Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-86/2024 08.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı X5 nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini X3 və istismarı Binəqədi rayonu, Görədil ərazisindəki 34828 saylı müqavilə ilə 857 ”f’ nömrəli 0,12 ha bağ torpaq sahəsinə dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi, ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini X3 və istismarı Binəqədi rayonu, Görədil ərazisindəki 857 “f’ nömrəli 12 sol bağ torpaq sahəsi 04 May 2005-ci il tarixli 34828 saylı müqavilə əsasında X5 istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Bakı şəhərinin İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamentini X3 və istismarı Binəqədi rayonu,Görədil ərazisindəki 857”f” nömrəli 12 sot bağ torpaq sahəsi 04 may 2005-ci il tarixli 34828 saylı müqavilə əsasında X5 istifadəsinə verilmiş, bağ torpaq sahəsinə mütəmadi olaraq təsərrüfat və abadlıq işləri aparmış, əmlaka sahiblik hüququ əsasında daima torpaq sahəsi bu günə kimi istifadəsindədir. Bu illər ərzində istifadəsində olan bağ torpaq sahəsi tərəfindən 12 mişardaşı hündürlüyündə daş hasara alınmış, darvaza qoyulmuşdur. Bağ torpaq sahəsinin fasiləsiz olaraq istifadəsində olmasını qonşuları tərəfindən təsdiq oluna bilər. Bağ qonşuları tərəfindən həmin torpağa sahiblik hüququ qanuni olaraq tanınmış və heç bir fiziki və yaxud hüquqi şəxs tərəfindən yəni dövlət və bələdiyyə orqanları tərəfindən bağ torpaq sahəsinə hər hansı bir mübahisə yaranmamışdır. Bir müddət sonra torpaq bağ sahəni özəlləşdirmək üçün Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi idarəsinə xx.xx.2019-cu il tarixli ilə müraciət etmiş və Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan ünvanlanmış xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən 857 “f’ saylı bağ sahəsinin istifadəyə verilməsinə dair keçmiş X3 və istismarı Birliyi ilə X8 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 34828 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Bundan sonra iddiaçının müraciətinə cavab olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd edilir ki, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmamışdır. Qeyd olunan imtina “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2ci maddəsinə istina dedilmişdir. Necə ola bilər ki, 857 “f’ saylı 34828 nömrəli müqavilə ilə 04 may 2005-ci il tarixdən müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən sxematik xəritəyə uyğun olaraq istifadəyə verildiyi gündən aidiyyatı orqanların nəzarəti ilə fasiləsiz olaraq lazimi sanitar və ekoloji cəhətdən təsərrüfat və abadlıq işləri, habelə 12 mişardaşı hündürlüyündə daş hasara alınmış darvaza ilə bağlanmış indiyədək heç bir dövlət və bələdiyyə orqanları, o cümlədən qonşularla mübahisə predmeti doğurmayan torpaq sahəsi sxematik xəritəsinə uyğun gəlməsin və ya aşkarlanmasın. Hesab edilmişdir ki, 2005-ci ildən istifadəsində olan bağ torpaq sahəsinə dair dövlət qeydiyyatı üçün heç bir əsas ola bilməz. Göründüyü kimi cavabdehin hərəkətsizliyi, qeyri-obyektiv və əsassız imtinası iddiaçının təqsiri və ya torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, sözügedən bağ torpaq sahəsinə çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün maneə və səbəb ola bilməz.
3. İddiaçınlın xx.xx.2016-cı il tarixli müraciətinə əsasən cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində hüuquların dövlət qeydiyyatına alınmasında imtian edilməsi barədə bildirişdə qeyd edilmişdir ki, sözügedən bağ nömrəsi sxematik xəritədə aşkar olunmadı. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Qeyd edilən məktubun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd edilsə də, iddiaçının müraciəti əsasında hüquqlarının qeydə alınması təmin edilmədiyindən məhkəmə həmin məktubu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina kimi qiymətləndirir.
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı etirazda qeyd edilmişdir ki, koordinatlarla göstərilən ərazidə bağların bölgüsünə dair sxematik xəritədə 857f saylı bağ nömrəsi aşkar edilməyib. Bununla bağlı İdarə tərəfindən iddiaçı X6 **********26 qeydiyyat nömrəli, xx.xx.2016-ci il tarixli məktub ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri icra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və X9 ərazisindəki “857f” nömrəli bağın istifadəyə verilməsi haqqında 34828 saylı xx.xx.2005-ci il tarixli müqavilə X8 ilə bağlanmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən bağ sahəsinin Goradil bağ massivində yerləşən hansı nömrəli bağ sahəsinə uyğun olması barədə məktubda bildirilmişdir ki, keçmiş X3 və İstisamarı Birliyi İdarəsi tərəfindən yardımçı vasitə kimi istifadə edilən Goradil bağlar massivində bağlar massivində bağların bölgüsünə dair sxematik xəritədə “857f” saylı bağ sahəsinin yeri göstərilməmişdir. Faktiki göstərilən sahə 857F saylı bağınm arxiv cizgisinə uyğun gəlmir. Əlavə olaraq qeyd edilmişdir ki, “857f” nömrəsinə uyğun qonşu bağlar faktiki göstərilən sahədə təqribən 350-400 metr qərb istiqamətdə yerləşir. Bu ərazilərdə bağların hasarlanma işləri plan üzrə aparılmadığı üçün dəqiqləşdirmə mümkün olmamışdır.
7. İş üzrə məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Bakı şəhəri, Binəqədi rayonu,Goradil əraziusindəki Goradil ərazisindəki Goradil bağlar massivində 857 “f” nömrəli bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisinin koordinatlar üzrə yerləşmə sxemi və sahəsi (ölçüsü) müəyyən olunsun; - Bakı şəhəri, Binəqədi rayonu,Goradil əraziusindəki Goradil ərazisindəki Goradil bağlar massivində 857 “f” nömrəli bağ sahəsinin sxematik xəritəyə əsasən həqiqi ərazisi hazırda hər hansı şəxin istifadəsindədirmi və ya hər hansı digər şəxsə məxsus hüquqmüəyyənedici sənəd(lər)lə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi, dəqiqləşdirilməsi və ya mövcud olduğu təqdirdə uyğunsuzluğun aradan qaldırılması mümkündürmü? - Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisindəki Goradil bağlar massivində 857 “f” nömrəli bağ sahəsinin həqiqi ərazisi ilə iddiaçı X5 faktiki istifadəsində olan torpaq sahəsinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu?
8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli bağ sahəsinə texniki baxışın keçirilməsi ilə bağlı məktubunda qeyd edilmişdir ki, ümumi 0,6943 ha ərazi daxilində şərti göstərilənn 0,12 ha olan sahə sxematik xəritəyə əsasən 1600 nömrəsi ilə başlayan bağların ərazisinə uyğun gəlir. Qeyd olunan “857f” nömrəli bağ sahəsi sxematik xəritədə aşkar olunmadı. Əlavə olaraq qeyd edilmişdir ki, 857 nömrəsinə yaxın qonşu bağ sahələri göstərilən sahədən təqribən 250 m qərb istiqamətində yerləşir.
9. Daşınmaz əmlakın texniki vəziyyətləri əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktı: - 857f kimi göstərilən bağ sahəsi ümumi hasar daxilindədir. Ümumi sahə 6943,0 kv.m təşkil edir. Vətəndaşın nümayəndəsi ümumi sahəyə 5 bağ sənədinin olduğunun bildirir. Ümumi sahənin bir tərəfi şərti qalan tərəfləri isə hasardır. Ümumi sahədə bir ədəd yarımçıq tikili var. Ümumi sahədə şərti olaraq 857 f kimi 1200,0 kv.m göstərilən sahənin bir tərəfi qonşu hasar digər tərəfləri isə şərtidir. Sahə daxilində faktiki uçulmuş vəziyyətdə olan hasar var. Bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmayıb.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
16. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
17. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
18. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
19. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
22. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. X13 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
24. X13 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
25. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 106 saylı Sərəncamı əsasında 34828 nömrəli müqavilə əsasında iddiaçı X6 fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində 857f nömrəli bağ sahəsi istifadəyə verilmişdir. Həmin müqavilə qüvvədədir, torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və torpaqla bağlı hər hansı mübahisə mövcud deyil.
27. Məhkəmə eyni zamanda qeyd edir ki, hüquqmüəyyənedici sənədlə “857f” saylı bağın sahəsinin sahəsinin ölçüsü 0,12 ha olaraq qeyd olunsa da, ərazinin ümumi sahəsi 6943,0 kv.m təşkil edir. İddiaçının hazırki tələbi isə faktiki istifadəsində olan faktiki 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasıdır.
28. İş materiallarına əlavə edilmiş müayinə (baxış) aktında qeyd edilmiş istifadəsində olan torpaq sahəsi 6943.0 kv.m-dir. İddiaçı bildirir ki, faktiki olaraq həmin 6943,0 kv.m torpaq sahəsinin tərkibinə bir neçə bağ sahəsi daxildir ki, bunlar da iddiaçının qohumlarının istifadəsinə verilmiş 857 nömrə ilə başlayan bağ sahələridir. İddiaçı bildirir ki, həmin sahələrdən “857ç” nömrəli bağ sahəsinə münasibətdə artıq məhkəmə aktı qəbul edilmişdir. (X3 və X9 ərazisindəki 1635c nömrəli bağın istifadəyə verilməsi haqqında 34201 saylı xx.xx.2005-ci il tarixli müqavilə - İbrahimova Böyükxanım, X3 və X9 ərazisindəki 857ç nömrəli bağın istifadəyə verilməsi haqqında 34833 saylı xx.xx.2005-ci il tarixli müqavilə - Məmmədov Zahid, X3 və X9 ərazisindəki 857i nömrəli bağın istifadəyə verilməsi haqqında 35066 saylı xx.xx.2005-ci il tarixli müqavilə - X4, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırılma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X3 və X9 ərazisindəki 857ı nömrəli ilə bağın istifadəyə verilməsi haqqında 35254 saylı xx.xx.2005-ci il tarixli müqavilə- X2).
29. Cavabdeh imtinanın digər dəlili olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir.
30. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə faktiki olaraq tənzimlənmişdir. Bu fərman məhz torpaqların mövcud problemli vəziyyəti ilə bağlı tənzimləmə işlərinin aparılması və qeydiyyatı zamanı meydana çıxan uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar qəbul edilmiş və uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) yerquruluşu qaydasında aradan qaldırılması qaydası müəyyən edilmişdir. Həmin fərmanın preambulasına əsasən Fərman torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə qəbul edilmişdir.
31. Məhkəmə qeyd edir ki, əvvəllər tətbiq olunan koordinat təyinetmə sistemi ilə hal-hazırda tətbiq edilən koordinat təyinetmə sistemi fərqlidir. Bu fərqlər ondan ibarətdir ki, əvvəllər (sovetlər vaxtında, müstəqilliyin ilk iyirmi ilində) və 2010-cu illərədək kadastr işlərində istifadə olunmuş koordinat sisteminin göstəriciləri ilə hazırda tətbiq olunan koordinat sisteminin göstəricilərinə çevrildikdə koordinatlarda müəyyən qədər sürüşmə (yerdəyişmə/göstərici uyğunsuzluğu) yaranır və ya yarana bilər. Bu sürüşmə (yerdəyişmə) torpaq sahəsinin yerinin dəyişilməsi demək deyildir, bu, texniki sənədlərdəki koordinatlar arasında yaranmış obyektiv səbəbli (koordinat təyinetmə sistemlərinin uyğunsuzluğundan qaynaqlanan) kiçik dərəcəli uyğunsuzluqdur. Həmin uyğunsuzluqlar hər bir sonrakı reyestr qeydiyyatı icraatı işlərinin, o cümlədən də yerquruluşu və kadastr işlərinin aparılması zamanı - koordinat və döngə nöqtələrinin təkrar təyini və müvafiq texniki sənədlərə işlənilməsi zamanı aidiyyəti səlahiyyətli orqanın mütəxəssisi tərəfindən ilkin hüquqi və texniki sənədlərə əsaslanılmaqla aradan qaldırılmalıdır.
32. Məhkəmə qeyd edir ki, əraziyə dair bağlara dair sxematik xəritədə 857 və 1600 nömrə ilə başlayan bağ sahələri və “pioner düşərgəsi” mövcuddur. Təqdim edilən sxematik xəritədə 857 nömrə ilə başlayan bağlar nəzərdə tutulmuş, lakin həmin xəritədə kirill əlifba sırası ilə aparılmış nömrələr tam oxunaqlı vəziyyətdə olmadığı üçün məhkəmə cavabdeh qurumun həmin sxematik xərətədə “857f” saylı bağ sahəsinin mövcud olmamasına dair dəlilini qəbul etmir. Digər tərəfdən iddiaçı tərəfindən iddia olunan əraziyə bitişik 2028 nömrəli bağ sahəsi **********52 nömrə ilə qeydə alınıb. Belə olan təqdirdə ərazidə ancaq 1600 nömrə ilə başlayan bağ sahələrinin mövcudluğu barədə dəlil də təkzib olunur.
33. Odur ki, məhkəmə qeyd edilən hallara məcmu şəkildə qiymət verərək qeyd edir ki, ərazinin xəritəsində 857 nömrə ilə başlayan (kirill əlifba sırası ilə nömrələnmiş) bağlar mövcuddur və iddia olan bağ hazırda iddiaçının istifadəsindədir və torpaq sahəsi ilə bağlı mübahisə mövcud deyildir.
34. Odur ki, texniki uyğunsuzluq səbəbindən torpaq sahəsinin yerləşmə mövqeyində əhəmiyyətli sayılmayacaq dərəcədə koordinat sürüşməsinin olması mümkündür və inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
35. Cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
36. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
37. Odur ki, inzibati orqan səlahiyyətlərinə uyğun olaraq torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərinin və texniki sənədlərin tərtib edilməsi işlərinin aparılması qaydasında mümkün uyğunsuzluğu aradan qaldırmaqla iddiaçının həmin bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
38. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsindən: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
42. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Gorədil bağlar massivində yerləşən sahəsi 0,12 ha olan “857f” saylı bağ sahəsi üzərində iddiaçı X5 mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi vəzifəsi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Sevdimalıyeva