Məhkəmə qərarları › İş №2-1(112)-862/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-862/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-862/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər “xxxx” ASC və X5) qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərə hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışların verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzillərə hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışların verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 859/2019 saylı iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 50 ünvanında yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı, 3 mərtəbəli, 28/31 saylı mənzil (RX seriyalı ******* saylı reyestrdən çıxarış), həmin küçədə 50 saylı ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m olan 29/30 saylı mənzil (RX seriyalı ******* saylı reyestdən çıxarış) X5 və iddiaçı birgə nikah dövründə əldə edildiyindən, həmin əmlaklara iddiaçının 1/2 payı müəyyən edilmiş və həmin paylar üzrə ona reyestrdən çıxarışın verilməsi D/DRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bundan başqa, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2864/2019 saylı iş üzrə 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17/18 saylı mənzil də onların birgə nikah dövründə əldə edildiyindən, iddiaçının mənzil üzrə də 1/2 payı müəyyən edilmişdir. Həmin daşınmaz əmlaklar üzrə məhkəmə qətnamələri qanuni qüvvəyə minmiş və icra olunması üçün cavabdeh orqana göndərilsə də, bu günə qədər icra olunmamışdır. İddiaçının həmin əmlaklara olan payları üzrə ona reyestrdən çıxarışın verilməsi barədə nümayəndəsi tərəfindən 30 yanvar 2020-ci il tarixdə cavabdeh orqana ərizə verilmiş, lakin cavabdeh orqan tərəfindən 3 mart 2020-ci il tarixli məktubla məsələnin həllindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılır ki, həmin əmlaklar üzərinə məhkəmə qərardadları ilə həbs qoyulmuş, həmçinin yoxlama ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. İmtinada «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı hüquq barəsində mübahisə edilən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Cavabdeh orqan həmin qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edilir. İddiaçının daşınmaz əmlaklar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri ilə 1/2 payı müəyyən edilmişdir. İddiaçı həmin əmlaklar üzərində məhkəmə və digər orqanın həbs qərarının olmasını mübahisələndirmir. O, payları üzrə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışın verilməsini istəyir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununda daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar, təqdim edilməli olan sənədlərin siyahısı, həmin sənədlərə dair tələblər, hüquqların dövlət qeydiyyatından imtinanın halları konkret müəyyən olunmuşdur. İmtina məktubunda daşınmaz əmlaklar üzərinə həbs qoyulmasına istinad edilməsi əsassızdır. Belə ki, həmin qərarlarda əmlakın üzərinə ancaq həbs qoyulması qeyd edilmişdir. Həmin əmlaklar üzrə qeydiyyatın imtinası qadağası qoyulmamışdır. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın imtinası formal mülahizələrə əsaslanmaqla, qanuna zidd olmaqla onun hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 10, 15-ci maddələrinə, «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə, İPM-in 2.2.2, 33.1, 45, 73.1-ci maddələrinə əsaslanaraq, cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinasının qanunsuz sayılması və Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 50 ünvanında yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı, 3 mərtəbəli, 28/31 saylı mənzilə, ümumi sahəsi 86,2 kv.m olan 29/30 saylı mənzilə və 17/18 saylı mənzilə iddiaçının payları üzrə hüquqlarının qeydiyyatı haqqqında reuestrdən çıxarışların verilməsi öhdəliyinin cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 11 sentyabr 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası etirazla qarşılanır. ünvan 1 saylı evin 17, 18 saylı və 28/31 saylı mənzillərinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı 28 avqust 2019-cu il tarixli qərardadı ilə, ünvan 1 saylı evin 29/30 saylı və 28/31 saylı mənzillərinin üzərinə həmin məhkəmənin 2(009)-859/2019 saylı 22 yanvar 2019-cu il tarixli qərardadı ilə həbs qoyulmuş, sözügedən mənzillərin üzərinə “xxxx” ASC-nin cinayət işi ilə əlaqədar Daxili İşlər Nazirliyinin 6/45-243m saylı məktubuna əsasən məhdudiyyət qoyulmuş və ünvan 1 saylı evin 28/31 saylı mənzili “xxxx” ASC-nin 25 dekabr 2012-ci il tarixli müraciətinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamış və vətəndaşa 3 mart 2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Göstərilənlərə və «İpoteka haqqında» AR Qanununun 30.1-ci maddəsinə, AR Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 7.1, 9, 14.5-ci maddələrinə, İPM-in 48.2-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə “xxxx” ASC və X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına tərəflər və üçüncü şəxs “xxxx” ASC-nin nümayəndəsi gəlmişlər, digər üçüncü şəxs (və ya nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə həmin üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X4 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmənin hazırkı iş üzrə müvafiq sorğusuna cavab olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsindən daxil olmuş 10 noyabr 2020-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə apellyasiya şikayəti verilməmiş, məhkəmə aktı 22 may 2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmənin 8(009)-241/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qərardadından borclu X2 nümayəndəsi (və vəkili) tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-759/2019 saylı 10 dekabr 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-859/2019 saylı iş üzrə 27 mart 2019-cu il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir: - cavabdeh X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 166,5 kv.m, yaşayış sahəsi 80 kv.m, yardımçı sahəsi 86,5 kv.m, 3 otaqlı 3 mərtəbəli 28/31 saylı mənzil (RX seriyalı, ******* №-li çıxarış), ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 86,2 kv.m, yaşayış sahəsi 55,1 kv.m, yardımçı sahəsi 31,1 kv.m, 3 otaqlı 3 mərtəbəli 29/30 saylı mənzil (RX seriyalı, ******* №-li Çıxarış), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 66,6 kv.m olan 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi (RX seriyalı, ******* №-li Çıxarış), ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 37,5 kv.m olan 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsi (RX seriyalı, ******* №-li Çıxarış) X5 ilə İddiaçı birgə nikahı dövründə əldə edilmiş bərabər paylarda ümumi əmlakları hesab edilsin və həmin əmlakların 1/2 hissəsinə İddiaçı mülkiyyət hüquqları müəyyən edilsin. Hazırkı qətnamə İddiaçı ilə X2 yuxarıda sadalanan əmlakların 1/2 hissəsinə mülkiyyət hüquqlarının DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən rəsmiləşdirilməsi üçün əsasdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-241/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qərardadı ilə Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin edilərək, X2 adına qeydiyyatda olan ünvan 4 ünvanında yerləşən 17, 18, 28/31, 29/30 nömrəli mənzillər, ünvan 5 ünvanda yerləşən ü/s-66,6 kv.m və ü/s-37,5 kv.m olan qeyri-yaşayış sahələri və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolu 300-cü metr sağ tərəf, 32 A ünvanında yerləşən qeyriyaşayış binası (3-cü mərtəbədən ü/s 141,1 kv.m (1, 2, 16, 17, 18, 19, 22, 23 saylı sahələr) açıq eyvan 38,4 kv.m (36, 37, 38, 39 saylı sahələr) üzərlərinə həbs qoyulmuşdur. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Səbail rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Cavabdeh inzibati orqan DSMF tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldlırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisə Bakı şəhərinin Səbail rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, bu mübahisəyə İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun baxılmalıdır. Odur ki, işə baxmaqda müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Səbail rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) – qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə). Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 14.3-cü maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 14.5-ci maddəsinəgörə bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və daşınmaz əmlak barəsində ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında aktlar bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Hazırkı işin hallarına görə ünvan 8 ünvanında yerləşən 28/31, 29/30 və 17/18 saylı mənzillərə hazırkı İddiaçı 1/2 payı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunsa da, məhkəmə aktları ilə həmin əmlaklar üzərinə həbs qoyulmuş və həbsin götürülməsi hazırkı məhkəmə icraatına müəyyən edilmir. Belə olan halda nə qədər ki, həmin mənzilklər üzərində həbs və ipoteka yüklülüyü mövcuddur, məhkəmənmin qənaətinə görə onlara iddiaçının məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş paylarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması «Daşınmaz əmlakın dövləy reyestri haqqında» AR Qanununun 14.5, 15-ci maddələrinin, «İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsinin tələblərinə zidd deyil. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanuna zidd qiymətləndirilməməli və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər “xxxx” ASC və X5) qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərə hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışların verilməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 68 – 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər “xxxx” ASC və X5) qarşı «cavabdehin imtinasının qanunsuz sayılması və mənzillərə hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrindən çıxarışların verilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar