Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8625/2021 13.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “yoxlamanın aparılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 10.12.2020-ci il tarixdə İddiaçı MMC-də yoxlama aparması barədə hərəkətlərinin qanunsuz hesab edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı peşəkar şirkət olaraq, Qaradağ rayonu Qızıldaş qəsəbəsində dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması fəaliyyəti ilə məşğuldur. X10 X3 əməkdaşı Y.Yusifov və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin-Operativ Nəzarət İdarəsinin üç əməkdaşı (A.Mirzəyev, A.Həsənov və Q.Hacıəliyev) 10.12.2020-ci il tarixdə iddiaçının nümayəndəsinin və yaxud hal şahidlərinin iştirakı olmadan yoxlamanın keçirilməsi ilə bağlı akt tərtib etmişlər. Lakin 10.12.2020-ci il tarixdə yoxlama aparılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə yoxlama qeydiyyatı aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, X10 X5 tərəfindən 2020-ci il 10 dekabr tarixdə Qaradağ rayonu ərazisində yerləşən “Şahqaya” əhəngdaşı yataqlarına monitorinq keçirilmiş və bu nəzarət tədbiri aşağıda göstərilən əsaslara görə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, monitorinq keçirilən dövrdə İddiaçı MMC-nin faydalı qazıntı yataqlarına dair qüvvədə olan “Dağ-mədən ayırması” aktı icazə sənədi olmamışdır. İddiaçı MMC-yə verilmiş 06.05.2015-ci il tarixli 00905 nömrəli “Dağ-mədən ayırması” Aktının müddəti 06.05.2020-ci il tarixdə bitmişdir. Agentliyin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon məhkəməsinin qərarı ilə İddiaçı MMC İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək və 5000 (beş min) manat məbləğdə inzibati qaydada cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. İddiaçı MMC təkrar apellyasiya şikayəti vermiş, lakin şikayət rədd edilmişdir (12 avqust 2021-ci ildə Bakı Apellyasiya Məhkəməsi şikayəti icraata qəbul etməkdən imtina etmişdir). Nəticə etibarilə, baxış keçirilən zaman şirkətin qeyd olunan faydalı qazıntı yataqlarına münasibətdə istifadə hüququ olmadığına görə, İddiaçı MMC həmin ərazidə yer təki sahəsi ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirə bilməzdi. Bu səbəbdən, Agentlik tərəfindən həyata keçirilən monitorinq, qanunvericiliklə nəzərdə tutulmuş qaydada yer təki sahəsində sahibkarlıq fəaliyyətini həyata keçirmək hüququ olmayan bir hüquqi şəxsin fəaliyyətinin yoxlanılması kimi qəbul edilə bilməz. Şəxs inzibati xəta törətmiş, inzibati qaydada cərimələnmişdir və yoxlamanın nəticəsindən şikayət etməkdə davam edir. Yer təkinin istifadəsinə və yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun olaraq, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu, görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu müəyyən etmək Agentliyin Nizamnaməsinə əsasən (3.1.11-ci və 3.1.13-cü bəndlər) onun əsas vəzifəsidir. Qeyd olunan yataqlarda keçirilən monitorinqin məqsədi də məhz yerin təkindən özbaşına istifadəyə yol verilməməsinə nəzarət etmək, faydalı qazıntıların çıxarılması üçün istifadə edilən yer təki sahələrinin dəqiq uçotunu aparmaq və görülən işlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamaqdan ibarət olmuşdur. Həmin tədbirin keçirildiyi dövrdə İddiaçı MMC-yə məlumat verilmiş, şirkətin nümayəndəsi monitorinqi müşahidə etmiş, lakin baxışda iştirak etməkdən, aktı qəbul etməkdən imtina etmişdir. X13 Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilmişdir. Sonradan həmin aktla bağlı şirkətin direktoru Emin Əliyev izahat verilməsi və protokol tərtib edilməsi məqsədi ilə Agentliyə dəvət edilmişdir. E.Əliyevin yazdığı izahatında “Dağ-mədən ayırması” aktının müddətinin bitdikdən sonrada fəaliyyət göstərdiyini bildirmişdir. İddiaçı MMC-nin həmin aktı inzibati qaydada mübahisələndirməsində məqsədi “Şahqaya” yatağında qanunsuz olaraq apardığı hasilata görə Agentlik tərəfindən həmin şirkətə qarşı qaldırılmış mülki iddia ilə bağlı məsuliyyətdən yayınmaqdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və bununla bağlı tərəflərin fikirləri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İddia ərizəsindən görünür ki, iddia tələbi cavabdeh kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X10 X4 yönəlmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan, o cümlədən iddiaçının nümayəndəsinin məhkəmə araşdırması zamanı şifahi izahatından müəyyən olunur ki, iddiaçının etirazı, narazılığı və şikayəti cavabdehin 10.12.2020-ci il tarixdə yoxlama aparması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqan Dövlət Mineral X1rşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçılar arasında hər hansı inzibati münasibət yaranmamışdır ki, ondan da inzibati mübahisə törənmiş olsun. Çünki, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 228-ci maddəsində inzibati məsuliyyətə səbəb olan əməl kimi nəzərdə tutulmuşdur. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin) inzibati xətalara dair işlər üzrə inzibati icraat sahəsindəki fəaliyyət sferasına daxildir. İXM-in: 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 228-ci maddəsində, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın 5.11-cü bəndinə əsasən, İXM-in 228... maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. İş materiallarında olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.04.2021-ci il tarixli, 3(002)-440/2021 saylı qərarına əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan, Bakı Apellyasiya Məhkəməsinin 08.05.2021-ci il tarixli, 3(103)-1103/2021 saylı qərarına əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs İddiaçı Məhlud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya qaydasında şikayət təmin edilməmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin hüquqi şəxs İddiaçı Məhlud Məsuliyyətli Cəmiyyətinin barəsində olan 08 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda istinad olunan məhkəmə qərarlarında göstərilmişdir ki, 10 dekabr 2020-ci ildə İddiaçı MMC-yə məxsus “Şahqaya” əhəngdaşı yatağında dağ-mədən fəaliyyətinin yoxlanılması məqsədilə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, cəmiyyətə “Dağmədən ayırması” barədə 00905 nömrəli 06 may 2015-ci il tarixli Aktla 10 hektar sahə 05 il müddətinə ayrılmışdır. Əraziyə baxış keçirilərkən, iki ayrı sahədə, 1-ci sahədə 2,1 ha, orta istismar dərinliyi 3,6 metr olmaqla 75600 kubmetr, 2-ci sahə 1,66 ha, orta istismar dərinliyi 3,3 m olmaqla 54780 kub\m həcmində əhəngdaşı hasilatı aparıldığı müəyyən olunmuşdur. Markşeyder planındakı koordinatlara əsasən kənaraçıxma halları müəyyən edilməmiş və mərz nişanları müşahidə edilməmişdir. 03 ədəd daşkəsən kombayn, 01 ədəd konzl 50 yükləyici, 01 ədəd qaldırıcı kran və 01 ədəd traktor müşahidə edilmişdir. Nəticədə, cəmiyyət tərəfindən yerin təkindən istifadəyə icazə verən “Dağ-mədən ayırması” aktının qüvvədə olması müddətinin 06 may 2020-ci il tarixdə bitməsinə baxmayaraq, fəaliyyət göstərilməklə “Yerin təki haqqında” Qanunun 9, 10, 21 və 46-cı maddələrinin tələblərinin pozulduğu aşkar olunduğundan, bu barədə 000068 nömrəli 10 dekabr 2020-ci il tarixli akt tərtib edilmiş və həmin akt əsasında İddiaçı MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində göstərilən inzibati xətanı törətməsinə dair MN seriyalı ******* nömrəli 02 mart 2021-ci il tarixli protokol tərtib olunaraq, əlavə olunmuş sənədlərlə baxılması üçün məhkəməyə göndərilmişdir Göründüyü kimi, iddia ərizəsində göstərilən yoxlamanın aparılması nəticəsində akt tərtib edilmişdir ki, həmin akt əsasında da inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən inzibati orqan tərəfindən aparılmış inzibati xəta haqqında iş üzrə icraata (yoxlamanın keçirilməsi, aktın və onun əsasında inzibati xəta haqqında protokolun tərtib edilməsinə və s.) hüquqi qiymət verilmişdir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsində göstərilən yoxlamanın aparılması, aktın tərtib edilməsi inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan və həmin fəaliyyətinə də aidiyyəti üzrə inzibati xətalara dair iş üzrə icraatda məhkəmələr tərəfindən hüquqi qiymət verildiyindən hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanunun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya aidiyyəti üzrə müraciət etməklə bağlı hüququnun izah edilməsinə gəldikdə, məhkəmə vurğulayır ki, iddiaçı ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı inzibati xətalara dair iş üzrə icraatda məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət vermək hüququ olmuş və bu hüququndan artıq istifadə etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral X1rşı “yoxlamanın aparılması barədə hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-8625/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8625/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver