Məhkəmə qərarları › İş №2-1(112)-8622/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8622/2022

01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8622/2022 01.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X4, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1992-1995-ci illər iş stajı nəzərə alınaraq xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək cavabdeh tərəfindən ona ödənilməmiş təqaüdünün (xəstəliklə əlaqədar tərxis olunmaqla) ödənilməsi, xx.xx.2012-ci il tarixdən etibarən (İİ qrup əlilliyə görə təqaüdü üzrə) xx.xx.2020-ci il tarixinədək (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək təqaüdü dövr üzrə fərq məbləği hesablanmaqla mövcud fərq məbləğinin ona ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixinədək SSRİ silahlı qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. O, xx.xx.1992-ci ildə Müdafiə nazirinin 329 nömrəli əmri ilə şəxsi heyətlə birlikdə Riqa şəhərinə göndərilmişdir. Ümumilikdə xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Latviya Respublikası Riqa Aviasiya Universitetində təhsil almışdır. Təhsil aldığı dövrdə AR Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən o, Riqa Aviasiya institutundan Bakıya yəni, AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müvəqqəti olaraq hərbi təlimlərdə iştirak etmək üçün kursant kimi gəlmişdir. AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 147 nömrəli nizami hissə üzrə əmrinə əsasən o, kursant kimi şəxsi heyətin tərkibinə reaktiv normada qazan təminatına daxil edilmişdir. Bununla bağlı AR Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyətin siyahısına onun məlumatları bütün növ təminatlara daxil edilmişdir və halhazırda rəsmi qaydada öz təsdiqini tapmaqdadır. AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi təlimlərdə iştirak etdikdən sonra yenidən təhsilini davam etdirmək üçün Latviya Respublikası Riqa Aviasiya Universitetinə göndərilmişdir. xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Latviya Respublikası Riqa Aviasiya Universitetində təhsil aldığından, xx.xx.1996-cı il tarixdən xx.xx.2012-ci il tarixinədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olduğundan xx.xx.2012-ci tarixindən etibarən hal-hazırda qanunvericilikdə müəyyən olunmuş pensiya təminatı üzrə ona pensiya təyin olunmalı idi. Lakin öncədən onun hərbi xidmətdə olduğu illər tam, düzgün qeyd olunmamışdır. Hesab edir ki, xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Latviya Respublikasının Riqa Aviasiya Universitetində təhsil aldığı illər onun təqaüdü hesablanarkən mütləq nəzərə alınmalı idi. İddiaçı AR Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində şəxsi heyətin tərkibinə reaktiv normada qazan təminatına xidmətdə olduğundan və Kürdəmir şəhərində yerləşən N saylı hərbi hissədə xidmətdə olduğundan uçuşlarda radiolokasiya stansiyalarının təsirinə məruz qalmışdır. Bu səbəbdən də, xx.xx.2012-ci il tarixdə “Hərbi xidmət dövrü ilə əlaqədar” ona İİ qrup əlillik təyin edilmişdir. Hal-hazırda xidmətini başa vurduğuna görə təqaüd alır. Lakin təqaüdü hesablanarkən xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək Latviya Respublikasının Riqa Aviasiya Universitetində təhsil aldığı illər onun təqaüdünə hesablanmamışdır. xx.xx.2019-cu il tarixli, 912-18322 saylı arxiv arayışına əsasən hərbi xidmət illərinin-20 il 02 ay 24 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət 12-il 0 ay 0 gün, ümumi xidmət illərinin 32 il 02 ay 24 gün təşkil etməsi faktı sübuta yetirilmişdir. Sözügedən arxiv arayışı tərəfindən təqdim edilərək qeyd olunan illərə görə pensiya növünün dəyişdirilib İİ qrup əlilliyə görə əmək pensiyası növünün yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməsi nəticəsində ona xx.xx.2020-ci il tarixindən yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyası növü təyin edilmişdir. Uzun illər ərzində almalı olduğu yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyası növünü ala bilmədiyindən öncəki illərə görə yaranmış fərq məbləğlərinin hesablanaraq ona ödənilməsinə zərurət vardır. Belə ki, uzun illər ərzində hərbi qulluqçu kimi xidmət etmiş, öz xidməti vəzifəsini lazımınca yerinə yetirmişdir. Onun xx.xx.2012-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək ödənilməli olan pensiyanın, eyni zamanda keçmiş dövr üzrə fərq məbləğinin hesablanaraq ona ödənilməsi barədə müraciətinin təmin edilməsindən xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının etirazı onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 27 may 2013-cü il tarixli 00744 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uyğun olaraq 19 oktyabr 2012-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. İddiaçı 1 iyul 2020-ci il tarixində əmək pensiyasının bir növündən (əlilliyə görə pensiyadan yaşa görə pensiya növünə keçmə) başqa növünə keçməklə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2020-ci il tarixli MN- 00744 nömrəli yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə və yuxarıda qeyd olunan Qaydaların 6.2-ci bəndinə əsasən ona 1 avqust 2020-ci il tarixindən 32 il 2 ay 24 gün xidmət ili üçün təminat xərcliyinin (3234,00 manat) 91 faizi-2942,94 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin olunaraq müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyə görə əmək pensiyasının bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın birindən hesablandığından iddiaçının əmək pensiyası üzrə ərizəsində göstərdiyi dövr üçün ona fərq məbləğinin hesablanması mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanununun 17-ci bəndinin birinci abzasına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə düşmüşdür. İddiaçı xx.xx.2022-ci il tarixdə, məhkəmə iclasında ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilmiş, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlər sırasından xaric edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 iyun 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 27 may 2013-cü il tarixli 00744 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uygun olaraq 19 oktyabr 2012-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar" ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. İddiaçı 1 iyul 2020-ci il tarixində əmək pensiyasının bir növündən (əlilliyə görə pensiyadan yaşa görə pensiya növünə keçmə) başqa növünə keçməklə bağlı Mərkəzi Filiala müraciət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2020-ci il tarixli MN- 00744 nömrəli yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə və yuxarıda qeyd olunan Qaydaların 6.2-ci bəndinə əsasən iddiaçıya 1 avqust 2020-ci il tarixindən 32 il 2 ay 24 gün xidmət ili üçün təminat xərcliyinin (3234.00 manat) 91 faizi-2942,94 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin olunaraq müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, qanunvericiliyə görə əmək pensiyasının bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın birindən hesablandığından əmək pensiyası üzrə ərizəsində göstərdiyi dövr üçün ona fərq məbləğinin hesablanması mümkün deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 28 noyabr tarixli 184-İİİQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericlik aktlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qanunvericlik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının 19 oktyabr 2007-ci il tarixli 462-İİİQD nömrəli Qanunun 17-ci bəndinin birinci abzasına əsasən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüşdür. İşin faktiki hallarından görünür ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 27 may 2013-cü il tarixli 00744 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uygun olaraq 19 oktyabr 2012-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçının 1 iyul 2020-ci il tarixində əmək pensiyasının bir növündən (əlilliyə görə pensiyadan yaşa görə pensiya növünə keçmə) başqa növünə keçməklə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2020-ci il tarixli MN-00744 nömrəli yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən iddiaçıya 1 avqust 2020-ci il tarixindən 32 il 2 ay 24 gün xidmət ili üçün təminat xərcliyinin (3234.00 manat) 91 faizi-2942,94 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin olunmuşdur. Hazırda iddiaçı xx.xx.1992-xx.xx.1995-ci illər iş stajı nəzərə alınaraq tərxis olunduğu xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə almalı olduğu yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyası növünü ala bilmədiyindən fərq məbləğlərinin hesablanaraq ona ödənilməsi tələbini irəli sürür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 20.14-cü maddəsinə əsasən, bu Qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla; 20.16-cı maddəsinə əsasən, bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: (xx.xx.2022-dək qüvvədə olan redaksiya) 20.16.1-ci maddəsinə əsasən, müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin-100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə-80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə-55 faizi; 20.16.2-ci maddəsinə əsasən, İ dərəcə əlilliyi olan digər şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə) müvafiq təminat xərcliyinin—60 faizi, İİ dərəcə əlilliyi olan şəxslərə —55 faizi, İİİ dərəcə əlilliyi olan şəxslərə-35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər. 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. 31.2-ci maddəsinə əsasən, Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. 22.4-cü maddəsinə əsasən, hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Aərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın: 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir; 2-ci hissəsinə əsasən, bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır; 3-cü hissəsinə əsasən, bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür... 4-cü hissəsinə əsasən, bu Qaydaların 6-cı və 7-ci hissələri nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür; 5-cü hissəsinə əsasən, məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. Qanunvericiliyin sadalanan normalarından göründüyü kimi, hərbi qulluqçuya pensiya təyin edilməsi üçün onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi sonuncu xidmət keçdiyi orqan tərəfindən pensiya təyin ediən orqana göndərilməlidir. İddiaçının iddia etdiyi kimi xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə yaşa görə (xəstəliklə əlaqədar tərxis olunmaqla) əmək pensiyasının fərq məbləğinin ödənilməsi üçün tərxis olunduğu vaxtdan yaşa görə əmək pensiyası təyin edilməli idi. Lakin işin mübahisəsiz halıdır ki, onun sonuncu xidmət keçdiyi orqan olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş 27 may 2013-cü il tarixli 00744 nömrəli məlumat vərəqəsində onun xidmət illəri 17 il 06 ay 28 gün göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən də, pensiya təyin edənm orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.2-ci maddəsinə uygun olaraq 19 oktyabr 2012-ci il tarixindən “hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Qeyd edilən məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsi ilə iddiaçıya hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin edilə bilməzdi. İddiaçı məlumat vərəqəsini tərtib edən qurumun hərəkətlərini mübahisələndirməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın həmin vaxt hərbi xidmət dövrü ilə əlaqədar” ll qrup əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarında əmək pensiyası təyin etməsi qanuni və əsaslı olmuşdur. Daha sonra, iddiaçının 1 iyul 2020-ci il tarixində əmək pensiyasının bir növündən (əlilliyə görə pensiyadan yaşa görə pensiya növünə keçmə) başqa növünə keçməklə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 11 mart 2020-ci il tarixli MN-00744 nömrəli yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən iddiaçıya 1 avqust 2020-ci il tarixindən 32 il 2 ay 24 gün xidmət ili üçün təminat xərcliyinin (3234.00 manat) 91 faizi-2942,94 manat məbləğində hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə (xəstəliklə əlaqədar tərxis olmaqla) əmək pensiyası təyin olunmuşdur. Məhkəmə xüsusilə vurğulayır ki, iddiaçnın sonuncu xidmət keçdiyi orqanın onun xidmət illərini düzgün hesablamaması, verilmiş məlumat vərəqəsində xidmət illərinin az göstərilməsi kimi hallar hazırda vəziyyəti iddiaçının xeyrinə dəyişmir və pensiya təyin edən inzibati orqanın hərəkətlərinin qanunsuz sayılmasına əsas vermir. Belə ki, iddiaçının 27 may 2013-cü il tarixli 00744 nömrəli məlumat vərəqəsində göstərilən məlumatları mübahisələndirmək üçün kifayət qədər prosessual imkanları olsa da, bundan istifadə etməmiş və bunun səbəblərini (belə müraciətin təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutü məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçı özü də həmin dövrdə məlumat vərəqəsi ilə razılaşaraq ona yaşa görə deyil, əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Doğrudur, iddiaçının xidmət illəri ilk məlumat vərəqəsi verilən zaman düzgün hesablanmamışdır, ancaq pensiya təyin edən orqan orada göstərilənləri (xidmət illərinin 20 ildən az olmasını) nəzərə almadan iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilməzdi. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “keçmiş dövr üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar