Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8600/2022 05.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı1 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq onun, həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3 Bəhrail oğlunun və qızı İddiaçı4 Bəhrail qızının ünvan 1 ünvanına qeydiyyata alınmaqları barədə Xətai rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə yanaşı həmçinin İddiaçı2, İddiaçı3 Bəhrail oğlunun və İddiaçı4 Bəhrail qızının iddiaçı qismində, Xətai rayon Polis İdarəsinin cavabdeh qismində tanınmasını və iddiaçıların (İddiaçı3 Bəhrail oğlunun, İddiaçı2, İddiaçı3 Bəhrail oğlunun, İddiaçı4 Bəhrail qızının) ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 2015-ci ilin 8 mart tarixindən bəri ailə üzvləri (həyat yoldaşı İddiaçı2, oğlu İddiaçı3 Bəhrail oğlu və qızı İddiaçı4 Bəhrail qızı) ilə ünvan 1 ünvanında yaşayır. Uzun illərdir öz ünvanlarında qeydiyyata düşə bilmədikləri üçün xalası oğlu X1 evində - ünvan 5 ünvanında qeydiyyatdadırlar. Xalası oğlu öz yaşadığı mənzili satdığı üçün iddiaçının və ailə üzvlərinin qeydiyyat problemi yaranmışdır. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin elektron müraciət sistemi vasitəsilə öz yaşadığı ünvana qeydiyyata düşmək üçün müraciət etmiş, ancaq “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd olaraq ailə üzvləri ilə birlikdə yaşadığı ünvan üzrə qeydiyyata alınmaqlarından əsassız olaraq imtina edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq bundan öncə də dəfələrlə Xətai rayon Polis İdarəsinə müraciət etsə də, qeydiyyata alınmalarından imtina edilmişdir. Məlumat üçün qeyd edir ki, yaşadığı evin yerləşdiyi ərazi ünvanlaşdırılmışdır. Həmçinin su, işıq, qaz, telefon kimi kommunal xidmətlərlə təmin edilmişdir. Yaşadığı evdə bütün kommunal xidmətlər mövcuddur. 08 mart 2015-ci il tarixindən kommunal ödənişləri edir və bütün kommunal xidmətlər onun adınadır. Bu da həmçinin həmin evdə yaşadığının bir daha sübutunu göstərən amillərdən biridir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi lazımi qaydada xəbərdarlıq edilmişlər. Cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsi məhkəməyə müraciət edərək işə səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmiş, digər iddiaçılar isə məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdehin nümayəndəsinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2015-ci il tarixli, AZE 1******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1975-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2015-ci il tarixli, AZE 14699811 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2017-ci il tarixli, AZE 17608463 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı3 xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 5 ünvanıdır. - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı4 xx.xx.2004-cü ildə doğulmuşdur. - Bakı şəhəri Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhrail oğlu və İddiaçı4 Bəhrail qızı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, 82B nömrəli evdə qeydiyyatsız yaşayırlar. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçı X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 018-28939Ə- 3222 №-li məktubun surətindən görünür ki, daxil olmuş elektron müraciətinə baxılmışdır. Bildirilir ki, yaşayış yeri üzrə qeydiyyata alınma üçün "Yaşayış yeri və olduğu yeri üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndinə əsasən, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini digər zəruri sənədlərlə birlikdə təqdim etdiyi təqdirdə onun yaşayış yeri üzrə qeydiyyata alınmağı məsələsinə baxıla bilər. Yaşadığı evin hüquqi sənədi olmadığından onun aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və ya mülki qaydada məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. - Cavabdeh tərəfindən iddiaçı X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 101-15446Ə №li məktubdan görünür ki, müraciətinə aidiyyatı üzrə baxıldı. O, İddiaçı2, İddiaçı3 və İddiaçı4 ilə birlikdə ünvan 6 ünvanına qeydiyyata alınmalarını xahişe tmişdir. Məlumat üçün bildirilir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Nəzərinə çatdırılır ki, onun qanunvericikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququ var. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Bəhrail oğlu və İddiaçı4 Bəhrail qızı ünvan 1 ünvanında qeydiyyatsız yaşayırlar. Həmin ünvan üzrə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçılar sözügedən ünvana qeydiyyata alınmaları ilə bağlı cavabdehə müraciət etmişlər. İddiaçılar yaşadıqları həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçılar cavabdeh inzibati orqanın imtinasını mübahisələndirirlər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçıların daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış sahəsinə köçüb yaşamalarına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçılar mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmalarını tələb etsələr də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşamalarını və buna hüquq verən sənədlərin, yəni ünvan 1 ünvanında yerləşən evə dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçı qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsas ən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8600/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8600/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver