Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8619/2021 27.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (üçüncü şəxslər X3 və X4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:
1. 03 sentyabr 2020-ci il tarixində, Bakı şəhəri 29 saylı notariat ofisində bağlanmış 20-İP-AİF-1-0-168-20 nömrəli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı (bundan sonra – İddiaçı) mülkiyyətinə verilmişdir.
2. Bundan sonra İddiaçı ərizə ilə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək mülkiyyətindəki mənzildən orada qeydiyyatda olan X1 və X2 qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.
3. Cavabdeh 087-17679S-3221 nömrəli, 07.07.2021-ci il tarixli məktubla İddiaçının tələbini təmin etməkdən imtina etmiş, aidiyyəti üzrə məhkəməyə müraciət edilməli olduğunu bildirmişdir.
4. 16 iyul 2021-ci il tarixdə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmənin 02 avqust 2021-ci il tarixli, 2-1(112)-8619/2021 saylı qərardadı ilə X3 və X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. İİ Tərəflərin əsaslandırması:
6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, satıcı X3 03.10.2020-ci il tarixinədək həmin mənzildən çıxmağı öz öhdəsinə götürmüş, lakin bugünə kimi qeydiyyatdan çıxmamışdır. Hal-hazırda həmin mənzildə X3 və X4 qeydiyyatdadırlar. İddiaçı onlara mənzildən qeydiyyatdan çıxmaları ilə bağlı müraciət etsə də, onlar xaricdə olduqları üçün könüllü surətdə qeydiyyatdan çıxa bilməyəcəklərini bildirmişlər. Hal-hazırda da faktiki olaraq xaricdə yaşayırlar. Sözügedən şəxslər qeyd olunan ünvanda qeydiyyatda olsalar da, faktiki olaraq orada yaşamırlar. Onların formal da olsa, həmin mənzildə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarını pozur. Belə ki, nəticədə iddiaçı əlavə mənzil və kommunal xidmətlərə görə haqq ödəməyə məcbur olur.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi
9. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
10. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.
11. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarına əsasən X1 ünvan 1 ünvanı üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15.12.2011-ci il tarixdə 1523 nömrəli reyestr kitabının 139103 nömrəli vərəqində qeydiyyata alınmışdır.
12. İşdə olan 03.09.2020-ci il tarixli 20-İP-AİF-1-0-168-20 nömrəli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinə əsasən satıcı X3 həmin çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 47.0 kv.metr olan mənzili alıcı İddiaçıya satmışdır.
13. İş materiallarında olan Bakı şəhəri 29 saylı Notariat ofisində 03 sentyabr 2020-ci il tarixində 4Ə-587 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş notariat işindən görünür ki, alqısatqı anına göstərilən mənzildə 30.01.2010-cu il təvəllüdlü X5 və 09.04.2003-cü il təvəllüdlü X4 qeydiyyatda olmuşlar. Göstərilən şəxslər keçmiş mülkiyyətçinin övladları olmaqla yetkinlik yaşına çatmadıqlarından mənzilin alqı-satqısı zamanı onların razılıq ərizələri tələb edilməmişdir.
14. İş materiallarında olan ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilə İddiaçının mülkiyyət hüququ 22.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
15. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 30.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X3 və X4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37 ünvanında yerləşən 6 saylı mənzildə qeydiyyatdadırlar.
16. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.08.2021-ci il tarixli, **********26 saylı məktubuna əsasən X1 və X2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37, 6 saylı mənzilə dair istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat İdarənin arxivində aşkar edilməmişdir.
17. Habelə işdə olan Nizami rayon MKTB-nin 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 711 nömrəli, 27.09.2021-ci il tarixli Arayışına əsasən ünvan 1 ünvanında faktiki yaşayış yoxdur.
18. Göründüyü kimi, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37 ünvanında yerləşən 6 saylı mənzilin İddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin həmin mənzilə heç bir hüquqlarının olmamaları və hazırda orada yaşamamaları məhkəmə iclasında tədqiq olunan sübutlarla təsdiq olunur.
19. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.
20. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.
21. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, aydındır ki, istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”
23. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.
25. İşdən müəyyən olunur ki, üçüncü şəxs X3 mübahisəli mənzilin mülkiyətçisi olmuş, 2020-ci ildə həmin mənzili iddiaçıya satmış, bununla onun mənzilə dair bütün hüquqları iddiaçıya keçmiş, habelə üçüncü şəxs 03.09.2020-ci il tarixdə bağladığı alqısatqı müqaviləsinin 13-cü bəndinə əsasən 03.10.2020-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Digər üçüncü şəxs X4 isə mübahisəli mənzildə qeydiyyatda olmasına baxmayaraq, həmin mənzildə faktiki olaraq yaşamır. Belə olan halda aydın olur ki, üçüncü şəxlərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmaları üçün tələb olunan bütün şərtlər hazırkı işdə mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
26. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər 13.04.1974-cü il təvəllüdlü X1 və 09.04.2003-cü il təvəllüdlü X2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, ev 37 ünvanında yerləşən 6 saylı mənzil üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şəhər Nizami Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova