Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8611/2024 23.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə və X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “ödənilmiş məcburi dövlət sosial sığorta pulunun fərdi sosial sığorta hesabına köçürülməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci tarixədək işlədiyi "xxxx" LTD şirkəti tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta pulunun hesablanaraq onun fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, əmək fəaliyyətinə xx.xx.1983-cü il tarixdə başlayaraq hazıradək “Heavy Crane” Azərbaycan şirkətində kran maşinisti vəzifəsində işləyir. xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci ilədək "AJ CRANE” LTD kran maşinisti vəzifəsində işləmişdir. Lakin "AJ CRANE” LTD şirkəti İngiltərə krallığına məxsus olduğundan şirkət Azərbaycan Respublikasında işlərini bitirdikdən sonra 2008-ci ilin fevral ayından Azərbaycan Respublikası ərazisini tərk etmişdir. "AJ CRANE” LTD şirkətində xx.xx.1999-cu il tarixdən xx.xx.2008-ci ilədək işlədiyi müddət ərzində qanunla müəyyən edilmiş qaydada 2006-cı ilin yanvar ayının 1-dən işdən azad olunduğu günədək, yəni xx.xx.2008-ci ilədək ona ödəniləcək sosial sığorta pulu işlədiyi müəssisə tərəfindən "DSMF-nin İri Sığortaedənlərlə İş Departamenti", indiki cavabdeh qurum Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin hesabına köçürülsə də, həmin pullar onun fərdi sığorta hesabına köçürülməmişdir. Təxminən 4-5 il əvvəl onunla birlikdə "AJ CRANE” LTD şirkətində kran maşınçısı vəzifəsində işləmiş şəxslərdən X1, X2, X3 və X8 DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə müraciət edərək hesablanmış sosial sığorta pulunun onların fərdi sığorta hesabına köçürülməsini xahiş etmiş, lakin qeyd olunan qurum onlara imtina vermiş, həmin imtinadan adları göstərilmiş şəxslər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (İndiki Bakı İnzibati Məhkəməsinə) iddia ərizəsi ilə müraciət etmişlər və məhkəmə onların iddia ərizəsini təmin edərək xx.xx.2006-cı ildən xx.xx.2008-ci ildədək hesablanmış sığorta pullarının onların fərdi sığorta hesabına köçürülməsi vəzifəsinin DSMF-nin İri Sığortaedənlərlə İş Departamentinə həvalə etmişdir və həmin qərarlar icra edilmişdir. Cavabdeh qurumdan əldə etdiyi arayışlardan da göründüyü kimi işlədiyi "xxxx" LTD şirkəti tərəfindən ondan tutulan vergi, sosial sığorta və s. ödənişlər tam olaraq hesablanmış və cavabdeh qurumun hesabına ödənilmiş, lakin cavabdeh qurum həmin pulları onun fərdi sığorta hesabına köçürməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının ərizəsində qeyd etdiyi məcburi dövlət sosial sığortasına cəlb olunan məbləğlər sığortaolunanın gəlirləri deyil, sığortaedənin həmin dövrdə işləyən bütün işçilərinə görə ödədiyi əməkhaqlarının ümumi məbləğidir. Sığortaedən, "AJ Crane” LTD (VÖEN: **********) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Hesabat) altsistemində "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (Forma B3) təqdim edilmədiyi üçün şirkətdə çalışan sığortaolunanların məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları onların fərdi şəxsi hesablarında əks olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2024-cü il tarixli, 2-1 (102)-1116/2024 nömrəli qərarında göstərilmişdir ki, cavabdeh tərəfindən nəzarət funksiyası çərçivəsində məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsi və ya bunun üçün müvafiq tədbirlərin görülməməsi, yuxarıda istinad olunan normaların birgə təhlili baxımından onun məsuliyyət sferasına aid olan və həmin normalarda təsbit olunmuş vəzifələrin lazımi şəkildə yerinə yetirilməməsi və buna görə məsuliyyət daşıması anlamında təfsir olunmalıdır. Lakin cavabdehin qeyd olunan məsuliyyəti (yəni məcburi dövlət sosial sığorta haqqının ödənilməsinin təmin edilməməsinə və ya bunun üçün müvafiq tədbirlərin görülməməsinə görə daşıdığı məsuliyyət) sığortaedən tərəfindən ödənilməmiş məcburi dövlət sosial sığorta haqqının sığortaçıya ödənilmiş sayılması nəticəsini və şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmamış məcburi dövlət sosial sığorta haqqının pensiyanın yenidən hesablanması zamanı nəzərə alınması öhdəliyini yaradan (yaranmasını şərtləndirən) hal kimi qiymətləndirilə bilməz. Belə ki, istinad olunan normalar sığortaçını yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək üçün həmin normalarda təsbit olunmuş müvafiq tədbirlərin görülməsinə yönəlik səlahiyyətlərlə təchiz edir və bu məna İstinad olunan normalar baxımından nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının müraciəti əsasında cavabdehin onun əmək pensiyasını yenidən hesablamaq öhdəliyi, sığortaedən tərəfindən iddiaçının qeyd olunan əmək fəaliyyəti dövrləri üzrə məcburi dövlət sosial sığorta haqlarının ən azından sığortaçıya, yəni cavabdehə ödənildiyi təqdirdə yaranır. Hazırkı işin hallarından sığortaedən tərəfindən iddiaçıya münasibətdə iddia olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının cavabdehə ümumiyyətlə köçürülmədiyi, nəticə etibarı ilə iddiaçının fərdi hesabında da qeydə alınmadığı müəyyən olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, cavabdehin məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı məsuliyyəti, iddiaçının sığortaedəninin, yəni 1 saylı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin, eləcə də iddiaçının, yəni sığortaolunanın da məsuliyyətini istisna etmir. Belə ki, bu qərarın 17-ci bəndində istinad edilən normalara görə, sığortaedən qanunla müəyyən edilmiş sosial sığorta ödəmələrini vaxtında sığortaçıya ödəmək öhdəliyi daşıyır. Həmin normalara əsasən, iddiaçı da sosial sığorta ödəmələrinin vaxtında ödənilməsini tələb etmək hüququna malikdir. Mohkomo kollegiyası hüquqi müdafiə imkanları ilə bağlı iddiaçıya izah edir ki, iddiaçı yalnız mübahisəli dövrlər üzrə ona münasibətdə məcburi dövlət sosial sığorta haqlarının sığortaçıya köçürülməsinə nail olduqdan sonra hazırkı tələblə cavabdehə yenidən müraciət etmək, müraciəti cavabdeh tərəfindən təmin olunmadığı təqdirdə, yenidən həmin orqana qarşı məhkəmədə iddia qaldırmaq hüququndan istifadə edə bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 304.1-ci maddəsinə əsasən sosial sığorta - müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin - əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə on'arın itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Azərbaycan Respublikası Prezidentinin 18 fevral 1997-ci il tarixli sərəcamı ilə təsdiq edilmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 14.1. Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. İşdə olan iddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli, xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1999-cu ildə "xxxx" LTD Şirkətinin nümayəndəliyində kran maşınisti vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci ildə 6-cı dərəcəli kran maşınçısı (tırtıllı kranlar üzrə) vəzifəsinə keçirilmiş, xx.xx.2008-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İşə əlavə edilmiş, iddiaçının aldığı əmək haqqı barədə “X11” ASC hesabından çıxarışdan görünür ki, iddiaçının 2006-cı ilin yanvar ayından 2008-ci ilin yanvar ayınadək işlədiyi müddət üçün müəyyən edilən əmək haqqı işəgötürən “AJ CRANE" LTD şirkəti tərəfindən onun bank hesabına köçürülmüş və iddiaçı həmin əmək haqqını almışdır. İşdə olan iddiaçıya məxsus sığortaolunanın hesabından görünür ki, iddiaçıya ödənilən məcburi dövlət sosial sığorta haqları fevral 2008-ci ildən etibarən onun fərdi hesabında qeydiyyata alınmağa başlanmışdır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Fond cavab məktubunda sığortaedən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (SUN: **********5) tərəfindən 2006-2008-ci illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”ların (Forma B3) təqdim edilməməsi səbəbindən xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunmadığını bildirmişdir. Müvafiq dövrdə qüvvədə olan “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanınına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. İddiaçı hazırda B3 hesabatının təqdim edilməsinin onun vəzifəsi olmadığına istinad edərək, "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci tarixədək işlədiyi dövrdə ödənilmiş məcburi dövlət sosial sığorta pulunun hesablanaraq onun fərdi sığorta hesabına köçürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (eləcə də hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) 9-cu maddəsinə əsasən, bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək, sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq, sığortaedənlər tərəfindən bu qanunun tələblərinə əməl edilməsinin elektron monitorinqini aparmaq, monitorinqin nəticələri barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək, sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək sığortaçı kimi cavabdehin məsuliyyət sferasına aiddir. Eyni zamanda istinad olunan qanunla sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən yuxarıda istinad olunan normalarda təsbit edilmiş hüquq və vəzifələr yerinə yetirilməmiş və nəticədə iddiaçının sosial sığorta hüququ pozulmuşdur. Belə ki, həmin normalar baxımından sığortaedən tərəfindən müvafiq sənədlərin təqdim olunmadığı təqdirdə, sığortaçı həmin sənədlərin, o cümlədən “Forma B3” hesabatının təqdim edilməsi üçün müvafiq tədbirlər görməyə borcludur. Lakin cavabdeh həmin sənədləri tələb etməmiş və bununla da onun məsuliyyət sferasına aid edilmiş vəzifəni layiqincə yerinə yetirməmişdir. İddiaçının "xxxx" LTD şirkətində 2006-cı il 1 yanvar tarixindən 2008-ci il 1 fevral tarixinədək işlədiyi müddət üçün hesablanmış sığorta haqlarının həmin şirkət tərəfindən sığortaçının hesabına köçürülməsi işin halları ilə öz təsdiqini tapır. Belə ki, işdə olan "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci tarixə kimi hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası barədə məlumatdan görünür ki, Nümayəndəlik 2006-cı ildə ona hesablanmış 541669,30 manat məcburi dövlət sosial sığorta haqlarından 510577,16 manat, 2007-ci ildə 364717,08 manat məcburi dövlət sosial sığorta haqlarından 396238,33 manat, 2008-ci ildə 71656,85 manat məcburi dövlət sosial sığorta haqlarından 46892,78 manat ödəniş etmişdir. Həmin məlumata əlavə edilmiş 2006-2007-ci illər üzrə haqq-hesab cədvəllərindən görünür ki, müəssisədə işləyən siyahı üzrə və faktiki işçilərin sayı barədə məlumat öz əksini tapamışdır. Belə olan halda, cavabdehin istinad etdiyi hal, yəni “Forma B3” hesabatının sığortaedən tərəfindən təqdim olunmaması ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabına köçürülməsini istisna edə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, cavabdehin xidməti vəzifələrini layiqincə yerinə yetirməməsinin iddiaçının hüquqi vəziyyətinə münasibətdə neqativ nəticələr doğurması yolverilməzdir (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1653/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı). Bundan başqa, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, analoji iş üzrə başqa bir məhkəmə icraatında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2-1(81)-90/2018 saylı qərarı ilə sığortaolunanın 2006-cı il yanvar tarixindən 2008ci il yanvar tarixinədək işlədiyi "xxxx" LTD şirkəti tərəfindən ödənilmiş məcburi sosial sığorta haqqının hesablanaraq müəyyən olunmuş məbləğin onun fərdi hesabına köçürülməsi vəzifəsi cavabdehə həvalə edilmişdir (həmin qərarın qanuni qüvvəsini aldığı və cavabdeh tərəfindən icra olunduğu mübahisələndirilməmişdir). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının tələbini istisna edən faktiki şərtləri sübut etməli olduğu halda bu sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci tarixədək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində (SUN: **********5) işlədiyi dövr üzrə müəssisə tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının hesablanaraq onun fərdi şəxsi hesabına köçürülməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-8611/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8611/2024
23.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver