Məhkəmə qərarları › İş №2-1(112)-861/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-861/2025

02.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-861/2025 02.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanmaqla artırılması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, iddia tələbi “əmək pensiyasının yenidən hesablanmaqla artırılmasının cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbinin məzmunundan görünür ki, iddiaçı ona təyin olunmuş pensiya məbləğindən narazıdır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya hüququnun yarandığı 1 sentyabr 2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 39935,32 manat pensiya sığorta kapitalına görə əmək pensiyası Qanunun 45-ci maddəsinin ikinci cümləsinin həmin tarixə qüvvədə olan tələblərinə uyğun qaydada 200,68 manat ((39935,32:199 ay (65 il-60 il 5 ay=55 ay+144 ay)=199 manat)) məbləğində müəyyən edilməli olduğu halda, texniki səhv səbəbindən fərdi hesabının sığorta hissəsində düzgün müəyyən edilməmiş 56446,35 manat pensiya sığorta kapitalına görə onun əmək pensiyası 283,65 manat müəyyən edilib. Qeyd olunanlara əsasən, ona 2670,73 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Əlavə olaraq bildiririk ki, Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar iddiaçının əmək pensiyası 01.01,2024-cü il tarixindən 337,77 manat təşkil edir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı 761232 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli **********0 nömrəli əmək pensiyasının təyin edilməsi haqqında qərarına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə 283.65 manat pensiya təyin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17- 1/3-37120/2023 nömrəli Əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən pensiyanın təyin olunduğu tarix xx.xx.2021-ci il, yenidən hesablamanın səbəbi: 37.3.1-2006-cı il tarixdən sonra mdss bölüşdürülməmiş məbləğlərə əsasən xx.xx.2021xx.xx.2021-ci il tutulsun, hazırki pensiya məbləği 355 manat 51 qəpik, yenidən hesablanmış pensiya məbləği 303 manat 75 qəpik. xx.xx.2021-xx.xx.2021 kimi 200,68 manat, xx.xx.2022-xx.xx.2022- kimi 248,16 manat, xx.xx.2023-dən ömürlük 303,75 manat. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13530/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-7120/2023 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı pensiyadan tutulmaların aparılması hissəsində ləğv edilmiş, İddiaçı ödənilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğindən 2023-cü ilin aprel ayından etibarən tutulan vəsaitin geri qaytarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə üzərinə qoyulmuşdur. DSMF tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, əmək fəaliyyətli olduğu sığortaedənlər X1 "xxxx" ASC, "xxxx" MMC (SUN: **********8), "xxxx" QSC (SUN: **********4), “Ultra National Services” (SUN: **********2), "xxxx" MMC (SUN: **********1), “X3 X2 Danışmanlık İnşaat Limited Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (SUN: **********0), “X7 Şirketi”nin Azərbaycan Respublikasındakı Filialı (SUN: **********5), “X8” MMC (SUN: **********3), "xxxx" MMC (SUN: **********2) tərəfindən müvafiq dövrlər üzrə İddiaçı xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə ödənilmiş məcburi dövlət sosial sığorta haqları tam məbləğdə, “X6” MMC (SUN: **********1) və 'Azər Tikinti Qrup” MMC (SUN: **********9) tərəfindən isə xeyrinə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına nisbətdə uyğun olaraq 12,63 manat və 35,47 manat az məbləğdə ödənilərək fərdi şəxsi hesabında öz əksini tapmışdır. Sığortaedənlər tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış debitor borc ödənildikcə ödənişlərin İddiaçı və digər sığortaolunanların fərdi şəxsi hesablarında hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq proporsional qaydada bölüşdürülməsi təmin edilir. Yazılı rəydən görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı tərəfindən 5 mart 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və sonradan İddiaçı əmək pensiyası 1 sentyabr 2021-ci il tarixindən yenidən hesablanıb. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra Qanun) 27-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 306 manat götürülməklə 1 yanvar 2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan (hüququnun yarandığı günədək) pensiya kapitalının cəmindən hesablanır. Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş ikinci cümləsinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2021-ci il tarixinə kişilərə münasibətdə 65 il) arasındakı ayların sayı qədər artırılır. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, adıçəkilən şəxsin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 22 il 9 ay 6 gün təşkil edir. Bununla əlaqədar 1 yanvar 2006-cı il tarixinədək iş stajına uyğun olaraq Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 35,01 manat (22,77 il x 306 manat: 199 ay (65 il -60 il 5 ay =55 ay+144 ay) hesablanaraq 1 sentyabr 2021 -ci il tarixinə indeksləşdirilib 107,38 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22849,71 manat pensiya kapitalına uyğun 114,82 (22849,71 : 199) manat əlavə edilərək 1 sentyabr 2021-ci il tarixinə əmək pensiyası 222,20 (107,38 + 114,82) manat məbləğində müəyyən edilib. Qanununun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla və 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək adıçəkilən şəxsin əmək pensiyasının məbləği 1 yanvar 2025-ci il tarixindən 365,13 manat təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. -xx.xx.2017-ci il tarixədək qüvvədə olan maddə 45. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 6 mart 2006-cı il tarixli 377 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.11-ci bəndinə görə Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) nəzərdə tutulur). ƏPQ-nin 45-ci maddəsinə xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (xx.xx.2017-ci ildən qüvvəyə minmişdir) 45-ci maddəsinə əsasən aşağıdakı məzmunda ikinci cümlə əlavə edimişdir: “Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır.”. xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunun (xx.xx.2022-ci ildən qüvvəyə minmişdir) 1.11-ci maddəsi ilə ƏPQ-nin 45-ci maddəsinin ikinci cümləsi çıxarılmışdır. Yəni ƏPQ-nin 45-ci maddəsinə edilmiş dəyişikliklərlə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslər üçün gözlənilən pensiya ödənişi müddəti aylarının sayı: -xx.xx.2017-ci il tarixədək 144; -xx.xx.2017-xx.xx.2022-ci illərdə 144+ güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı; -xx.xx.2022-ci ildən yenidən 144 olmuşdur. Qanunun 1.0.14-cü maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti - bu Qanunun məqsədləri üçün müəyyən edilən və əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstəricidir. Gözlənilən pensiya ödənişi müddəti -pensiyaya çıxan şəxsin orta hesabla pensiya alacağı illərin sayını ifadə edir. Bu müddət statistik göstəricilərə əsaslanaraq müəyyən edilir və ölkədəki orta ömür uzunluğu, pensiyaya çıxma yaşı və digər demoqrafik faktorlarla əlaqəlidir. Bu göstərici əsasən aşağıdakı məqsədlər üçün istifadə olunur: 1. Pensiya kapitalının hesablanması – İşləyən şəxsin topladığı pensiya kapitalı onun gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq pensiya məbləği müəyyən edilir. 2. Pensiya sisteminin dayanıqlığının təmin edilməsi – Dövlət və ya pensiya fondları pensiya ödənişlərini planlaşdırarkən, gözlənilən ömür uzunluğunu nəzərə alaraq sistemin maliyyə dayanıqlığını təmin edirlər. 3. Fərdi pensiya planlaşdırılması – Şəxslər pensiyaya çıxdıqda, onların yığılmış pensiya kapitalının nə qədər müddətə çatacağını hesablamaq üçün bu göstəricidən istifadə olunur. Qanunvericiliyə nəzər saldıqda aydın olur ki, xx.xx.2017-ci ilədək gözlənilən pensiya ödənişi müddəti bütün əmək pensiyaçılarına münasibətdə 144 ay (12 il) müəyyən edilmişdir. Sonradan, xx.xx.2017-xx.xx.2022-ci illər arasındakı dövrdə həmin müddət 9-cu maddəyə əsasən güzəştli şərtlə pensiyaya çıxan şəxslərə münasibətdə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmış, bununla da xüsusi hallara görə daha tez yaşa görə əmək pensiyası təyin edilmək hüququ olan şəxslərin vəziyyəti ağırlaşdırılmışdır. Qanunverici sonradan həmin şəxslərin pensiya təmnatı hüququnu digər pensiyaçılara münasibətdə ağırlaşdıran 45-ci maddənin ikinci cümləsini Qanundan çıxarmışdır. İşin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə 283,65 manat məbləğində əmək pensiyası təyin edilmiş, sonradan isə xx.xx.2023-cü il tarixli qərarla həmin pensiya yenidən hesablanmışdır. Qeyd olunmalıdır ki, cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarı, məhkəmə qərarı əsasında pensiyadan tutulmaların aparılması hissəsində ləğv edilmişdir. Təqdim olunmuş pensiya işi materialları, habelə yazılı mütəxəssis rəyi ilə təsdiq olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 22 il 9 ay 6 gün təşkil etmişdir. Qeyd edilən staja uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən, həmin tarixə pensiyanın sığorta hissəsi 35,01 manat məbləğində hesablanmışdır (22,77 il × 306 manat : 199 ay). Hesablamada nəzərə alınmış 199 ay göstəricisi 65 yaş həddindən iddiaçının pensiyaya çıxma yaşının (60 il 5 ay) çıxılması nəticəsində müəyyən edilmiş 55 ay ilə baza 144 ayın cəminə əsaslanmışdır. Hesablanmış məbləğ xx.xx.2021-ci il tarixinədək indeksləşdirilərək 107,38 manat müəyyən edilmişdir. Bunun üzərinə iddiaçının xx.xx.2006–xx.xx.2021-ci illər ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22.849,71 manat pensiya kapitalına uyğun olaraq hesablanmış 114,82 manat (22.849,71 : 199) əlavə edilmiş və nəticə etibarilə xx.xx.2021-ci il tarixə əmək pensiyasının məbləği 222,20 manat (107,38 + 114,82) müəyyən olunmuşdur. Sonrakı indeksləşmələr və qanunvericiliyə uyğun artımlar nəticəsində xx.xx.2025-ci il tarixdən pensiyanın məbləği 365,13 manata çatdırılmışdır. Göründüyü kimi iddiaçı pensiya kapitalının düzgün nəzərə alınmadığını və ümumilikdə pensiya məbləğinin səhv hesablandığını iddia etsə də, bu iddialarını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Halbuki, iş materialları və aparılmış hesablamalar göstərir ki, pensiyanın müəyyən edilməsi zamanı maddi hüquq normalarının tətbiqində və hesablamaların aparılmasında hər hansı qanun pozuntusuna və ya səhvə yol verilməmişdir. Bundan əlavə Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, formalaşmış məhkəmə təcrübəsinə görə Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (01 iyul 2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir, bu norma yenidən hesablanmaya şamil olunmur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçıya ilk dəfə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini zamanı həmin normanın tətbiqi hüquqi cəhətdən əsaslı və qanunauyğun olmuşdur. 2-1(102)-2928/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-cü il tarixli Ali Məhkəmənin qərarında da qeyd edilir ki, hazırkı qərarın 18-ci bəndində istinad olunan Qanunun 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixli Qanunla ləğv edilmiş ikinci cümləsi 10 mart 2017-ci il tarixli Qanun ilə maddəyə əlavə edilmiş (01 iyul 2017-ci ildə qüvvəyə minmişdir) və yalnız pensiyanın ilk dəfə təyin edilməsi qaydasını tənzimləyir. Başqa sözlə yenidən hesablanmaya şamil olunmur. Pensiyanın yenidən hesablanması isə Qanunun 37.3.1 maddəsi ilə tənzimlənir. Buna görə də, ləğv edilmiş norma əsasında pensiyanın yenidən hesablanması hüquqi cəhətdən yolverilməzdir, çünki hüquqi normanın tənzimləmədiyi münasibətə ultraaktivliyin tətbiq edilməsi hüququn əsas prinsiplərinə ziddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar