Məhkəmə qərarları › İş №2-1(112)-8601/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8601/2023

19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8601/2023 19.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə çıxarışın və texniki pasportunun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 3-cü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə çıxarışın və texniki pasportunun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “40" saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və daşınmaz əmlakın texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa əsasən Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul olunmuş və sahəsi 500 kv.m. olan 40 nömrəli bağ sahəsi ona təhkim edilmiş, bu barədə ona bağçının üzvlük kitabçası verilmişdir. İddiaçı bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdeh iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti məhkəmə icraatına zəruri olaraq 3-cü şəxs qismində cəlb edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

Şifahi məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək məhkəmədə ona verilən suallara cavabında iddia ərizəsinin məzmunundan fərqli izahat verərək N.Nərimanov adına NQÇİ-nin işçisi və bagçılıgın üzvü olmadıgını, bagçılıq siyahısından xəbəri olmadıgını, Səngəçal bağ massivindən ona bag sahəsinin işdən ayrılmadıgını, bagçının üzvlük kitabçasını pulla bagçılıgın sədri deyilən şəxsdən aldıgını bildirmişdir. Sonda iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, iddiaçı müvafiq tələblə ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıqyoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya **********28 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli **********28 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatına alınmasından imtina edilmişdir. - Sahil bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 40 saylı protokolundan çıxarışın surətinə əsasən Əkbərli Racının ərizəsinə əsasən Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilməsi və sahəsi 500 kv.m. olan 40 №-li bağ sahəsinin ona təhkim olunması qərara alınmışdır. - İddiaçı adına verilmiş bağşının üzvlük kitabçasının təsdiq edilmiş surətinə görə o, Bağçılıq cəmiyyəti üzvlərinin 05.1999-cu il tarixli 4 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona Səngəçal qəsəbəsində Bağçılıq cəmiyyəti bağlarından sahəsi 500 kv.metr olan 40 №li bağ sahəsi xx.xx.1999-ci il tarixində qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli **********96/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına “Sahil” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində 40 saylı bağ sahəsinin ayrılmasına dair sənəd və həmin bağçılıq yoldaşlıq birliyinə dair bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Siyahıda iddiaçının adı yoxdur. - “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 157 nömrəli, 26 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddia olunan ərazinin sxemi olmadığına görə “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 40 saylı torpaq sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmaması, bağların sxematik xəritəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. İddia olunan ərazinin sxemi olmadığına görə “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 40 saylı torpaq sahəsinin digər torpaq sahəsi ilə eyni torpaq sahələri olub-olmaması, faktiki yeri və koordinatları ilə kəsişməsi və ya üst-üstə düşməsi, kəsişməsinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə qoşma olaraq tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-8.0.7.-ci maddələrinə görə 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır.

65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.

88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. İddiaçının tələbinin əsaslandığı hallara görə, “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa və bagçının üzvlük kitabçasına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “40" saylı bag sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı həmin sənədləri cavabdehə təqdim edib bag sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdehin imtinasının əsaslarına görə idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. İddiaçı hazırki iddia tələbində bag sahəsinin “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa və bagçının üzvlük kitabçasına əsaslanaraq ona ayrıldığı iddia etsə də, məhkəmə araşdırması zamanı iddiaçı N.Nərimanov adına NQÇİ-nin işçisi və bagçılıgın üzvü olmadıgını, bagçılıq siyahısından xəbəri olmadıgını, Səngəçal bağ massivindən ona bag sahəsinin işdən ayrılmadıgını, bagçının üzvlük kitabçasını pulla bagçılıgın sədri deyilən şəxsdən aldıgını bildirmişdir. Göründüyü kimi iddiaçı bagçılıgın üzvü olmamış və bag sahəsi ona bagçılıq üzvlərinin siyahısına uygun ayrılmamış, iddiaçının təqdim etdiyi bagçılıgın üzvlüyünə qəbulla baglı protokoldan çıxarışın və bagçının üzvlük kitabçasının surətinin həqiqiliyi şübhə dogurdugundan mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda iddiaçının bag sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsası yaranmadıgından cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə qanunvericiliyin tələbindən göründüyü kimi, bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlərin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Bununla baglı cavabdehin digər dəlillərini əsaslı sayan məhkəmə qeyd edir ki, işdə olan torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutuldugu halda, iddiaçı səlahiyyəti şəxs tərəfindən təsdiq edilmiş cizgini də təqdim etməmiş, onun şərti göstərdiyi torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Beləliklə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün tələb olunan sənəd – bağ sahəsinin iddiaçıya ayrılmasına dair hüquqmüəyyənedici sənədlər (kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş order, bagçılıgın üzvlük kitabçası) iddiaçı tərəfindən cavabdehə təqdim edilsə də, həmin sənədlərin mötəbərliyi şübhə dogurdugundan cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, onun dövlət qeydiyyatına alınmasından imtina edilir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə çıxarışın və texniki pasportunun verilməsi” barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar