Məhkəmə qərarları › İş №2-1(112)-8610/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8610/2021

22.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8610/2021 22.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 2016-cı ildə təyin edilmiş əlilliyə görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, 1992-1993-cü illərdə Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə 21.05.2004-cü il tarixli “müharibə veteranı” statusu alıb. 30.04.1997-ci il tarixində ona xidmət illərinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş, 14.11.2016-cı il tarixdə sağlamlığında olan ümumi xəstəliklə əlaqədar birinci qrup əlillik dərəcəsi verilmişdir və ona yenidən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 10 fevral 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixinə kimi o, hər ay 493 (dörd yüz doxsan üç) manat pensiya alıb. 01 yanvar 2021-ci il tarixdən isə təqaüd alanalar üçün 11,04% faiz artım olmuşdur. Beləliklə, ona artımla əlaqədar 549 manat əmək pensiyası verilməli idi. Lakin yanvar 2021-ci il tarixdə ona 382 manat; fevral 2021-ci il tarixdə 470 manat; mart 2021-ci il tarixdə 426 manat; aprel 2021-ci il tarixdə 426 manat təqaüd ödənilmişdir. O, 09.03.2021-ci il tarixli ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə müraciət edərək, 14 noyabr 2016-cı il tarixdən bu günə kimi hansı məbləğdə müharibə veteranı müavinətinin verilməsi, xidmət illərinə əsasən yaşa görə nə qədər əmək pensiyası hesablanıb verilməsi, birinci qrup əlillik dərəcəsinə görə nə qədər məbləğdə pensiya hesablanıb verilməsi barədə məlumatın mənə verilməsini və onun 14 noyabr 2016-cı il tarixdən bu günə qədər qanunvericiliklə nəzərdə tutulmuş hesablanmış və ödənilməmiş müavinət və pensiyalarımın hesablanıb mənə verilməsini xahiş etmişdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən ona 08 iyun 2021-ci il tarixdə göndərilən və 22.06.2021-ci il tarixdə çatan imtina məktubunda ödənilən pensiyanın düzgün hesablandığı bildirilmişdir.

3. Cavabdeh qurum tərəfindən iddiaçıya ünvanlanmış 08.06.2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin tələblərinə uyğun olaraq sizə 30.04.1997-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin 06.03.2006cı il tarixli 377 saylı Fərmanı ilə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya ödənişi davam etdirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 29.12.2020ci il tarixində edilmiş dəyişikliklərə əsasən həmin Qanunun 19-cu maddəsinin ləğvi ilə bağlı əmək pensiyalarının məbləği 01.01.2021-ci il tarixindən yenidən hesablanmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, sözügedən Qanunun 01.01.2021-ci il tarixinədək qüvvədə olmuş 19.1.7.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar İ dərəcə əlilliyə görə sizin əmək pensiyanızın sığorta hissəsinə 110 manat məbləğində əlavə ödənilmişdir. 01.01.2021-ci il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmış və “Ümumi səbəblərdən İ dərəcə əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə sizə 130 manat Prezident təqaüdü təyin edilmiş və sizin əmək pensiyanızın məbləği 382,79 manat təşkil etmişdir. Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyanızın məbləği 01.01.2021-ci il tarixindən 426,42 manata çatdırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, 01.01.2021-ci il tarixində əmək pensiyanızın indeksləşdirilməsi ilə əlaqədar ödənilməmiş (01.01.2021-ci il tarixindən 31.01.2021-il tarixinədək) 43,64 manat 09.02.2021-ci il tarixində cari ayın əmək pensiyasına əlavə edilərək ödənilmişdir. Bildirilmişdir ki, onun yaşa görə əmək pensiyasının məbləği məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır.

4. Məhkəmənin 22.11.2021-ci il tarixli qərardadı ilə iddia tələbi yaşa görə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın üzərinə qoyulması kimi dəyişdirilmişdir.

5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək bildirdi ki, vətəndaş İddiaçı 30.04.1997-Cİ il tarixindən orta aylıq əmək haqqına əsasən 39 il stajına və Qarabağ müharibəsi iştirakçısı olduğu nəzərə ahnmaqla pensiya təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətindən daxil olmuş 13.10 2016-cı il tarixli müayinə aktına əsasən vətəndaş İddiaçı İ qrup əlil olduğuna görə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 19.2.5-ci maddəsinə əsasən 70 faiz əmək pensiyasının baza hissəsinə əlavələr olunaraq 13.10.2016-cı il tarixli müayinə aktına əsasən həmin Qanunun 19.2.2-cı maddəsinə əsasən 10 faiz və 19.2.5-ci maddəsinə əsasən 100 faiz əmək pensiyasının baza hissəsinə əlavələr olunaraq 14.11.2016-cı il tarixdən 392,42 (BH-110+BH əlavə 11 + 110+SH-161,42) məbləğində hesablanmışdır. Sonrakı artımlar da nəzərə alınmaqla 01.01.2018-ci il tarixindən vətəndaşın pensiyasının məbləği 449,74 manat, 01.01.2019-cu il tarixindən 462,90 manat məbləğində müəyyən edilmişdir. 01.01.2017-ci il tarixindən 28.02.2019-cu il tarixinədək vətəndaşın pensiyasının tərkibində olan 110 manat məbləğ əmək pensiyasının tərkibində səhvən indeksləşdirilmişdir və nəcitəcədə onun əmək pensiyasına 461,18 manat artıq ödəmə aşkar edilmişdir. Vətəndaş İddiaçı əmək pensiyası sonrakı artımlar da nəzərə ahnmaqla aşağıdakı qaydada hesablanmışdır: 01.01.2017 – 110+11 + 110 + 181,44 = 412,44 manat 01.01.2018 – 308,05 + 11 + 110 = 429,05 manat 01.01.2019 – 317,29 + 11 + 110 = 438,29 manat 01.01.2020 – 369.96 + 121 = 490,96 Eyni zamanda sorğu əsasında vətəndaşın əmək pensiyası yenidən hesablanmışdır. Məlum olmuşdur ki, vətəndaşın əmək pensiyasına sözügedən Qanunun 01.01.2021-ci tarixinədək qüvvədə olan 19.1.4-cü maddəsinə əsasən İ qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün 11 manat məbləğində əlavə ödənilmişdir. 01.01.2021-ci il tarixindən qeyd olunan maddənin ləğvi ilə əlaqədar olaraq həmin əlavənin ödənişi dayandırılmalı olduğu halda dayandırılmamışdır. Nəticədə 01.01.2021-ci il tarixindən 30.11.2021-ci il tarixinədək İddiaçı əmək pensiyasına 157,19 manat artıq ödəmə məbləği aşkar edilmişdir. Vətəndaşın əmək pensiyasının məbləği aşağıdakı qaydada müəyyən edilmişdir. Əvvəlki tarix 01.01.2021 - Təyinatdan əvvəl 426,42 manat; Son tarix 30.11.2021 - Təyinatdan sonra 412,13.

II. İddianın növü və mümkünlüyü

7. İddia tələbi pensiyanın yenidən hesablanması ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

8. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

9. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

10. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

12. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).

13. Odur ki, pensiyanın yenidən hesablanması öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, sosial müavinətlər, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikası qanunları, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş ödənişlərin (bundan sonra – sosial ödənişlər) təyin edilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.

15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

16. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.

19. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

20. İddiaçı xx.xx.1940-cı ildə anadan olub. İ qrup əlildir.

21. Əmək pensiyasından tutulmalarla bağlı iddiaçı tərəfindən cavabdeh quruma çoxsaylı müraciətlər edilmişdir.

22. İddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı müraciətinə: -28.04.2017-ci il tarixdə bildirilmişdir ki, hazırda yaşa görə hesablanmış əmək pensiyası 392,42 manat (110 manat baza hissəsi+161,42 manat 01.01.2006-cı il tarixədək sığorta göstəricilərinə əsasən qazanılmış sığorta hissəsi + 11 manat İ qrup əlilə qulluq üçün bazaya əlavə + 110 manat müharibə əlili kimi bazaya əlavə) məbləğində hesablanmışdır; -16.03.2018-ci il tarixdə bildirilmişdir ki, onun 39 il sığorta stajı, müharibə iştirakçısı və İ qrup əlil olmağı nəzərə alınmaqla hesablanmış əmək pensiyası hazırda qanunvericiliyə müvafiq olaraq 449,74 manat məbləğində hesablanmışdır.

23. Cavabdeh qurum tərəfindən məhkəməyə bildirilmişdir ki, təyinatdan əvvəl pensiyanın məbləği 426,42 manat, təyinatdan sonra 412,13 manat təşkil edilmişdir.

24. İddiaçının əmək pensiyasının ödənildiyi bank hesabından çıxarışdan görünür ki, iddiaçı 2017-ci ildə 426 manat, 2018-2019-cu illərdə (əvvəli) 449,74 manat, 2019-cu ilin fevral ayında 476,06 manat, 2019-cu ilin mart-aprel aylarında 438,29 manat, 2019-cu ilin maysentyabr ayında 381,17 manat, 2019-cu ilin oktyabr- 2020-ci ilin yanvar ayında 392,17 manat, 2020-ci ilin fevral ayında 501,17 manat, 2020-ci ilin mart-dekabr aylarında 492,79 manat, 2021-ci ilin yanvar ayında 382,79 manat, fevral ayında 470,06 manat ödənilmişdir.

25. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər və pensiyanın hesablanması zamanı texniki xəta və ya yanlış riyazi hesablama baş verdikdə inzibati icraat qaydasında əmək pensiyaçısı ilə müzakirə edilməklə əmək pensiyaçısının razılığı olduqda əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılıq olmadıqda məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə müvafiq müzakirə aparılmadan, razılığı olmadan cavabdeh qurum tərəfindən pensiya məbləği yenidən hesablanmaqla azalmalara yol verilmişdir ki, bu da inzibati araşdırma çərçivəsində inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib hesab edilə bilməz.

26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

27. Nəticə etibarilə iddiaçının yaşa görə pensiyasının yenidən hesablanması hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X3 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

28. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

29. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

30. Odur ki, məhkəmə pensiyanın yenidən hesablanması zamanı cavabdehin hərəkətləri nəticəsində iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.

31. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

32. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. İPM-in 73.3.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi məhkəmənin bu qərardan irəli gələn hüquqi mövqeyi nəzərə alınaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia qismən təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı inzibati araşdırmanın aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar