Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8608/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı Azərbaycan Respublikası X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla dövlət qulluğu münasibətinin müəyyən edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (bundan sonra Nazirlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun inzibati vəzifələr üzrə 12 il 8 ay dövlət qulluğu stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu kimi müəyyən (təsdiq) edilməsi və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməyi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-8608/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun xx.xx.2008-ci ildən xx.xx.2021-ci il tarixinədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onun barəsində məlumatların dövlət qulluqçularının reyestri informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixindən hazırki vaxtadək Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentində müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2008-ci il tarixdən dövlət qulluqçusu vəzifəsinə təyin edilərək, məsləhətçi, aparıcı məsləhətçi, baş məsləhətçi vəzifələrində işləmişdir, işlədiyi vəzifələr dövlət qulluğu vəzifəsi olduğu üçün ona əvvəlcə kiçik dövlət qulluqçusu, daha sonra isə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcələri verilmişdir. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə çalışdığı Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi vəzifəsində dövlət qulluğuna xitam verilmiş, xx.xx.2021-ci il tarixdə həmin vəzifəyə müvəqqəti olaraq təyin olunmuş və hazırda da həmin vəzifədə çalışır. xx.xx.2022ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edərək, inzibati vəzifələr üzrə 12 il 8 ay dövlət qulluğu stajının etibarlı dövlət qulluğu münasibətinin mövcudluğu kimi müəyyən (təsdiq) edilməsi və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsini xahiş etmişdir. Lakin xx.xx.2022-ci il tarixli, 5/C-144-09 nömrəli cavab məktubu ilə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Göstərilən səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh orqanın müraciətinin təmin edilməsindən imtinası əsassızdır. Ərizəsinə əlavə etdiyi əmək kitbaçasından da müəyyən etmək olar ki, o Nazirlikdə xx.xx.2008-ci ildən etibarən məsləhətçi, aparıcı məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yadımçı vəzifələrin təsnifat toplusunun” 1.9-cu bəndində işlədiyi vəzifələrin dövlət orqanında inzibati vəzifələr sayılır. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli, 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Bu səbəbdən iddiaçının ərizəsində qeyd etdiyi tələbin həyata keçirilməsi imkanları xaricindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin edilməməsi xahiş edilmişdir. Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, dövlət qulluğuna qəbul "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Dövlət Qulluqçularının Reyestrinə əsasən İddiaçı 2008-ci ildə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla müsabiqədən keçmədən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Müşahidə sistemlərinin və istehsalın təşkili sektoruna inzibati vəzifələrin 7-ci təsnifatına aid olan aparıcı məsləhətçi vəzifəsinə dövlət qulluğuna qəbul edilmişdir. Azərbaycan Respublikasının X13 tərəfindən aparılan məlumat bazalarında İddiaçı dövlət qulluğuna qəbulla bağlı hər hansı müsabiqədə iştirak etməsi qeydə alınmamışdır. İddiaçı qeyd edilən vəzifəyə müsabiqədən keçməklə təyin edilməli olduğu halda bu cür prosedurdan keçmədən - birbaşa dövlət qulluğuna qəbul edilmişdir. İddiaçı dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1 -ci maddəsində “dövlət qulluqçusu”nun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu həmin Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Maddədən də göründüyü kimi dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs həmin Qanunla müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İnzibati vəzifə üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması prosedurları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuşdur. İddiaçı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.4-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının X13 yaradılmış, 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış, 2017-ci ilin yanvarından fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X13 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının X13 dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildə müvafiq dövlət orqanlarına məktublar ünvanlamışdır. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində inzibati dövlət qulluğu vəzifələrinə müsabiqədə iştirak etmədən qəbul edilmiş 3 nəfər şəxs müəyyən edilmiş, qanunvericilik tələblərinin pozulması hallarının aradan qaldırılması ilə bağlı məsələnin araşdırılması və müvafiq tədbirlərin görülməsi barədə Mərkəzə məlumat verilməsi xahişi 2017-ci ilin noyabr ayında dövlət orqanına bildirilmiş və sözügedən şəxslərin siyahısı, o cümlədən İddiaçı barədə məlumatlar dövlət orqanına təqdim edilmişdir. Eyni məsələ ilə bağlı 14 may 2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli məktubla Azərbaycan Respublikasının X13 tərəfindən Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Həmin məktubda İddiaçı məlumatları da öz əksini tapmışdır. Mərkəz tərəfindən dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması halları barədə yenidən 18 dekabr 2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktubla Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasına müraciət edilmişdir. Qeyd edilən məktubda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında İddiaçı dair məlumatlar yenidən öz əksini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İddiaçı ilə bağlı qanunsuz inzibati aktın qəbul edilməsi halı Mərkəzə fəaliyyətə başladığı tarixdən 1 il keçmədən məlum olmuş və həmin müddət ərzində bu qanunsuz inzibati aktla bağlı qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir. İddiaçı dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə 08 avqust 2021 -ci il tarixində xitam verilmişdir. Əlavə olaraq bildirilir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Qanununun keçid müddəalarına uyğun olaraq 2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər müddətsiz “Dövlət qulluğu sertifikatı” almış dövlət qulluqçularına bərabər tutulurlar. Eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli, 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (yəni 10 avqust 2016-cı il tarixədək) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş (2021-ci il iyulun 1-dək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluğuna qəbul olunmuş, on il və daha çox qulluq stajı olan dövlət qulluqçuları, habelə əvvəllər azı on il dövlət qulluğunda çalışmış və yenidən dövlət qulluğuna qəbul olunan şəxslər istisna olmaqla) və on ildən az qulluq stajı olan dövlət qulluqçuları daha yüksək inzibati vəzifənin tutulması üçün müraciət etdiyi halda dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə sertifikat əldə etməlidirlər. Qanundan da göründüyü kimi qanunvericilikdə şəxsin (dövlət qulluqçusunun) dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qəbul edilmiş olması dəfələrlə vurğulanır, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmadan dövlət qulluğuna qəbul olunmuş şəxslərə münasibətdə hər hansı status müəyyən edilməmişdir. Yuxarıda artıq qeyd olunduğu kimi İddiaçı 2008-ci ildə dövlət qulluğuna qəbulu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri gözlənilmədən həyata keçirilmişdir. Yuxarıda qeyd edilənləri və İddiaçı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edildiyini nəzərə alaraq onun “dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi” barədə iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ərizəsinin etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının xx.xx.2018-ci il tarixli, seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur. - İddiaçı məxsus ИТ-İ ******* nömrəli, xx.xx.2003-cü il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2008-ci ilədək Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun uzunmüddətli Hidrometeoroloji Proqnozlar şöbəsinə aparıcı mühəndis sinoptiki, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək Milli Hidrometeorologiya Departamentinin İstehsalın təşkili və Hidrometeoroloji xidmət sektorunda, Müşahidə sistemlərinin və istehsalın təşkili sektorunda aparıcı məsləhətçi, xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilədək Hidrometeoroloji xidmət sektorunda baş məsləhətçi, xx.xx.2018-ci ildən xx.xx.2020-ci ilədək struktur dəyişikliyi ilə əlaqədar Milli Hidrometeorologiya Departamentinin Hidrometeroloji xidmət və marketinq sektoruna baş məsləhətçi, xx.xx.2019-cu ildə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək Struktur dəyişikliyi ilə əlaqədar Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi, xx.xx.2021-ci ildə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilib, xx.xx.2021-ci ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə müvəqqəti olaraq təyin edilib. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2874-09 nömrəli məktuba əlavə edilmiş: - Nazirlik tərəfindən verilmiş 11 noyabr 2008-ci il tarixli, 661/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdən Milli Hidrometeorologiya Departamentinin İstehsalın təşkili və hidrometeoroloji xidmət sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilmişdir. - Nazirlik ilə X8 arasında bağlanmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 3 ay müddətinə bağlanmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 24 sentyabr 2009-cu il tarixli, 283/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı 11.11.08-11.11.09-cu il dövrü hesabına xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək 30 təqvim günü müddətinə əsas əmək, 02 təqvim günü əmək stajına görə məzuniyyət verilmişdir. - Nazirlik tərəfindən verilmiş 19 aprel 2010-cu il tarixli, 187/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdən Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji xidmət sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmişdir və həmin tarixdən Müşahidə sistemlərinin və istehsalın təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsindən azad edilmişdir. - Nazirlik ilə X8 arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 3 ay müddətinə bağlanmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 02 avqust 2010-cu il tarixli, 196/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı 11.11.09-11.11.10-cu il dövrü hesabına xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 30 təqvim günü müddətinə əsas əmək, 02 təqvim günü əmək stajına görə məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 07 oktyabr 2011-ci il tarixli, 559/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2010-xx.xx.2011-ci il dövrü hesabına xx.xx.2011-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 30 təqvim günü müddətinə əsas əmək, 02 təqvim günü əmək stajına görə məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 11 dekabr 2012-ci il tarixli, 602/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı 11.11.11-11.11.12-ci il dövrü hesabına xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək 30 təqvim günü müddətinə əsas əmək, 02 təqvim günü əmək stajına görə məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 15 may 2013-cü il tarixli, 267/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı 11.11.12-11.11.13-cü il dövrü hesabına xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək 30 təqvim günü müddətinə əsas əmək, 02 təqvim günü əmək stajına görə məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 08 yanvar 2014-cü il tarixli, 12/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı 11.11.13-11.11.14-cü il dövrü hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 15 təqvim günü müddətinə əsas əmək məzuniyyəti verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 11 iyun 2014-cü il tarixli, 514/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İdarəetmə aparatının Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı 11.11.13-11.11.14-cü il dövrü hesabına xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 15 təqvim günü müddətinə əsas əmək, 04 təqvim günü əmək stajına görə məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 20 avqust 2014-cü il tarixli, 748/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Milli Hidrometrologiya Departamentinin Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək 126 təqvim günü hesabı ilə hamiləlik və doğuşa görə ödənişli məzuniyyətə buraxılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 06 yanvar 2015-ci il tarixli, 14/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Milli Hidrometrologiya Departamentinin 748/KM, 20 avqust 2014-cü il tarixli əmrinə əlavə olaraq Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 126 təqvim günü hesabı ilə hamiləlik və doğuşa görə ödənişli məzuniyyətinə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 14 təqvim günü əlavə olunmuşdur. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 08 yanvar 2015-ci il tarixli, 17/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə kimi qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 06 oktyabr 2015-ci il tarixli, 692/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 126 təqvim günü hesabı ilə hamiləlik və doğuşa görə ödənişli məzuniyyətə buraxılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 10 fevral 2016-cı il tarixli, 69/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Milli Hidrometrologiya Departamentinin 692/KM, xx.xx.2015-ci il tarixli əmrinə əlavə olaraq Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 126 təqvim günü hesabı ilə hamiləlik və doğuşa görə ödənişli məzuniyyətinə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək 14 təqvim günü əlavə olunmuşdur. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 22 fevral 2016-cı il tarixli, 122/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hidrometeroloji Xidmət sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi qismən ödənişli sosial məzuniyyətə buraxılmışdır. - Nazirlik tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 888/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji xidmət və marketinq sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmiş və həmin tarixdən Departamentin Hidrometeoroloji xidmət sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilmişdir. - Nazirlik ilə X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən müddətsiz bağlanmışdır. - Nazirlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 412/Ü nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, baş məsləhətçi İddiaçı 7 il dövlət qulluğu stajına uyğun olaraq xx.xx.2019-cu il tarixdə kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 17 sentyabr 2019-cu il tarixli, 829/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hidrometeroloji xidmət və marketinq sektorunun baş məsləhətçisi İddiaçı xx.xx.2018-xx.xx.2019-cu il dövrü hesabına xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 30 təqvim günü müddətinə əsas əmək məzuniyyəti, 06 təqvim günü əmək stajına görə, 02 təqvim günü iki azyaşlı uşağı olduğuna görə əmək məzuniyyəti verilmişdir. - Nazirlik tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 254/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və və həmin tarixdən Milli Hidrometeorologiya Departamentinin Hidrometeorloji xidmət və marketinq sektorunun baş məsləhətçisi vəzifəsindən azad edilmişdir. - Nazirlik ilə X8 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 205 nömrəli daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanılan əmək müqaviləsinin surətindən görünür ki, tərəflər arasında əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq bağlanılmışdır. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometrologiya Departamenti tərəfindən verilmiş 25 noyabr 2020-ci il tarixli, 890/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi İddiaçı xx.xx.2019-xx.xx.2020-ci il iş dövrü hesabına xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək 30 təqvim günü müddətinə əsas məzuniyyət, 6 təqvim günü müddətinə əmək stajına görə, 2 təqvim günü 2 azyaşlı uşağı olduğuna görə əlavə məzuniyyət verilmişdir. - Nazirlik tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli, 916/Ü nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 2020-ci il ərzində hidrometeroloji məlumatların toplanması və təhlili, hidrometeroloji proqnozların və xəbərdalıqların hazırlanması və aidiyyəti üzrə çatdırılması, kadr işinin təşkili, ödənişlərin təmin edilməsi və digər vəzifələrin icrasında fərqlənmiş əməkdaş kimi aparıcı məsləhətçi İddiaçı 1 aylıq vəzifə maaşı məbləğində mükafatlandırılmışdır. - Nazirlik tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 407/Ü nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, aparıcı məsləhətçi İddiaçı 12 il 6 ay dövlət qulluğu stajına uyğun olaraq xx.xx.2022-cu il tarixdə 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometrologiya Xidməti tərəfindən verilmiş 12 iyul 2021-ci il tarixli, 639/KM nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il iş dövrü hesabına xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək 15 təqvim günü müddətinə məzuniyyət verilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli, 678/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Milli Hidrometrologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi – 3-cü dərəcə dövlət qulluqçusu İddiaçı xx.xx.2021-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. - Nazirlik tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, 686/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi vəzifəsinə müvəqqəti olaraq 6 ay müddətinə təyin edilmişdir. - Nazirlik ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, əmək müqaviləsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. - Nazirlik tərəfindən verilmiş 09 fevral 2022-ci il tarixli, 123/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən bir ay müddətinə uzadılmışdır. - Nazirlik tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli, 502/K nömrəli əmrin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş sektorunun müvəqqəti təyin edilmiş aparıcıməsləhətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən öz xahişi ilə xitam verilmişdir. - İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqısı barədə arayışdan görünür ki, İddiaçı 2019-cu ilin yanvar ayından əmək stajına görə əlavə, 2019cu ilin iyun ayından ixtisas dərəcəsinə görə əlavə hesablanaraq əmək haqqı ödənilmişdir. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 5/C-144-09 №-li məktubdan görünür ki, onun daxil olmuş 06 aprel 2022-ci il tarixli “inzibati vəzifələr üzrə 12 il 8 ay dövlət qulluğu stajının etibarlı dövlət qulluğu mübasibətinin mövcudluğu kimi müəyyən (təsdiq) edilməsi və onun dövlət qulluqçularının reyestri siyahısına daxil edilməsi barədə” müraciətinə tərəflərindən baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Bununla əlaqədar müraciətində qeyd etdiyi məsələlərin təmin edilməsi imkanları xaricindədir. - Azərbaycan Respublikası X13 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-1819 №-li məktubdan görünür ki, X13 “Dövlət qulluqçularının Reyestri” informasiya sistemini ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X6 üzrə Komissiyadan 2017-ci ilin fevral ayında təhvil almışdır. Müəyyən edilmişdir ki, həmin dövrdə təhvil alınmış Reyestrdə dövlət qulluqçuları haqqında məlumatların dövlət orqanları tərəfindən sistemə ilk dəfə daxil edilmə tarixlərinin qeydiyyatı mövcud olmamışdır. Bu səbəbdən İddiaçı haqqında məlumatların çalışdığı dövlət orqanı tərəfindən “Dövlət qulluqçularının Reyestri” informasiya sisteminə ilk dəfə daxil edilməsinin tarixi ilə bağlı Mərkəzin verilənlər bazasında məlumat yoxdur. - X12 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış xx.xx.2017-ci il tarixli, 01/xx-xx/1548 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyul tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən dövlət orqanının rəhbəri dövlət orqanında vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə keçirilməsi barədə qərar qəbul edir və bu barədə Azərbaycan Respublikasının X13nə məlumat verir. Bildirilir ki, “Dövlət qulluqçularının Reyestri” sisteminə daxil edilmiş məlumatlara əsasən rəhbərlik etdikləri dövlət orqanında daxili müsahibə və ya ümumi müsahibə, yaxud müsahibə üçün təqdim olunmamış inzibati vəzifələrin birinci-yeddici təsnifatlarına uyğun 199 vakant vəzifə mövcudur, 15 nəfər əməkdaş isə dövlət qulluğuna müvafiq qanunvericiliyinə uyğun olmadan qəbul edilmişdir. Məsələnin araşdırılmasına, dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılmasına və bu barədə X7 məlumatlandırılmasına göstəriş verilməsi xahiş edilmişdir. - “Dövlət qulluqçularının Reyestri” sistemi üzrə dövlət qulluğuna müvafiq qanunvericiliyə uyğun olmadan qəbul edilmiş dövlət qulluqçuları haqqında xx.xx.2017-ci il tarixli məlumatdan görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi İddiaçı 7-ci təsnifatı üzrə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1DA/991-01-09 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının 2018-ci il 24 may tarixli, 2/473 nömrəli məktubuna uyğun olaraq X7 2018-ci il 14 may tarixli, 01/xx-xx/1323 nömrəli məktubunda qeyd edilən məsələlər araşdırılmışdır. Siyahıda adları qeyd olunan Meşələrin İnkişafı Departamentinin baş məsləhətçisi X4, X11 Departametinin sektor müdiri X9 və Milli Hidrometerologiya Departamentinin baş məsləhətçisi İddiaçı dövlət qulluğu məsələsinə görə mahiyyəti üzrə aydınlaşmalar aparılmışdır. Məlumdur ki, dövlət qulluğunda müsabiqənin tətbiqinə 2007-ci ildən başlanılmış və bu baxımdan yalnız üç nəfərin müsabiqədən kənar işə qəbul edilməsinin bu prosesin ilkin mərhələlərində olduğunu, həmin şəxslərin uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sistemində işgüzar və səmərəli fəaliyyətlərini (o cümlədən G.Məmmədovaya 2007-ci ilin oktyabrından Meşələrin İnkişafı Departamentinin kadrlar üzrə məsləhətçisi vəzifəsi həvalə edilmişdir), bununla əlaqədar dövlət qulluğundan müvafiq ixtisas dərəcələrinə malik olmalarını, ailə vəziyyətlərini, sosial və digər obyektiv amillərin nəzərə alınması xahiş edilir. Eləcə də qeyd edilir ki, bu şəxslərdən İddiaçı hal-hazırda ailə vəziyyəti ilə əlaqədar sosial məzuniyyətdədir. - X13 tərəfindən Azərbaycan Respublikasının X1 və kadr məsələləri şöbəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli, 01/xx-xx/3566 nömrəli məktubun lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, 08 sentyabr 2018-ci il tarixli, 15/2426 nömrəli məktuba uyğun olaraq bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aidiyyəti dövlət orqanları ilə birgə yenidən araşdırılmışdır. Araşdırma nəticəsində qanunvericiliyə uyğun olmayan hallardan bəzilərinin Dövlət Qulluqçularının Reyestrinə məlumatların səhv daxil edilməsi ilə bağlı olduğu müəyyən edilmişdir. Bu məlumatlarda dövlət orqanları tərəfindən müvafiq düzəlişlər aparılmış və səhvlər aradan qaldırılmışdır. Bəzi hallarda isə qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin dövlət qulluğuna xitam verilmişdir. Araşdırmanın nəticələrini və dövlət orqanlarının fəaliyyətində 80 nəfərə aid dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları barədə dəqiqləşdirilmiş məlumatlar təqdim edilir. Təqdim edilən məlumatlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən İddiaçı xx.xx.2008-ci il tarixdə müsabiqədən kənar dövlət qulluğunda inzibati vəzifəyə təyin edilməsi qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Nazirliyin 11 noyabr 2008-ci il tarixli, 661/K nömrəli əmri ilə X8 xx.xx.2008-ci il tarixdən Milli Hidrometeorologiya Departamentinin İstehsalın təşkili və hidrometeoroloji xidmət sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş, onunla 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. Nazirliyin 19 aprel 2010-cu il tarixli, 187/K nömrəli əmri ilə X8 xx.xx.2010-cu il tarixdən Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji xidmət sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmiş, onunla 3 ay müddətinə əmək müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2014-cü ildən xx.xx.2018-ci il tarixə kimi sosial məzuniyyətdə olmuşdur. Nazirliyin xx.xx.2018-ci il tarixli, 888/K nömrəli əmri ilə İddiaçı xx.xx.2018-ci il tarixdən struktur dəyişikliyi ilə əlaqədar Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji xidmət və marketinq sektoruna baş məsləhətçi vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi xx.xx.2018-ci il tarixdən müddətsiz bağlanmışdır. Nazirliyin xx.xx.2019-cu il tarixli, 412/Ü nömrəli əmri ilə baş məsləhətçi İddiaçı 7 il dövlət qulluğu stajına uyğun olaraq kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Nazirliyin xx.xx.2020-ci il tarixli, 254/K nömrəli əmri ilə İddiaçı xx.xx.2020-ci il tarixdən Milli Hidrometeorologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektoruna aparıcı məsləhətçi vəzifəsinə təyin edilmiş və onunla xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq əmək müqaviləsi bağlanılmışdır. Nazirliyin xx.xx.2021-ci il tarixli, 407/Ü nömrəli ilə aparıcı məsləhətçi İddiaçı 12 il 6 ay dövlət qulluğu stajına uyğun olaraq xx.xx.2022-cu il tarixdə 3cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Nazirliyin 02 avqust 2021-ci il tarixli, 678/K nömrəli əmri ilə Milli Hidrometrologiya Xidmətinin Hüquqi təminat, insan resursları və sənədlərlə iş şöbəsinin İnsan resursları və hüquqi təminat sektorunun aparıcı məsləhətçi – 3-cü dərəcə dövlət qulluqçusu İddiaçı xx.xx.2021-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə dövlət qulluğuna xitam verilmişdir. Hazırda iddiaçı onun xx.xx.2008-ci ildən xx.xx.2021ci il tarixinədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən (təsdiq) edilməsi və onun barəsində məlumatların Nazirlik tərəfindən dövlət qulluqçularının reyestri informasiya sisteminə daxil edilməsinin inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın: - 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. - 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. - 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikasının X13 tərəfindən aparılır. - 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən, əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır; 2.0.11-ci maddəsinə əsasən, əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. - 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. - 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. - 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz. 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. - 67.11-ci maddəsinə əsasən, maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır; - 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı əsaslandığı xx.xx.2008-ci il tarixli inzibati aktda onun dövlət qulluğuna dair qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət qulluğuna qəbul edilməsi qeyd olunmamışdır. Yəni o, müddətli olaraq dövlət qulluğu vəzifəsini tutmuşdur. Bundan əlavə X5 xx.xx.2017-ci il tarixli, 01/xx-xx/1548 nömrəli məktubu ilə iddiaçının dövlət qulluğu və vəzifəsinin müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan tutması və həmin pozuntunun aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi cavabdehə həvalə edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına ünvanlanmış xx.xx.2018-ci il tarixli, 1DA/991-01-09 nömrəli məktubda iddiaçının dövlət qulluğuna müsabiqədən kənar işə qəbul edilməsi etiraf edilmişdir. Belə olan halda iddiaçıya xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən dövlət qulluğunun ixtisas dərəcəsinin verilməsi zamanı dövlət qulluğuna dair qanunvericiliyin tələbləri yenidən pozulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2008-ci ildə qəbul olunmuş inzibati aktla iddiaçının dövlət qulluğu vəzifəsini müddətli olaraq tutduğu müəyyən olunduğundan, X13 tərəfindən iddiaçının qanunsuz olaraq cavabdeh inzibati orqanda dövlət qulluğu vəzifəsini tutması müəyyən edilərək cavabdehə müvafiq məktub ünvanlandığından, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri nəzərə alınmadan iddiaçıya ixtisas dərəcəsi verildiyindən iddiaçının iddia tələbi əsaslı hesab edilə bilməz. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: - 16.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir; - 17.1-ci maddəsinə əsasən, ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir; - 17.3-cü maddəsinin 3-cü cümləsinə əsasən, ixtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi” Qaydasının 7-ci bəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən aşağıdakı dövrlər nəzərə alınır: dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; məhkəmə və ya müvafiq səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş dövlət qulluqçusunun məcburi işburaxma dövrü; dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; dövlət qulluğu vəzifəsinin və əmək haqqının saxlanılması şərti ilə dövlət qulluqçusunun dövlət qulluğundan ayrıldığı müddət; əmək qabiliyyətinin müvəqqəti itirildiyi müddət; ödənişli məzuniyyət dövrləri. Beləliklə, məhkəmə işin müəyyən edilmiş faktiki hallarına qeyd olunan maddi hüquq normalarının tələblərinə müvafiq qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8608/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8608/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver