Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8621/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X10 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X2, üçüncü şəxs X6 nümayəndəsi və vəkili X1 iştirakları ilə, iddiaçı Skinazi (Əliyeva) Kubra Şahbala qızının cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X3 və X9 üçüncü şəxs qismində göstərilməklə “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Skinazi (Əliyeva) Kubra Şahbala qızı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X3 və X9 üçüncü şəxs qismində göstərilməklə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin 20 aprel 2021ci il tarixli Qərarının qanunsuz sayılaraq ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Skinazi (Əliyeva) X5 Həsən Tofiq oğlu ilə 2008-ci ildə nikaha daxil olmuş, birgə nikahdan 14.12.2012-ci il təvəllüdlü Günay adlı qızları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan xasiyyətləri uyğun gəlmədiyindən nikahın pozulması qərarına gəlmiş, aralarında olan nikah 17 aprel 2018-ci il tarixdə pozulmuşdur. Hazırda qızı iddiaçının himayəsindədə qalır. İddiaçının qızının nənəsi X3 və babası X9 Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət edərək, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti tərəfindən baba və nənənin uşaqla hər həftənin şənbə günü sat 11:00-18:00dək görüşüb ünsiyyətdə olmalarına dair 20 aprel 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərar iddiaçıya rəsmi təqdim edilməmiş, iddiaçının ünvanına yalnız 27 aprel 2021-ci il tarixli, 2-106-099 nömrəli Qərardan çıxarış təqdim olunmuş, hansında ki, qərardan şikayət etmək hüququ da izah edilməmişdir. Bakı şəhəri Xətai Rayon icra Hakimiyyətinin 20 aprel 2021-ci il tarixli qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və üçüncü şəxslərə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs X3 və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs X3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X6 nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə yönəlmişdir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və nümayəndəsi və vəkilinin məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti məhz iddia ərizəsində qeyd edilən, nənə və babanın uşaqla ünsiyyət qaydası ilə bağlıdır. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011 tarixli qərarının 4-cü bəndində göstərilmişdir ki, Qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. ...Uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə baba, nənə, qardaş, bacı və digər qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmaması və ya bu müraciətin təmin edilməsindən imtina edilməsi həmin orqanın qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsinə deyil, uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi məqsədilə məhkəməyə iddia vermək üçün əsasdır. Göründüyü kimi, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə qohumların müraciətinə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən qanunla müəyyən edilmiş müddətdə baxılmamasından və müraciətin təmin edilməsindən imtina edilməsi barədə qərarından inzibati qaydada məhkəməyə şikayət (iddia) verilməsi istisna edilmişdir. Məhkəmə hesab edir ki, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən sözügedən müraciətin təmin edilməsi barədə qərarından inzibati qaydada şikayətin (iddianın) verilməsinə də eyni mövqədən yanaşılmalıdır. Çünki, uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə uşağın (şəxsin) ailədə yaşamaq və tərbiyə olunmaq, eləcə də mülki hüquq və vəzifələrin hayata keçirilməsi hüququnun təmininə xidmət etdiyindən, irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçı uşaqla ünsiyyət qaydasının müəyyən edilməsi ilə bağlı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Skinazi (Əliyeva) Kubra Şahbala qızının cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı, X3 və X9 üçüncü şəxs qismində göstərilməklə “qərarın ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8621/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8621/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver