Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8627/2022 01.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa düzəlişlərin edilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa yenidən baxılmasını «torpaq sahəsinin ölçüsü» hissəsinə 0.11033 ha yazılmaqla düzəliş edilməsini və torpaqdan 30 ildən artıq yaşadığını, torpaq sahələrində olan əmlakların bir-biri ilə bağlı və bölünməz olduğunu, dövlət tərəfindən verilən qazdan, işıqdan, sudan istifadə etdiyinə görə yazılan pullar və hec bir borcu olmadan ödəmələrin aparıldığını, əmlak və torpaq üçün ödənilən vergiləri nəzərə almaqla qeyd edilən 0.11033 ha torpaq sahəsinə iddiaçını mülkiyyətçi kimi tanınması öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildən 5 nəfərlik ailəsi ilə birgə Bakı şəhərində yaşayır. İddiaçı həmin il ev tikmək üçün Bakı Şəhər Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Səbail rayon icra hakimiyəti tərəfindən iddiaçıya Səbail qəsəbəsində, 2-ci yaşayış massivində 0,06 sot torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsini iddiaçıya təqdim etmək üçün onu İcra Hakimiyyətinə dəvət etmişlər və İcra Hakimiyyətinin nümayəndələri iddiaçını Badamdar qəsəbəsinə gətirərək mübahisələndirilən ərazidə yerləşən torpaq sahəsini təqdim etmişdirlər. Həmin təqdim etmə zamanı İcra Hakimiyyətinin nümayəndəsi bildirmişdir ki, həmin 0.06 ha torpaq sahəsinə əlavə 0.05 ha torpaq sahəsi birləşdirilsin və rəsmiləşdiriləndə qeyd edilsin. Bundan sonra iddiaçı həmin torpaq sahələrini birləşdirərək hasara almışdır. İddiaçı 1993-cü ildən həmin torpaq sahəsinə ailəsilə birlikdə köçmüşdür və orada inşa etdiyi birmərtəbəli 2 otaqlı evdə yaşamağa başlamışdır, eyni zamanda həmin evin yanında daimi yaşamaq üçün evin tikilməsi barədə icra hakimiyyətinin arexetektura şəbəsindən evin lahəsinin hazırlanmasını xahiş etmişdir və belə bir lahiyə müəyyən bir müddətdən sonra təqdim olunmuşdur. Evin lahəsini alanandan sonra həmin ərazidə 2 mərtəbəli evin tikintisi başlamış və 2000-ci ildə tamamlanmışdır. İddiaçı qeyd edir ki, yaşadığı evin həyatyanı torpaq sahəsi rəsmi sənədlərə uyğun olmadığı üçün 24 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daşınmaz əmlakın dövlət reyestri xidmətinin 1 saylı Bakı ərazi idarəsinə müraciət edərək xahiş etmişdir ki, yaşadığı ünvan 1 ünvanına verilmiş çıxarışda düzəlişlər edilsin, ölçülər texniki pasporta uyğunlaşdırılsın. 08 aprel 2021-ci il tarixdə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən ********** qeydiyyət nömrəsi olan çıxarış vermişdirlər. Həmin çıxarışda evin tam paylı mülkiyyətçisi kimi iddiaçı göstərilsə də, çıxarışın başqa hissələrinə qeyd olunmuşdur ki, torpaq sahəsinin ölçüsü 0,035180 hektardır, halbuki, xx.xx.2021-ci il tarixli **********15-10301 nömrəli texniki pasporta torpaq sahəsinin ölçüsü 0,11033 ha göstərilmişdir, mülkiyyət növüdövlətdir və torpaq sahəsi üzərində hüququn növü- istifadə hüququdur. Göstərilən ziddiyyətlərin aradan götürülməsi üçün iddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidmətinə təkrar müraciət edərək xahiş etmişdir ki, xx.xx.2021-ci il tarixli çıxarışda olan ölçülər, 07.04. 2021-ci il tarixli **********15-10301 texniki pasporta olan ölçülərə uyğunlaşdırılsın və çıxarışda torpaq sahəsinin mülkiyyət növü hissəsindədövlət yox, xüsusi mülkiyyət növü, və torpaq sahəsi üzərində hüququn növü- istifadə yox, mülkiyyət hüququ göstərilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət komitəsi yanında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən mənim müraciətimiə baxılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış yenilənməklə xx.xx.2021-ci il tarixli, **********51-10301 reyestr nömrəli yeni çıxarış verilmiş, çıxarışda torpaq sahəsinin mülkiyyət növü hissəsində və torpaq sahəsi üzərində hüququn növü hissəsində düzəlişlər edilsədə, lakin müvafiq düzəlişlər tam olaraq yenə də edilməmişdir. Belə ki, xx.xx.2021 -ci il tarixli çıxarışda torpaq sahəsinin ölçüsü 0.035180 ha göstərilmiş, xx.xx.2021 -ci il tarixli çıxarışda isə torpaq sahəsinin ölçüsü düzəliş edilməklə 0.06 ha göstərilmişdir. xx.xx.2021-ci il tarixli çıxarışda düzəliş edilərkən torpaq sahəsinin ölçüsünün texniki pasportda göstərildiyi kimi, yəni 0.11033 ha yazılmalı olduğu halda, 0.06 ha yazılmışdır. İddiaçının mülkiyyət hüquqları tam bərpa edilməmişdir. İddiaçı qeyd edir ki, qeyd olunan ərazidə abadlıq işləri görülmüş və əlavə tikintilər də aparılmışdır. İddiaçı vaxtı-vaxtında Azərsu, Azərişıq və Azərqaz ödənişlərini ödəmişdir və heç bir borcu yoxdur. İddiaçı həmin ərazidə 1993-cü ildən yaşadığını müxtəlif foto-şəkillər və qonşularının şahidliyi ilə sübut edə biləcəyini bildirir.
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq icraatı iclasında tərəflər iştirak edir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri götürülməsini xahiş etmişdir. Cavabdeh orqanın nümayəndəsi işin baxılmadan geri götürülməsinə etiraz etmir.
II. İddianın geri götürülmüş sayılması
1. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
3. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
4. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
5. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
6. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
7. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
8. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
9. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
10. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
11. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
12. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
13. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
14. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
15. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
16. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva