Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8628/2022 02.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “ölkədən getmə məhdudiyyətinin götürülməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-3303/2019 nömrəli qətnaməsi ilə qoyulmuş ölkədən getmək məhdudiyyəti qərarının Vergi Xidməti tərəfindən götürülməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 14 iyun 2018-ci ildə cəmi 4 ay əmək haqqı hesablanmaqla, lakin digər xərclər şirkət tərəfindən ödənilməməklə "xxxx" MMC- nin rəhbəri kimi formal olaraq direktor vəzifəsinə təyin olunmuşdur və elə həmin ilin sentyabr ayından 2022-ci ilin yanvar ayına qədər nə əməkhaqqı, son haqq-hesab almadan fəaliyyəti müvəqqəti dayandırılmış şirkət rəhbəri kimi 06 yanvar 2022-ci ilə qədər vergi qeydiyyatında olmuşdur. Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-3303/2019 nömrəli qətnaməsi ilə iddiaçının ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Vergi orqanı "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə yaranmış 1597,3 manat məbləğində vergi borcuna dair vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin müvafiq maddələrinə əsasən iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün Sabunçu rayon məhkəməsinə müraciət etmiş və ərizə təmin edilmişdir. İddiaçı direktor vəzifəsindən azad olduqdan sonra 24 fevral 2022-ci il tarixdə vergi orqanında yeni rəhbər kimi X2 təyin edilmişdir. İddiaçı ölkədən getmək məhdudiyyətinin qaldırılmasına dair cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan 3 aydan sonra iddiaçıya imtina təqdim etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmişdir.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə (dəftərxana vasitəsilə) müraciət edərək bildirilmişdir ki, cavabdeh orqana qarşı bütün borcunu ödədiyini və məhdudlaşdırmanın götürlülməsinə dair qərar qəbul edilməsin xahiş etmişdir.
4. Məhkəmənin xx.xx.2022-ci il tarixli baxış iclasında cavabdeh orqanın nümayəndəsi iştirak edir. Cavabdeh orqanın nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********788300 nömrəli qərarını təqdim etmişdir. Qərara əsaən, İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşırılmasına əsas olmuş hallar (hüquqi şəxsin rəhbərinin dəyişməsi) aradan qalxdığı üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürülmüşdür. Qeyd edilənlərə əsasən mübahisə predmetini təşkil edən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərar qəbul edildiyindən iş üzrə mübahisə predmeti artıq mövcud deyildir.
5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
6. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi mahiyyət etibarilə təmin olunaraq iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması götürüldüyündən işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva