Məhkəmə qərarları › İş №2-1(112)-8602/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8602/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8602/2024 25.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı (üçüncü şəxslər X8, X12 və X16) “qeydiyyatdan çıxarılma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı məhkəməyə müraciət edərək, üçüncü şəxslər X4, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X9 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2005-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Bakı Şəhəri İcra hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən qeydiyyat vəsiqəsi (seriya FM №037502) verilmişdir. İddiaçının oğlu X2 Təhminə Tofiq qızı ilə 06 aprel 2015-ci il tarixdə 3 saylı Bakı “Asan” qeydiyyat şöbəsində bağlanmış, 794 №li akt qeydi ilə rəsmiləşdirilmiş rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X16 adlı övladları doğulmuşdur. Nikahdan sonra X8, xx.xx.2016cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X16 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata düşmüşlər. Bir müddət yaşadıqdan sonra oğlu X11 X8 ilə münasibətləri pozulduğu, nikahları formal xarakter daşıdığı və ailənin bərpası qeyrimümkün olduğu üçün X8 xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X16 ilə birgə özünəməxsus cehiz əşyalarını götürərək, öz əvvəlki ünvan 2 ünvanına köçmüşdürlər. Üç aydan sonra oğlu tərəfindən nikahın pozulması iddiası ilə məhkəməyə iddia ərizəsi verilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsi (İş № 2(009)-299/2021, xx.xx.2021-ci il) tərəfindən iddiaçı X17 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 794 № nömrəli nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 anası X4 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin iddiaçı X10 tutularaq cavabdeh X5 verilməsi, iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı X13 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi barədə qətnamə qəbul edilmiş və qanuni qüvvəsini almışdır. X1 Azərbaycan Beynəlxalq Bankının Ağcabədi filialında işləyir, xx.xx.2016-cı il təvəllüdlü X12 isə Ağcabədi Rayon məktəbinin 2-ci sinifində təhsil alır. İddiaçı qeyd edir ki, artıq bir neçə ildir, iş üzrə üçüncü şəxslər başqa ünvanda yaşayırlar, lakin bu günə kimi mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxmamışlar. Nəticədə iddiaçı əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalmışdır. Bununla yanaşı həmin şəxslərin onun mənzilində qeydiyyatda olmaları mülkiyyətçi kimi mənzil üzərində sərəncam vermək hüququnu da məhdudlaşdırır. Üçüncü şəxslərin iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmaları üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edilmişdir. Lakin cavabdehin xx.xx.2024-cü il tarixli, /8/2 j- 9554 №-li məktubu ilə müraciətinin həllindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan məsələ ilə əlaqədar Bakı şəhər İnzibati Məhkəməsinə müraciət etməsi məqsədəmüvafiq hesab olunur. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, hesab edir ki, X4, X7 və X9 mülkiyyətində olan ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır.

3. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 tərəfindən “ona 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi” barədə qarşılıqlı iddia tələbi irəli sürülmüş və məhkəmənin icraatına qəbul edilməsi xahiş edilmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci y/m, 5-ci döngə, 356 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisi və üçüncü şəxsin keçmiş qayınatası İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı üçüncü şəxsin və iki azyaşlı uşaqlarının qeydiyyatda olduqları ünvandan qeydiyyatdan çıxarılmalarına dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının bu tələbə dair hüququna və haqqına hörmətlə yanaşdığını bildirərək, üçüncü şəxs onun da qanunla qorunan hüququna və haqqına eyni hörmətlə yanaşılmasını və onların da qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. Belə ki, üçüncü şəxs X8 iddiaçının evinə 2015-ci ildə gəlin köçmüşdür, iddiaçı onu ailə üzvü kimi qəbul etmiş və onun razılığı ilə iddiaçıya məxsus evə qeydiyyata alınmışdır. 2021-ci ilədək həmin evdə yaşamış və həmin evdə iki uşaq dünyaya gətirmişdir. 2021-ci ildə iddiaçının oğlu ilə nikahları ləğv edilmiş və üçüncü şəxs ata evinə qayıtmışdır. Lakin qeydiyyatda olduğu evin mülkiyyətçisi, yəni iddiaçı ilə onun arasında həmin evdən istifadə hüququna xitam verilməsi ilə bağlı razılaşma olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə “Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər və bundan sonra qeydiyyatdan çıxarıla bilər. Qanunun bu tələbinə uyğun olaraq, üçüncü şəxs hesab edir ki, iddiaçının ona 15.000 (on beş min) manat məbləğində kompensasiya ödəməsi müqabilində həmin ünvandan istifadə hüququna xitam verilərək, qeydiyyatdan çıxarıla bilər. Yəni iddiaçının məhkəmə qərarı qəbul edilənədək kompensasiya haqqını ödəyəcəyi təqdirdə məsələni barışıq sazişi ilə də həll edə biləcəklərini qeyd edir. Qeyd olunanlara və AR MM-nin 228.2-ci maddəsinin tələbinə əsaslanaraq, üçüncü şəxs məhkəmədən xahiş edir ki, ona 15.000 (on beş min manat) kompensasiya ödənilməsi müqabilində hər iki iddianın təmin edilməsi barədə qətnamə qəbul edilsin, əks halda ilkin iddia rədd edilsin.

5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, üçüncü şəxs X8 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 qarşılıqlı iddia tələbinin təmin olunacağı təqdirdə hər iki iddianının təmin edilməsi, əks halda isə ilkin iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həminçinin bildirir ki, onun istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydə alınmasına dair iddiaçı ilə notariat qaydasında bağlanmış müqavilə mövcud deyil. Lakin hesab edir ki, ailə üzvü kimi onun və uşaqlarının evdən istifadə hüququ var və yalnız kompensasiya verilməklə çıxarıla bilər.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

10. Məhkəmə hesab edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 32 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.

11. Məhkəmə qeyd edir ki, iddiaçı fərdi yaşayış evinin mülkiyyətçisidir.

12. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətlərietməkdən çəkinməyə dair iddia mümkün sayılır.

13. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddiamüddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

14. Məhkəmənin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə X8, X12 və X16 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.

15. Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə baxılmış, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, göstərilən məsələ ilə bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 (xx.xx.1994-cü il təvəllüdlü), X16 (xx.xx.2018-ci il təvəllüdlü) ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

17. CMS-AZEMİS elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən X12 (xx.xx.2016-cı il təvəllüdlü) ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

18. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən FM seriyalı, 037502 qeydiyyat nömrəli vəsiqənin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 5-ci döngə küçəsindəki 7 otaqdan ibarət ümumi sahəsi 418,7 kv.m, yaşayış sahəsi 214.4 olan, 356 saylı fərdi yaşayış evi İddiaçı adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır.

19. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X8, X12 və X9 ünvan 4 ünvanına dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat aşkar edilməmişdir.

20. Azərbaycan Respublikası Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən X6 ünvan 6 ünvanında daimi qeydiyyatda olduğu göstərilmişdir.

21. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin № 2(009)-299/2021, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X17 ilə cavabdeh X8 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 794 № nömrəli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 anası X4 yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2018-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında alimentin iddiaçı X10 tutularaq cavabdeh X5 verilməsi, iddia üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdeh X3 tutularaq iddiaçı X13 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi nəzərdə tutulmuşdur.

IV. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İİİ hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1-ci maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.

25. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. 01 oktyabr 2009-cu il tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən: 53 (3-cü hissə). Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər.

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən: ...Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər. (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).

29. Məhkəmə qeyd edir ki, köhnə Mənzil Məcəlləsi qüvvədə olduğu vaxt ünvan 1 ünvanı özəlləşdirilsə də, iddiaçının keçmiş ailə üzvü olan üçüncü şəxs X8 məhz 2015-ci ildə (həm 1 sentyabr 2000-ci ildən etibarən qüvvədə olan Mülki Məcəllə, həm də yeni Mənzil Məcəlləsi qüvvədə olan vaxt) yaşamağa başlamışdır.

30. Göründüyü kimi üçüncü şəxs X8 iddiaçının keçmiş ailə üzvüdür, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamaqla, tərəflər arasında müvafiq razılaşma olmamış, məhkəmənin qərarı (qətnaməsi) əsasında müəyyən müddətə istifadə hüququ verilməmiş, istifadə hüquqları qeydiyyata alınmamışdır. Odur ki, kompensasiyanın ödənilməsini tələb etməkdə haqlı olmamışdır.

31. İşin faktiki hallarına əsasən sözügedən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Hazırda fərdi yaşayış evində qeydiyyatda olan üçüncü şəxs yaşayış yerini dəyişməsinə baxmayaraq, fərdi yaşayış evindən qeydiyyatdan çıxmamışdır. Üçüncü şəxslər iddiaçıya məxsus fərdi yaşayış evində formal qeydiyyatdadırlar, hazırda faktiki olaraq həmin ünvanda yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdürlər.

32. Məhkəmə qeyd edir ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdəndə cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

33. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

34. “Yаşаyış yеri və оlduğu yеr üzrə qеydiyyаt hаqqındа” Аzərbаycаn Rеspublikаsının Qаnunundа şəxsin (şəхslərin) yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrılmаsının əsаslаrı Qanunun 9-cu maddəsində göstərilmişdir: Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

35. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 232-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

36. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

37. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə etdiyi mövqeyə əsasən: ... mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ...Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... ...Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxsin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. ...Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər....

38. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X8, X12 və X9 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazilriyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalı, qarşılıqlı iddia rədd edilməlidir.

39. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X8, X12 və X9 ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Üçüncü şəxs X4 “ona 15.000 (on beş min) manat məbləğində kompensasiya ödənilməsi” barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar