Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-860/2020 10.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş verginin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "İddiaçı” MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İddiaçı” MMC-yə hesablanmış 2.777,99 (iki min yeddi yüz yetmiş yeddi manat, doxsan doqquz qəpik) manat vergi borcunun silinməsi və artıq ödənilmiş verginin qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və ödənilmiş verginin İddiaçı MMC-yə qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdehə havələ edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 izahatında bildirdi ki, o, 2018-ci ilin avqust-sentyabr aylarında bir neçə hüquqi şəxs təsis edib ticarət fəaliyyətinə başlamışdır. Həmin hüquqi şəxslərdən biri də "İddiaçı” MMC olmuşdur. Onun təsis etdiyi zaman dövlət təşkilatlarında (xüsusən də gömrük və vergi orqanlarında) dövlət üçün zərərli hallar müşahidə etmişdir. Bu barədə DTX-nın rəhbərliyinə xx.xx.2018-ci il tarixdə məlumat vermişdir. Həmin məktuba əsasən rəhbər vəzifəli şəxslər tərəfindən qəbul edilib dinlənilmişdir. Daha əvvəl və sonra da DTX ilə əməkdaşlıq etmişdir. xx.xx.2018-ci il tarixdə Rusiyadan yük və son dəfə idxal etdiyi tikinti materiallarından olan yüku Gömrük İdarəsindən keçirib satışa çıxartdıqdan sonra qazanc az olduğuna görə qərara gəldi ki, şirkətin fəaliyyətini dayandırsın. O, xx.xx.2018-ci il tarixdə şirkətin fəaliyyətini dayandırmışdır. xx.xx.2018-ci il tarixdə gömrük və digər xərclərdən başqa 5.017,69 manat artıq ödəniş etmişdir. 2019-cu ilin iyun ayının 17-də və 31-də Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə müraciət edərək, mebel yükünü idxal etdiyi vaxt yaranan artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmişdir. Bundan 15 gün sonra “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarında dəyişiklik edilməsi sahibkarların işinə daha da müsbət təsir etməli idi. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə cavabdehə ərizə yazıb artıq ödənilmiş vergilərin qaytarılmasını tələb etmişdir. Bununla yanaşı xx.xx.2019-cu il tarixdə bir daha Azərbaycan Respublikasının Prezidentinə və Vitse Prezidentinə məktub yazaraq köməklik etməsini istəmişdir. Həmin məktuba əsasən, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş X5 Yoxlamaları İdarəsinin rəisi Akif Allahverdiyev və şöbə müdiri Zeynəb Məmmədova onu qəbul etmişlər. Lakin buna baxmayaraq, müxtəlif bəhanələr gətirərək artıq ödənilmiş vergini verməkdən imtina etmişlər. Bundan 1 ay sonra artıq ödəmələr silinmiş, bununla yanaşı 2.771,73 manat borc bildirişi göndərilmişdir. xx.xx.2019-cu il tarixdə həmin səbəblərlə artıq ödəmədən 1.109,84 manat pul silinmişdir. Təqdim edilmiş sənədlər sübut edir ki, cavabdeh eyni əsaslarla 2 dəfə artıq ödəmədən vəsait silib. Göründüyü kimi, onun DTX ilə əməkdaşlıq etməyi və Prezident Adminstrasiyasına müraciət etməyi, vergi xidmətini qəzəbləndirib və ona qarşı qərəzli mövqedədir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2018-ci il ərzində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2019-cu il tarixli **********460800 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 5.993,14 manat əlavə vergi məbləği hesablanmış, bu barədə iddiaçıya xx.xx.2019-cu il tarixli **********221200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı tərəfindən idxal əməliyyatlarına görə əvəzləşmənin aparılması nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Lakin yaranmış kənarlaşmalara müvafiq olaraq kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği mövcud deyil. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Eyni zamanda həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi və vergi tutulan idxal ƏDV üzrə vergitutma obyektidir. Vergi orqanı tərəfindən keçirilən kameral vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və vergi yoxlamasının həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Əlavə dəyər vergisi ödəyicisinin qeydiyyat bildirişindən (**********7) görünür ki, “xxxxxxxxxxxx” MMC (VÖEN **********) Azərbaycan Respublikasının Əlavə dəyər vergisi ödəyicilərinin Dövlət reyestrinə daxil edilmişdir (qeydiyyatın qüvvəyə minmə tarixi xx.xx.2018, qeydiyyata alınma tarixi xx.xx.2018). İş materiallarında olan "İddiaçı" MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2019-cu il ƏDV2018/12 5.993,14 manat, artıq ödəmə 5.017,69 manat, cəmi ödənməli borcu 2.986,42 manat təşkil edir. İş materiallarında olan Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, bəyənnamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən “xxxxxxxxxxxx” MMC-yə 5.993,14 manat vergi hesablanmışdır (bəyannamə və hesabat növü - Əlavə dəyər vergisi, bəyannamə və hesabat dövrü - dekabr 2018). İş materiallarında olan Vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli **********6 saylı bildirişdən görünür ki, “xxxxxxxxxxxx” MMC-nin 29.112019-cu il tarixinə dövlət büdcəsinə ümumilikdə 2.771,73 manat, o cümlədən: vergilər üzrə 2.085,29 manat, maliyyə sanksiyası üzrə 40.00 manat, faizlər üzrə 646,44 manat borcu vardır. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən göstərilən borcların 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubdan görünür ki, 2018-ci il ilin oktyabr ayında iddiaçı tərəfindən 28876,1 manat (ƏDV-siz) məbləğində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim etdiyi ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, bu da kənarlaşmanın yaranmasına səbəb olmuş, bununla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 iş günü ərzində sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqlarından biri də bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirməkdir; 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar; 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər; 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir; 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir; 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər; 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir; 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (ƏDV üzrə). Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı “xxxxxxxxxxxx” MMC əlavə dəyər vergisi ödəyicisidir. Cavabdeh tərəfindən aparılan araşdırma zamanı iddiaçı tərəfindən 2018-ci il ərzində mallar idxal edildiyi halda, müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində vergiyə cəlb edilən dövriyyənin göstərilmədiyi, mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, eyni zamanda uçot-baza məlumatlarına əsasən qeydiyyata alınmış təsərrüfat subyektinin olmadığı müəyyən edilmiş, qeyd edilənlər iddiaçı tərəfindən hesablanmalı vergi məbləğinin azaldılması kimi qiymətləndirilmiş və müəyyən edilmiş kənarlaşma ilə əlaqədar iddiaçıya xx.xx.2019-cu il tarixli **********460800 “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etməmişdir və bununla əlaqədar olaraq kameral vergi yoxlaması ilə 2018-ci ilin dekabr ayı üçün ƏDV üzrə 5.993,14 manat əlavə vergi məbləği hesablanmış, bu barədə xx.xx.2019-cu il tarixli **********221200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən kameral vergi yoxlaması Vergi Məcəlləsinin tələblərinə uyğun keçirilmişdir və bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********221200 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş verginin qaytarılması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən idxal əməliyyatlarına görə əvəzləşmənin aparılması nəticəsində şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. Lakin kameral vergi yoxlaması ilə aparılmış hesablamalardan sonra iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği mövcud deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "İddiaçı” MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və ödənilmiş verginin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-860/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-860/2020
10.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver