Məhkəmə qərarları › İş №2-1(112)-863/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-863/2023

21.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-863/2023 21.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi cavabdehin nümayəndəsi X6, üçüncü şəxs X7 iştirakı ilə iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X14 cəlb olunmaqla) «iddiaçının mənzillə təmin olunması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı X2 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli (Xətai rayonu) qurumu tərəfindən verilmiş 062024 saylı 6 mart 2009-cu tarixli vəsiqəyə əsasən İ qrup gözdən əlildir. Həmin qərara əsasən Bakı şəhəri Xətai RİH-in 3 may 2012-ci il tarixli 106 sayh sərəncamı ilə bir nəfər (özü) ailə tərkibi ilə yaşayış yeri üzrə İ qrup gözdən əlil kimi güzəştli mənzil növbəsinə götürülmüşdür. Ondan 2021-ci il sentyabr ayında mənzil verilməsi ilə bağlı sənədlər tələb olunmuşdur. İddiaçı müvafiq sənədləri təqdim etsə də, az sonra ona cavab məktubu ilə bildirilmişdir ki, əri Qarabağ əlili kimi mənzillə təmin edilən zaman o (iddiaçı) da nəzərə alınmışdır. Halbuki, təxminən 3 ildən artıqdır ki, iddiaçı əri ilə ayrı yaşayır. Ona görə də 30 sentyabr 2021-ci il tarixdə onların nikahı pozulduğundan, iddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri qanunsuz və əsassızdır. Ona görə də məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə iddiaçıya mənzil verilməsi ilə bağlı öhdəlik qoyulması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 43, 68-ci maddələrinə, İPM-in 49 – 51-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının dərhal mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulçması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı «iddiaçının mənzillə təmin olunması» tələbinə dair iddiası qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncəmlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə yerli icra hakimiyyətinin səlahiyyətlərinə aiddir və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri onun şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010-cu il tarixli qərarına əsasən şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun ölçüdə yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa əlavə mənzilin verilməsi əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir və qanunvericilikdə mənzilin ayrı-ayrılıqda verilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Xətai RİH-də 29 aprel 2015-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs kimi mənzil növbəsinə dayanmış əri X14 2 iyun 2021-ci il tarixində Nazirlik tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, X13, bina 2, giriş 49 ünvnında 1 nömrəli üç otaqlı mənzillə təmin olunmuşdur. Nemət Əsgərov mənzillə təmin olunması məqsədilə müvafiq sənədləri, o cümlədən X4 məxsus sənədləri də Agentliyə təqdim etmiş və mənzil təminatı məsələsinə baxılarkən ailə tərkibi kimi nəzərə alınmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı X3 iddiasının rədd olunması barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və üçüncü şəxs gəlmişlər, iddiaçı gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 iddianın əsaslı olduğunu bildirdi və iddiaçının mənzillə təmin olunmasını xahiş etdi. O, bildirdi ki, iddiaçı ilə aralarındakı nikah rəsmi olaraq 2022-ci ilin sentyabr ayında pozulsa dsa, onların ailə münasibətləri bir neçə il bundan əvvəldən pozulmuşdur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə görə dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin məhkəmə araşdırılmasıl ilə məlum olur ki, hazırkı iddiaçı X5 Bakı şəhəri Xətai RİH-də 3 may 2012-ci il tarixdən İ qrup gözdən əlil kimi 1 nəfər ailə tərkibi ilə mənzil növbəsinə alınmış və güzəştli siyahıya daxil edilmişdir. Onun əri X11 Qarabağ Müharibəsi əlili kimi 29 aprel 2015-ci il tarixdə mənzil növbəsinə götürüldüyü nəzərə alınaraq, 6 nəfər ailə tərkibi ilə 2 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Hövsan qəsəbəsi, X13, bina 2, giriş 49 ünvanında 1 nömrəli 3 otaqlı mənzil verilmişdir. İddiaçı ilə əri arasındakı nikaha 31 avqust 2021-ci il tarixdə xitam verilmişdir və bu barədə 30 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyat şöbəsi tərəfindən 574 nömrəli akt qeydi tərtib edilmişdir. İddiaçı İ qrup əlil kimi ona ayrıca yaşayış sahəsinin verilməsi ilə bağlı cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahsələndirir və onun mənzillə təmin olunmasını tələb edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 57.1-ci maddəsinə görə sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Həmin Məcəllənin 57.2-ci maddəsinə görə sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 69.1-ci maddəsinə görə kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə görə dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyə səbəb olan risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. «Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 596 nömrəli Sərəncamı ilə qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014 – 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirsin. «Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 nömrəli qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kv.m müəyyən edilmişdir. Azərbaycan Respoublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi»nin 3.1.16-cı bəndinə görə dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrinə aiddir. Göründüyü kimi, mövcud qanunvericilik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada uçota alınmaqla müvafuq həddə ayrılma norması müəyyən edərək yaşayış sahələri ilə təmin olunmasını nəzərdə tutur və bunu sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsi və digər amillərlə şərtləndirir. Məhkəmə qeyd edir ki, iddiaçı X5 hazırkı üçüncü şəxs X11 mənzil sahəsi verilərkən onun arvadı kimi (həmin dövrdə aralarında nikah olmuşdur) nəzərə alındığından, eləcə də bununıa razılaşan ailə üzvlərinə həmin mənzil sahəsi təhvil verildiyindən, iddiaçının ayrıca mənzil sahəsi ilə təmin olunması ilə bağlı tələbinin təmin edilməsi hətta aidiyyəti qurum kimi hazırkı cavabdehin imkanları daxlində mümkün olsa belə, başqa şəxslərə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 12.2-ci maddəsində təsbit olunmuş “bərabərlik prinsipi”nə və cavabdeh inzibati orqanın fəaliyyəti üzrə inzibati praktikaya zidd qiymətləndirilir. Lakin nəzərə alınmalıdır ki, müvafiq dövrdə üçüncü şəxs X11 hazırkı iddiaçı X5 da ailə tərkibinə daxil edilməklə Bakı şəhəri, Hövsan qəsəbəsi, X13, bina 2, giriş 49 ünvanında 1 nömrəli 3 otaqlı mənzilin sahəsi (67,2 kv.m) müəyyən edilmiş normadan nisbətən az olsa da, bu hal müvafiq sahədə formalaşmış praktikadan kənara çıxmış sayıla bilməz. Məsələnin bu xüsusatına qiymət verilərkən, binadakı mənzillərin sayı, mənzillərin ölçüsü, mənzil uçotunda olan şəxslərin sayl və onların ailə tərkibinə görə təsnifatı və s. əlamətlər də qiymətləndirilməlidir. Halkuki, sadalanan həmin halların araşdırılması müstəqil şəkildə məhkəmə icraatında mümkün deyil. Belə olan halda, məhkəmənin qənaətinə görə inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən iddiaçı X4 üçüncü şəxs X7 ailə üzvü kimi Bakı şəhəri, Hövsan qəsəbəsi, X13, bina 2, giriş 49 ünvanında 3 otaqdan ibarət 1 nömrəli 67,2 kv.m sahəsi olan mənzilin verilməsi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından mütənasib qiymətləndirilir və ona əlavə olaraq bir otaqlı mənzilin verilməsi üçün qanuni əsas mövcud deyil. Nəzərə alınmalıdır ki, üçüncü şəxs X1 3 otaqlı mənzil veriulən zaman iddiaçı ilə həmin şəxs nikahda olmuşlar və mənzil ona ayrılmış şəxs, hətta ehtimal olunur ki, ailə üzvləri tərəfindən etiraz olunmadan qəbul edilmişdur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan Azərbaycan Respublikası Əəmək və Əhalinin Sosial Müfafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin imtinası qanuna zidd və iddiaçı X3 hüquqlarının pozulmasına səbəb olan hal sayılmamalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: (73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; (73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X14 cəlb olunmaqla) «iddiaçının mənzillə təmin olunması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X14 cəlb olunmaqla) «iddiaçının mənzillə təmin olunması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar