Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-86/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı X cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Kəmaləddin qızının, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiаçı X cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı, Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə “məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 iyul 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2018-ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun şəxsi hesabdan silinməsi və iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək (2018-ci ilin 3cü rübü də daxil olmaqla) təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf xx.xx.2018-ci il tarixdə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək (2018-ci ilin 3-cü rübü də daxil olmaqla) təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilmişdir. İddiaçı tərəf xx.xx.2019-cu il tarixdə “iddia tələbinin dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci il tarixədək (2018-ci ilin 3-cü rübü də daxil olmaqla) təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsinə dair hərəkətlərin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə, ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-584/19 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1746/2019 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1746/2019 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-584/19 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-3150/2019 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(103)-1746/2019 nömrəli qərardadı ləğv edilərək işə təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(103)-323/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə qəbul edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)- 584/19 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. İşə birinci instansiya məhkəməsində təkrar baxılan zaman iddiаçı “iddianın dəyişdirilməsi” barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2018-ci il tarixə qədər hesablanmış cəmi 252.712,26 manat (əsas borc – 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun iddiaçının şəxsi hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-911/221 nömrəli qərardadı ilə iddiаçı X cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qаrşı iddiaçıya xx.xx.2018-ci il tarixə qədər hesablanmış cəmi 252712,26 manat (əsas borc – 249065,67 manat və 3646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun iddiaçının şəxsi hesablarından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların cavabdeh tərəfindən qəbul edilməməsindən ibarət hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçı tərəfindən xx.xx.2012-ci ildən xx.xx.2018ci ilə qədər, 2018-ci ilin 3-cü rübü də daxil olmaqla təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1479/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilərək, hazırkı iş üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-911/221 nömrəli qərardadı ləğv edilmiş, iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Əmək və Əhalənin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Daha sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X-ə xx.xx.2018ci il tarixədək hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə borcun şəxsi hesabdan silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən xx.xx.2018-ci ilə qədər əsas borc 249065,67 manat və 3646,59 manat penya olmaqla cəmi 252712,26 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə əsassız borc hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən 3/11 nömrəli, xx.xx.2018-ci il tarixli məktubla 2012-ci ildən 2018-ci ilin 3-cü rübü də daxil olmaqla olan dövr üzrə dəqiqləşdirilmiş hesabatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsinə göndərilmişdir. Poçt qəbzindən göründüyü kimi sözügedən hesabatlar xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi tərəfindən heç bir əsas olmadan qəbul edilməmiş və imtinanın əsaslandıran heç bir məktub iddiaçıya göndərilməmişdir. İddiaçı tərəfindən yenidən dəqiqləşdirilmiş hesabatların təqdim edilməsinə əsas iddiaçının mühasibatlığı tərəfindən yol verilmiş yanlışlıqla əlaqədardır. Belə ki, xx.xx.2012-ci ildən xx.xx.2018-ci ilə qədər olan dövrdə iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi verilən rüblük və illik hesabatlarda məcburi dövlət sosial sığorta haqları üzrə hesablanmalı olan məbləğlər düzgün göstərilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin İri Sığortaedənlərlə İş İdarəsi isə həmin hesabatları qəbul etməli olduğu halda bunu etməmiş, vəzifəsini icra etməkdən yayınmış, bununla da iddiaçıya məcburi dövlət sosial sığorta haqqı üzrə borc hesablanmışdır. Bununla belə hesabatları qəbul etməkdən imtina barədə məktub cavabdehə təqdim edilməmişdir. Cavabdehin etirazı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən silinməsi tələb edilən əsas borc məbləği iddiaçının özü tərəfindən DSMF-yə təqdim edilmiş hesabatlardan yaranır. Həmin borc məbləğinin mübahisələndirilməsi üçün qeyd olunan məbləğ ya cavabdeh orqan tərəfindən, ya da yuxarıda adı çəkilən digər orqan tərəfindən hesablanmalı idi. Lakin təqdim edilmiş məlumatdan aydın olur ki, mübahisələndirilən məbləğin əsası iddiaçının öz hesabatlarıdır. Belə olan halda iddiaçı həmin məbləğin silinməsi ilə məhkəməyə müraciət edə bilməz. İddiaçı tərəfindən borcun aid olduğu dövrə dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Lakin iddiaçı bu vəzifənin də məhkəmə qərarı ilə realizə olunmasını tələb edir. İddiaçının silinməsini tələb etdiyi borc məbləği inzibati orqan tərəfindən hesablanmış olsa idi iddiaçı həmin borcun silinməsi ilə bağlı birbaşa məhkəməyə müraciət etməkdə haqlı olardı. Lakin hazırkı halda vəziyyətin fərqli olması nəzərə alınmalıdır. Əvvəla iddiaçının şəxsi hesab vərəqində xx.xx.2019-cu il tarixə hazırda mübahisələndirdiyi 249.065,67 manat MDSS üzrə borcu vardır. Həmin borc iddiaçının özü tərəfindən təqdim edilmiş hesabatların nəticəsində yaranmışdır. İddiaçı həmin bəyannamələrin cavabdeh orqan tərəfindən qəbul edilməsini və bəyannamələrdə qeyd olunanlara uyğun olaraq 249.065,67 manat məbləğin silinməsini məhkəmədən xahiş edir. Bundan belə nəticəyə gəlinir ki, iddiaçı bəyannamələr təqdim edildikdən sonra inzibati orqan tərəfindən həmin bəyannamələrin Vergi Məcəlləsində nəzərədə tutulmuş qaydada kameral və ya səyyar qaydada yoxlanılmadan təsdiq edilməsini və həmin bəyannamələrin təsdiqi nəticəsində də 249.065,67 manat borcun azaldılmasını məhkəmə qərarı ilə təmin etməyə çalışır. Cavabdeh iddia tələbinin mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, onun dəlilərinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurum tərəfindən verilən etirazı müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: X-in xx.xx.2018-ci il tarixə 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcu mövcuddur. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri ... Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Maddə 18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 45.1. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1 İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələblərinə görə mübahisələndirilən borcun yaranma əsaslarını sübut etmək vəzifəsi cavabdehə aiddir. Lakin hazırkı işdə nə cavabdeh, nə də üçüncü şəxs sözügedən borcun mövcudluğunu inandırıcı və mötəbər dəlillərlə sübut edə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı istər həmin borcun ödənilməsini tələb edən vergi orqanına, istərsə də borcun hesablanması ilə bağlı informasiya sistemində məlumat yerləşdirmiş orqana sorğular göndərilmiş, lakin borcun yaranma əsasları və hesablanma qaydasına dair sübutlar təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, cavabdeh sadəcə borcun mövcudluğunu bildirməklə kifayətlənə bilməz, o, həm də borcun yaranma əsaslarını mötəbər qaydada sübut etmək vəzifəsi daşıyır. Bu mənada, öz-özlüyündə borcun mövcud olduğunun bildirilməsi kifayət deyil, həm də onun necə yarandığı və hansı qaydada hesablandığı da əsaslandırılmalı və sübut olunmalıdır. Hazırki işdə mübahisələndirilən borcun yaranması nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən qeyd edilən qaydada əsaslandırıla bilmədiyi üçün iddia təmin edilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış borcun silinməsi ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Ali Məhkəmənin 2-1(102)-2105/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X-in şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində borcun silinməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilsin X-in şəxsi hesab vərəqəsindən məcburi dövlət sosial sığorta haqqı üzrə hesablanmış 252.712,26 manat (əsas borc 249.065,67 manat və 3.646,59 manat penya olmaqla) məbləğində borcun silinməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-86/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-86/2023
20.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver