Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8629/2025 31.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarışı vermək vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulması barədə vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında yerləşən torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsini 2024-cü ildə satın almışdır. Torpaq sahəsini alan zaman üzərində ev tikilmişdi. Torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024cü ildə çıxarış verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Torpaq sahəsinin tək mülkiyyətçisi odur. Belə ki həmin torpaq sahəsini üzərində yerləşən həyət evinə dair çıxarış yoxdur. Həmin ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin üzərindəki həyət evinə dair çıxarış əldə edə bilməmişdir. Beləki evin tikilməsi ilə bağlı “məlumatlandırma icraatı” qaydasında Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. AR Mülki Məcəlləsinin 152-ci maddəsinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarışı əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona verilən xx.xx.2025- cı il tarixli imtina cavabında qeyd edilmişdir ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin bır hissəsi ləğv edilmiş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin öz cavab məktubunda istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnoqen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan”nın təsdiq edilməsi haqqında xx.xx.2017-ci il tarizli 31 nömrəli qərarının 3.3-cü bəndinə əsasən, ləğv edilmiş quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Lakin ona məxsus olan həmin fərdi yaşayış evinin ətrafında olan evlərin hamısına çıxarış verilmişdir. Və sözügedən neft-qaz quyusunun ləğv edilməsi faktı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin öz cavab məktubunda da əks olunmuşdur. Həmin neft-qaz quyusunun ləğv edilməsi səbəbi ilə və həmin ərazidə bir neçə fərdi yaşayış evinin olması səbəbi ilə həmin quyunun harda olması barədə məlumatı yoxdur. Belə ki torpaq sahəsi əmisi oğluna məxsus idi. O öz ərazisindən bir hissəni ona satmışdır. Bu fərdi yaşayış evi də həmin hissənin üzərində tikilmişdir. Sözügedən ev 2000-ci ildən əvvəl tikilib, sadəcə olaraq o həyət evini aldıqdan sonra təmir etdirmişdir. Əmisi oğlu - X2 həmin torpaq sahəsini aldıqdan sonra torpağa dair çıxarış əldə olunsa da həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənədi - çıxarış əldə edə bilmir. X3 belə özünə məxsus olan torpağın və torpağın üzərində yerləşən fərdi yaşayış evinin çıxarışı mövcuddur. Belə olan halda həmin ərazidə sadəcə ona məxsus fərdi yaşayış evinə dair çıxarış verməkdən imtina edilməsi onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbi ilə bağlı İdarəyə müraciət etmiş və xx.xx.2025-cü il tarixli, **********25 xaricolma nömrəli məktubla cavab verilmişdir. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun baza məlumatı var. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya 14-2/2- 6193/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin bir hissəsi ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsi və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1050, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0059 ha olan **********16 reyestr nömrəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsünə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Surxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1050, ünvan 2 ünvanında yerləşən **********16 reyestr nömrəli torpaq sahəsinin sənəd üzrə və faktiki olaraq sahəsi 0.0059 ha təşkil edir. Plan və ölçünün tərtib edilməsinə əsas alıcı ilə satıcı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 4a-2067 nömrəli alqı-satqı müqaviləsi çıxış edir. - İddiaçı tərəfindən Suraxanı Rayo İcra Hakimiyyətinə ünvanlanan xx.xx.2024-cü il tarixli Ərizəsində bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1050, ünvan 2 ünvanında yerləşən layihə əsasında hündürlüyü 4.60 m, 1 mərtəbəli fərdi yaşayış evini inşa etmişdir. Nəzərə alınmasını xahiş edir. - Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1050, ünvan 2 ünvanında sifarişçi İddiaçı məxsus mansardla 1 mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsindən görünür ki, mansardlı 1 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 76.9 kv.m, torpaq sahəsi 59.0 kv.m, tikinti altı sahəsi 52.2 kv.m təşkil edir. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-25077/2025 nömrəli məktubu ilə təqdim edilmiş xx.xx.2024-cü il tarixli yerli müayinə aktından görünür ki, 2 otaqlı yaşayış evinin hüquqmüəyyənedici sənəd üzrə və faktiki ölçüləri eyniyyət təşkil edir və aşağıdakı kimidir: yaşayış sahəsi 14.4 kv.m, köməkçi sahəsi 22.0 kv.m, mansard 26.7 kv.m, ümumi sahəsi 63.1 kv.m, torpaq sahəsi isə 59.0 kv.m təşkil edir. Yaşayış evi təqdim edilmiş layihəyə tam uyğundur və yaşayışa tam yararlıdır. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın xx.xx.2025-ci il tarixli 14-2/2- 2890/2025 nömrəli məktubunda göstərilmişdir ki, quyuların elektron baza məlumatlarına baxış keçirən zaman müəyyən olunmuşdur ki, sözügedən torpaq sahəsindən 69 metr məsafədə 1185 saylı ləğv edilmiş neft-qaz quyusu yerləşir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsində inşa olunmuş tikilidən 0.10 metr məsafədən "Azəriqaz” İstehsalat Birliyinə məxsus d-76 mm-lik yerüstü aşağı təzyiqli yanmayan materialdan olan dayaqlar (polad) üzərində çəkilmiş qaz xətti keçir. "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi hallan təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bənddə verilmiş cədvar üzrə ləğv edilmiş quyularla yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr arasında 75 metrlik mühafizə zonası müəyyən edilmişdir ki, həmin məsafə gözlənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nım 5 nömrəli əlavəsinə əsasən yanğın təhlükəsizliyi tədbirləri ilə əlaqədar aşağı təzyiqli yerüstü qaz kəmərlərindən binaların və tikililərin özülünə qədər olan məsafə 2 metr müəyyən olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-25077/2025 nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -“Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1050, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0059 ha olan **********16 reyestr nömrəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən satıcı X4 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi (Yeni qaydalarla: AZ1050, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 0.0059 olan torpaq sahəsini alıcı İddiaçı mülkiyyətinə verir. -Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin payçılar X4 və İddiaçı arasında bölgü sxeminə əsasən torpaq sahəsinin 578.0 kv.m hissəsi Pirimov Raminin, 59.0 kv.m hissəsi İddiaçı mülkiyyətindədir. Bölgü sxem xx.xx.2024-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-36149/2025 nömrəli məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi ləğv olunmuş neft quyusunun mühafizəsinə düşən hissədə yerləşir. Qonşuluğunda **********20-10301, **********32-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak yerləşir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli **********25 nömrəli məktubda bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən göstərilən torpaq sahəsinin yaxınlığında ləğv olunmuş neft quyusunun baza məlumatı var. Ərizənin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə verilmiş sorğuya 14-2/2-6193/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən fərdi yaşayış evinin bir hissəsi ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə ləğv olunmuş quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdi r. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı torpaq sahəsi və üzərində yerləşən əmlaka dair vahid çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. İşin hallarından müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0059 ha olan **********16 reyestr nömrəli torpaq sahəsi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bu barədə iddiaçıya çıxarış və plan-ölçü sənədi verilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində 1 mərtəbəli ümumi sahəsi 63.1 kv.m olan fərdi yaşayış evi inşa etmiş və evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin imtina məktubu və iddiaya etiraza dair dəlili ondan ibarət olmuşdur ki, sözügedən fərdi yaşayış evinin bir hissəsi ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Məhkəmə göstərilən hər dəlilin hazırkı iddia tələbinin təmin edilməsinə mane olmadığı qənətinə gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdehin mövqeyinə görə elektron kadastr məlumatlarına əsasən sözügedən fərdi yaşayış evinin bir hissəsi ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşir. Məhkəmə sorğusuna cavab olaraq SOCAR-ın cavabında göstərilmişdir ki, sözügedən torpaq sahəsindən 69 metr məsafədə 1185 saylı ləğv edilmiş neft-qaz quyusu yerləşir. Məhkəmə o halı da nəzərə alır ki, iddia olunan fərdi evin yerləşdiyi torpaq sahəsi hüququn yarandığı vaxtdan ləğv olunmuş neft-qaz quyusunun mühafizə zonası daxilində yerləşməsi halı torpaq sahələrinin kadastrını həyata keçirən inzibati orqana da bəlli olmuş olmalı idi. Cavabdeh qeyd edilən dəlili irəli sürmədən iddiaçının fərdi evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyatını həyata keçirmişdir. Digər tərəfdən iş üzrə müəyyən olunur ki, iddia olunan fərdi yaşayış evinin yerləşdiyi ərazi fərdi yaşayış velərinin olduğu yaşayış məntəqəsi ərazisidir, həmin evin qonşuluğunda bir sıra əmlaklar, o cümlədən **********20-10301, **********32-10301 reyestr nömrəsi ilə əmlaklar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışlar. Təqdim edilmiş ərazinin ortofoto görüntüsündə əks olunan adlarıçəkilən reyestr nömrəli əmlakların iddiaçının qonşuluğunda yerləşməklə bərabər həm də tam və ya qismən ləğv olunmuş quyunun mühafizəsində yerləşdiyi adi gözlə aydın müşahidə olunur. Belə olan halda cavabdehin ləğv olunmuş quyunun mühafizə yerləşmə ilə bağlı imtina dəlili iddiaçıya münasibətdə ən azı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Şəhərsalma və Tikinti Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. -80.2.Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. -80.3.Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Hazırkı iş üzrə iddiaçı mülkiyyətind olan torpaq sahəsi üzərində fərdi yaşayış evi tikmiş, fərdi evin memarlıq planlaşdırma bölməsi tərtib edilmiş, İddiaçı tərəfindən Suraxanı Rayon İcra Hakimiyyətinə məlumatlandırma ilə bağlı ərizə təqdim edilmişdir. Cavabdeh reyestr orqanının mütəxəssisləri tərəfindən yerində baxış keçirilmiş, torpaq sahəsinin koordinatları müəyyən edilmiş, sahənin qeydiyyatı və hər hansı sahə ilə üst-üstə düşmə vəziyyəti aşkar olunmamış, eyni zamanda fərdi yaşayış evinin mülkiyyətdə olan sahədən kənarda yerləşməsi, layihədənkənar və ya icazə icraatı tələb edən tikili olması barədə hər hansı qeydllər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından imtinaya əsas verə biləcək Qanunun yuxarıda sadalanan hallarına rast gəlinməmişdir. Belə olan halda cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq vahid çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-8629/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8629/2025
31.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver