Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-8635/2021 24.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X9 qızının iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün 21.05.2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – Cavabdeh) müraciət etmişdir. Cavabdeh 22.06.2021-ci il tarixli, **********7 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və məktubda göstərmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası hüququna mərhum əri X5 əmək kitabçası və ya əmək fəaliyyəti barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı təqdim edildikdən sonra baxıla bilər. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 26.06.1974-cü ildən 16.11.1974-cü ilə və 1976-cı ildən 01.12.1995-cı ilə kimi keçmiş “Fioletov” (Şəhriyar) adına tərəvəz-meyvəçilik sovxozunda traktorist işlədiyi dövrün pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 09.08.2021-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsilə, daha sonra isə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, iddia tələbinin “ona 62 yaşının tamam olduğu 10.04.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 26.11.1981-ci il tarixdə X7 ilə nikaha daxil olaraq soyadını “Cəlilova” kimi qeyd etdirmişdir. Həyat yoldaşı X7 12.09.2003-cü il tarixində miokardin kəskin infarktından vəfat etmişdir. M.Cəlilov 07 iyun 1954-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, orta məktəbi qurtardıqdan sonra 18.10.1971-ci il tarixindən 24.10.1972-ci il tarixinədək Göyçay rayon Texniki Peşə məktəbinin traktorist- maşinist ixtisası üzrə peşə təhsili almışdır. 26 iyun 1974-cü il tarixli, 156 saylı əmrlə “Fioletov” adına tərəvəz-meyvəçilik sovxozunda traktorist vəzifəsində təyin olunmuş, 16 noyabr 1974-cü il tarixindən 28 noyabr 1976-ci il tarixinədək hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra “Şəhriyar” (Fioletov) adına sovxozda 1995-ci ilin axırına kimi traktorist vəzifəsində işləmiş və əmək haqqı almışdır. Amma keçmiş “Şəhriyar” (Fioletov) adına sovxozda işlədiyi dövrlərə görə həmin sovxozun məsul vəzifəli şəxsi tərəfindən adına əmək kitabçası açılmamış və müvafiq qeydiyyat aparılmamışdır. Qəbələ rayon Dövlət Arxivindən 17.05.2021-ci il tarixli arxiv arayışına əsasən mərhum həyat yoldaşı X4 ‘Fioletov”(Şəhriyar) adına sovxozda 26.06.1974-cü ildən 1995-ci il tarixi də daxil olmaqla iş günləri öz əksini tapmışdır. Həmçinin, keçmiş “Fioletov” (Şəhriyar) adına sovxozda 1974-cü ildən 1996-cı ilə kimi işləməyi faktını onunla bir yerdə işləmiş iş yoldaşları da şahid kimi təsdiq edə bilərlər. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Qaydaların 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Beləliklə, arxiv arayışı o halda mötəbər sübut kimi qəbul oluna bilər ki, bu barədə əmək kitabçasında müvafiq qeydlər olsun. Bu səbəbdən iddiaçının mərhum həyat yoldaşı X4 işlədiyini iddia etdiyi dövrlərin (“Fioletov (Şəhriyar) adına kolxoz”da) sosial sığorta stajına daxil edilməsi mümkünsüzdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həm istinad olunan normaya, həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.4-cü yarımbəndinə əsasən 1 iyul 2020 – 30 iyun 2021-ci il üzrə qadınlara yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddi 62 il olmuşdur. ƏPQ-nin 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. ƏPQ-nin 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının həmin qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ƏPQ-nin 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o xx.xx.1959-cu ildə Qəbələ rayonunda anadan olmuşdur və onun 62 yaşı 10.04.2021-cı ildə tamam olmuşdur. Nikahın bağlanması haqqında İİ-ЖГ № 403892 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X2 ilə 07.06.1954-cü il təvəllüdlü X7 arasında 26.11.1981-ci il tarixdə nikah bağlanmış, iddiaçı soyadını “Cəlilova”ya dəyişdirmişdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı mərhum M.Cəlilovun arvadı olmaqla onun ailə üzvü olmuş, iddiaçı 10.04.2021-ci il tarixdə yaşa görə pensiya təyin olunması üçün tələb olunan yaş həddinə (62 yaş) çatmışdır. İşdə olan AZ-İ № 049287 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 12.09.2003-cü ildə miokardin kəskin infarktı səbəbindən 49 yaşında ölmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. ƏPQ-nin 12.1-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyini üçün vəfat edən ailə başçısının tələb olunan minimum sığorta stajı 11 il 4 aydır ((49- 15)×4÷12= 34×4÷12= 136÷12= 11 il 4 ay). İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Mabud Cəlilov 16.11.1974-26.09.1976-cı illərdə hərbi xidmətdə olmuş, ixtisası traktorçu göstərilmişdir. İş materiallarında olan Qəbələ rayon Dövlət Arxivinin 17.05.2021-ci il tarixli, 74 nömrəli, 06.09.2021-ci il tarixli, 128/1 nömrəli və 16.09.2021-ci il tarixli,128/1 nömrəli arayışlarında qeyd edilmişdir ki, Qəbələ rayon Dövlət Arxivində saxlanılan “Şəhriyar” (Fioletov) adına sovxozun əmr kitablarına əsasən X7 26 iyun 1974-cü il tarixli, 156 saylı əmrlə “Fioletov” adına tərəvəz meyvəçilik sovxozunun MTZ-5 markalı traktorunu idarə etmək üçün təyin edilmiş, 15 iyul 1978-ci il tarixli 97 saylı, 09 aprel 1985-ci il tarixli 31 saylı, 07 aprel 1987-ci il tarixli 40 saylı, 08 fevral 1988-ci il tarixli 20 saylı, 06 noyabr 1990-cı il tarixli, 102 saylı X1 adı qeyd edilmişdir. Arayışda həmçinin M.Cəlilovun 1991-1995-ci illər üzrə işləyərək aldığı əmək haqları öz əksini tapmışdır. Qəbələ rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Mıxlıqovaq kəndi Fioletov adına sovxozun: 15 iyul 1978-ci il tarixli əmrindən görünür ki, fermada işləyən Mabud Cəlilov ЮМЗ-6Л markalı traktordan azad edilərək digər markalı traktora traktorçu keçirilmişdir. 09 aprel 1985-ci il tarixli əmrindən görünür ki, Mabud Cəlilov məzuniyyət vaxtı çatdığına görə 18 iş günü (09.04.1985-29.04.1985) məzuniyyətə buraxılmışdır. 07 aprel 1987-ci il tarixli əmrdən görünür ki, Mabud Cəlilov məzuniyyət vaxtı çatdığına görə 18 iş günü (07.04.1987-27.04.1987) məzuniyyətə buraxılmışdır. 08 fevral 1988-ci il tarixli əmrindən görünür ki, Mabud Cəlilov məzuniyyət vaxtı çatdığına görə 18 iş günü (08.02.1988-27.02.1988) məzuniyyətə buraxılmışdır. 06 noyabr 1990-cı il tarixli əmrindən görünür ki, Mabud Cəlilov 04.11.1990-cı il tarixli akta əsasən verilmiş tapşırığı yerinə yetirmədiyinə görə xəbərdarlıq edilmişdir. Məhkəmə qeyd edir ki, SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin q) bəndinə görə arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 23.09.1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26.09.2006-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmçinin yuxarı instansiya məhkəmələrinin qərarlarında da (Ali Məhkəmənin İnzibati kollegiyası qərarlarında, o cümlədən 2-1(102)-1389/2020 saylı 22 iyul 2020-ci il tarixli və 2-1(102)-1615/2020 saylı 26 avqust 2020-ci il tarixli qərarları) 1 yanvar 2006-cı ilədək olan dövr üzrə ayrı-ayrı iş illəri arxiv arayışı ilə təsdiq olunduğuna görə həmin illərin şəxsin sığorta stajına daxil edilməsinin zəruriliyi bildirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericilik əmək kitabçası olmadığı halda iş stajının arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən olunmasını təsbit etdiyindən cavabdehin iddiaçının arxiv arayışı ilə təsdiq edilən iş dövrünü sığorta stajına daxil etməməsi əsassız olmuşdur. Yuxarıda istinad olunan sənədlərə əsasən mərhum M.Cəlilovun iş stajı aşağıdakı kimi olmuşdur:
1. 26.06.1974-cü ildə kolxozda işə qəbul edildiyi nəzərə alınaraq hərbi xidmətə gedənədək – 4 ay 20 gün;
2. hərbi xidmətdə olduğu dövr - 1 il 10 ay 14 gün;
3. arxiv arayışına əsasən əmək haqqı aldığı 1991-1995-ci illər – 5 il;
4. arxiv arayışına əsasən məzuniyyətə çıxdığı illər - 5 il 6 ay 28 gün. Belə ki, M.Cəlilovun işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikasının 1971ci il 10 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 67-ci maddəsinə əsasən bütün işçilərə iş yeri (vəzifə) və orta qazanc saxlanılmaqla hər il məzuniyyətlər verilir (bu Məcəllənin 71, 72-ci maddələri). Məzuniyyətlərin verilməsi növbəsi müəssisənin, idarənin, təşkilatın həmkarlar ittifaqı komitəsinin razılığı ilə işəgötürən tərəfindən müəyyən edilir. Məzuniyyətlər bütün il ərzində istənilən vaxt, lakin müəssisənin, idarənin, təşkilatın işinin normal gedişi pozulmdan verilə bilər (5, 28). Həmin Məcəllənin 69-cu maddəsinə əsasən işin birinci ili üçün işçilərə məzuniyyət həmin müəssisədə, idarədə, təşkilatda on bir ay fasiləsiz işdən sonra verilir. İşin ikinci və sonrakı illəri üçün məzuniyyət iş ilinin istənilən vaxtında məzuniyyətlərin verilməsi növbəsinə müvafiq surətdə verilə bilər. Həmin Məcələnin 71-ci maddəsinə əsasən işçilərə, hər il azı 15 iş günü müddətində məzuniyyət verilir və məzuniyyət müddəti tədriclə artırılır. Yuxarıda istinad olunan əmrlərə əsasən M.Cəlilov 1985, 1987, 1988-ci illər üzrə tam iş ili üçün əmək məzuniyyətinə çıxdığından, habelə 1990-cı il üzrə barəsində qəbul edilmiş əmrlər onun işləməsi faktını təsdiq etdiyindən 09.04.1985-04.11.1990-cı illər də onun iş stajına daxil edilməlidir. Belə olan halda müəyyən olunur ki, Mabud Cəlilovun öldüyü tarixə 11 il 4 aydan artıq iş stajı olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, həm yaş, həm də staj üzrə tələb ödənildiyindən iddiaçının qanunvericiliklə ona 62 yaşının tamam olduğu tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etmək hüququ olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu 10.04.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səlma Salahova