Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8618/2021 23.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Binəqədi rayon xidmət şöbəsinə qarşı “vəsiqənin verildiyi gündən əvvəlki 3 ilə görə ödənilməli olan müavinətin ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ona Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin vəsiqəsinin verildiyi 10978 nömrəli xx.xx.1994-cü il tarixli vəsiqənin verildiyi gendən əvvəlki 3 ilə görə ödənilməli müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı ildə Neftçala rayonunda anadan olub. 1978-1980-ci illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib. 1993-1994-cü illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. Onun “müharibə veteranı” adı və vəsiqəsini almaq hüququ həmin vaxtdan yaransa da, təqdim etdiyi 10978 saylı vəsiqəyə əsasən faktiki olaraq həmin hüquq xx.xx.1994-cü il tarixdən müvafiq fərmana uyğun olaraq yaranmışdır. xx.xx.2019-cu il tarixdən müharibə veteranlarına ödənilən Azərbaycan Respublikasının Prezidentinin aylıq təqaüdünün məbləği 80 manat müəyyən olunmuşdur. O, 1993-1994-cü illərdə döyüş əməliyyatlarında iştirak edib. Bunu döyüş yoldaşları təsdiq edə bilər.
3. Məhkəmənin hazırlıq icraatı üzrə (mümkünlük) iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi.
4. Cavabdeh məhkəmənin hazırlıq icraatı üzrə (mümkünlük) iclasında iştirak etmir.
5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin 1993-cü il, yanvar 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar olunmamışdır.
6. İddiaçı Azərbaycan Respublikası Vətən müharibəsi Veteranlar birliyi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 10978 nömrəli vəsiqəyə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
8. İddiaçının müharibə veteranı statusu yoxdur.
9. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.
10. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.
11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
12. Məhkəmə müəyyən edir ki, iddiaçının hazırki iddianın qaldırmasında məqsədi müharibə veteranı adının verdiyi imtiyazlardan istifadə etməkdir. Lakin iddiaçının bu cür statusu olmadığından çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün deyil.
13. İddiaçının iddianı qaldırmağa subyektiv hüququ olmadığından (bax 3-cü bənd) hazırki iddiaya hüquqi marağı yoxdur, odur ki, məhkəmə səlahiyyətli inzibati orqana qeyd edilən tələblə bağlı iddiaçının müraciətinin mövcud olmamasına prosessual qənəat prinsipindən çıxış edərək qiymət vermir.
14. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
15. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva