Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8634/2022 27.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********075100 saylı qərarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, bu müqavilə əsasında mallar xx.xx.2021-ci ildə iddiaçı tərəfindən təhvil alınmışdır. İddiaçı ilə “X6 Kompleksi” MMC arasında xx.xx.2021-ci il tarixli satınalma müqaviləsi bağlanmış, "xxxx" MMC-dən alınmış mallar xx.xx.2021-ci ildə “X6 Kompleksi” MMC-yə təhvil verilmişdir. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərara əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyi üçün iddiaçı tərəfindən alınmış məhsullar əmtəəsiz əməliyyat kimi hesab edilmiş və əlavə vergi hesablanmışdır. Qərarın tarixindən də göründüyü kimi, bu şirkət xx.xx.2021-ci ildə riskli vergi ödəyicisi hesab edilmiş, iddiaçı tərəfindən bu şirkətlə bağlanmış müqavilə və təhvil alınmış mallar isə bu tarixdən üç ay əvvəl, xx.xx.2021-ci ildə olmuşdur. Həmin tarixdə iddiaçı bu şirkətlə bağlı vergi orqanının baza məlumatlarına müraciət etmiş, riskli vergi ödəyicisi olmadığını müəyyənləşdirdikdən sonra müvafiq müqaviləni bağlamışdır. Həmin tarixdə iddiaçının bu şirkətin gələcəkdə riskli vergi ödəyicisi hesab olunacağını bilməsi mümkün ola bilməzdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərarında "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, "xxxx" MMC xx.xx.2021-ci ildə 160.202 manat dəyərində “Dişli çarx, zəncir, barmaqlı mufta, hava kompressoru, işqil, metal barmaqlar, qasnaq, yağlama məməciyi” təqdim edilməsinə baxmayaraq, qeyd edilən mallar vergi ödəyicisinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən ödəyici riskli vergi ödəyici hesab olunmuş və "xxxx" MMC barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edimiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1, 2.1.7 bəndlərinə uyğun olaraq müvafiq Qərar çıxarılmışdır. Sonradan iddiaçı 2021-ci il üçün mənfəət vergisinin bəyannaməsini cavabdehə təqdim etmiş və cavabdeh tərəfindən 2021-ci il üçün mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi Bəyannamələr idarəsində araşdırılmışdır. Aparılmış araşdırma zamanı 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 135.765,0 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunan kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) təqdim edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq təsdiqedici sənədlərin, ətraflı izahat məktubları, müvafiq dövr üzrə cari bəyannamənin və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. Lakin iddiaçı məktubda qeyd olunan müddət ərzində kənarlaşmalar aradan qaldırılmaqla cari bəyannamə, yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37, 67 və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 26.603,99 manat vergi məbləği hesablanmış və bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********075100 nömrəli qərarından görünür ki, vergi ödəyicisi İddiaçı MMC, VÖEN **********, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 26.603,99 manat təşkil edir, əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 26.603,99 manat, zərərin məbləği -2.745,04 manat hesablanmışdır. Sair: Tərəfinizdən 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış 135765 manat məbləğində qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin Sizin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Bəyannamə və hesabat növü - mənfəət vergisi, bəyannamə və hesabat dövrü - 2021-ci il. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kommersiya qurumunun dövlət reyestrindən çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu ildə qeydiyyata alınmışdır, VÖEN **********, qanuni təmsilçi X4r. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2021-ci il tarixli **********728900 nömrəli qərarından görünür ki, vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin 2-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. 53.3-cü maddəsinin 4-cü hissəsinə əsasən vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmiş, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci ildə 160.202 manat dəyərində mallar təqdim edilməsinə baxmayaraq, həmin mallar vergi ödəyicisinin alışında və ya idxalında müəyyən olunmamışdır. Qeyd edilənlərlə əlaqədar olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2021-ci il tarixli **********728900 nömrəli qərarına əsasən vergi ödəyicisi "xxxx" MMC (**********) riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Sonradan iddiaçı 2021-ci il üçün mənfəət vergisinin bəyannaməsini cavabdehə təqdim etmiş və cavabdeh tərəfindən 2021ci il üçün mənfəət vergisi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergilərin tərkibi Bəyannamələr idarəsində araşdırılmış, aparılmış araşdırma zamanı 2021-ci il ərzində bir sıra vergi ödəyiciləri ilə aparılmış qarşılıqlı əməliyyatlar zamanı alınmış malların və ya xidmətlərin həcminin və çeşidinin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı aşkar edilmişdir ki, bu hal da əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********075100 nömrəli qərarına əsasən İddiaçı MMC-yə kameral vergi yoxlaması ilə 2021-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə 26.603,99 manat vergi məbləği hesablanmışdır. Məhkəmə hesab edir ki, vergi orqanı əsassız olaraq mübahisələndirilən qərarla iddiaçıya müvafiq vergi hesablamışdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə əsasında alınmış mallar iddiaçı tərəfindən xx.xx.2021-ci ildə təhvil verilmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin «Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə» xx.xx.2021-ci il tarixli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyicisi hesab edildiyi və riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi üçün həmin vergi ödəyicisi ilə aparılmış əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilmişdir. Göründüyü kimi, iddiaçının müqavilə bağladığı vergi ödəyicisi Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilsə də, həmin vergi ödəyicisi ilə iddiaçı arasında müqavilə xx.xx.2021-ci ildə bağlanmışdır. Yəni müqavilə bağlanan zaman "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilməmişdir. İddiaçı isə digər vergi ödəyicisinin təqdim etdiyi malların vergi ödəyicisinin alışında və ya idxalında müəyyən olunmamasına görə məsuliyyət daşıya bilməz. Qanunvericilikdə vergi ödəyicisinin əvvəlcədən müqavilə bağladığı vergi ödəyicilərinin riskli vergi ödəyicisi olub-olmamalarını müəyyənləşdirməsinə dair hər hansı tələb nəzərdə tutulmamışdır. Qeyd olunan halda iddiaçının təqsiri müəyyən edilmir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58.1, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı MMC barəsində tərtib edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********075100 nömrəli qərarı ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-8634/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-8634/2022
27.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver