Məhkəmə qərarları › İş №2-1(112)-8604/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8604/2024

16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8604/2024 16.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixdə cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, 1 nəfər ailə tərkibi ilə yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilməlidir. Lakin həmin qaydalar müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Çernobıl əlili kimi güzəştli şərtlə mənzil növbəsinə götürülməsi ilə bağlı sərəncam verilmə öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında kirayədə yaşayır. Özünə məxsus evi yoxdur. Çernobıl AES-də qəzanın qarşısının alınması zamanı xəstəlik tapmışdır. Hazırda İ qrup müddətsiz əlildir. Bu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-sosial Ekspert Komissiyasının verdiyi arayışla təsdiq olunur. Mənzil növbəsinə götürülmə ilə əlaqədar Cavabdehnə müraciət etsə də, cavab məktubunda ona bildirilmişdir ki, “Azərbaycan Respublikası mənzil Məcəlləsinin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydaları müvafiq İcra Hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirləri Kabineti) tərəfindən müəyyən edilmədiyindən vətəndaşların yaşayış yeri üzrə Rayon İcra Hakimiyyətində mənzil növbəsinə qəbul edilməsi dayandırılmışdır. Həmin qaydalar müəyyən edildikdən sonra qaldırdığınız məsələyə yenidən baxılacaq”. Cavabdeh imtinası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Prezdentinin gözdən əlillərlə bağlı sərəncamının olmasına baxmayaraq onu mənzil növbəsinə əsassız olaraq qəbul etmirlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd edilir ki, vətəndaçın yaşayış sahəsinə ehtiyacı olan qisimdə uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti oraqanı tərəfidən müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi bununla bağlı hüquqi tənzimlənməsi məsələləri haqqında AR prezidentinin xx.xx.2009-cu il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti 3 ay müddətində Mənzil Məcəlləsinin 51.7-ci maddəsində qeyd olunan qaydaları Azərbaycan Respublikasının prezidenti ilə razılaşdırılaraq təsdiq edilməlidir. Lakin həmin qaydalar Nazirlər Kabineti tərəfindən müəyyən edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-c il tarixli məktubndan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2003-cü ilədək ünvan 2 ünvanında, xx.xx.2003-cü ildən xx.xx.2010-cu ilədək ünvan 3 ünvanında, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilədək ünvan 4 ünvanında, xx.xx.2019-cu ildən isə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və Çemobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəbindən müddətsiz birinci dərəcə əlillik təyinatı aparılmışdır. İddiaçı hazırda birinci dərəcə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxs kimi yaşayış sahəsinə ehtiyacı olduğunu bildirərək, mənzil növbəsinə götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: -maddə 4. X14 qəzasının ləğvində iştirak etmiş və zərər çəkmiş vətəndaşlara verilən pul kompensasiyalarının növləri, miqdarı və güzəştlər müəyyən edilir. -maddə 5. Bu Qanun aşağıdakı vətəndaşlara şamil olunur:

1. Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş və ya bu xəstəliyi keçirmiş, habelə əlilliyi müəyyən edilmiş şəxslər. - maddə 6. Bu Qanunun 5-ci maddəsinin 1-ci bəndində göstərilən şəxslər aşağıdakı hüquqlara malikdirlər:

5. Əgər şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilərsə, ərizə verdiyi gündən bir il müddətində növbədənkənar mənzil sahəsi ilə təmin olunmaq. Göründüyü kimi, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərə müəyyən güzəştlər vermişdir, hansı ki, bunlardan biri də növbədənkənar mənzil sahəsi ilə təmin olunmaqdır. Lakin qanunverici bu güzəşti o şəxslərə aid etmişdir ki, həmin şəxs mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilsin. Şəxsin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Məcəlləyə əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. - maddə 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. - maddə 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. - maddə 49.6. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən kateqoriyadan olan vətəndaşlar üçün fərqli uçot norması və ya dövlət mənzil fondundan sosial kirayə müqavilələri əsasında verilən yaşayış sahələrinin ümumi normadan daha yuxarı ayrılma norması müəyyən edilə bilər. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). - maddə. 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. - maddə. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. - maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Sadalanan normalardan görünür ki, şəxsin mənzillə təmin edilməsi üçün onun yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi, yəni yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması zəruridir. Uçota alınma üçün isə şəxsin ya yaşayış sahəsi olmamalı, ya da həmin sahənin ölçüsü uçot normasından az olmalıdır. Lakin əgər şəxsin yaşayış sahəsi olarsa və o, yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətlərə yol verərsə, həmin hərəkətdən beş ildən tez yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilməz. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il 3-21-3-30/2-22543/2024 nömrəli məktubundan görünür ki: -ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasına dair ümumibirgə əsaslarla Cəfərov MirX8 və X2 adlarına 000473 nömrəli 21.11,2000-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə” verilmişdir, lakin Bakı şəhəri 46 saylı notariat kontorunun 4Ə-378 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir; - ünvan 6 ünvanı xx.xx.2003- cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 46 saylı notariat kontorunun 4Ə-182 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir; -ünvan 7 ünvanı xx.xx.1992-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 2 saylı notariat kontorunun 3-M/1036 reyestr nömrəli xx.xx.1994-cü il tarixli dəyişdirmə müqaviləsinə əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir; -ünvan 8 ünvanı xx.xx.1994-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 41 saylı notariat kontorunun 3M/A-675 reyestr nömrəli xx.xx.2000-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əsasən digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. Həmçinin işdə olan xx.xx.2003-cü il tarixli müqavilədən görünür ki, X6 ünvan 9 ünvanında yerləşən yaşayış sahəsi 29 kv.metr, ümumi sahəsi 40 kv.metr olan iki otaqlı mənzili İddiaçı mülkiyyətinə vermişdir. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventariaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən xx.xx.2003 tarixdə verilmiş 30/15759 qeydəalma nömrəsi ilə 436 nömrəli kitabın 63144 -ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsi əsasında onun xüsusi mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 40 kv.m olan mənzili X1. Göründüyü kimi, iddiaçının mülkiyyətində sosial ayırma normasına uyğun yaşayış sahəsi olmuş, lakin 2023-cü ildə həmin mənzili satmış, bununla da yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsi ilə nəticələnə biləcək hərəkətə yol vermiş, həmin hərəkətin edildiyi tarixdən isə 5 ildən artıq müddət keçməmişdir. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə görə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işin hallarına əsasən iddiaçının mülkiyətində olan mənzili satması ilə bağlı Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş müddət bitmədiyindən cavabdehin imtinası əsaslı hesab edilməlidir. Məhkəmə xüsusilə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. Hazırkı halda iddiaçıya münasibətdə eyni mövqe ona görə tutulmur ki, o, özünün həqiqətən də sosial müdafiəyə, həyat şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs olmasını sübuta yetirə bilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə cavabdehin imtinası ilə razılaşır və hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar