Məhkəmə qərarları › İş №2-1(112)-8622/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8622/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8622/2023 27.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi keçmiş Zirə Südçülük-Tərəvəzçilik Sovxozunun ərazisində yerləşir. Həmçinin həmin torpaq sahəsinə digər şəxsin müraciətləri olmuşdur. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən əraziyə texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər sahələrlə ümumi hasar daxilində yerləşdiyi məlum olmuşdur. Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncamı ilə torpaq sahəsi ayrılan zaman Azərbaycan Respublikası Torpaq Məcəlləsinə əsasən yerdə (naturada) sahənin hüdudları müəyyən edilərək müvafiq rəsmiləşdirmə işlərinin aparılması təmin edilməmişdir. Belə ki, təqdim edilmiş yerləşmə cizgisi torpaq sahəsi ayrılan zaman Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən deyil, sonradan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Bu imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1195 kv.metr sahəsi olan 42 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 42 saylı 1200 kv.metr olan torpaq sahəsi onun istifadəsindədir. Həmin bağ sahəsi 1997-ci il tarixli sərəncama əsasən onun adına ayrılmışdır. Bağ sahəsi ona ayrılan gündən faktiki olaraq 25 ildən artıqdır ki, istifadəsindədir. Həmin bağ sahəsinin sənədləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, İdarə tərəfindən müxtəlif bəhanələr gətirilərək torpaq sahəsi bugünədək sənədləşdirilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin bu hərəkəti tamamilə əsassız və qanunsuz olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istnad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan “Vət. İddiaçı Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncamından görünür ki, Zirə qəsəbəsi, Babayev küçəsi, döngə 10, ev 1-də yaşayan heç bir yerdə işləməyən, ailə tərkibi 5 nəfərdən ibarət İddiaçı Zirə qəsəbəsində fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Evin tikintisi təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılmışdır. Sahə №42. İşdə olan Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının İ müavininin xx.xx.2023-cü il tarixli, 5-12/2-1731/2023 nömrəli məktubundan görünür ki, İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə müraciətinə və təqdim etdiyi rəsmi sənədlərə əsasən yerində araşdırma aparılmış və Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 453 saylı Sərəncamı ilə Zirə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış 42 saylı torpaq sahəsinin yerləşmə sxemi hazırlanaraq vətəndaşa təqdim olunmuşdur. xx.xx.2023-cü il tarixli Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsi mişar daşı ilə hasarlanmış ümumi ərazinin bir hissəsidir və ümumi sahə mişar daşı düzülərək 3 hissəyə bölünmüşdür. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki sahəsi 1195 kv. metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi mişar daşı ilə hasarlanmış ümumi ərazinin bir hissəsidir və ümumi sahə 1 metr hündürlüyündə mişar daşı düzülərək 3 hissəyə bölünmüşdür. Vahid elektron kadastr baza məlumatlarına əsasən mövcud koordinatları verilmiş torpaq sahəsi keçmiş Zirə-Südçülük Tərəvəzçilik sovxozunun ərazisindən Bakı Şəhər İcra Hakimiyyəti idarəçiliyinə qaytarılmış, Xəzər rayonu, Zirə qəsəbəsinin inzibati ərazisi daxilində yerləşir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan isə görünür ki, İddiaçı müraciətində qeyd edilən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsi ilə bağlı X2 ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli müraciəti 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur və **********46 nömrəli xx.xx.2023-cü il tarixli bildirişlə cavab verilmişdir. Sözügedən torpaq sahəsi keçmiş X3-südçülük sovxozundan Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissə olmaqla dövlət mülkiyyətindədir və yaşayış məntəqələrinin torpaqlarıdır. İddiaçı hazırda onun faktiki istifadəsində olan bu torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - “Vət. İddiaçı Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin yerli icra hakimiyyəti orqanına deyil, X3-südçülük Sovxozunun ərazisinə aid olmasına istinad etmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2016-cı il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin torpaqlarının özəlləşdirilməsi (xüsusi hallar nəzərə alınmaqla) haqqında Əsasnamə”yə uyğun olaraq vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyən edilmişdir. Göründüyü kimi, hazırda X3-südçülük Sovxozu mövcud deyil və onun torpaqları Bakı şəhəri İcra Hakimiyyətinin idarəçiliyinə verilmişdir. Mübahisəli torpaq sahəsi isə həm ayrılan vaxt, həm də sonradan yerli icra hakimiyyətinin istifadəsində olan torpaq sahəsinə aid olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, artıq mövcud olmayan quruma ayrılmış torpaq sahəsinin ərazisi olması əsası ilə iddiaçıya imtina verilməsi onun hüquqlarını pozur. Çünki iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Həmçinin məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilən iddiaçının naturada göstərdiyi torpaq sahəsinin qonşuluğundan yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlərdən görünür ki, həmin torpaq sahələri də Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamlar əsasında ayrı-ayrı vətəndaşların istifadəsinə verilmiş, cavabdeh isə həmin hüquqmüəyyənedici sənədə əsasən müvafiq şəxslərin torpaq sahəsinə hüquqlarını qeydə almışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Bundan başqa, cavabdeh etirazında torpaq sahəsinə dair yerləşmə cizgisinin torpaq sahəsi ayrılan zaman Əzizbəyov Rayon İcra Hakimiyyəti tərəfindən deyil, sonradan Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilməsinə istinad etmiş və dəlilini Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq əsaslandırmışdır. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayaraq qeyd edir ki, birincisi, cavabdehin istinad etdiyi norma yerli icra hakimiyyəti tərəfindən deyil, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri ilə ayrılmış torpaq sahələrinə aid olmuşdur. İkincisi, xx.xx.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə Bakı şəhərinin Əzizbəyov rayonu Xəzər rayonu adlandırılmış və Əzizbəyov rayon inzibati ərazi vahidi Xəzər rayon inzibati ərazi vahidi hesab edilmişdir. xx.xx.2001-ci il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanlarının fiziki şəxslərə torpaq sahəsi ayrımaq hüququ olmuş, bu zaman torpaq sahəsinin ayrılması barədə qərara 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planının əlavə edilməsi nəzərdə tutulmuşdur. Torpaq ayıran qurumun həmin sahənin planını sonradan tərtib etməsi, həmin planın (cizginin) torpaq ayırlan zaman mövcud olmaması anlamına gəlmir. İşdən görünür ki, iddiaçı ona verilmiş hüquqmüəyyənedici sənədə uyğun ayrılan torpaq sahəsinə dair cizginin tərtib edilməsini torpaqayıran qurumdan tələb etmiş, həmin qurum da müvafiq cizgini təsdiq etmişdir. Cizgidə göstərilən torpaq sahəsinin xx.xx.1997-ci il tarixli, 453 nömrəli Sərəncam ilə torpaq ayrılarkən nəzərdə tutulan sahə olmaması isə cavabdeh tərəfindən sübuta yetirilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də əsassızdır. Mübahisəli torpaq sahəsinə digər şəxsin müraciətinə gəldikdə, işdə olan sənədlərdən görünür ki, həmin müraciət X5 tərəfindən edilmişdir, hansı ki, həmin şəxs iddiaçının əri olmuş, məhkəmə iclasında isə iddiaçı onun torpaq sahəsinə dair hər hansı bir iddiasının olmadığını bildirmiş, A.Əliyevə məxsus torpaq sahəsinin ona ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşdiyini göstərmiş və bununla bağlı sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı 1195 kv.metr sahəsi olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 42 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar