Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-863/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı İddiaçı güzəştli şərtlərlə (52 yaşdan) əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. 13.09.1993-cü il tarixdən 28.09.1995-ci il tarixədək 2 saylı X4 xadimə vəzifəsində, 28.09.1995-ci il tarixdən 01.07.2009-cu il tarixədək "xxxx" MMC-də elektirk çilingəri və akkumlyatorçu vəzifəsində, 22.06.2010-cu il tarixdən 15.09.2015-ci il tarixədək "xxxx" ASC-də paltaryuyan vəzifəsində işləmişdir. 28.09.1995-ci il tarixdən 01.07.2009-cu il tarixədək "xxxx" MMC-də işlədiyi elektrik çilingəri və akkumlyatorçu vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlər pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”sı üzrə güzəştli şərtlələrlə pensiya hüququ verən vəzifələrdir. Hal-hazıradək 21 ildən çox ümumi və 13 ildən çox xüsusi əmək stajı vardır. 17.06.2017-ci il tarixdə ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Lakin 01.01.2021-ci il tarixdə əmək pensiyası dayandırılmışdır. Əmək pensiyasının hansı səbəblərə görə dayandırılması və əmək pensiyasının bərpa edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı onun 20 ildən az sosial sığorta stajının olduğunu əsas gətirərək müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialınin imtinası tamamilə qanunsuz və əsassızdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. “İnzibati icraat haqqında” Azırbaycan Respublikasının Qanununun 67.1-ci maddəsinə əsasən, İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər, 67.8-ci maddəsinə əsasən isə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Həmin Qanunun, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi 26 dekabr 1995-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən ümümi iş stajı 20 ildən az (19 il 1 ay 3 gün) (1 yanvar 2006-cı il tarixinədək 10 il 3 ay 3 gün, 1 yanvar 2006-cı il tarixindən pensiya təyin edildiyi 17.06.2017-ci il tarixinədək 8 il 10 ay) olduğu müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, ona 17.06.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən iddiaçıya 17.06.2017-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8544.45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ona 05.03.2021-ci il tarixli **********2 nömrəli və 21.05.2021-ci il tarixli **********8 nömrəli məktublarla artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması bildirilmiş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən sözügedən yazılı razılıq Mərkəzi Filiala təqdim olunmadığından tərəfimizdən artıq alınmış pensiya məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya dair etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus 26.12.1995-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 28.09.1995-ci il tarixdən 01.07.2009-cu il tarixədək "xxxx" MMC-də elektrik çilingəri və akkumlyatorçu peşəsində, 22.06.2010-cu il tarixdən 15.09.2015-ci il tarixədək "xxxx" ASC-də paltaryuyan peşəsində işləmişdir. İşdə olan 2 №-li X2 57 nömrəli 28.09.1995-ci il tarixli arayışının surətindən görünür ki, iddiaçı 13.09.1993-cü il tarixdən 28.09.1995-ci il tarixədək 2 №-li X5 sanitar işləmişdir. İşdə olan "xxxx" MMC-nin Arayışından görünür ki, iddiaçının "xxxx" MMC-də elektrik çilingəri və akkumlyatorçu peşələrində işlədiyi 28.09.1995-ci il tarixdən 01.07.2009-cu il tarixədək olan müddət, yəni 13 il 09 ay 03 gün əmək şəraitinə görə güzəştli şərtlərlə əmək stajı hesab olunur. Beləliklə yuxarıda qeyd edilən sənədlər nəzərə alınaraq İddiaçı 15.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, 01.01.2021-ci il tarixdən təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İşdə olan cavabdeh orqan iddiaçıya ünvanladığı “Pensiya ödənişinin dayandırılması haqqında” 05.03.2021-ci il tarixli **********2 nömrəli məktubda bildirmişdir: “Bildiririk ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar nəzərinizə çatdırırıq ki, sizə vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” .Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən (1 iyul 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına uyğun olaraq) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Araşdırma zamanı sizə vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyiniz 26 dekabr 1995-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanızda qeyd olunan məlumatlara əsasən ümümi iş stajınız 20 ildən az (19 il 1 ay 3 gün) (1 yanvar 2006-cı il tarixinədək 10 il 3 ay 3 gün, 1 yanvar 2006-cı il tarixindən pensiya təyin edildiyi 17.06.2017-ci il tarixinədək 8 il 10 ay) olduğu müəyyən edilmişdir. Göstərilən uyğunsuzluğa baxmayaraq, sizə 17.06.2017-ci il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən sizə 17.06.2017-31.12.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 8544,45 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq sizə artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda sizə artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəkdir.” İddiaçı dayandırılmış əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya bərpa edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, işdə olan məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş pensiya işindən və inzibati icraat materiallarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçası və 2 №-li X2 arayışı nəzərə alınaraq ümumi və güzəştli iş stajı hesablanaraq əmək pensiyası təyin edilsə də, daha sonra yalnız əmək kitabçasında olan iş stajı hesablanmış və ümumi iş stajı əmək kitabçasında 20 ildən az olduğundan iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılmışdır. İşdə olan imtina məktubundan və iddiaya dair yazılı etirazdan görünür ki, cavabdeh inzibati orqan əmək pensiyasının dayandırılmasını iddiaçının əmək kitabçasında ümumi iş stajının 20 ildən az olması ilə əsaslandırmışdır. Göründüyü kimi, cavab inzibati orqan iddiaçının 2 №-li X1 əmək stajını onun ümumi iş stajına hesablamamış və həmin müddətin onun stajına hesablanıb-hesablanmaması istiqamətində hər hansı araşdırma aparmadan (müvafiq sorğular vermədən və s.) iddiaçıya təyin edilmiş əmək pensiyasını dayandrımışdır. Halbuki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 05 may 2021-ci il tarixli BA-01824-2021 nömrəli Arxiv Arayışından görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan Bakı şəhər Baş Səhiyyə İdarəsinin Xətai rayon 2 №-li X2 arxiv sənədlərinin 1993-1994-cü illərə dair əmək haqqı cədvəllərində İddiaçı əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. Mövcud dövrlərə dair tərib edilmiş arxiv arayışı əmək haqqı cədvəlindən görünür ki, G.Əliyev 1993-cü ilin sentyabr ayından 1994-cü ilin dekabr ayınadək (dekabr ayıda daxil olmaqla) əmək haqqı almışdır. Göründüyü kimi, iddiaçının 1993-cü ilin sentyabr ayından 1994-cü ilin dekabr ayınadək (dekabr ayıda daxil olmaqla) əmək haqqı alması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarında əmək kitabçasının surətindən, həmçinin 2 №-li X1 iş stajına dair Arxiv Arayışından göründüyü kimi iddiaçının 20 ildən artıq (20 il 03 ay 27 gün) ümumi iş stajı mövcud olmuşdur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçının 1993-cü ilin sentyabr ayından 1994-cü ilin dekabr ayınadək (dekabr ayıda daxil olmaqla) əmək haqqı alması iş materialları ilə öz təsdiqini tapdığından, həmin dövr onun ümumi iş stajına əlavə olunmalıdır. Beləliklə iddiaçının 25 ildən artıq ümumi, 10 ildən artıq xüsusi əmək stajı olduğundan, onun 52 yaşının tamamlandığı 17.06.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Odur ki, iddiaçının güzəştli pensiya hüququnun yaranmaması barədə cavabdehin dəlili əsassızdır. Məhkəmə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödənişinin dayandırılması məsələsini tənzimləyən normalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat aparmadan, sadəcə, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə pensiya ödənişini dayandıra bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğu barədə məlumatın alınması və ya halın müəyyən edilməsi pensiya ödənişinin dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddə) əsas təşkil edən haldır. Odur ki, belə hallardan hər hansı birini aşkar etdikdə cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb pensiya ödənişinin dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız pensiya ödənişinin dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Pensiya təyin edilməsinə dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə araşdırılması zamanı iddiaçının pensiya ödənişi dayandırılarkən yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil irəli sürməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, bu cür inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı 52 yaşı tamam olduğu 17.06.2017ci il tarixədək 20 il ümumi iş stajına malik olması və həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması öz təsdiqini tapdığından, cavabdeh tərəfindən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması əsassız olmuşdur. Buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə (52 yaşdan) əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-863/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-863/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver