xxxx"MTK-ya qarşı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ş.M.Xiyabani küçəsində inşa edilən çöxmərtəbəli yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138 kv.m-dən ibarət 3 otaqlı 47 saylı mənzillə bağlı "xxxx"MTK ilə İddiaçı arasında bağlanmış 24 dekabr 2010-cu il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin, X9 ilə bağlanmış 17 sentyabr 2012-ci il tarixli “Mənzil tikintisi haqqında” müqavilənin etibarsız hesab olunması barədə iddia ərizəsi üzrə iş vardır.Həmin mülki işdə etibarsız hesab edilməsini istədiyi müqavilədən biri bu işdə iddianın əsasını təşkil edən xx.xx.2010-cu il tarixli "xxxx"MTK ilə bağlanan müqavilədir. X10 hazırkı inzibati iş üzrə onun 3-cü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin 13 may 2019-cu il tarixli qərardadı ilə iş üzrə qəbul edilmiş 19 mart 2019-cu il tarixli qərarın ləğv edilməsi, iş üzrə icraatın təzələnməsi, X4 3-cü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Məhkəmənin 02 iyul 2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı X4 cavabdehlər İddiaçı, X5 və "xxxx" MTK-ya qarşı “ alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiasına dair mülki iş həll edilənədək (yekun məhkəmə aktı qüvvəyə minənə qədər) dayandırılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat, işin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldığı üçün təzələnmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş proses iştirakçıları məhkəmə bахışınа gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlunat verməmişdirlər. Odur ki, məhkəmə işə tərəflərin və 3-cü şəxsin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarına əlavə edilmiş: 24 dekabr 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında“ müqavilədən görünür ki, “Yeni Yasamal" MTK ünvan 1ndə yerləşən "xxxx" MTK-nın tikilməkdə olan binasında 47 saylı mənzili tikildikdən sonra iddiaçıya təhvil verilməsini öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 55200 (əlli beş min iki yüz) manat olmuşdur. “Yeni Yasamal" MTK-nın 24 dekabr 2010-cu il tarixli maliyyə arayışından görünür ki, ünvan 1ndə yerləşən yaşayış binasının 47 saylı mənzilinin pay dəyərindən 55200 (əlli beş min iki yüz) manat alıcı İddiaçı tərəfindən ödənilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 04 yanvar 2019-cu il tarixli, **********23 saylı məktubundan görünür ki, iddiaçının müraciətindən ərizəyə hüquqmüəyyənedici sənədlərin əlavə edilməməsi səbəbindən imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2637/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qərarına əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2 (103)-11354/2019 nömrəli iş üzrə 29 avqust 2019 –cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə İddiaçı aid hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərarda göstərilmişdir:”Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 2758/2019 nömrəli iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə müəyyən etmişdir ki, 12 mart 2008-ci il tarixdə "xxxx"MTK ilə X13 arasında bağlanmış müqaviləyə əsasən X13 mübahisəli mənzili onun dəyərini ödəməklə almışdır. Daha sonra "xxxx"MTK 24 dekabr 2010-cu il tarixdə bağlanmış müqaviləyə əsasən həmin mənzili 55200 manat məbləğində pula İddiaçı, 17 sentyabr 2012-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 20680 manat pula X5 və 24 aprel 2014-cü il tarixdə bağlanmış müqaviləyə əsasən 55200 manat pula X1. Bu mənzillə bağlı 07 aprel 2014-cü il tarixdə "xxxx" MTK ilə X10 arasında “Yaşayış binasının mənzil tikintisi haqqında”müqavilə bağlanmış və mənzilin müqavilə üzrə müəyyən edilmiş 81420 manat dəyəri onun tərəfindən ödənilmiş və ona bu ödənişi təsdiq edən maliyyə arayışı verilmişdir. Məsələ ilə bağlı "xxxx" MTK-nın sədri X7 və digər şəxs X11 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, 308-ci, 313-cü və digər aidiyyəti maddələri üzrə cinayət işi başlanılmış və həmin iş üzrə cavabdehlər İddiaçı, X9, X6 zərərçəkmiş şəxs qismində tanınmış, iddiaçı X10 isə şahid qismində dindirilmişdir. Mübahisəli mənzilə dair ilk müqavilə 2008-ci il tarixdə "xxxx"MTK ilə X13 arasında bağlanmışdır. X13 da həmin müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə mənzilin dəyərini təşkil edən pul vəsaitini tam ödəməklə müqavilə üzrə üzərinə götürmüş əsas öhdəliyini yerinə yetirmişdir. Həmin mənzil də məhz onun tərəfindən və onun razılığı əsasında iddiaçı X2 və sonuncu ilə xx.xx.2014-cü il tarixdə müqaviə bağlanmış, bundan sonra da mənzil onun tərəfindən təmir etdirilmişdir.”Yeni Yasamal”MTK nəticə etibarı ilə ona artıq hər hansı aidiyyəti olmayan və başqasının istifadə və sahibliyində olan mənzillə bağlı 24 dekabr 2010-cu il tarixdə cavabdeh İddiaçı ilə, 17 sentyabr 2012-ci il tarixdə cavabdeh X9 ilə və 24 aprel 2014-cü il tarixdə X6 ilə müqavilələr bağlayaraq onları aldatmışdır. Məhkəmə hesab etmişdir ki, bir mənzilə dair bir neçə şəxslə müqavilənin bağlanması və bir mənzilin eyni zamanda bir neçə şəxsin istifadə və sahibliyinə verilməsi qeyri-mümkün olduğundan, mənzilə dair ilkin müqavilə 2008-ci ildə X13 ilə bundan sonra isə onun razılığı əsasında 07 aprel 2014-cü il tarixdə X10 ilə bağlandığından və hazırda mənzil məhz X4 istifadəsində və sahibliyində olduğundan iddia əsaslıdır və təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11354/2019 nömrəli iş üzrə 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə birinci instasiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş cavabdeh İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Binəqədi rayon məhkəməsinin 2(001)-2758/2019 nömrəli 29 aprel 2019-cu il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, İddiaçı onunla "xxxx" MTK arasında bağlanılmış 24 dekabr 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında“ müqaviləyə və maliyyə arayışına əsasən ünvan 1 ünvanda “Yeni Yasamal" MTK tərəfindən inşa edilmiş binada yerləşən 3 otaqlı, ümumi sahəsi 138 kv.m olan, 47 saylı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan iddiaçı tərəfindən əsas kimi göstərdiyi 24 dekabr 2010-cu il tarixli “Yaşayış binasında mənzil tikintisi haqqında“ müqavilə Binəqədi rayon məhkəməsinin 2(001)-2758/2019 nömrəli 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə etibarsız hesab edilmişdir.Həmin qətnamə dəyişdirilmədən qüvvədə saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11354/2019 saylı qətnaməsi Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2637/2020 nömrəli, 13 avqust 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə İddiaçı iddianı aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “ 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı;8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair:8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd;8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı;8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.” İş materiallarından göründüyü kimi, ünvan 1ndə yerləşən yaşayış binasının 47 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün qanunda göstərilmiş əsaslardan heç biri mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı adına ünvan 1ndə yerləşən yaşayış binasının 47 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2,34,68,69, 85, 100-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı adına ünvan 1ndə yerləşən yaşayış binasının, 3 otaqlı, ümumi sahəsi 138 kv.m olan 47 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar