Məhkəmə qərarları › İş №2-1(112)-8634/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-8634/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-8634/2021 16.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Bakı şəhəri Bakıxanov Bələdiyyəsinə qarşı pul məbləğinin geri qaytarılması, tələb olunan verginin qanunsuz hesab olunması barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Bakı şəhəri Bakıxanov Bələdiyyəsinə qarşı Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən "xxxx" MMC-dən vergi adı ilə alınmış 4144 (dörd min yüz qırx dörd manat) manat məbləğində alınmış pulun geri qaytarılması və həmçinin hazırda tələb olunan verginin qanunsuz hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsi "xxxx" MMC-dən bugünə kimi 4144 (dörd min yüz qırx dörd) manat məbləğində qanunsuz və əsassız şəkildə əmlak və bələdiyyə vergisi almışdır. Nəticədə isə müəssisəyə xeyli miqdarda ziyan dəymişdir. Həmçinin bildirilir ki, sonuncu dəfə 08.06.2021-ci il tarixində onlardan 4926 manat 56 qəpik (dörd min doqquz yüz iyirmi altı manat əlli altı qəpik) əmlak və bələdiyyə vergisi tələb olunub və hazırda da, olunmaqdadır. Bununla bağlı müvafiq araşdırma apardıqdan sonra məlum olmuşdur ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən onlardan alınmış vergi və tələb olunan vergi tamamilə əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199-cu maddəsinin 4.4-cü bəndində göstərildiyi kimi təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələri əmlak vergisindən azaddır. Buna görə də, alınmış vergilərin geri qaytarılmasını və hazırda tələb edilən verginin qanunsuz hesab edilməsi üçün və yenidən tələb edilməməsi üçün Bakı şəhəri Bakıxanov Bələdiyyəsinə müraciət etmişlər. Lakin, 22.06.2021-ci il tarixdə onlara bələdiyyə tərəfindən formal xarakterli rədd cavabı verilmişdir. Hesab edirlər ki, cavabdeh tərəfindən onlara qarşı yol verilən qanunsuz hərəkətlərə hüquqi qiymət verilməli və ödənilən məbləğ onlara geri qaytarılmalıdır. Buna görə də, hesab edirlər ki, Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən onlardan alınmış 4144 (dörd min yüz qırx dörd) manat məbləğində əmlak və bələdiyyə vergisi geri qaytarılmalı və həmin vergilərin tələb edilməsi qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edilərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hallarını və mübahisənin vəziyyətini müzakirə (izah) etmək üçün məhkəmənin hazırlıq icraatına başlanılmışdır. Azərbaycan Respubliaksı İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən cavabdehə iddia ərizəsinə qarşı münasibət bildirilməsi üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, "xxxx" MMC yerli vergi ödəyicisi kimi Bakıxanov Bələdiyyəsində qeydiyyatda deyildir. İdida ərizəsində göstərilən ünvan 2 ünvanında yerləşən 3218.179 kv.m qeyri-yaşayış sahəsi 26.11.2009-cu il tarixli, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən X1 mülkiyyətindədir. X4 əmlak və torpaq vergisinin ödəyicisi kimi Bakıxanov Bələdiyyəsində qeydiyyatdadır. Azərbaycan Respublikası Vergi Məcəlləsində fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan əmlak və torpaq vergisinin yerli, yəni bələdiyyə büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin tibbi fəaliyyətlə məşğul olması və həmin müəssisəyə vergi güzəştinin tətbiq olunması X1 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə aidiyyəti yoxdur. İş üzrə hazırlıq iclası 16.11.2021-ci il tarixə təyin edilmiş, məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Belə ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahata verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməmsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, 26 c ünvanda yerləşən qeyri-yaşayış sahəsinə və onun yerləşdiyi torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənəd) mövcud deyildir. Əksinə işdə olan sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyest kitabı № 23, səhifə 2101, qeydə alma № **********, 26.11.2009-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən X2 məxsus olan ünvan 3 ünvanında yerləşən, 3218.79 kv.m sahənin – 3118.79 kv.m olan qeyri-yaşayış sahəsi, içində olan mövcud avadanlıqlarla birlikdə 01.09.2021-ci il tarixli icarə müqaviləsinə əsasən X4 tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Bakı şəhəri Bakıxanov Bələdiyyəsi tərəfindən əmlak və torpaq vergisinə dair tədiyyə bildirişləri X3 göndərilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi vergi məbləği ona deyil, icarə müqaviləsinə əsasən istifadəsində olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X3 hesablanmışdır. İddiaçının X2 hesablanmış vergi borcu məbləğinin mübahisələndirilməsi barədə hazırki iddianı qaldırmağda subyektiv hüququ mövcud deyildir. Bu hal isə, iddiaçının iddia tələbinin İPM-nin 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin tələblərindən göründüyü kimi iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar