Məhkəmə qərarları › İş №2-1(112)-862/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-862/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-862/2022 17.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X7, 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsinin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı oğunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi işə cəlb edilməklə qanunsuz olaraq etibarsız hesab edilmiş əlliliyin bərpa olunmasına dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 540) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsi işə cəlb edilməklə qanunsuz olaraq etibarsız hesab edilmiş əlilliyin bərpa olunmasına dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-587/2021 saylı, 15.03.2021-ci il tarixli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-ci ilin fevral ayından yaşadığı evin damındakı qarı təmizləyərkən sürüşüb sağ çiyni üzərinə yıxılması nəticəsində sağ çiyninin sümüyündə qırılma baş vermiş, güclü zərbənin nəticəsidə başı və beli zədələnmişdir. Qırılmış sümüyə Rayon Mərkəzi Xəstəxanasında gips qoyulmuşdur. Bu hadisədən bir müddət keçdikdən sonra onun başında ağrılar olmuş və rayonda etdiyi müalicənin nəticəsi olmadığından Bakı şəhərinə müalicə üçün getmişdir. 2016-ci ildə aldığı zərbə nəticəsində beli də zədələnmişdir. 2017-ci ildə belindən tutan güclü ağrı nəticəsində uzun müddət yerdə yatmış, müalicə alıb yeriməyə başladıqdan sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Cəlilabad Müalicə X4 Kompyuter Tomoqrafiya müayinəsi olmuş və L4-L5 diskdə geniş əsaslı arxa-posterior 6,5 mm yırtıq və L5-S1 diskdə mərkəzi yırtıq 9,5 mm yırtıq olduğu müəyyən olunmuşdur. Ona, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2017-ci ildən əlilliyə görə əmək pensiyası təyin olunmuş və yanvar 2020-ci il tarixə qədər əlilliyə görə əmək pensiyası verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri 1 iyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsinin 17.02.2020-ci il tarixli, **********3 saylı məktubuna əsasən heç bir qanuni əsas gətirmədən əlilliyə görə əmək pensiyası hüququnun ləğv olunduğu bildirilmişdir. Belə ki, təkrar müayinəyə dəvət etmədən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən heç bir inzibati qərar qəbul etmədən əlilliyinin etibarsız hesab edilməsi və Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon Şöbəsi tərəfindən əlilliyə görə aldığı əmək pensiyasının dayandırılması onun hüquqlarını kobud şəkildə pozmuşdur. Şifahi olaraq ona bildirmişlər ki, 2016-cı ildə çiyninin qırıq olması barədə əsas sənəd işində olmadığından şübhəli gəldiyi üçün müvəqqəti dayanıb Rayon Mərkəzi Xəstəxanasından çiyninin müayinəsi üçün Respublikanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilmiş və 18 fevral 2020-ci il tarixində Respublikanın Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinədən keçmiş və çiyninin körpücük sümüyünün köhnə sınığı olması barədə nəticəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə Biləsuvar rayonunda təşkil olunmuş komissiyasına təqdim etmiş və komissiya tərəfindən müayinə olunmuş, komissiya tərəfindən sənədlərinin düzgünlüyünü təsdiq etmişlər və sənədlərini yenidən göndərmişlər. Bir müddət sonra isə, ona Bakıya Reabilitasiya Xidməti Mərkəzinə əyani müayinəyə getməyini bildirmişlər. Dünyada surətlə yayılan COVİD-19 virusu ilə əlaqədar 2020-ci ilin mart ayından Respublikada pandemiya ilə əlaqədar müvəqqəti olaraq bütün sahələrdə əyani qəbulları dayandırdığından gözləməsi və qəbul açılanda özlərinin xəbər edəcəklərini ona bildirmişlər. Beləliklə, o, 19.11.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə qəbul barədə vurduğu teleqrama əsasən onu 04.12.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Heyətinin sədri Əbdül-X9 qəbuluna çağırmışlar. Cavid müəllim işlə tanış olduqdan sonra qəbul otağına 2 nəfər həkim çağırmış və onu müayinə etmişlər və həqiqətən də, 2-ci qrup əlil olduğunu bildirmişlər. Günün sonu olduğu üçün növbəti iş günü yəni 07.12.2020-ci il tarixdə, saat 15:00-da komissiyanın əyani baxışına gəlməsini bildirmişlər. O, 07.12.2020-ci il tarixdə gəlməsinə baxmayaraq onu komissiyanın əyani baxışına qəbul etməmişlər və bildirmişlər ki, onu qəbula salsalar, gərək 2-ci qrup əlil olduğu barədə sənəd versinlər. Çünki o, həqiqətən də, əmək qabiliyyətinin müəyyən qədərini itiribdir. Onun əlilliyi heç bir inzibati qərar olmadan qanunsuz olaraq dayandırıldığı üçün məhkəməyə müraciət etsin, məhkəmə qərarı əsasında bərpa olunsun. Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən, vətəndaşın əlilliyinin etibarsız hesab edilməsi və sosial ödənişlərin geri tələb edilməsi müvafiq inzibati orqanın müvafiq qərarı və ya inzibati aktı olmadan mümkün deyildir. Bundan əlavə, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqında Əsasnamə”sinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.4. bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanun 64.1. Maddəsinə əsasən İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada məhkəmə tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verilmiş, sərəncama əsasən məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 03.05.2017-ci il tarixli, 4110003AABEC saylı göndərişi əsasında qiymətləndirilmiş və “Ümumi xəstəlik” səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 saylı məktubu ilə İddiaçı Daxili İşlər Nazirliyinə aidiyyətinin olmadığı və ona 4110003AABEC saylı göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Daha sonra, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 06.03.2020-ci il tarixli, 0234003AAJ8K saylı göndərişi əsasında qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması – Səbəb: Son bir il ərzində stasionar müalicə müddəti yetərsizdir” əsası ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədləlrə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsinə əsas verən 4110003AABEC saylı göndərişin, göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfidnən əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də, Əlillik altsistemində aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı adı göndərişləri etibarsız hesab edilmiş siyahıda 799-cu sırada qeyd edildiyindən “Əlillik altsistemi”ndə ona aid qiymətləndirmə etibarsız edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci maddəinə əsasən göndərişin verilməsi üçün əsaslardan biri də, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyat pozuntularının olmasıdır. Bundan əlavə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə uyğun olaraq, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 30.09.2021-ci il tarixli, 2-1(112)-5763/2021 saylı qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi 17.02.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 2017-ci il tarixdən təyin olunan əlilliyinin heç bir inzibati akt olmadan və imtinaya dair qərar qəbul etmədən fevral 2020-ci il tarixdən qanunsuz dayandırılmasını və sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 05.11.2021-ci il tarixdən yenidən təkrar olaraq əvvəlki xəstəliyinin bərpa olunmasını nəzərə alaraq, cavabdeh tərəfindən fevral 2020-ci il tarixdən noyabr 2021-ci il tarixə qədər yəni 21 ay əliliyinin dayandırılmasının qanunsuz hesab edilməsi və həmin dövr üzrə əlillik dərəcəsinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsinə əlavə edilmiş sənədləri və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş metariallarından müəyyən edilir ki: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 16167568 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29.04.1991-ci il təvəllüdlü Astanov X10 şəhər, H.Əliyev küçəsi, ev 97 A ünvanında qeydiyyatdadır. - İddiaçı əlillik vəziyyəti Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 03.05.2017-ci il tarixli, 4110003AABEC saylı göndərişi əsasında qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00 –S09 – Başın travmaları => S06-Kəllədaxili travma => S06.0 – Baş beynin silkələnməsi; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Kəllə-daxili hipertenziya, vaqovegetativ krizlər, koordinator-statik pozğunluqlar. Kəskin astenonevrotik sindrom.; Meyar: 2.2.İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərçarpan veg...” əsası ilə 5 il müdətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri H.Abdullayevə ünvanlanmış 18.11.2019-cu il tarixli, 029-3854-1219/5 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığının araşdırılması ilə əlaqədar müraciətə baxılmışdır. Bildirirlir ki, müraciətə əlavə edilmiş siyahıda adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur və onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar göndərişlərin etibarsız hesab olunmasının nəzərə alınması xahiş edilmişdir. Sözügedən məktuba əlavə edilmiş on doqquz vərəqdən ibarət 843 nəfərin adının qeyd edildiyi siyahının 779-cu sırasında İddiaçı adı qeyd olunmuşdur. - Bununla əlaqədar cavabdeh inzibati orqan tərəfindən Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. - Məhkəmənin 30.09.2021-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi tərəfindən 12.10.2021-ci il tarixli, 029-3158- 1221 nömrəli məktubla iddia ərizəsinə münasibət bildirilərək göstərilmişdir ki, DİN-in Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikaların X5 tərəfindən göndərişlər poliklinikalarda tibbi qeydiyyatda duran və nazirliyin Xüsusi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilən şəxslər barədə tərtib edilərək əlillik dərəcəsinin təyin edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt sisteminə daxil edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında aparılmış araşdırmalar nəticəsində Tibb İdarəsinə bilavasitə tabe olan poliklinikalarda tibbi qeydiyyatda durmayan, XHK tərəfindən şəhadətləndirilməyən vətəndaşlar barəsində tərtib olunmuş göndərişlər etibarsız hesab edilmiş və bu barədə ƏSSMN-nə məlumat verilmişdir. - “İddiaçı “Ümumi xəstəlik” səbəbindən ikinci dərəcəli əlillik dərəcəsinin müəyyən olunub-olunmaması ilə bağlı” əyani müayinə keçirərək, məhkəməyə müvafiq məlumat verilməsi barədə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5763/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadı icra olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmiş, məhkəmənin sözügedən qərardadı Agentlik tərəfindən icra olunaraq, iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 26.10.2021-ci il tarixli, 0234003AAP88 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T90 – Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya. Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, - Vaqovegentativ krizlər və koordinator statik pozğunluq. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epieptik sindromlar, - Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Ağırlaşma F48.0 Nevrasteniya, - Kəskin astenonevrotik sindrom. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, - Kəllə daxili hipertenziya Yanaşı xəstəliklər M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, - Sağ yuxarı ətrafın atrofiyası, parezi. Əlin tutma funksiyasının pozulması. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, - Sağ bazu oynağının ağrılı kontrakturası.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi üçün Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 03.05.2017-ci il tarixli 4110003AABEC saylı göndərişi əsasında 03.05.2017-ci il tarixdə qiymətləndirilmiş və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00 –S09 – Başın travmaları => S06-Kəllədaxili travma => S06.0 – Baş beynin silkələnməsi; Diaqnozun mətni: keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri. Posttravmatik ensefalopatiya. Epilepsiya və epileptik sindromlar. Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Kəllə-daxili hipertenziya, vaqovegetativ krizlər, koordinator-statik pozğunluqlar. Kəskin astenonevrotik sindrom.; Meyar: 2.2.İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərçarpan veg...” əsası ilə 5 il müdətinə ikinci dərəcə əlillik dərəcəsinin təyini barədə qərar verilmişdir. Növbəti müayinə tarixi 03.05.2022-ci il olmasına baxmayaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029- 3854-1219/5 nömrəli məktubu ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən 843 nəfər barəsində, o cümlədən İddiaçı adına rəsmiləşdirilmiş göndərişin etibarsız hesab olunması barədə cavabdeh orqana müraciət olunmuş, bundan sonra cavabdeh həmin göndəriş əsasında iddiaçıya təyin olunmuş əlillik təyinatını “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Hazırki məhkəmə icraatının gedişatında məhkəmənin 2-1(112)-5763/2021 saylı, 14.10.2021-ci il tarixli qərardadı icrası ilə əlaqədar olaraq , iddiaçının əlillik vəziyyətinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının 26.10.2021ci il tarixli, 0234003AAP88 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİX Sinif – Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri =>T90-T98 – Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri =>T90 – Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, - Keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya. Ağırlaşma G90 Vegetativ (avtonom) sinir sisteminin pozğunluqları, -Vaqovegentativ krizlər və koordinator statik pozğunluq. Ağırlaşma G40.3 Generalizə olunmuş idiopatik epilepsiya və epieptik sindromlar, - Tez-tez təkrarlanan epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə) Ağırlaşma F48.0 Nevrasteniya, - Kəskin astenonevrotik sindrom. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, - Kəllə daxili hipertenziya Yanaşı xəstəliklər M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, - Sağ yuxarı ətrafın atrofiyası, parezi. Əlin tutma funksiyasının pozulması. Yanaşı xəstəliklər M24.5 Oynaqların kontrakturası, - Sağ bazu oynağının ağrılı kontrakturası.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) (G40-G40.9)” səbəbi ilə beş il müddətinə 3-cü dərəcə əlillik dərəcəsi verilmişdir. İddiaçı hazırda cavabdehin əllillik dərəcəsinin təyinatının etibarsız hesab edilməsi ilə bağlı hərəkətlərinin qanunsuzluğunu mübahisələndirir və fevral 2020-ci il tarixdən noyabr 2021-ci il tarixədək olan dövr üzrə əlillik təyinatının bərpa olunmasını inzibati məhkəmə icraatında xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə də, əsaslıdır. Belə ki, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X6 Sosial Ekspertiza və X12 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1-ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERASa daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: -5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; -5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; -5.3.3. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; -5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normaların işin hallarına tətbiqi ilə müəyyən olunur ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əlillik dərəcəsini əlillik altsistemində etibarsız hesab etmiş və bunu onunla əsaslandırmışdır ki, əlilliyin təyin edilməsinə əsas olmuş göndəriş Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 18.11.2019-cu il tarixli, 029-3854- 1219/5 nömrəli məktubu ilə etibarsız sayılmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının əlillik vəziyyəti ilə bağlı təqdim edilən göndərişin əsaslılığına şübhəsi olduğu halda əlillik təyinatını birbaşa etibarsız hesab etməsi “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə uyğun olmamışdır. Belə ki, qeyd edilən qanunvericiliyin müddəaları əlillik təyinatını şübhə altına alan əsaslı faktlar aşkar olunduğu halda əlillik təyinatını aparan orqana əlilliyi olan şəxsin təkrar müayinəyə cəlb etməsi vəzifəsini müəyyən etmiş, yalnız bundan sonra əlillik təyinatının etibarlı olub-olmamasını müəyyən etmək, əlillik dərəcəsinin təyin edilməsi barədə qərarın dəyişdirilməsi və ya ləğv edilməsi imkanını tanımışdır. Hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatına əsaslı şübhə olduğu halda onu əyani müayinəyə dəvət etməmiş, iddiaçının əlillik vəziyyətini yoxlamadan əlillik təyinatını etibarsız hesab etmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan tərəfindən əlillik təyinatının etibarsız edilməsi inzibati icraat normalarının tələblərinə uyğun olmamaşdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilən normaların tələbləri işin faktiki halları ilə müqayisəli təhlil edildikdə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan əlilliyi etibarsız hesab etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunla iddiaçının hüquqi vəziyyətini dəyişdirəcəyi qənaətinə gəldiyi təqdirdə bu barədə inzibati akt qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Qeyd edilməlidir ki, cavabdehin rəhbər tutduğu sahə qanunvericiliyinə aid olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın yuxarıda qeyd edilən 2.4, 3.7, həmçinin 4.9-cu bəndlərində də cavabdeh orqan tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəblərini göstərməklə məhz qərarın qəbul edilməsi vurğulanmışdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”na Əlavədə cavabdeh tərəfindən qəbul ediləcək qərarın forması nəzərdə tutulmuş və bu qərar forması əlilliyin qiymətləndirilməsinin bütün nəticələrinə aid olan forma kimi nəzərdə tutulmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Hazırkı işin hallarından isə müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatına əsaslı şübhə olduğu halda onu əyani müayinəyə dəvət etməmiş, inzibati icraatın yekunu olaraq qərar formasında inzibati akt qəbul etməmiş, qanunvericiliyin qeyd olunan tələblərini yerinə yetirməkdə hərəkətsizlik göstərmiş, hüquqi əsas olmadan iddiaçı barəsində təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir. Belə olan halda cavabdehin iddiaçının əlillik təyinatının əlillik alt sistemində etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab olunmaqla əlillik təyinatı bərpa edilməlidir (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 75-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Azad Dilavər oğlunun əlillik dərəcəsinin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı əlillik dərəcəsinin etibarsız hesab edildiyi fevral 2020-ci il tarixdən noyabr 2021-ci il tarixədək bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar