Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8629/2021 18.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən evə qeydiyyata alınması öhdəliyinin iş üzrə cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X16 ilə 29.04.2015-ci il tarixində nikah bağlayaraq ailə qurmuşlar. Həyat yoldaşı X16 ilə birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Nikah bağladığı tarixdən həyat yoldaşının qeydiyytda olduğu ünvan 1 ünvana gəlin köçmüşdür. O tarixdən hal-hazırdakı tarixədək həyat yoldaşının və digər ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Digər ailə üzvləri həmin ünvanda daimi qeydiyytdadırlar. Ev özbaşına tikili olsa da faktiki yaşayış sahəsi kimi digər ailə üzvləri həmin evdə qeydyyatdadırlar. Həmin özbaşına tikili ailə üzvlərinin faktiki sahibliyində və istifadəsindədir. Evlə bağlı heç bir mübahisə yoxdur. Faktiki yaşadığı ünvana qeydiyyat düşmək üçün cavadeh orqana müraciət etmişdir. Müraciətinə ona yaşayış sahəsi verən həyat yoldaşı və digər ailə üzvlərinin razılıq ərizəsini əlavə etmişdir. Ancaq cavabdeh orqan 059-15379A nömrəli 13.05.2021-ci il tarixli məktubu ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Həmin məktubla ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hesab etmişdir ki, cavabdehin imtinası əsassız və qununa ziddir. O, 29.04.2015-ci il tarixində faktiki olaraq ünvan 1 ünvanda daimi yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan şifahi məhkəmə baxışı və şifahi dinləmələr keçirmədən qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ 045060 №-li, 29.04.2015-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X2 arasında 29.04.2015-ci ildə nikah bağlanılmışdır. Ərə Alışov, arvada isə Alışova soyadı verilmişdir. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 790788 №-li, 29.06.2016-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Alışov İlham oğlu və anası İddiaçı olan X15 26.05.2016-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 397727 №-li, 16.01.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Alışov İlham oğlu və anası İddiaçı olan X12 04.01.2020-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü ildə Cəlilabad rayonu, Şiləvəngə kəndində doğulmuşdur, yaşayış yeri Cəlilabad rayonu, Şiləvəngə kəndidir. - Azərbaycan Respublikası vətəndaşının AZE 16298936 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 05.11.1975-ci ildə Bakı şəhərində doğulmuşdur, yaşayış yeri ünvan 1 ünvanıdır. - ünvan 2 üzrə nümayəndiliyinin 210 №-li, 01.06.2021-ci il tarixli arayışından görünür ki, Alışova X1 rayonu, Şiləvəngə kəndində qeydiyyatda olsada Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsində yaşayır. - Binəqədi rayon İcra Hakimiyyətinin Başçısının Rəsulzadə qəsəbə üzrə nümayəndiliyi tərəfindən verilmiş 077 №-li, 05.07.2021-ci il tarixli arayışdan görünür ki, X16 Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsi, 28 saylı evdə qeydiyyatdadır. Ev özbaşına tikilidir. Qeyd olunan ünvanda daimi pasport qeydiyyatında olan digər şəxslər 8 nəfərdən ibarətdir: X16 1992-ci ildən, X17 1999-cu ildən, X13 2001-ci ildən, X15 2016-cı ildən, X6 1999-cu ildən, X3 1986-cı ildən, X12 2020-ci ildən və X7 1971-ci ildən. - ünvan 3 ünvanında qeydiyyatda olan X14, ünvan 4 ünvanında qeydiyyatda olan X8 və ünvan 5 ünvanında qeydiyyatda olan X9 tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş aktdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 018-17296-1221 №-li, 01.11.2021ci il tarixli məktubdan görünür ki, 20.05.1966-cı il təvəllüdlü X13 10.10.2005-ci il tarixdən, 09.07.1969-cu il təvəllüdlü X4 08.10.2005-ci il tarixdən, 25.12.1995-ci il təvəllüdlü X10 21.04.2012-ci il tarixdən, 11.11.1999-cu il təvəllüdlü X11 04.12.2014-cü il tarixdən, 05.11.1975-ci il təvəllüdlü X16 12.01.2011-ci il tarixdən, 13.12.1973-cü il təvəllüdlü X17 14.11.2005-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata alınmasına və onlara şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, həmin ünvanda qeydiyyatda olan 26.05.2016-cı il təvəllüdlü X15 13.07.2018-ci il tarixdən, 04.01.2020-ci il təvəllüdlü X12 01.06.2020-ci il tarixdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə uyğun olaraq valideynlərinin yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilən azyaşlıdırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 13.05.2021-ci il tarixli, 059-15379A №li məktubdan görünür ki, Azərbaycan Respublikasının "Yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat” haqqında Qanunun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 6 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPl-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana tərəfindən qeydiyyata alınması qanuna müvafıq deyildir. Nəzərinə çatdırılmişdir ki, bu məsələ ilə bağlı onun məhkəmə orqanlarına müraciət etmək hüququ var. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvan üzrə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçı yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış evinə köçüb yaşamasına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Həmin ünvanda digər şəxslərin qeydiyyatda olması isə iddiaçının həmin ünvan üzrə qeydiyyata alınmasına əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədlərin, yəni ünvan 1 ünvanına dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçını qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-8629/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8629/2021
18.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver